FRANK – 1) Fransanın tarixi pul vahidi; 100 santimә bәrabәrdir. 1799 ildә livrin әvәzinә buraxılmış vә 0,29032258 q xalis qızıl dәyәrindә olan F. 1914 ilәdәk dövriyyәdә qalmışdır. Mәhz bu F. Beynәlxalq Hesablaşmalar Bankının vә Beynәlxalq Poçt İttifaqının hesablaşma vahidi kimi istifadә olunur. F.-ın qızıl dәyәri dәfәlәrlә endirilmişdir (1928 ildә 0,05985 q-adәk, 1945 ildә 0,00746113 q-adәk, 1958 ildә 0,0018 q-adәk). 1960 il yanvarın 1-dәn 100 köhnә F.-a bәrabәr yeni F. dövriyyәyә buraxılmışdır. 1972–74 illәrdә vә 1975–76 illәrdә F. “Ümumi bazar” ölkәlәrinin valyuta mәzәnnәlәrinin mәhdud dәyişmә sisteminә daxil idi (mәrkәzi mәzәnnәlәrin nisbәtindәn ± 2,25%). Fransa F.-ı Fransanın dәnizaşırı regionlarının (Qvadelupa, Qviana, Martinika, Reyunyon), dәnizaşırı birliyinin (Sen-Pyer vә Mikelon a-rı), hәmçinin Monako knyazlığının pul vahididir.
2) Fransa hökumәtinin dekretinә (1945) әsasәn F.-ın valyuta zonasına daxil olan ölkәlәr üçün KFA frankı (Franc de la Communauté financière africaine – Afrika maliyyә birliyinin F.-ı) vә KFP frankı (Franc de la Comptoirs françaises du Pacifique – Sakit okeanda fransız kontorlarının F.-ı) tәdavülә buraxılmışdır. KFA frankı bir sıra Afrika dövlәtinin (Kot d’İvuar, Benin, Burkina-Faso, Mali, Niger, Seneqal, Qvineya-Bisau, Toqo) pul vahididir. KFP frankı Fransa Polineziyası, Yeni Kaledoniya, Uollis vә Futunada dövriyyәdәdir.
3) F. Fransa, Belçika, Lüksemburq (hazırda avro dövriyyәdәdir), İsveçrә, Burundi, Qvineya, Cibuti, Konqo Demokratik Resp., Komor a-rı, Ruanda vә Madaqaskarın pul vahididir.