FRANKLAR (lat. Franci, fr. Francs, alm. Franken) – qәrbi german tayfaları ittifaqı. İttifaqa xamavlar, brukterlәr, usipetlәr, tenkterlәr, siqambrlar, xattlar vә s. tayfalar daxil idi. F.-ın adı ilk dәfә 242 ildә Roma mәtnlәrindә qeyd edilir; onlar Dekumat çöllәrindә (lat. Agri decumates), allemanlardan şm.-da mәskunlaşmış vә sonuncularla birlikdә Qalliyaya soxulmağa cәhd göstәrmişlәr. Sonralar F. Reynin orta (Maynsdan şm.-da) vә aşağı axarı boyunda mәskunlaşmışdılar. 358 ildә Dönük Yulian tәrәfindәn mәğlubiyyәtә uğradılan F. federatlar qismindә Reynin aşağı axarı vә Qalliyanın ucqar şm.-ındakı Toskandriyaya köçürülmüşlәr. Bu dövrdәn F. Reyn vә Şeldanın aşağı axarlarında, elәcә dә Flandriyada yaşayan salik (sahilyanı) F.-ına vә Orta Reyn vә Mayn әtrafında mәskunlaşmış ripuar (lat. ripa – çay sahili) F.-ına bölünürdülәr. İttifaqa daxil olan bәzi tayfalar, mәs., xamavlar muxtariyyәtә, hәmçinin salik vә ripuar F.-ının qanunlarından fәrqli qanunlara malik idilәr. 406 ildә qotlar vә digәr german tayfalarının Radaqaysın rәhbәrliyi altında Alpdakı Roma limesini (istehkamını) yarmasından sonra salik F.-ı Sommaya doğru hәrәkәt etmәyә başlamışdılar. Onların paytaxtı Roma şәhәri Tornakum (indiki Turne) olmuşdur. Reyni keçәn ripuar F.-ı isә Kolonia-Aqrippinanı (Köln) tutaraq şәhәri öz paytaxtları etmişdilәr. İki ittifaqın mülklәrini Kömür meşәsi (Ardenn meşәsinin bir hissәsinә romalıların verdiklәri ad) ayırırdı. Bununla belә, F.bәzәn Roma ilә müharibә aparsalar da, ümumilikdә onun hakimiyyәtini tanıyır vә Aetsinin başçılığı altında Katalaun döyüşündә (451) hunlara qarşı vuruşmuşlar. Romanın süqutundan (476) sonra salik F.-ı 486 ildә I Xlodviqin başçılığı ilә Romanın Qalliyadakı mülklәrinin qalıqlarını (“Siaqriya dövlәti”) әlә keçirәrәk Luarayadәk olan әrazilәri öz hakimiyyәtlәri altına almışdılar. 496 ildә (digәr mәlumatlara görә, 499 ildә) I Xlodviq, ardınca isә F.-ın çox hissәsi ortodoksal xristianlığı qәbul etmişdi. 506–507 illәrdә I Xlodviq vestqotların Qalliyadakı bütün torpaqlarını (Septimaniya istisna olmaqla) әlә keçirmiş, 509 ildә hiylә yolu ilә ripuar F.-ının hakim sülalәsini mәhv etmiş, bundan sonra onların konunqu elan olunmuşdu. Onun hakimiyyәtinin sonunda Frank dövlәtinin formalaşması başa çatmışdı. Ripuar F.-ı 7 әsrin ortalarınadәk qismәn muxtariyyәtlәrini (o cümlәdәn qanunlarını) saxlamış vә Avstraziya vilayәti (sonralar krallıq) әhalisinin әksәriyyәtini tәşkil etmişlәr. F., әsasәn, Qalliyanın ucqar şm.-ında mәskunlaşmışdılar; onların birbaşa nәsillәri Niderland dilindә danışan hollandlar vә flamandlardır. Senadan şm.-da mәskunlaşmış franklar fransız dilinin formalaşmasına tәsir göstәrmişlәr. İşğal olunmuş torpaqları nәzarәt altında saxlamaq mәqsәdilә bәzi zadәgan frank ailәlәrinin nökәr-qulluqçuları ilә birlikdә Senadan c.-dakı әrazilәrdә yerlәşdirilmәsi praktikası geniş yayılmışdı. Burada F. yerli roman әhalisi ilә tezliklә qaynayıb-qarışmış, onun dilini, adәt-әnәnәlәrini qәbul etmiş vә Oksitaniya mәdәniyyәtinin formalaşmasına cüzi tәsir göstәrmişlәr. Ripuar (yaxud Reyn) F.-ının bir hissәsi almanların xüsusi qrupu olan frankoniyalıların әsasını tәşkil etmişdir.