FRÁNSA (France), F r a n s a R e s p u b l i k a s ı (République Française)
Ümumi mәlumat
Qәrbi Avropada dövlәt. Tәrkibinә Fransa metropoliyası (France metropolitaine; әrazisi Korsika a. vә digәr adalarla birlikdә Avropadadır) vә 13 dәnizaşırı mülk (5 dәnizaşırı region – Latın Amerikasında Qvadelupa, Qviana vә Martinika, Afrikada Mayotta vә Reyunyon; 5 dәnizaşırı birlik – Latın Amerikasında Sen-Bartelmi vә Sen-Marten, Şm. Amerikada Sen-Pyer vә Mikelon, Fransa Polineziyası, Uollis vә Futuna Okeaniyada; Yeni Koledoniya xüsusi inz. әrazi qurumu Okeaniyada; 2 dәnizaşırı xüsusi inz. әrazi qurumu – Hind okeanında Fransanın Cәnub vә Antarktika әrazilәri, Sakit okeanda Klipperton) daxildir. Q.-dә Biskay körfәzi, şm.-q.-dә La-Manş vә Pa-de-Kale boğazları, şm.-da Şimal dәnizi, c.-da Aralıq dәnizi ilә әhatәlәnir (sahil xәttinin uz. 3427 km-dir). Şm.-ş.-dә Belçika, Lüksemburq, ş.-dә AFR, İsveçrә, c.-ş.-dә İtaliya, Monako, c.-q.-dә İspaniya vә Andorra ilә hәmsәrhәddir. Sah. 544,0 min km2 (dәnizaşırı mülklәri ilә birlikdә 643,8 min km2). Əh. 64,5 mln. (2016). Rәsmi dil fransız dili, pul vahidi avrodur. Paytaxtı Paris ş.-dir. İnzibati cәhәtdәn Fransa metropoliyası 13 regiona (2016 ildәn) bölünür, onların tәrkibindә 96 dep-t vә Lion şәhәr metropoliyası daxildir.
F. BMT-nin (1945), BVF-nin (1945), BYİB-in (1945), Sakit okean Birliyi Katibliyinin (1947), AŞ-nin (1949), NATO-nun (1949), Aİ-nin (1953)), İƏİT-nin (1961), ATƏT-in (1973), ÜTT-nin (1995) üzvüdür.
Dövlәt quruluşu
F. unitar dövlәtdir. Konstitusiyası 4.10. 1958 ildә qәbul edilmişdir. İdarәetmә foması qarışıq respublikadır.
Dövlәtin vә icraedici hakimiyyәtin başçısı ümumi birbaşa seçkilәrdә mütlәq sәs çoxluğu ilә 5 il müddәtinә seçilәn (bir dәfә tәkrar seçilmәk hüququ ilә) prezidentdir. Prezident Konstitusiyaya әmәl olunmasına nәzarәti hәyata keçirir vә dövlәt orqanlarının normal fәaliyyәt göstәrmәsini tәmin edir. İcraedici vә qanunverici hakimiyyәtin bütün fәaliyyәtindә hәlledici rol prezidentә mәxsusdur. Prezident sәlahiyyәtlәrindәn bәzisi baş nazirin kontrassiqnasiyasını tәlәb etsә dә, әn mühüm sәlahiyyәtlәri prezident şәxsәn hәyata keçirir. O, baş naziri vә nazirlәri vәzifәyә tәyin vә vәzifәdәn azad edir, Nazirlәr şurasında, Ali müdafiә şurasında vә Daxili tәhlükәsizlik mәsәlәlәri üzrә şurada sәdrlik edir, silahlı qüvvәlәrin ali baş komandanıdır, ali mülki vә hәrbi vәzifәlәrә tәyinatı hәyata keçirir, qanunları elan edir, qanun layihәlәrini referenduma çıxarır, parlamentin aşağı palatasını buraxmaq hüququna malikdir.
Qanunverici hakimiyyәtin ali orqanı ikipalatalı parlamentdir. Milli mәclis 577 deputatdan ibarәtdir, onlardan 555-i metropoliyanı, 22-i dәnizaşırı әrazilәri tәmsil edirlәr. Deputatlar ümumi birbaşa sәsvermә yolu ilә 5 il müddәtinә seçilirlәr. Senat (348 senator) Respublikanın әrazi kollektivlәrinin, hәmçinin xaricdә yaşayan Fransa vәtәndaşlarının tәmsilçiliyini tәmin edir. Senatorlar Milli mәclisin deputatlarından, baş müşavirlәrdәn vә bәlәdiyyә şuraları nümayәndәlәrindәn ibarәt seçicilәr kollegiyası tәrәfindәn 6 il müddәtinә seçilirlәr. 3 ildәn bir Senatın yarısı yenilәnir.
Hökümәtә prezidentin tәyin etdiyi baş nazir başçılıq edir; o, cari daxili vә iqtisadi siyasәtә cavabdehdir. Milli mәclis istәnilәn vaxt hökümәtә etimadsızlıq votumu elan edә bilәr. Adәtәn, baş nazir Milli mәclisdә çoxluğa malik olan partiyanı tәmsil edir. Baş nazir öz kabinetinin nazirlәr siyahısını tәsdiqlәmәk üçün prezidentә tәqdim edir.
Əsas siyasi partiyalar: Fransa Sosialist Partiyası, Xalq Hәrәkatı Uğrunda İttifaq, Milli Cәbhә.
Tәbiәt
Sahillәri, әsasәn, alçaqdır, dayaz körfәzlәrlә (Biskay, Sen-Malo, Lion) parçalanmışdır. Sahilyanı qayalıq adaları (Uesan, Ümumdünya irsi siyahısına daxil edilmiş Mon-Sen-Mişel vә s.), dәnizә uzanan burunları (Ar, Sen-Matyö) vә çoxsaylı buxtaları (Duarnene vә s.) olan Kotanten vә Bretan yarımadalarının sahillәri güclü parçalanmışdır. La-Manş vә Pa-de-Kale boğazlarının sahillәri nisbәtәn düzәndir, çox yerdә hündür tabaşirli vә qumdaşılı çıxıntıları olan tәpәlikdir. Mavi sahildә qayalıqlar vә buxtalar var.
Sönmüş vulkan. Vulkanik Overn parkı. Şen-de-Pyui dağları.
Relyef. Ərazinin tәqr. 2/3 hissәsi düzәnlik vә hünd. 250 m-әdәk olan alçaq platolardan ibarәtdir. Geniş tәpәli düzәnliklәr ölkәnin şm.-ında, mәrkәzi hissәsindә vә c.-q.-indә formalaşmışdır. Ən böyüyü şm.-da Paris hövzәsindәdir (Şimali Fransa ovalığı). C.-q.-dә Haronna ovalığı (Akvitaniya hövzәsi), Rona çayı hövzәsindә Rona ovalığı, bunların arasında isә geniş Mәrkәzi Fransa massivi (hünd. 1886 m-әdәk, Sansi d.) yerlәşir. Massivin relyefindә orta hündürlüklü kristallik masa vә günbәzvarı dağlar üstünlük tәşkil edir; mәrkәzi hissәsi (Overn) yüksәk vulkanik platolardan ibarәtdir. C.-ş.-dә Qәrbi Alp d-rı (Monblan d., 4807 m, Qәrbi Avropada әn yüksәk zirvә), bundan şm.-da Yura d-rı, ucqar c.-q.-dә Pireney d-rı (Vinmal d., 3298 m) uzanır. Dağlarda karst (Jan-Bernar, Pyer-Sen-Marten uçurumları; dünyada әn dәrin uçurumlardandır) geniş intişar tapmışdır. Korsika a.-nın relyefi, әsasәn, orta dağlıqdır (hünd. 2710 m-dәk).
Dordon çayı.
Geoloji quruluş vә faydalı qazıntılar.
F. әrazisinin çox hissәsi Epihersin platformasına aiddir; Paleozoy qırışıqlığının özülü Armorika vә Mәrkәzi massivlәrdә, Arden vә Vogez d-rında sәthә çıxır. Özülün formalaşmasında Kadom qırışıqlığının rolu böyük olmuşdur. Massivlәr Mezozoy vә Kaynozoyun çöküntülәri (әhәngdaşılar, mergellәr, gillәr, qumdaşılar, qumlar) ilә dolmuş maili çökәklәr vә sineklizlәr-hövzәlәrlә (Paris vә Akvitaniya hövzәlәri) ayrılır. F.-nın c.-u, c.-q.-i vә c.-ş.-i Alp qırışıqlığı vil.-nә aiddir. Ölkәnin müasir әrazisi Kaynozoyun sonunda başa çatmış ümumi qalxma nәticәsindә yaranmışdır. Kaynozoyda Mәrkәzi Fransa massivindә tektonik qırılmalar boyu iri vulkanik qurğular yaradan güclü lava axınları baş vermişdir.
Eqbelet gölü. Savoyya regionu.
