FRANKFURT SÜLHÜ (1871) – Almaniya ilә Fransa arasında Fransa-Prussiya müharibәsini (1870–71) başa çatdırmış sülh müqavilәsi. 1871 il fevralın 26-da Fransa Resp.-nın hökumәt başçısı A. Tyer ilә Almaniya imperiyasının kansleri O. Bismark arasında Versalda imzalanmış ilkin müqavilәnin әsas müddәaları [Elzas vә Şimal-Şәrqi Lotaringiyanın Almaniya tәrәfindәn ilhaqı; 3 il müddәtindә Fransanın Almaniyaya 5 mlrd. frank (1871 ildә 1,5 mlrd., 1872 ildә 0,5 mlrd., 1874 ilin mart ayınadәk 3 mlrd.) hәcmindә tәzminat ödәmәsi; tәzminat tam şәkildә ödәnilәnәdәk Fransanın bir sıra departamentinin Almaniya ordusunun nәzarәti altında qalması; qoşunların saxlanılmasına görә xәrclәrin Fransanın üzәrinә qoyulması] F.s.-nün şәrtlәrinә daxil edilmişdi. Versal sülhünün şәrtlәrinin işlәnmәsi 1871 ilin martında Paris Kommunasının elan edilmәsi ilә yarımçıq qalmışdı. Sülh haqqında danışıqlar 1871 il mayın 6-da yenidәn başlanılmış vә mayın 10-da Frankfurt-Mayn ş.-ndә Versal hökumәtinin xarici işlәr naziri J.Favr ilә O.Bismark arasında F.s.-nün imzalanması ilә başa çatmışdı. Müqavilә 18 әsas vә 3 әlavә maddәdәn, hәmçinin Şimali Almaniya İttifaqının müttәfiqlәri Bavariya, Baden vә Vürtemberqin dә müqavilәyә qoşulduğu 15 may protokolundan ibarәt idi. Kommunanın darmadağın edilmәsindә fransızlara göstәrdiklәri yardım nәticәsindә alman militaristlәri müqavilәyә yeni şәrtlәrin salınmasına, o cümlәdәn Tionvildәn (Lotaringiya) q.-dәki dәmir filizi rayonlarının Almaniyaya verilmәsinә nail olmuş, әvәzindә isә az әhәmiyyәtli Belfor qalasını Fransaya qaytarmışdılar. F.s. Fransanı mühüm strateji mövqelәrdәn vә sәnaye vilayәtlәrindәn mәhrum etmәklә xeyli zәiflәtmiş, Almaniyanın isә güclәnmәsini vә sәnaye cәhәtdәn inkişafını tәmin etmiş, Avropada gәrginliyin artmasına sәbәb olmuşdu. F.s.-nün şәrtlәri Versal sülh müqavilәsi (1919) ilә lәğv edilmişdir.