FRANKFURT MƏKTƏBİ – 1930–60-cı illәr alman fәlsәfәsi vә sosiologiyasında neomarksizmin aparıcı cәrәyanı. 1923 ildә İ.V.Göte ad. Frankfurt-Mayn Un-ti nәzdindә yaradılmış Sosial Tәdqiqatlar İn-tu (ilk direktoru avstromarksizmin nümayәndәsi, “Sosializmin vә fәhlә hәrәkatının tarixinә dair arxiv”in naşiri K.Qrünberq olmuşdur) әtrafında formalaşmışdır. 1920-ci illәrdә D.Lukaç vә K.Korşun, hәmçinin Z.Krakauer vә E.Bloxun ideyaları F.m.-nin fәlsәfi görüşlәrinin formalaşmasına mühüm tәsir göstәrmişdir. 1931 ildәn in-tun direktoru olan M.Horkhaymer “bir bütöv kimi müasir cәmiyyәt nәzәriyyәsi”nin yaradılması mәqsәdilә fәnlәrarası tәdqiqatlar proqramını formulә etmişdir. Bu proqramın reallaşmasında iştirak etmiş in-t әmәkdaşları iqtisadiyyat (F.Pollok: SSRİ, nasional-sosialist Almaniyası vә F.D.Ruzvelt dövrü ABŞ-ı nümunәsindә “dövlәt kapitalizmi” tiplәrinin tәhlili), hüquqşünaslıq (O.Kirxhaymer vә F.Noymann), sosial psixologiya (E.Frommun “avtoritar xarakter” nәzәriyyәsi), mәdәniyyәt (L.Leventalın әdәbiyyat sosiologiyası vә T.Adornonun musiqi sosiologiyası üzrә işlәri) problemlәrini işlәyirdilәr. Horkhaymer vә H.Markuzenin mәqalәlәrindә F.m. üçün mәrkәzi nәzәriyyәyә çevrilmiş cәmiyyәtin fәlsәfi-sosioloji tәnqidi nәzәriyyәsi formulә edilmişdir. Onun ideya mәnbәlәri K.Marksın siyasi iqtisadın tәnqidi (son dövr inhisarçı kapitalizmә tәtbiq etmәklә), G.V.F.Hegelin dialektikası, “sosial xarakter”in formalaşmasının repressiv mexanizmlәrinin aşkarlanması vasitәsi kimi Z.Freydin psixoanalizi olmuşdur. F.m.-nin ilk kollektiv әmәyi olan “Nüfuz sahibinin vә ailәnin tәdqiqi” (“Studien über Autoritat und Familie”, 1936: Horkhaymer, Fromm, Markuze, K.A.Vittfogel vә b.) kitabının әsas mövzusu sosial-antropoloji problematika idi.
Almaniyada nasistlәrin hakimiyyәtә gәlmәsi ilә әlaqәdar M.Horkhaymerin vә әksәr әmәkdaşlarının mühacirәtindәn sonra Sosial Tәdqiqatlar İn-tu 1933–50 illәrdә әvvәlcә Cenevrәdә vә Parisdә (Ali Normal Mәktәb nәzdindә), 1934 ildәn 1950 ildә Frankfurt-Mayna qayıdanadәk isә ABŞ-da Kolumbiya un-ti (Nyu-York) nәzdindә fәaliyyәt göstәrmişdir. ABŞ-da 2-ci dünya müharibәsi illәrindә yazılmış әsәrlәrdә totalitarizmin vә kütlәvi “mәdәniyyәt sәnayesi”nin tәnqidi tәhlili Avropa sivilizasiyasının daxili ziddiyyәtlәrinin ortaya çıxarılması mövzusuna keçdi: insanın tәbiәt (daxili vә xarici) üzәrindә artan hökmranlığı prosesindә texniki “instrumental ağıl”ın üstünlük qazanmasının әks tәrәfi “mәnadan imtina”dır (M.Horkhaymer vә T.Adornonun “Maarifçilik dialektikası”; Horkhaymerin “Ağlın tutulması”; hәr ikisi 1947 ildә). “Texnoloji cәhәtdәn tәrbiyәli kütlәlәrin despotizmi qәbul etmәyә müәmmalı şәkildә hazır olmaları” ABŞ-da Adorno vә onun әmәkdaşlarının apardıqları empirik sosial-psixoloji tәdqiqatların mövzusu oldu (“Avtoritar şәxsiyyәt”, 1950).
Müharibәdәnsonrakı dövrdә F.m. fәlsә- fә tәmayüllü “dialektik sosiologiya” kimi AFR-dә, sonra isә H.Markuze vә Frommun (Freyd nәzәriyyәsinin qiymәtlәndirilmәsi mәsәlәsindә fikir ayrılıqlarına görә tәdricәn F.m.-dәn uzaqlaşmış) fәaliyyәtlәrini davam etdirdiklәri ABŞ-da әn nüfuzlu cәrәyanlardan birinә çevrildi. F.m.-nin metodoloji müddәaları 1961 ildә alman sosioloqlarının qurultayındakı pozitivizm haqqında mübahisәdә (T.Adorno vә K.Popper, F.m.-nin ikinci nәslinә aid olan Y.Habermas vә H.Albert arasında gedәn diskussiyalar), Adornonun “Neqativ dialektika”sında (1966), Habermasın “Sosial elmlәr mәntiqinә dair” (1967) vә “İdrak vә maraq” (1968) әsәrlәrindә geniş şәkildә әsaslandırıldı. Adornonun 1950–60-cı illәrdәki çoxsaylı esse vә çıxışlarında mәdәniyyәtin vә cәmiyyәtin tәnqidi verilirdi (“Minima moralia. Zәdәlәnmiş hәyatdan refleksiyalar”, 1951; “Dissonanslar. İdarә olunan dünyada musiqi”, 1956; “Hәqiqilik jarqonu. Alman ideologiyasına dair”, 1964; alman sosioloqlarının 1968 il qurultayındakı “Son dövr kapitalizmi, yoxsa sәnaye cәmiyyәti?” mәruzәsi vә s). Markuzenin “repressiv sivilizasiya”nın vә müasir kütlәvi cәmiyyәtdә insan deqradasiyasının tәnqidinә hәsr olunmuş әsәrlәri geniş yayıldı.
F.m. 20 әsrin 2-ci yarısında Qәrb sosiologiyasında tәnqidi tәmayülün forma- laşmasına әhәmiyyәtli tәsir göstәrmişdir (Ç.R.Mills, A.U.Qouldner vә b.). F.m.-nin ideyaları (xüsusilә H.Markuzenin son dövr kapitalizm cәmiyyәtindә qeyri-sistemli marginal tәbәqәlәrin inqilabi potensialı haqqında fikirlәri) “yeni solçular”ın, o cümlәdәn 1960-cı illәrin sonu – 1970-ci illәrin әvvәllәrindә Avropada etirazçı tәlәbә çıxışlarının (hәrçәnd, T.Adorno vә M.Horkhaymer, hәmçinin Y.Habermas bu hәrәkatın radikal tәmayüllәrinә qoşulmurdular) ideoloji mәnbәlәrindәn biri olmuşdur.