F.-nın tәki müxtәlif faydalı qazıntı yataqları ilә zәngindir. Niobium, tantal, litium filizlәrinin vә flüoritin ehtiyatına görә F. Qәrbi Avropa ölkәlәri arasında aparıcı yerdәdir. Litium, qalay, tantal, niobium kompleks filiz ehtiyatları litium-ftorlu qranitlәrlә әlaqәdardır (Eşasyer yatağı). Dәmir (Lotaringiya dәmir filizi hövzәsi), qalay (Armorika vә Mәrkәzi massivlәrdә), boksit (Aralıq dәnizi boksitli әyalәti), barit (Mәrkәzi massivin şm.-ında), talk (Trimun vә Lüznak yataqları), uran, daşduz, qızıl, mis, sürmә, gips, diatomit, çöl şpatı, mika, andaluzit, kianit, kaolin, әhәngdaşı, kükürd, fosforit, kvars qumları, pemza, tәbii tikinti materialları yataqları da var. Neft vә tәbii yanar qazın kiçik ehtiyatları Paris, Akvitaniya, Reyn vә Rona, daş kömürün әsas ehtiyatları isә Lotaringiya vә Nor-Pa-de-Kale hövzәlәrindәdir.
İqlim. Ərazinin çox yerindә mülayim dәniz iqlimi üstündür. Aralıq dәnizi sahilboyu, Rona ovalığının c.-u vә Korsika a.-nda iqlim Aralıq dәnizi tipli subtropikdir. Alp vә Pireney d-rında iqlim yüksәkliyә görә dәyişir. Orta temp-r yanvarda düzәnliklәrdә 0– 4°C ş.-dә vә şm.-ş.-dә, 6–7°C q.-dә vә şm.-q.-dә, 8°C-dәn yuxarı c.-ş.-dәdir; iyulun orta temp-ru şm.-q.-dә 16°C, mәrkәzi hissәdә 18–20°C, c.-q.-dә 20– 22°C, c.-ş.-dә 23–24°C-dir. İllik yağıntı düzәnliklәrdә 600–1000 mm, dağlarda 1500 mm. Düzәnliklәrdә qar örtüyü dayanıqlı deyil, dağlarda 2500–3000 m yüksәklidә qar 7–11 ayadәk qalır. Ümumi sah. 275 km2 (2009) olan müasir buzlaqlar Monblan (Mer-de-Qlas buzlağı), Vanuaz, Pelvu massivlәrindәdir.
Meşә vә kәnd tәsәrrüfatı landşaftı. Voklyuz departamenti.
Daxili sular. F. әrazisinin çox hissәsi Luara, Rona, Sena, Haronna vә Dordon çaylarının hövzәlәrinә, ölkәnin ş. hissәsi isә Reyn çayının orta axını hövzәsinә aiddir. Düzәnlik çayları gen dәrәlәrdә axır, yağış suları ilә qidalanır, ilboyu bolsuludur, gәmiçiliyә yararlıdır, әksәriyyәti kanallarla birlәşmişdir (Cәnub kanalı Ümumdünya irsi siyahısına daxil edilmişdir); daxili su yollarının uzunluğuna görә (8500 km-dәn çox) F. Avropada 1-ci yerdәdir. Orta vә yüksәk dağlıq çayları dәrin dәrәlәrdә axır, yağış, qar vә buzlaq suları ilә qidalanır, yay aylarında suların sәviyyәsi kәskin qalxır. Cenevrә gölünün c. hissәsi F. әrazisindәdir; kiçik göllәr var.
Ölkәnin bәrpa olunan illk su ehtiyatı 211 km3-dir. Hәr il bu ehtiyatın 15,5%-indәn istifadә olunur. Bunun 74%-i sәnaye müәssisәlәrinin, 16,5%-i kommunal-mәişәt tәsәrrüfatının, 9,5%-i k.t.-nın tәlәbatına sәrf olunur. Adambaşına düşәn suyun illik miqdarı 3,3 min m3-dir (2014).
Sevenn Milli Parkı.
Torpaqlar, bitki örtüyü vә heyvanlar alәmi. Ərazinin böyük hissәsi enliyarpaqlı meşә landşaftı zonasında yerlәşir; c.-ş-dә subtropik Aralıq dәnizi landşaftları tәmsil olunur. Torpaq örtüyü müxtәlifliyi vә mozaikliyi ilә fәrqlәnir. Bütövlükdә turş vә tipik qonur torpaqlar üstünlük tәşkil edir; Paris hövzәsi düzәnliklәrindә vә Akvitaniya hövzәsi әtrafında, әsasәn, löslәşmiş tor- paqlardır. Pireney d-rının yamacları vә Mәrkәzi massivin alçaqdağlıq әrazilәrindә qonur torpaqların dağ növmüxtәlifliklәri vardır. Qumlu düzәnliklәrdә (Land d-rı, Solon) podzol torpaqlar, iri çay dәrәlәrindә allüvial torpaqlar formalaşmışdır. Çimli-karbonatlı vә çürüntülü-karbonatlı, әsasәn, çınqıllı torpaqlar Paris vә Akvitaniya hövzәlәrinin kuest tirәlәrindә, Yura d-rında, Alpönüdә vә Mәrkәzi massivin c. hissәsindә inkişaf etmişdir. Mәrkәzi massivin mәrkәzi hissәsindә vulkanik torpaqlar, F.-nın c.-ş.-indә qırmızı rәngli qәhvәyi torpaqlar (terra rossa) yayılmışdır. Sevenn, Vogez vә Alp ortadağlıqları üçün dağ-podzol, Alp vә Pireney yüksәkdağlıqları üçün dağ-çәmәn torpaqları sәciyyәvidir.
Landşaftlar güclü antropogen transformasiyaya mәruz qalmışdır. K.t. torpaqları: şumlanmış yerlәr, әkilmiş otlaqlar, üzümlüklәr, meyvә bağları vә zeytun plantasiyaları üstünlük tәşkil edir. Burqundiyanın üzümçülük landşaftları, Luara dәrәsinin tarixi aqrolandşaftları, Qran–Kos vә Sevenn platolarının otlaq landşaftları önәmli mәdәni landşaftlar kimi Ümumdünya irsi siyahısına daxil edilmişdir. F.-nın şm.-q. hissәsi üçün külәkdәnqoruyan canlı çәpәrlәrlә vә meşә zolaqları ilә dövrәyә alınmış k.t. yerlәri (bokaj) sәciyyәvidir.
Verdon dәrәsi. Yuxarı Provans.
Meşәlәr әrazinin 31,3%-ini tutur (2015). 1980 ildәn meşәlәrin sahәsi ildә 0,6% artır (meşәlәşmә tempi Avropada әn yüksәklәrdәn biridir ). İri meşә massivlәri Land d-rında, Sevenn, Vogez, Alp vә Pireney d-rının ş. hissәsindә cәmlәşmişdir. Düzәnliklәrdә vә alçaqdağlıqlarda palıd, vәlәs, fıstıq meşәlәri üstünlük tәşkil edir. Akvitaniya hövzәsinin ş. hissәsi üçün әkilmiş şabalıd meşәlәri ilә qarışıq tükcüklü palıd meşәlәri sәciyyәvidir. Mәrkәzi massivin, Alp vә Pireney dağlarının ortadağlıqlarında fıstıq, fıstıq-küknar, fıstıq-şamağacı meşәlәri, hәmçinin Avropa küknarı vә ağ şamağacı, bәzi yerlәrdә Avropa şamağacı (Mәrkәzi massiv) vә Avropa qaraşamı (Alp d-rı) meşәlәri bitir. Alp vә Pireney dağlarının yuxarı (1800–2100 m) sәrhәdlәrindә subalp kolluqları (dağ şamağacı vә qızılağacdan ibarәt) vә hündürotlu çәmәnlәr, 2100–2300 m yüksәklikdәn başlayaraq alçaqotlu Alp çәmәnlәri, әn yüksәk massivlәrin zirvәlәrindә qlyasial-nival landşaftlar yayılmışdır. C.- ş.-dә tәbii bitki örtüyünü, әsasәn, qariqa vә makvisdәn (daş palıd, kermes palıdı, Hәlәb şamağacı, filireya, buxurkolu, püstә vә s.) ibarәt alçaqboylu ağac-kol formasiyaları tәmsil edir.
100 növ mәmәli, 445 növ yuvalayan quş, 37 növnöv sürünәn, 34 suda-quruda yaşayan, 74 növ şirinsu balığı mәlumdur. F.-nın Aralıq dәnizi hissәsi flora vә fauna növmüxtәlifliyinin әn yüksәk sәviyyәsi ilә fәrqlәnir. Mәmәlilәrdәn nәcib maral, cüyür, qaban, boz dovşan, vәhşi adadovşanı; yüksәkdağlıq әrazilәrdә köpgәr, keçibuynuz, Avropa muflonu (20 әsrin ortalarında introduksiya edilmişdir) çoxsaylıdır. 1990-cı illәrin sonundan canavar vә vaşağın populyasiyası bәrpa olunur. Çoxlu sayda quş (adi bәzgәk, çivdimdik, çökükburun, kürәn dağ kәkliyi, Sibir xoruzu), c.-ş.-dә flaminqo vardır. Sahil sularında 612 növ dәniz balığı vә 39 növ dәniz mәmәlisi yaşayır.
Qayaüstü tәsvirlәr. Son Paleolit dövrü. Lasko mağarası. Dordon departamenti.
