FRANKİZM (Franquismo) – İspaniyada 1939–75 illәrdә F.Frankonun üsuli-idarәsi ilә bağlı siyasi rejim. Bir çox tәdqiqatçıların fikrincә, F. hәrbi diktatura cizgilәri olan, mәhdudlaşdırılmış mühafizәkar plüralizmin avtoritar rejimindәn ibarәt idi. Bәzi tarixçilәr vә politoloqlar F.-i totalitarizm vә faşizmin növü sayırlar. F. 1936–39 illәr Vәtәndaş müharibәsi dövründә [bax İspaniya inqilabı (1931–39)] italyan faşizmi vә alman nasional-sosializminin, hәmçinin gen. M.Primo de Riveranın ispan hәrbi diktaturası tәcrübәsinin tәsiri altında formalaşmışdı.
Frankonun qeyri-mәhdud şәxsi hakimiyyәti vә onun (kaudilyonun) şәxsiyyәtinә pәrәstiş; İspaniya falanqasından qeyri bütün siyasi partiyaların qadağan edilmәsi şәraitindә leqal siyasi müxalifәtin olmaması; iqtisadi sferada “әmәk vә kapitalın harmoniyası”nın bәrqәrar olunması mәqsәdilә dövlәtin vә falanqanın nәzarәti altında fәhlә vә sahibkarları birlәşdirәn şaquli sindikatların yaradılması vә onlara әsaslanan korporativizm; dövlәt terroru sistemi kimi hәyata keçirilәn siyasi repressiyalar; katolik kilsәsinin sәlahiyәtlәrinin vә katolisizmin hegemonluğunun
bәrpası; sağ millәtçilik vә s. F.-in sәciyyәvi cәhәtlәri idi.
Demokratiya, konstitusionalizm, parlamentarizm, masonlar, liberallar, sosialistlәr, anarxistlәr, kommunistlәr, respublikaçılar F.-in vә bütün ispanların daxili vә xarici “düşmәn”lәri elan edilmişdi. Parlament demokratiyasının әksinә olaraq, rejim özünü tәbii demokratiyaya bәnzәdirdi.
F. beynәlxalq arenada vә ispan cәmiyyәtindә olan dәyişikliklәrin tәsiri altında inkişaf edirdi. Rejimin “defaşistlәşdirilmә”si İkinci dünya müharibәsindә antihitler koalisiyasının qәlәbәsi ilә bağlı idi. 1942 ildә korporativ prinsiplәr әsasında formalaşmış vә qanun tәrtibetmә funksiyasına malik, әslindә isә yuxarıdan tәyin olunan korteslәr tәsis edildi. Vәtәndaşların bәzi hüquqlarını bәyan edәn psevdokonstitusiya – İspanların xartiyası qәbul olundu (17.7.1945). Rejimin demokratik şәkil aldığını göstәrmәk mәqsәdilә F.Franko mühüm dövlәt mәsәlәlәrindә “millәtlә birbaşa mәslәhәtlәşmәlәrә” (plebisit yolu ilә) başladı. 1947 il iyulun 6-da keçirilmiş referendum nәticәsindә Dövlәt başçısı vәzifәsinin irsiliyi haqqında Qanun qәbul olundu, İspaniya monarxiya elan edildi. 1950-ci illәrdә İspaniya falanqası Milli hәrәkat adlandırıldı. İqtisadi sahәdә avtarkiya siyasәtindәn imtina vә İspaniyanın beynәlxalq tәcriddәn çıxması 1950-ci illәrin sonlarında hökumәtin tәrkibinә daxil olmuş nazir-texnokratların iqtisadi yeniliklәri üçün zәmin yaratdı. 1960-cı illәrin iqtisadi yüksәlişi (“ispan iqtisadi möcüzәsi”) vәtәndaş müharibәsindә iştirak etmәmiş yeni nәslin fәallaşması vә müxalif meyillәrin artması (tәlәbә çıxışları, qeyri-leqal tәtillәr, Kataloniya vә Basklar ölkәsindә milli hәrәkatların canlanması vә s.), hәmçinin hökumәt dairәlәrinin mötәdil islahat tәrәfdarlarına vә F.-in әsaslarının saxlanmasının müdafiәçilәrinә parçalanması ilә eyni vaxta tәsadüf etdi. Nәticәdә rejimin qismәn liberallaşdırılması istiqamәtindә addımlar atıldı: mәtbuat vә nәşriyyat haqqında (1966), korteslәrin qismәn seçkili olmasını nәzәrdә tutan (1967) qanunlar vә s.
Rejimin daxili tәkamülünә vә onun beynәlxalq mövqeyinin dәyişmәsinә baxmayaraq, ta 1975 ilәdәk kaudilyonun şәxsi hakimiyyәt sәlahiyyәtlәri, dövlәtin iqtisadi, sosial vә mәdәni sahәlәrә müdaxilәsi, repressiya siyasәti vә “İspaniyanın düşmәnlәri”nin tәqibi, demokratik institutların vә dәyәrlәrin qәbuledilmәzliyi F.-in әsas prinsiplәri olaraq qaldı. İnsan hüquqlarının pozulmasına görә 2006 ildә F. Avropa Şurası tәrәfindәn mәhkum olundu.