FRANÇÁYZİNQ (ing. franchising, fr. franchise – imtiyaz, güzәşt) – bazar subyektlәri arasında münasibәtlәr növü. Bir tәrәf (françayzer) digәr tәrәfә (françayzi) ödәnişli şәrtlәrlә (royalti ödәmә) franşiza – biznesin aparılması sistemini tәtbiq etmәk, yәni işlәnib hazırlanmış biznes modeli әsasında müәyyәn biznes sahәsindә öz adından fәaliyyәt göstәrmәk, әmtәә nişanları vә (yaxud) brendlәr vә s.-dәn istifadә etmәk hüququ verir. F. intellektual vә digәr qeyri-maddi mülkiyyәt vә qeyri-әmlak hüquqlarının ödәnişli müddәtli transferinә әsaslanan kredit münasibәtlәri forması hesab olunur.
F., sahibkarlıq fәaliyyәtinin müәyyәn sferasına uyğun olaraq istifadә edildiyi әrazi göstәrilmәklә, yaxud göstәrilmәmәklә, françayzerin müstәsna hüquqlar kompleksinin, işgüzar reputasiyası vә kommersiya tәcrübәsinin müәyyәn hәcmdә istifadәsini nәzәrdә tutur. Franşizanın istifadәsi üçün ayrılan mәblәğ birdәfәlik vә ya müәyyәn müddәtә tәsbitlәnmiş, yaxud satış hәcmindәn müәyyәn edilmiş faiz ola bilәr; ayırmalara aid tәlәbnamә olmadığı halda adәtәn, françayzi françayzerdәn müәyyәn miqdarda mal/iş/xidmәt satın almağı öhdәsinә götürür.
Françayzerin gәlirlәri: F.-in yeni iştirakçılarının daxilolma haqqlarından; royaltilәrdәn; franşiza çәrçivәsindә qiymәt siyasәtindәn (satış әlavәlәri, endirimlәr, mükafatlar); icarә ödәmәlәrindәn (avadanlıq, bina, yer icarәsi vә s.); F.-in iştirakçılarına verilәn kreditlәr üzrә faizlәrdәn; xidmәt (idarәçilik, konsaltinq vә s.) haqqlarından; F. iştirakçılarının marketinq ödәmәlәrindәn formalaşır.
F.-in françayzi üçün üstünlükәri: sınanmış biznes sistemindәn istifadә etmәklә şәxsi biznes açmaq imkanı, zәmanәtli bazar vә tәchizat seqmenti, mәhdudlaşdırılmış risk, marketinq vә reklama minimum xәrclәr, françayzerin informasiya bazasına әlçatanlıq. Mәhdudiyyәtlәri: françayzi françayzer tәrәfindәn müәyyәn edilmiş qayda vә mәhdudiyyәtlәri (konkret şәraitdә onların effektivliyindәn asılı olmayaraq) icra edir; biri digәrindәn asılı tәchizatlar sisteminә (qiymәt rәqabәti potensialını aşağı sala bilәn) daxildir; françayzerin bazar strategiyası vә mәrkәzlәşdirilmiş marketinqinә tәsir etmir, lakin mәrkәzlәşdirilmiş marketinq vә reklam kampaniyalarının maliyyәlәşdirilmәsindә iştirak edir; franşizadan imtina etmәk imkanı mәhduddur; müәyyәn müddәt әrzindә, yaxud müәyyәn әrazidә rәqabәt aparan biznes aça bilmәz.
F.-in növlәri: satış (françayzerin nәzarәt etdiyi satış şәbәkәsinin formalaşdırılması); әmtәә (mәhsulun satışı üçün müstәsna hüququn verilmәsi); sәnaye (texnologiya, material, xammaldan istifadә etmәklә mәhsul istehsalı vә satışı hüququnun verilmәsi); işgüzar (biznes-format, әmtәә nişanının, biznesin aparılması texnologiyasının verilmәsi); regional (müәyyәn әrazidә F. sisteminin yaratma hüququ); subfrançayzinq (franşizaları üçüncü şәxslәrә satma hüququ).
F.-in әn uğurlu nümunәlәri: İ.Zingerin tikiş maşınlarının satış vә xidmәt sistemi (1851 ildәn); F. biznes-format F.-inin әsasını qoymuş “McDonalds” (1955 ildәn) tez qidalanma (fast food) müәssisәlәri şәbәkәsi; “Subway” qәlyanaltı şәbәkәsi (dünya üzrә 40 mindәn çox kafe); “Ceneral Motors” vә s.
Beynәlxalq F. assosiasiyasının mәlumatlarına görә, dünyada tәqr. 16 min françayzer, 1,2 mln. françayzi fәaliyyәt göstәrir, bu sahәdә tәqr. 12 mln. insan çalışır. Avropada tәqr. 6400 F. sistemi, 320 min françayzi fәaliyyәt göstәrir, satış hәcmi tәqr. 150 mlrd. dollar, әmtәә dövriyyәsindә payı 34% (2014) tәşkil edir.
ABŞ-da, B.Britaniyada, Aİ-dә F. münasibәtlәrini tәnzimlәyәn ayrıca qanunvericilik aktları qәbul edilmişdir.