Ətraf mühitin vәziyyәti vә mühafizәsi. Atmosferin (şәhәrlәrin çoxunda), suyun vә torpağın çirklәnmәsi, bioloji müxtәlifliyin azalması әsas ekoloji problemlәrdir; 1990-cı illәrdәn başlayaraq güclü daşqınlar kәskin surәtdә artmışdır. Daxili suların tәqr. 50 %-i vә sahilyanı suların 60%-dәn çoxunun vәziyyәti әlverişli qiymәtlәndirilir. Ərazinin xeyli hissәsindә torpaqlar azot vә fosfor birlәşmәlәri, pestisidlәr vә ağır metallarla çirklәnmәyә mәruz qalmışdır. Ərazinin 18%-indә torpaqların eroziyası güclü vә orta sәviyyәdәdir. Yaşayış yerlәrinin tәqr. 80%-inin әlverişsiz tәbiәti mühafizә statusu var; sahilboyu yaşayış yerlәri vә dün komplekslәri xüsusilә zәif yerlәrdir. Milli Qırmızı kitaba daxil edilmiş 10% quru (Avropada әn azsaylı populyasiyalardan biri olan qonur ayı, Avropa susamuru vә s.) vә 20% dәniz mәmәlisi (yastısifәt delfin), tәqr. 25% quş (ağbaş kәrkәs, quzugötürәn), 20% sürünәn vә suda-quruda yaşayan nәsli kәsilmәk tәhlükәsi altındadır.
Mühafizә olunan tәbii әrazilәr (cәmi 1337) ölkә sahәsinin 38%-ni (2015) tutur; bunların arasında 7 milli (Sevenn, Vanuaz, Pirene) vә 49 tәbii regional park (Kamarq, Overn Vulkanları vә s.) vardır; mühafizә olunan 103 әrazinin, o cümlәdәn YUNESKO-nun 11 biosfer rezervatı (Dordon hövzәsi, Qard çayı dәrәsi, Sevenn, Kamarq vә s. ), Ramsar konvensiyası çәrçivәsindә mühafizә edilәn 32 su-bataqlıq tәsәrrüfatlarının beynәlxalq statusu vardır. Ərazinin 12,6%-i vә sahilyanı suların 12,3%-i “Natura 2000” Ümumavropa ekoloji şәbәkәsinә aid edilmişdir.
Əhali
F. әhalisinin әsas hissәsi fransızlardır. Mühacirlәr әhalinin 11,1%-ni (BMT-nin mәlumatları, 2014) tәşkil edir; onlardan (Milli Statistika vә İqtisadi Tәdqiqatlar İn-tunun mәlumatları, 2012) 4,80%-i Afrikadan (o cümlәdәn Əlcәzairdәn – 1,45%, Mәrakeşdәn –1,34%, Tunisdәn – 0,49%), 3,57%-i
Aİ ölkәlәrindәn (o cümlәdәn Portuqaliyadan – 1,17%, İtaliyadan – 0,57%, İspaniyadan – 0,48%) gәlmәlәrdir.
Şato Qayyar qәsri. 12 әsr. Er departamenti.
1951–2016 illәr әrzindә F. әhalisinin sayı, әsasәn, tәbii artım (F. әhalinin tәbii azalması qeydә alınmadığı bir neçә Avropa ölkәsindәn biridir) hesabına 53,8% artmışdır (1951 ildә tәqr. 42 mln. nәfәr; 1980 ildә tәqr. 54 mln. nәfәr; 2000 ildә tәqr. 59,2 mln. nәfәr). Ən yüksәk artım tempi 1970-ci illәrin ortalarınadәk (maksimum 1963 ildә – 1,4%) qeydә alınmış, sonralar isә bu temp aşağı düşmüşdür (ildә 0,4 – 0,6%-dәk). Əsas demoqrafik göstәricilәr (1000 nәfәrә, 2015): doğum sәviyyәsi 12,4, ölüm sәviyyәsi 9,2, әhalinin tәbii artımı 3,2 nәfәrdir. Fertillik göstәricisi 1 qadına 2,05 uşaqdır (2015); uşaq ölümü 1000 nәfәr diri doğulana 3,3 nәfәrdir (oğlanlarda – 3,6, qızlarda – 2,9 nәfәr). Əhalinin gözlәnilәn orta ömür müddәti 81,8 ildir (kişilәrdә – 78,7, qadınlarda – 85,0 il).
Əhalinin yaş strukturunda uşaqların (15 yaşadәk) xüsusi çәkisi 18,5% (2015), әmәk qabiliyyәtli yaşda olanların (15–65 yaş) xüsusi çәkisi 64,7%, ahılların (65 yaşdan yuxarı) xüsusi çәkisi 16,8%-dir. Əhalinin orta yaş hәddi 41,1 ildir (2015; kişilәrdә – 39,4, qadınlarda – 42,6 il).
Əhalinin orta sıxlığı 1 km2-dә 118,7 nәfәrdir (2016). Ölkәnin şm.-ındakı (o cümlәdәn İl-de-Frans regionunda –1 km2-dә tәqr. 1000 nәfәr) vә q.-indәki düzәn әrazilәr daha sıx mәskunlaşmışdır.
Şәhәr әhalisinin xüsusi çәkisi 79,5%-dir (2015). Ən iri şәhәrlәri (min nәfәr): Paris 2196,9 (2015; aqlomerasiyada 10,6 mln. nәfәrdәn çox), Marsel 855,4 (2013; 1,7 mln. nәfәrdәn çox), Lion 500,7 (2,2 mln. nәfәrdәn çox), Tuluza 453,3 (2012; tәqr. 1,4 mln. nәfәr).
Tarixi oçerk
Fransa qәdim dövrdәn 9 әsrin ortalarınadәk. F. әrazisindә insan fәaliyyәtinin әn qәdim izlәrinә Şiyakdan (Luaranın yuxarı axarları hövzәsi) tapılmış vә 2 mln. il bundan әvvәl emal edilmiş çınqıl daşları aiddir, lakin onların artefakt olmaları mübahisәlidir. Cәnub-Qәrbi F.-da Lezinyan-la-Seba adlı yerdәn aşkarlanmış tapıntılar (1,6–1,5 mln. il bundan әvvәl) daha etibarlıdır. Erkәn Paleolitә hәmçinin Abbevil (Şell) vә Aşöl [Vallone, Terra-Amata, La-Mikok, Araqo (o cümlәdәn “Totavel adamı”), tәqr. 450 min il bundan әvvәl] dövrlәrinin (mәdәniyyәtlәrinin) abidәlәri aiddir. Orta Paleolitә keçid Mikok industriyası, Orta Paleolit isә Mustye (hәmçinin bax Levallua) industriyaları, Neandertal adamının qalıqları, o cümlәdәn dәfn yerlәri ilә tәmsil olunmuşdur. Son Paleolitә müasir insan tipinin (Kromanyon adamı), Şatelperron, Orinyak, Qravett, Solütre, Madlen mәdәniyyәtlәri vә industriyalarının, incәsәnәt abidәlәrinin (Şove, La-Mut, Mas-d’Azil, Lasko, Kombarel, Fon-de-Qom, Üç qardaş mağarası, Nyo vә s.) yayılması aiddir. Epipaleolit vә Mezolit Azil mәdәniyyәti, Sovter, Tardenua vә s. mәdәniyyәtlәrlә tәmsil olunmuşdur.
Regionun neolitlәşmә prosesi (e.ә. 6-cı minillikdәn) şәrqdәn gәlmiş xәtti-lentvarı keramika mәdәniyyәti ilә bağlıdır, cәnub hissәsi kardial keramika (cardium edulis molyuskunun adındandır; digәr adı impresso) mәdәniyyәti zonasına daxil idi; qәrbdә vә Pireneydә daha erkәn әnәnәlәr davam edirdi. Neolit–Eneolit dövrlәrindә Bretan (Karnak vә s.), Sena–Uaza–Marna, Şasse, Kortayo vә s. meqalitik mәdәniyyәtlәr formalaşmışdı. Bir sıra Eneolit – Erkәn Tunc dövrü abidәlәri zәngvarı qәdәhlәr mәdәniyyәtinә aiddir, bu mәdәniyyәtin әnәnәlәri ilә F.-nın q.-indә “Atlantika mәdәniyyәti” bağlıdır. Ş.-dә dәfn urnaları mәzarlıqları mәdәniyyәtlәri yayılmışdı; metallurgiya әnәnәlәri Avropa metallurgiya әyalәtinә mәxsusdur.
Dәmir dövrünә keçid (tәqr. e.ә. 700) Halştat mәdәniyyәtinin qәrb qrupları, hәmçinin әsilzadә klanların (Viks vә digәrlәri) başçılıq etdiyi cәmiyyәtlәrin yaranması ilә bağlıdır. Bunun әsasında Laten mәdәniyyәti formalaşmışdır. Tәqr. e.ә. 600 ildә Aralıq dәnizi sahilindә sonralar öz tәsirini vә faktoriyalarını qonşu torpaqlara yaymış Massaliya (indiki Marsel) yunan koloniyasının әsası qoyulmuşdu. Yazılı mәnbәlәrә görә, F.-nın әsas әrazisindә keltlәr (qallar), c.-unda isә iberlәr vә liqurlar mәskunlaşmışdılar. E.ә. 3 әsrin ortaları vә sonlarında regionun c. hissәsi birinci vә ikinci Pun müharibәlәrinin meydanlarından birinә çevrilmişdi; e.ә. 120-ci illәrdә bu torpaqlar Romanın nәzarәtinә keçmiş vә burada Narbo-Marsius ş.-nin (e.ә. 118; indiki Narbon) әsası qoyulduqdan sonra Narbon Qalliyası әyalәti yaradılmışdı. Əyalәtdәn q.-dә Akvitaniya, şm.-da isә Gerqoviya, Bibrakta, Aleziya vә s. kimi bir sıra erkәn dövlәti qurumlar formalaşmışdı. Senanın aşağı axarından ş.-dә belqlәr yaşayırdılar. Bütün bu torpaqlar e.ә. 58–51 illәrdә Yuli Sezar tәrәfindәn Romanın tәrkibinә qatılmışdı.
