FRANKL Viktor Emil (26.3.1905, Vyana – 2.9.1997, Vyana) – Avstriya psixiatrı, psixoloq, filosof, loqoterapiya nәzәriyyәsi vә praktikasının banisi. Vyana Un-tindә tibb tәhsili almışdır. 1933–37 illәrdә Vyana klinikalarından birindә qadınlar arasında intiharın qarşısının alınması üzrә şöbәnin, 1940–42 illәrdә Vyanada Rotşildlәr klinikasının nevroloji şöbәsinin müdiri işlәmişdir. 1942–45 illәrdә nasist hәbs düşәrgәlәrindә mәhbus idi. Vyana nevroloji klinikasının direktoru (1946–70), Vyana Un-tinin dosenti (1947– 55) vә prof.-u (1955 ildәn) vә müxtәlif illәrdә bir sıra ABŞ un-tlәrinin prof.-u olmuşdur.
Əvvәllәr Z.Freydin, sonralar A.Adlerin ideyaları ilә maraqlanan F. tәdricәn onların yanaşmalarının yetәrsizliyi qәnaәtinә gәlmişdir. 1930-cu illәrin sonlarında öz konsepsiyasını yaratmış, hәbs düşәrgәlәrindә olduğu illәrdә isә onu bitkin şәklә salmışdır. F.-ın ekzistensializm ideyalarına vә M.Şelerin fәlsәfi antropologiyasına әsaslanan fәlsәfi-psixoloji tәlimi üç hissәdәn ibarәtdir: mәnaya canatma, hәyatın mәnası vә iradә azadlığı. F. insanın öz hәyatının mәnasını axtarması vә reallaşdırılması cәhdini bütün insanlara xas olan, onların davranış vә şәxsiyyәtinin inkişafının әsas hәrәkәtverici qüvvәsi olan fitri motivasiya tendensiyası kimi nәzәrdәn keçirirdi. Hәyatın mәnasının olmaması, yaxud onu gerçәklәşdirmәnin mümkünsüzlüyü insanda apatiya, depressiya vә hәyata marağın itirilmәsi ilә bağlı xüsusi növ noogen nevrozlara sәbәb olan ekzistensial vakuum vә frustrasiya halları yaradır.
Unikal mәnalarla yanaşı dәyәrlәr – mәna universalilәri dә var: yaradıcılıq dәyәrlәri, ilk növbәdә әmәk, duyğu dәyәrlәri, o cümlәdәn sevgi vә dәyişilmәsi qeyri-mümkün olan böhranlı hәyat hadisәlәrinә münasibәtdә şüurlu şәkildә qәbul edilmiş mövqe dәyәrlәri.
Mәnalar icad olunmur, onları hәyatda axtarır vә әldә edirlәr. Loqoterapiya aralarında yalnız birinin doğru olduğu vәziyyәtlәri ehtiva edәn potensial mәnaların bütün spektrinin geniş görüntüsünә yönәlir; doğru vәziyyәti tәyin etmәkdә isә insana vicdanı kömәk edir.
F. insanın üç ontoloji ölçüsünü fәrqlәndirir: bioloji, psixoloji vә noetik, yaxud ruhani (istәr dini, istәrsә dә ateist anlamda). Sonuncuda insan davranışının alt sәviyyәlәrә nәzәrәn sәbәblәndirilmәsindә (yәni insanın özünüdeterminlәşdirmәsindә) başlıca rol oynayan mәna vә dәyәrlәr lokallaşdırılmışdır. Özünüdeterminlәşdirmәnin tәcәssümü kimi insanın әtrafdakı vәziyyәtә vә özünә (öz tәlәbatına) nәzәrәn özünütranssendentlәşdirmәyә (özündәn kәnar istiqamәtlәnmә) vә özünü kәnarlaşdırmağa qabilliyi çıxış edir. Bu iki qabiliyyәt F.-ın işlәyib-hazırladığı derefleksiya vә paradoksal intensiya psixoterapevtik metodikalarının әsasını tәşkil edir. F.-ın fikrincә, iradә azadlığı edilәn seçimlәrә görә mәsuliyyәtlә әlaqәlidir vә bunsuz o, özbaşınalığa çevrilir.
F.-ın kitabları 40 dilә tәrcümә olunmuş, onun ideya vә metodları Avstriyadan başqa, Almaniya, İtaliya, Polşa, ABŞ, Yaponiya, Rusiya vә s. ölkәlәrdә yayılmışdır.
Ə s ә r l ә r i: Psychotherapy and existentialism. N.Y., 1967; The will to meaning. L., 1969; Anthropologische Grundlagen der Psychotherapie. Bern, 1975; The unheard cry for meaning. N.Y. 1978; Die Psychotherapie in der Praxis. 2. Aufl. Münch., 1991; The doctor and the soul. 2nd ed. L., 2004; Theorie und Therapie der Neurosen. 9. Aufl. Münch., 2007; Воспоминания. М., 2015.