“FRÁNKFURTER ÁLGEMAYNE TSÁYTUNQ” (“Frankfurter Allgemeine Zeitung”) – Almaniyada aparıcı regionlararası qәzetlәrdәn biri. Gündәlik nәşr olunur. Frankfurt-Maynda bir qrup jurnalist vә un-t professoru tәrәfindәn tәsis edilmişdir. İlk nömrәsi 1949 il noyabrın 1-dә çıxmışdır. 1856 ildәn buraxılan vә nәşri nasistlәr tәrәfindәn dayandırılan “Frankfurter Zeitung”un varisi hesab olunur. 1959 ildәn mustәqil FAZIT fonduna mәxsusdur. Liberal-konservativ yönümlü qәzetdә geniş mövzular üzrә mәqalәlәr dәrc olunur. Dövri nәşrlәr arasında “F.a.t.” dünyada әn inkişaf etmiş müxbir şәbәkәlәrindәn birinә sahibdir. 2001 ildәn hәmçinin “Frankfurter Allgemeine Sonntagszeitung” hәftәsonu buraxılışı nәşr edilir. Əvvәllәr “İnternational Herald Tribune” jurnalının әlavәsi kimi buraxılan seçilmiş mәqalәlәrin ingilis dilindә variantı artıq qәzet saytında istifadәçilәrә tәqdim olunur. Tirajı tәqr. 270 min nüsxәdir (2017).