Romanlaşdırmanın mәrkәzlәri Massaliya, Toloza (Tuluza), Luqdunum (Lion), Lütesiya (Paris) vә s. şәhәrlәr, hәmçinin çoxsaylı villalar idi. Kommunikasiya sistemlәrinin (yollar, akveduklar) yaradılması k.t.-nın, ticarәtin, keramika, metal (o cümlәdәn silah) vә şüşә mәmulatları istehsalının inkişafına şәrait yaratmışdı. Druidlәrin tәqibinә, әyalәt-Roma mәdәniyyәtinin, o cümlәdәn latın dilinin bәrqәrar olmasına baxmayaraq, keltlәrin bir sıra әnәnәsi orta әsrlәrәdәk qorunub saxlanılmışdı.
Roma imperiyasında 3 әsrdә baş vermiş iqtisadi-siyasi böhran alemanların vә frankların hücumlarına (259–260 vә 275– 276), separatçılığa, şm.-da çoxsaylı villaların mәhvinә, şәhәrlәrdә tikintinin azalmasına vә s. gәtirib çıxarmışdı. Lakin 4 әsrdә regionun iqtisadi hәyatı canlanmış, 3 әsrin sonlarından etibarәn hәrbçi vә әkinçi german qruplarının buraya köçmәsi demoqrafik vә hәrbi potensialın artmasına sәbәb olmuşdu. Dәnizdәn sakslar vә digәr tayfaların hücumlarının qarşısının alınması mәqsәdilә qalalar sistemi yaradılmışdı.
Mon-Sen-Mişel ada-qәsr. 13 әsr. Manş departamenti.
4 әsrin ikinci yarısında alemanların yeni hücumları onların indiki Elzas torpaqlarında 357 vә 378 illәrdә darmadağın edilmәsi ilә nәticәlәndi. 406 ilin dekabrından Qalliyanı qarәt edәn vandallar, svevlәr, alanlar vә b. 409 ildә İspaniyaya sıxışdırıldılar. Onlar Akvitaniyada federatlar qismindә torpaq sahibi oldular, 418 ildә Tuluza Vestqot krallığını [sonralar Luara çayı vә Arelat (Arl) ş.-nәdәk genişlәnmişdi] yaratmış vestqotların kömәyi ilә Qәsbkar İovini [411– 413] darmadağın etdilәr. Armorikada (Bretan y-a) Britaniyadan gәlmәlәr, әsasәn, keltlәr mәskunlaşmışdılar. Şm.-ş.-dә federatları olan franklar 5 әsrin ortalarında Somma çayınadәk әrazilәrdә yerlәşdilәr. 443 ildә federatlar statusu ilә Savoyya әrazisinә köçürülәn burqundlar 461 ildә Luqdunu tutaraq onu krallıqlarının yeni paytaxtına çevirdilәr. C.-a hәrәkәt edәn burqundlar vestqotlarla toqquşdular, şm.-da Divion (Dijon) vә Andemantunnumu (Lanqr) әlә keçirdilәr. Bәzi iri şәhәrlәrin yepiskopları, hәrbi dәstәlәri olan Roma maqnatları, ayrı-ayrı әrazilәri nәzarәtdә saxlayan alanlar vә b. da siyasi qüvvә kimi çıxış edirdilәr. Hunların Qalliyaya yürüşü Katalaun döyüşü (451) nәticәsindә dayandırıldı, Romanın idarәçilik sistemi Şimali Qalliyanın yalnız bir hissәsindә saxlanılmışdı, lakin burada da ordu komandanı Egidi 461 ildә yeni imperatoru tanımamışdı.
I Xlodviqin başçılığı ilә franklar 486 ildә Egidinin oğlu Siaqrini, 507 ildә isә burqundlarla birgә vestqotları darmadağın etdilәr. Lakin ostqotların kralı Böyük Teodorixin [493–526] müdaxilәsi nәticәsindә vestqotlar Septimaniyanı (indiki Langedok) özlәrindә saxladılar, Provans torpaqları isә Ostqot krallığına qatıldı. Franklar 532–534 illәrdә burqundları tabe etdilәr, 536–537 illәrdә isә ostqotlardan Bizansla müharibәdә onlara kömәk edәcәklәri müqabilindә Provansı aldılar. Nәticәdә F.-nın, demәk olar ki, bütün әrazisi Merovinqlәrin hakimiyyәti altına keçdi.
7 әsrdә Merovinqlәrin hakimiyyәti zәiflәdi, ölkәdә real hakimiyyәt Frank dövlәtinin krallıq statusu almış iri vilayәtlәrini (Avstraziya, Neystriya vә Burqundiya) idarә edәn mayordomların әlinә keçdi. 687 ildә bütün frank krallıqlarının mayordomu hersoq vә frankların prinsepsi titulu ilә Pipinilәr sülalәsinin (bax Karolinqlәr) banisi Heristallı Pipin oldu. 732 ildә onun varisi Karl Martell Puatyedә әrәblәri mәğlub etdi. Onun oğlu Gödәk Pipin 752 ildә rәsmәn bütün frankların kralı elan olundu. Gödәk Pipinin böyük oğlu Böyük Karlın (800 ildәn imperator) zamanında Frank dövlәti özünün әn qüdrәtli dövrünü yaşadı.
Fransa 9 әsrin ortalarından Yüzillik müharibәnin başlamasınadәk. F.-nın yaranma tarixi Frank dövlәtinin parçalanması nәticәsindә Qәrbi Frank krallığının yaranmasını tәsdiqlәyәn Verden müqavilәsi (843) hesab olunur. Bu krallığın әrazisi indiki F.-nın әrazisindәn (xüsusilә şәrqdә) xeyli az idi, Bretanın böyük hissәsi onun sәrhәdlәrindәn kәnarda yerlәşirdi; eyni zamanda indiki F.-nın tәrkibindә olmayan Kataloniya vә Flandriya onun tәrkibinә daxil idi. Frank dövlәtinin süqutuna baxmayaraq, frank dövlәtlәrinin vә frankların özlәrinin müәyyәn birliyi haqqında tәsәvvür әn azı 10 әsrin әvvәllәrinәdәk yaşadı, bununla bağlı frankların Reyn vә Sona çayları boyu sәrhәdyanı torpaqlar uğrunda mübarizәsi 10 әsrin sonlarınadәk davam etdi. 884 ildә III Karlın (Ş i ş m a n K a r l) başçılığı ilә bütün frank torpaqlarının vahid dövlәtdә birlәşdirilmәsinә sonuncu dәfә cәhd olunsa da, 887 ildә III Karl normanlara müqavimәt göstәrә bilmәdiyinә görә taxtdan salındı. Karolinqlәr sülalәsinin Almaniyada (911) vә F.-da (987) hakimiyyәtinә son qoyulması yeni dövlәtlәrin vә onların arasındakı sәrhәdlәrin sabitlәşmәsindә mühüm rol oynadı.
9–10 әsrlәrdә F. tәdricәn siyasi birliyini itirirdi. Yarımmüstәqil siyasi qurumların özәyi, әsasәn, karolinqlәrәqәdәrki, bәzәn isә hәtta romayaqәdәrki tayfa strukturları idi. Mәrkәzdәnqaçma meyillәri әhalinin roman lәhcәlәrindә danışdığı, Roma adәt vә qaydaları ilә yaşadığı cәnubda daha çox özünü göstәrirdi. Burada әtrafında Puatye, Bordo, Klermon, Tuluza, Narbon vә digәr güclü knyazlıqların formalaşdığı köhnә inzibati mәrkәzlәr qorunub saxlanmışdı. Baskların Qaskon, keltlәrin Bretan vә germandilli Flandriya torpaqları faktiki müstәqil idi. 911 ildәn sonra dәnizyanı Neystriyada F. krallarından nominal asılı olan Normandiya hersoqluğu meydana gәldi vә tәdricәn genişlәndi.
Şenonso qәsri. 15 әsr. Endr vә Luara departamenti.
888 ildәn F.-da mövcud olan iki sülalә – getdikcә zәiflәyәn vә öz tәsir dairәsini, әsasәn, Pikardiyada saxlayan Karolinqlәrlә Parisi normanlardan qorumuş Robertinlәr arasında rәqabәt nәticәsindә vәziyyәt gәrginlәşdi. Robertinlәrin nümayәndәsi Odon (Ed) fransız әyanları tәrәfindәn III Karlın yerinә 888 ildә kral seçildi. Sonralar Robertinlәrә F. hersoqu titulu verildi vә 936 ilәdәk onlar F. taxtına iddia irәli sürmәdilәr. Lakin kral V Lüdovikin qәfil ölümündәn sonra hersoq Huqo Kapet “frankların kralı” elan edildi (987); elә hәmin il o, oğlu II Robertin [996–1031] tacqoyma mәrasiminin keçirilmәsinә nail oldu, bununla da Kapetinqlәr sülalәsinin hakimiyyәtini bәrqәrar etdi.
