FRÁNKENHEYMER Con (19.2.1930, Nyu-York – 6.7.2002, Los-Anceles) – Amerika rejissoru. Nyu-York Aktyor studiyasında tәhsil almışdır. Teatrda aktyor vә rej. olmuş, radio vә televiziyada işlәmişdir. İlk filmlәri ABŞ gәnclәrinin sosial-psixoloji problemlәrinә hәsr olunmuşdur (“Gәnc namәlum şәxs”, 1957; “Gәnc vәhşilәr”, 1961; “Hәr şey dağılır”, 1962). “Alkatrasdan olan quşsevәn” (1962) psixoloji dramı böyük müvәffәqiyyәt qazanmışdı. 1964 ildә siyasi fantastika janrında çәkilmiş “Mayda yeddi gün” filmi militarizmin yenidәn baş qaldıra bilәcәyi haqqında xәbәrdarlıqdır. “Qatar” filmi Fransada antifaşist müqavimәt hәrәkatına hәsr olunmuşdur. Digәr filmlәri: “Böyük mükafat” (1966), “Qәribә dәnizçi” (1969), “Mәn xәtt üzrә gedirәm” (1970), “Atlılar” (1971), “Peyğәmbәrlik” (1979), “Möhkәm dayanmaq” (1989), “Ronin” (1998), “Qumar oyunları” (2000), “Müharibәyә gedәn yol” (2002) vә s.