FRANK (Franck) Sebastyan (20.1.1499, Donauvört – oktyabr, 1542, Bazel) – alman humanisti, teoloq vә tarixçi. 16 әsrin әn mәşhur mistik yazıçılarından biridir. İnqolştadt vә Heydelberq un-tlәrindә teologiya tәhsili almışdır. Tәqr. 1526 ildә Nürnberqdә lüteranlığı qәbul etmiş, lakin sonra fikir ayrılığına görә M.Lüterdәn uzaqlaşaraq Strasburqa köçmüş, anabaptistlәrә yaxın olmuşdur. F. özünün ilahiyyat vә tarixә dair görüşlәrini alman dilindә yazılmış vә Almaniyada geniş yayılmış “Xronika, salnamә vә tarixi Bibliya” (1531), “Kosmoqrafiya” (1534), “Alman xronikası” (1538) vә digәr әsәrlәrindә ifadә etmişdir. 1533– 39 illәrdә Ulmda yaşamış vә özünün kitab çapxanasını işlәtmişdir. Kilsә ehkamçılığına qarşı çıxan F. hesab edirdi ki, Bibliyada ziddiyyәtlәr çox olduğuna görә, xristian yalnız 10 әmrә vә apostol etiqad Simvoluna әsaslanmalıdır. F.-a görә, Allah mistik şәkildә dәrk olunur vә müxtәlif mәdәniyyәtlәrdә olduğu kimi, Müqәddәs Mәtndәki ilahi tәzahürlәrә әsaslanır. Protestantizm daxilindә özünü heç bir cәrәyana aid etmәyәn F. protestant tәlimlәri tarixindә ayrıca yer tutur. F. son Reformasiya dövründәki müxtәlif cәrәyanlara әhәmiyyәtli tәsir göstәrmişdir. Onun alman zәrbi-mәsәllәrindәn ibarәt böyük toplunu nәşr etmәsi (1541) Almaniyada xalq mәdәniyyәtinin öyrәnilmәsindә mühüm mәrhәlә olmuşdur.