İlk Kapetinqlәrin hakimiyyәti olduqca zәif idi. Onlar Sena vә Luara çayarasındakı nisbәtәn kiçik İl-de-Frans regionunu (Paris, Orlean, Sanlis) idarә edirdilәr. Huqo Kapetin bәzi vassalları kraldan daha geniş әrazilәrә vә maliyyә vәsaitinә malik idilәr. 11 әsr – 12 әsrin birinci yarısında da siyasi vәziyyәt Kapetinqlәrin güclәnmәsi üçün әlverişli deyildi. 1032–33 illәrdә yerli sülalәnin nәslinin kәsilmәsi nәticәsindә Arelatın gәlәcәk Müqәddәs Roma imperiyasının bir hissәsinә çevrilmәsi Almaniya krallarını güclәndirdi. 1066 ildә F. kralının vassalı Normandiya hersoqu İşğalçı Vilhelmin İngiltәrәni tutması kralın mövqeyini möhkәmlәndirdi. 12 әsrin ortalarında Russilyon da daxil olmaqla Kataloniya qraflıqları Araqon krallığının bir hissәsinә çevrildi.
Bununla belә, Kapetinqlәr tәdricәn hakimiyyәtlәrini tamamilә legitimlәşdirmәyә nail oldular; onların kiçik, lakin mühüm şәhәr vә qalaları mülklәrinә birlәşdirmәlәri az sonra iqtisadi fayda vermәyә başladı. Kapetinqlәrin möhkәmlәnmәsinin әsas sәbәblәrindәn biri dә F.-nın ümumi iqtisadi inkişafı, ilk növbәdә 11–12 әsrlәrdә baş verәn urbanizasiya idi. Hәmin vaxt Roma dövrünә aid çox sayda şәhәr bәrpa olundu, yeni salınmış şәhәrlәr (c.-da Monpelye vә Montaban, şm.-da Kale vә Lill vә s.) uğurla inkişaf etmәyә başladı. Şәhәrlәrin zәnginliyi qotika üslubunda tikilmiş möhtәşәm kilsәlәrdә, ratuşalarda, qala divarlarında әksini tapırdı. Sәnәtkar vә tacirlәrdәn yığılan vergi vә rüsumlar kral xәzinәsinin doldurulmasında әsas amil idi. Güclәnәn şәhәrlәr onlara muxtariyyәt verilmәsinә, hüquq vә vәzifәlәrinin xüsusi xartiyalarda tәsbit olunmasına, hәmçinin bu xartiyaların kral hakimiyyәti tәrәfindәn tәsdiqlәnmәsinә çalışırdı.
II Filipp Avqustun taxta çıxması ilә kral hakimiyyәti sürәtlә möhkәmlәnmәyә başladı. O, orta әsrlәr Avropasının әn görkәmli monarxlarından biri idi vә ilk dәfә olaraq özünü frankların yox, F.-nın kralı adlandırdı. Sәlәflәrinin siyasәtini davam etdirәn II Filipp 1180-ci illәrdә kral domeninә Pikardiyanın bir hissәsini qatdı, eyni zamanda Plantagenetlәrin ara müharibәlәrindә iştirak edәrәk İngiltәrә kralı II Henrixә qarşı onun oğullarını dәstәklәdi. Onun әn böyük uğuru 1200 ildә İngiltәrә kralı Torpaqsız İoannın F. kral mәhkәmәsinә gәlmәmәsini bәhanә edәrәk ingilis kralının Fransadakı bütün mülklәrinin müsadirәsi oldu. Bunun ardınca baş vermiş müharibәdә fransızlar qalib gәlәrәk Normandiya, Anju, Men, Turen, sonralar Puatunu әlә keçirdilәr. 1214 ildә Buvin (Flandriyada) yaxınlığındakı vuruşmada II Filipp Almaniya imperatoru IV Ottonun, Torpaqsız İoannın vә Flandriya qrafı Ferranın birlәşmiş qoşunlarını darmadağın etdi. Paris sülhünә (1259) görә İngiltәrә F.-dakı mülklәrindәn yalnız Giyenin vә Qaskonun dәnizyanı әrazilәrini saxladı.
II Filipp hakimiyyәtini ölkәnin c.-unda da möhkәmlәndirmәyә cәhd göstәrdi. O, 1209 ildә Cәnubi F. katarlarına qarşı başlamış Albi müharibәlәrini dәstәklәdi, Tuluza qraflığını (1215) vә bir sıra knyazlıqları kral torpaqlarına qatdı. 1270-ci illәrdә Kapetinqlәr Tuluzen vә Langedokda qәti möhkәmlәndilәr; F. kralları indiki F. әrazisinin yarısından çoxuna (apanajlar da daxil olmaqla) sahib oldular, lakin Kataloniyadakı bütün qraflıqlarını itirdilәr: 1258 ildә imzalanmış Korbey müqavilәsinә әsasәn onlar Araqonun tәrkibinә keçdi.
İngiltәrә üzәrindә qәlәbә, Ştaufenlәr sülalәsinin hakimiyyәtinә son qoyulması ilә Müqәddәs Roma imperiyasının zәiflәmәsi F.-nı Avropada әn güclü dövlәtә çevirdi. 9 әsrdәn F. artıq tәcavüzkar siyasәtә başladı. 1312 ildә Lion ş., 1349 ildә Dofine kral domeninә birlәşdirildi. Uğurlu sülalә siyasәti dә mühüm rol oynayırdı: 1246 ildә Müqәddәs IX Lüdovikin kiçik qardaşı Anjulu Karl nikah nәticәsindә Provans qrafı oldu, 1266 ildә Siciliya krallığını işğal etdi. 14 әsrdә Anjulu Karlın nәsli (Anju sülalәsi) hәmçinin Macarıstanı, hәtta Polşanı idarә edirdi. Kapetinqlәrin o dövrdә ölkә daxilindә möhkәmlәnmәsi heç dә asanlıqla baş vermirdi: İngiltәrәyә meyilli olan Flandriyada “Brügge sәhәr ibadәti” (1302) vә “Mahmız döyüşü” buna misal ola bilәr.
Kral qanunvericiliyinin fәallaşması, әyalәt vә dövlәt idarәçilik sisteminin yaranması, vergilәrin, rüsum vә cәrimәlәrin nizama salınması, 1230 ildәn kral qızıl sikkәlәrinin (Tur livri, yaxud frank) kәsilmәsi F.-nın tәdricәn mәrkәzlәşdirilmiş dövlәtә çevrilmәsinin göstәricisi idi. 13 әsrin sonunda IV Filipp Roma papası VIII Bonifasinin F. üzәrinә qoyduğu onda bir kilsә vergisini lәğv etdi. Papa kilsәnin dünyәvi hakimiyyәtdәn üstünlüyünü qeyd-şәrtsiz “tәsdiq edәn” bulla imzaladı. Buna cavab olaraq, IV Filipp onu dәstәklәyәn Baş ştatları çağırdı. 1307 ildә kral әmlakı müsadirә olunmaqla tampliyerlәr ordenini lәğv etdi. 1308 ildә çağırılan Baş ştatlar ordenin zәngin әmlakının müsadirәsini bәyәndi. 1309 ildәn Avinyonda fransızların nәzarәtindә olan Roma papası (Avinyon әsirliyi) bu qәrarı tәsdiqlәdi.
14 әsrin әvvәlindә Kapetinqlәrin mövqeyi möhkәm idi. Ölkәdә iri vә varlı şәhәrlәrin çiçәklәnmәsinә әsaslanan tәsәrrüfat yüksәlişi baş verdi. F.-nın paytaxtı Parisdә 200 mindәn çox әhali, әsasәn sex tәşkilatlarında birlәşmiş sәnәtkar vә tacirlәr yaşayırdı. Yeni torpaq sahәlәrinin mәnimsәnilmәsi nәinki becәrilmiş torpaqlarının genişlәndirilmәsinә, hәmçinin servajın lәğvinә gәtirib çıxardı, bu da öz növbәsindә istehsalı artırdı. F.-nın siyasi vә mәdәni tәsiri artdı: Avropanın bir çox ölkәsindә elita fransız dilindә danışır, fransız modasını izlәyirdi.
Fransa Yüzillik müharibә (1337– 1453) dövründә. 1314–28 illәr әrzindә IV Filippin oğlan övladları olmayan 3 oğlunun bir-birinin ardınca vәfatı nәticәsindә hakimiyyәtә Kapetinqlәr sülalәsinin yan qolunun nümayәndәsi VI Filipp Valua [1328–50] gәldi. 1337 ildә IV Filippin qadın xәtti ilә nәvәsi İngiltәrә kralı III Eduard F. taxtına iddia irәli sürdü. Salik qanunlarına istinad edәn (qadınların torpaq varisliyi qadağan olunmuşdu) F. hüquqşünasları iddianı rәdd etdilәr. Bu, F. ilә İngiltәrәdәn başqa Şotlandiyanın, bir neçә Niderland knyazlığının, Araqonun, Kastiliyanın vә bir sıra digәr dövlәtlәrin cәlb edildiyi Yüzillik müharibәnin (1337–1453) başlanması üçün bәhanә oldu. Bәzi fransız knyazlıqlarında, ilk növbәdә strateji әhәmiyyәtli Bretan hersoqluğunda baş vermiş ara müharibәlәri Yüzillik müharibәnin tәrkib hissәsinә çevrildi.
Fransua Jerar. “Napoleon Austerlits döyüşündә”. Versal muzeyi.
Yüzillik müharibәnin ilk mәrhәlәsi F. üçün uğursuz oldu. Fransızlar dәnizdә (Flandriya sahillәrindәki Slöys yaxınlığında vuruşma, 1340) mәğlubiyyәtә uğradılar; 1346 ildә ingilislәr Normandiyanın Kan ş.-ni tutdular, hәmin ildә Pikardiyada, Kresi k. yaxınlığında fransız ordusunu darmadağın etdilәr. 1347 ildә 11 aylıq mühasirәdәn sonra ingilislәr Kale portunu tutmaqla La-Manş boğazının әn dar yerindә, F.-da özlәrinin dayaq mәntәqәsini qurdular. Lakin 1348 ildә Avropanı bürümüş vә bir neçә il davam etmiş taun epidemiyası hәr iki tәrәfi müharibәni müvәqqәti dayandırmağa mәcbur etdi. 1356 ildә zirehli geyiminin rәngi ilә Qara şahzadә kimi tanınan III Eduardın böyük oğlu Giyendәn Puatuya soxuldu. F.- nın yeni kralı Xeyirxah II İoannın qoşunlarının sayının 5 dәfә artıq olmasına baxmayaraq, Puatye yaxınlığındakı vuruşmada (1356) fransızlar darmadağın olundular, kral isә әsir alındı. Kralın girovdan azad olunması üçün 3 mln. qızıl ekyu ödәnilmәli idi. Ölkәni idarә etmәyi vә atası üçün fidyәnin toplanmasını dofin, gәlәcәk kral V Karl öz üzәrinә götürdü.
1357 ildә Baş ştatlar “Böyük mart ordonansı” adlı islahatlar planını qәbul etdi. İslahatlar baş ştatların müntәzәm çağırılmasını, dofinin qәrar vermәk, vergi toplamaq vә sikkә zәrb etdirmәk sәlahiyyәtinә mәhdudiyyәt qoyulmasını nәzәrdә tuturdu. Əvvәlcә islahatçılarla razılaşmağa mәcbur olan dofin tezliklә mart ordonansına zidd qәrarlar verdi. Bu da Parisdә tacirbaşı (prevo) Etyen Marselin başçılığı ilә üsyana sәbәb oldu. Eyni zamanda İl-de-Frans vә Pikardiyada Jakeriya başladı. Paris üsyanından qorxuya düşәn dofin paytaxtdan qaçdı, lakin tezliklә ora qoşun yeridәrәk әrzaq gәtirilmәsini qadağan etdi. 1358 ilin iyununda Paris üsyanı yatırıldı, dofin yenidәn şәhәrә daxil oldu.
1360 ildә Paris yaxınlığındakı Bretinyi k.-ndә bağlanmış sülh müqavilәsinә görә, III Eduard F. taxtına vә Plantagenetlәrin Şimali F.-dakı mülklәrinә olan iddiasından imtina etsә dә, Kalenin vә Bretanın böyük hissәsinin öz hakimiyyәti altına keçmәsinә nail oldu. 1369 ildә V Karl sülhün şәrtlәrinin pozulduğunu bәhanә gәtirәrәk İngiltәrәyә müharibә elan etdi. İri döyüşlәrdәn çәkinmәklә 1370-ci illәr әrzindә ingilislәr, demәk olar ki, tamamilә F.-dan sıxışdırıldı, onların әlindә yalnız Bordo, sahilyanı Qaskon, Brest vә Kale qaldı. İngiltәrәnin yeni kralı II Riçard 1388 ildә Otterbern yaxınlığındakı vuruşmada şotlandlara mәğlub oldu. Belә şәraitdә İngiltәrә ilә F. 1389 vә 1392 illәrdә üçillik, 1396 ildә isә 28 illik sülh imzaladı. F.-nın sülh imzalamasının sәbәbi daha çox ölkәdәki daxili qarışıqlıq idi: 1392 ildә ruhi xәstәliyә tutulmuş VI Karl ölkәni idarә edә bilmirdi. Regentlik uğrunda mübarizә aparan bir neçә qruplaşmadan 15 әsrin әvvәlindә armanyaklar vә burginyonlar formalaşdı.
1415 ildә yenidәn F. ilә müharibәyә başlayan İngiltәrә kralı V Henrix vaxtilә II Henrix Plantagenetin dövründә İngiltәrәyә mәxsus olmuş mülklәri geri qaytarmaq niyyәtindә idi. V Henrix F. taxtına iddia da irәli sürdü. İngilislәrin Normandiya sahillәrinә çıxması armanyaklar vә burginyonları müvәqqәti barışdırdı, lakin 1415 ildә Azenkur yaxınlığındakı vuruşmada fransızların birlәşmiş qoşununun darmadağın edilmәsi mübarizәni yenidәn qızışdırdı. V Henrix Kan (1417), Ruan (1419) şәhәrlәrini tutdu. Parisdә daxili çәkişmәlәr davam edirdi. 1419 ildә çağırılmış Baş ştatların fәaliyyәti zamanı armanyaklar Montrödә Burqundiya hersoqu Cәsarәtli Janı öldürdülәr. Onun oğlu Xeyirxah Filipp F.-nın paytaxtını tutdu vә ingilislәrlә bağladığı müqavilәyә әsasәn Parisi faktiki olaraq onlara tәslim etdi. 1420 ildә V Henrix Truada VI Karlla görüşdü, F. tәslim haqqında sülh imzaladı. V Henrix VI Karlın qızı – sağ qalmış yeganә qardaşından (dofindәn) fәrqli olaraq vәliәhd elan edilmiş Yekaterina ilә evlәndi. Dofin varislikdәn kәnarlaşdırıldı. VI Karlın ölümündәn sonra V Henrix F. kralı olmalı idi. 1421 ildә İngiltәrәnin gәlәcәk kralı VI Henrix [1422–61, 1470–71] anadan oldu. 1422 ildә V Henrix, iki ay sonra isә VI Karl vәfat etdi.
Bu zaman ingilislәr öz müttәfiqlәri ilә birlikdә F. әrazisinin yarıdan çoxuna nәzarәt edirdilәr. Lakin Burjda möhkәmlәnmiş dofin Karl tәslim olmadı, armanyaklar da onun tәrәfinә keçdilәr. F.-nın iki kralı arasında müharibә başladı. 1428 ildә Orleanın mühasirәsi zamanı müharibәdә üstünlük ingilislәrin tәrәfindә idi. “Burj kralı” ordusuna başçılıq edәn Janna d’Ark bir neçә gün әrzindә Orleanı, onun ardınca isә Luara çayından şimaldakı bir sıra şәhәr vә qalanı azad etdi. Janna d’Arkın әsas hәdәfi F. krallarının tacqoyma mәrasiminin keçirildiyi Reyms ş.-ni tutmaq idi; şәhәr 1429 ildә alındı, iyulun 17-dә burada VII Karlın tacqoyma mәrasimi oldu. Bundan sonra Janna d’Arkın dәstәlәri bir neçә ay әrzindә Şampan vә Pikardiyada şәhәrlәri azad etdilәr. 1430 ildә Janna d’Ark Kompyendә burqundlar tәrәfindәn әsir alınaraq, ingilislәrә tәhvil verildi vә 1431 ildә Ruan ş.-ndә tonqalda yandırıldı.
VII Karlın tacqoyma mәrasimi müharibәdә dönüş nöqtәsi oldu. 1435 ildә VII Karl vә Xeyirxah Filipp Arrasda ittifaq müqavilәsi imzaladılar. F. kralı Burqundiya hersoquna Pikardiyanın böyük hissәsini verdi, hәmin vaxtdan etibarәn İngiltәrә F.-da vә ümumiyyәtlә qitәdә әn böyük müttәfiqini itirdi. 1436 ildә fransızlar Parisi, 1449–50 illәrdә Normandiyanı (Forminyi yaxınlığında vuruşma, 1450) azad etdilәr. Sonralar müharibә yalnız Giyendә davam edirdi vә artilleriyanın hәlledici rol oynadığı Kastilyon yaxınlığındakı vuruşma (1453, 17 iyul) ilә faktiki olaraq başa çatdı. Bundan sonra Bordo vә Giyenin digәr şәhәrlәri fransızlara tәslim oldu. Kale 1558 ilәdәk ingilislәrdә qaldı.
Fransa Yüzillik müharibәdәn sonra. Mütlәqiyyәtin formalaşması. F. Yüzillik müharibәdәn dağıdılmış vә gücdәn düşmüş, әhalisinin üçdә birini itirmiş vәziyyәtdә çıxsa da, öz mülklәrini genişlәndirәrәk Avropanın yenidәn әn qüdrәtli dövlәtinә çevrildi. VII Karl öz tәbәәlәrini 10 il müddәtinә vergilәrdәn azad etmәk mәcburiyyәtindә qaldı. Bu tәdbir öz nәticәsini verdi: ölkәnin iqtisadiyyatı sürәtlә bәrpa olundu vә bir neçә onillik әrzindә maneәsiz inkişaf etdi. Lakin feodal dağınıqlığının qarşısı tam alınmadı. Kral mülklәri ölkәnin böyük hissәsini әhatә etsә dә, çoxsaylı kiçik vә orta senyorluqlarla yanaşı, bir qayda olaraq, kral sülalәsindәn olan şahzadәlәr tәrәfindәn idarә olunan bir neçә iri knyazlıq da mövcud idi. Onların kral hakimiyyәti ilә münasibәtlәri VII Karlın ölümündәn sonra hakimiyyәtә gәlmiş böyük oğlu XI Lüdovikin zamanında daha da kәskinlәşdi. F.-nın krala qarşı çıxmış iri senyorları, o cümlәdәn onun kiçik qardaşı hersoq Berrili Karl, gәlәcәk Burqundiya hersoqu Cәsur Karl vә b. 1465 ildә Parisdә kral hakimiyyәtini mәhdudlaşdırmaq mәqsәdilә “İctimai rifah liqası” yaratdılar. İyulun 16-da Monleri yaxınlığında baş vermiş vuruşmada kral ordusu liqa qoşunları tәrәfindәn darmadağın edildi. Hәmin ilin payızında XI Lüdovik bir sıra mühüm mülklәrindәn, mәs. Normandiyadan qardaşının xeyrinә әl çәkmәk, hәmçinin keçmiş adәt vә imtiyazlara riayәt etmәyi öhdәsinә götürmәk mәcburiyyәtindә qaldı. Tezliklә o, liqa üzvlәri arasında nifaq saldı, hәtta bәzilәrini öz tәrәfinә çәkdi. Atasının F.-dakı (Burqundiya, Makon, Pikardiya, Artua, Flandriya vә s.), hәmçinin Müqәddәs Roma imperiyasındakı (Franş-Konte, Lüksemburq, Namür, Brabant, Hollandiya, Zelandiya vә s.) geniş mülklәrinin sahibi Cәsur Karl XI Lüdovikin barışmaz düşmәni idi. Cәsur Karl onun c. vә şm. torpaqlarını ayıran Lotaringiyanı da birlәşdirib nә F.-ya, nә dә Müqәddәs Roma imperiyasına tabe olmayan müstәqil krallıq yaratmağa çalışırdı. Cәsur Karlın ölümündәn sonra 1477 ildә Nansi yaxınlığında baş vermiş vuruşmada XI Lüdovik onun F.-dakı torpaqlarını müsadirә etdi. Lakin Cәsur Karlın imperiyadakı әrazilәri dә daxil olmaqla bütün mi rasını F. krallığına qatmaq cәhdi uğursuz oldu. Cәsur Karlın qızı vә varisi Burqundiyalı Mariyanın Müqәddәs Roma imperiyasının gәlәcәk imperatoru ershersoq I Maksimilian Habsburqla nikahı nәticәsindә atasının torpaqları, hәmçinin Flandriya vә Artua cehiz qismindә әrinin tabeliyinә keçdi. Cәsur Karlın mirasının belә bölüşdürülmәsi 16–17 әsrlәrdә F.-İspaniya müharibәlәrinә sәbәb oldu. 15 әsrin sonunda F.-da ayrı-ayrı feodal mülklәri (Never, Burbonların Overndәki torpaqları, Armanyak, Fua vә s.) qalmaqda idi. Lakin F.-nın birlәşdirilmәsi uğrunda mübarizәnin nәticәsi artıq mәlum idi. Overn, Burbon hersoqlarına mәxsus apanaj qәti şәkildә 1531 ildә kral domeninә qatıldı. Digәr knyazlıqlar, o cümlәdәn, gәlәcәk kral IV Henrix Burbonun torpaqları 16 әsrin sonunda, bәzilәri isә 17 әsrdә kral torpaqlarına çevrildi.
F. kral hakimiyyәtinin möhkәmlәnmәsi, mәrkәzdә vә yerlәrdә şaxәlәnmiş dövlәt aparatının yaradılması, Baş ştatların nüfuzunun azalması vә nadir halda çağırılması, ölkәnin bütün әrazisindә fransız dilinin bәrqәrar olması vә vahid dövlәt ideologiyasının formalaşması ilә müşayiәt olunan mütlәq monarxiyaya çevrilirdi. Bu ideologiyanın bir hissәsi qalliyaçılıq idi. 1516 ildә F. kralı I Fransisk ölkәdә kilsә üzәrindә hakimiyyәtә nail oldu.
Fransa Yeni dövrün әvvәllәrindә. 16 әsrdә F. Avropanın әn sıx mәskunlaşmış (15–20 mln. nәfәr) ölkәsi idi. Ölkә iqtisadiyyatı inkişaf edir, kral hakimiyyәti vә dövlәt aparatı möhkәmlәnirdi. Mәrkәzlәşdirilmiş dövlәtә çevrilmiş F. 15 әsrin sonunda qonşu ölkәlәrdә möhkәmlәnmәyә çalışırdı. F.-nın tәşәbbüsü ilә İtaliya müharibәlәri (1494–1559) başladı. F. kralı II Henrix Kato-Kambrezi sülhünün (1559) şәrtlәrinә görә, İtaliyaya iddiasından әl çәksә dә, ingilislәrdәn geri alınmış Kale qalasını vә işğal olunmuş üç alman yepikopluğunu (Mets, Tul vә Verden) öz hakimiyyәti altında saxladı.
İtaliya müharibәlәri zamanı F.-da kral sarayı vasitәsilә İntibah mәdәniyyәti yayılmağa başladı. Krallar ölkәni silklәrin nümayәndәlәri ilә mәslәhәtlәşmәdәn idarә edirdilәr. Baş ştatlar qeyri-müntәzәm çağırılırdı. Mәmurların sayı vә rolu artırdı. Vergilәr vә alınan borclardan başqa, xәzinә gәlirlәrinin әsas mәnbәlәrindәn biri dә dövlәt vәzifәlәrinin satılması idi. Vәzifә sahibi bu vәzifәdәn istәdiyi kimi istifadә etmәk, hәmçinin onu irsәn ötürmәk hüququna malik idi (1604 ildә tәtbiq edilmiş illik ödәmә – “poletta” mәmurların vәzifә ilә bağlı irsi mülkiyyәt hüququna zәmanәt verirdi). I Fransisk tәrәfindәn Viller-Kotre ş.-ndә imzalanmış ordonans ölkә üçün vahid mәhkәmә qaydalarını vә rәsmi sәnәdlәrin latın dilindә deyil, fransız dilindә tәrtib edilmәsini tәsdiqlәdi.
16 әsrin әvvәllәrindә F.-da protestantizm yayılmağa başladı. I Fransisk әvvәllcә islahatçı tәlimlәrә maraqla yanaşsa da, sonradan repressiyalara başladı; II Henrixin zamanında bidәtçilәrin tәqibi mәqsәdilә “Tonqal palatası” yaradıldı. 1559 ildә hakimiyyәtә II Henrixin oğlu II Fransisk (onun adından F.-nı Lotaringiya hersoqları – katoliklәr partiyasının liderlәri olan Gizlәr idarә edirdilәr) gәldi. Gizlәrin nüfuzu kalvinçilәrә (bax Hugenotlar) rәhbәrlik edәn Navarra krallığındakı Burbon şahzadәlәrinin narazılığına sәbәb oldu. 1560 ildә II Fransiskin on yaşlı qardaşı IX Karl taxta çıxsa da, real hakimiyyәt rәqib qruplaşmaları barışdırmağa çalışan onun anası kraliça Yekaterina Mediçiyә keçdi, münaqişә isә Dini müharibәlәrә gәtirib çıxardı.
IX Karlın ölümündәn (1574) sonra hakimiyyәtә gәlәn onun qardaşı, Valua sülalәsinin sonuncu nümayәndәsi III Henrix kral hakimiyyәtini möhkәmlәndirmәyә vә dini mәnsubiyyәtinә görә parçalanmış fransız zadәganlarını öz әtrafında birlәşdirmәyә çalışsa da, katoliklәr tәrәfindәn öldürüldü. Hәmin vaxt hugenotların rәhbәri Navarralı Henrix taxtın qanuni varisi kimi IV Henrix adı ilә F.-nın kralı oldu. Onun hakimiyyәti dövründә dini müharibәlәr katolisizmin bütün әrazilәrdә bәrqәrar edildiyini, hugenotların isә dini azadlığını vә katoliklәrlә bәrabәrhüquqlu olduqlarını elan edәn Nant ediktinin (1598) imzalanması ilә başa çatdı. Hugenotların tәhlükәsizliyinin vә hüquqlarının toxunulmazlığının zәmanәti kimi bir sıra qalanın (La-Roşel vә s.) idarәçiliyi müvәqqәti onlara verildi.
17 әsrin birinci yarısı vә ortalarında ölkә әhalisinin sayı artdı, 1670–1720-ci illәrdә isә artım durğunluqla әvәz olundu. Əhalinin 85–90%-i kәndlәrdә yaşayırdı. Ölkәnin bir-biri ilә әlaqәsi olmayan әyalәt vә vilayәtlәri qeyri-bәrabәr inkişaf edirdi. F.-nın şm.-ındakı düzәnliklәr ölkәnin taxıl mәnbәyi idi. C.-da taxıl bitkilәri becәrilir, üzümçülük vә bağçılıq inkişaf edirdi; rayonların üzümçülük üzrә ixtisaslaşması müşahidә olunurdu. Maldarlıq, әsasәn, ölkәnin dağlıq әrazilәri üçün sәciyyәvi idi. Şm.-da iri fermer icarәdarlığı, cәnubda isә yardarlıq yayılmışdı. Senyoriya çәrçivәsindә qurulmuş aqrar münasibәtlәr senyorial qaydalarla tәnzimlәnirdi. Kәndlilәrin çoxu senz ödәmәklә torpaq mülkiyyәtçisi olurdu, lakin onların mülkiyyәtçi hüququ şәrti xarakter daşıyırdı. Kәndlilәrin aztorpaqlı olması mühüm problemә çevrilmişdi.
Maliyyә vәziyyәtini yaxşılaşdırmaq mәqsәdilә IV Henrix vә onun silahdaşı Sülli manufaktura vә ticarәt şirkәtlәrinin yaradılmasına rәvac verir, fәal müstәmlәkә siyasәti yeridirdilәr (Kanadanın mәnimsәnilmәsi). 1610 ildә IV Henrix öldürüldükdәn sonra onun 9 yaşlı oğlu XIII Lüdovikin adından ölkәni anası kraliça Mariya Mediçi idarә edirdi. Kraliçanın әsli-nәcabәti olmayan favoritlәri әtrafına toplaması zadәganların kәskin narazılığına sәbәb oldu. Anasını sürgünә göndәrdikdәn sonra XIII Lüdovik müstәqil idarәçiliyә başladı. O, kardinal Rişelyönü kral şurasına üzv edәrәk ona birinci nazir vәzifәsini verdi. Sәrt tәdbirlәrlә Rişelyö kral hakimiyyәtinin möhkәmlәndirilmәsinә nail oldu vә narazılara divan tutdu. La-Roşel qalası alındıqdan sonra hugenotların siyasi muxtariyyәtinә son qoyuldu (1629). F.-nı güclü dәniz vә müstәmlәkә dövlәtinә çevirmәk mәqsәdilә Rişelyö donanmanın yaradılmasına vә portların tikintisinә tәşәbbüs göstәrdi. Zadәganların dәnizçiliyә cәlb olunması mәqsәdilә dәnizaşırı ticarәt zadәgan lәyaqәti üçün mәğbul iş elan edildi; müstәmlәkә ticarәtindә uğur qazanacaq tacirlәrә zadәgan adının verilmәsi vәd olundu.
Avstriya vә İspaniya Habsburqları ilә rәqabәt 1635 ildә F.-nın Otuzillik müharibәyә (1618–48) qoşulmasına gәtirib çıxardı. Otuzillik müharibә illәrindә kral hakimiyyәtinin yerlәrdә daimi nümayәndәlәrinә çevrilmiş әyalәt intendantları institutu inkişaf etdi. Geniş sәlahiyyәtlәrә malik intendantları hökumәt tәyin edir vә vәzifәdәn kәnarlaşdırırdı.
Azyaşlı XIV Lüdovikin әvәzinә ölkәni idarә edәn anası Avstriyalı Anna kardinal C.Mazarinini birinci nazir tәyin etdi. Müharibәnin davam etdirilmәsi üçün Mazarini Rişelyönün başladığı fövqәladә tәdbirlәr siyasәtini sәrtlәşdirdi, bu isә cәmiyyәtin müxtәlif tәbәqәlәrindә narazılıq yaradırdı. 1648 ildә hökumәt әleyhinә Fronda hәrәkatı başladı, 1651 vә 1652 illәrdә Paris parlamenti Mazarinini dövlәtin düşmәni elan etdi, kardinal ölkәni tәrk etmәyә mәcbur oldu. 1653 ildә Fronda yatırıldıqdan sonra Mazarini geri qayıtdı vә hәddi-büluğa çatmış kralın dәstәyi ilә әvvәlki siyasi xәttini davam etdirdi. Vestfaliya sülhünә (1648) әsasәn F. Elzasın böyük hissәsinә yiyәlәndi, İsveçlә yanaşı alman knyazlarının müstәqilliyinin tәminatçısı oldu. İspaniya ilә müharibә İspaniya Niderlandının bir hissәsinin (Artua), şm.-ş. sәrhәdindә bir neçә qalanın vә Russilyonun F.-ya verilmәsini tәsdiqlәyәn Pireney sülh müqavilәsinin (1659) imzalanması ilә nәticәlәndi.
C. Mazarininin ölümündәn (1661) sonra XIV Lüdovik ölkәni tәkbaşına idarә etmәyә başladı. O, pensiyalar tәyin etmәklә vә gәlirli saray vәzifәlәri yaratmaqla zadәganların dәstәyini qazandı. Kral vә saray әhli Versalda yenidәn tikilmiş iqamәtgahda yerlәşdi. Versaldakı etiket vә mәrasimlәr kralın mütlәq hakimiyyәtinin vә saray aristokratiyasının yüksәk mövqeyinin nümayişi idi, halbuki XIV Lüdovik aristokratları ali inzibati vәzifәlәrә tәyin etmirdi. Monarxiyanın dövlәt aparatı, әsasәn, burjua vә yeni zadәgan nәslindәn olan hüquqşünaslardan tәşkil olunurdu. XIV Lüdovik kilsәnin işlәrinә qarışır, bәzәn Roma papası ilә münaqişәyә girirdi. O, hugenotların tәqiblәrini güclәndirdi, yansenizm ardıcıllarına qarşı mübarizәyә başladı. 1685 ildә XIV Lüdovik tәrәfindәn Nant ediktinin qәti lәğvi ilә F.-da protestantlıq qadağan olundu.
Xarici siyasәtdә XIV Lüdovik F.-nın Avropada hegemonluğuna nail olmağa çalışırdı. F.-nın 1660-cı illәrdәn apardığı müharibәlәr әvvәllәr onun üçün uğurlu idi. Devolyusiya müharibәsi (1667–68) nәticәsindә F. İspaniya Niderlandının bir neçә şәhәr vә әrazisinә yiyәlәndi. Hollandiya müharibәsindәn (1672–78) sonra imzalanmış Nimvegen sülh müqavilәsinә (1678–79) әsasәn F. Artuanın birlәşdirilmәsini tәsdiqlәdi, İspaniya Niderlandında bir neçә şәhәri vә Franş-Konte әyalәtini aldı. Sonrakı illәrdә XIV Lüdovik bir sıra sәrhәdyanı әrazilәri, o cümlәdәn Strasburq ş.-ni (1681) F.-ya qatdı vә bütün Elzas üzәrindә nәzarәti әlә keçirdi. Doqquzillik müharibә (1688–97) [vә ya Auqsburq liqası (1686) müharibәsi] gedişindә F. Avropa koalisiyasına qarşı müttәfiqsiz qaldı. Müharibәni y kunlaşdırmış Risvik sülhünün (1697) şәrtlәrinә görә, F. İngiltәrәdә “Şanlı inqilabın” nәticәlәrini vә Oranlı III Vilhelmin İngiltәrә taxtına hüquqlarını tanıdı, Strasburq istisna edilmәklә digәr işğal olunmuş әrazilәri geri qaytardı.
17 әsrdә artırılmış vergilәrin ağırlığı daha çox kәndlilәrin üzәrinә düşürdü. 1701– 14 illәrdә İspaniya irsi uğrunda müharibә nәticәsindә ölkәnin maliyyә ehtiyatı tükәndi vә bu, F.-nın Avropada hegemonluğuna son qoydu. Ərzaq qıtlığı kütlәvi aclığa sәbәb oldu. Lakin diplomatların sәylәri vә müharibәnin son mәrhәlәsindә fransız qoşunlarının qәlәbәlәri nәticәsindә F. özü üçün sәrfәli şәrtlәrlә sülh müqavilәlәri imzalamağa nail oldu. İspaniya Burbonlarının F. taxtına iddiasından imtina edәn XIV Lüdovikin nәvәsi V Filipp İspaniya kralı oldu. F. Avropada öz sәrhәdlәrini әsasәn qoruyub saxladı. F.-nın Şimali Amerikadakı Akadiya, Yeni Torpaq vә Hudzon körfәzi müstәmlәkәlәri, hәmçinin Sent-Kristofer a. İngiltәrәnin hakimiyyәtinә keçdi.
XIV Lüdovikin ölümündәn (1715) sonra F. taxtına onun nәticәsi XV Lüdovik çıxdı. 1723 ilәdәk XV Lüdovikin regenti olmuş Orleanlı Filipp müharibә illәri әrzindә yığılmış XIV Lüdovikin dövlәt borclarını qaytarmaq mәqsәdilә şotlandiyalı iqtisadçı C.Lodan kömәk istәdi, o da öz növbәsindә kağız pulların dövriyyәyә buraxılmasını tәklif etdi. Uğurla başlanılmış eksperiment kağız pulların hәddәn artıq buraxılması nәticәsindә “Lo sistemi”nin iflası ilә nәticәlәndi; kağız pula inamsızlıq ölkәdә uzun müddәt bank sisteminin inkişafına mane oldu. Eyni zamanda, “Lo sistemi” dövriyyәni vә iqtisadiyyatın dirçәlmәsini stimullaşdırdı, dövlәt kreditorlara olan borcunu ödәdi.
Fransa 18 әsrdә. 18 әsrdә F. әhalisinin sayı 21–22 mln.-dan 27–28 mln. nәfәrә çatdı, onun böyük hissәsini kәndlilәr tәşkil edirdi. Şәhәr әhalisinin xüsusi çәkisi 16%- dәn 19%-dәk artdı. 18 әsrin ikinci yarısında toxuculuq sәnayesinin mexaniklәşdirilmәsindә ilkin mәrhәlә, İngiltәrәdәn gәtirilәn maşınların istifadәsinә başlanıldı, lakin ümumilikdә ev istehsalı üstünlük tәşkil edirdi. Kömür hasilatı vә metallurgiya inkişaf edirdi. Sәnaye vә ticarәtin inkişafına sex sisteminin, daxili gömrükxana vә imtiyazların saxlanılması mane olurdu. Demoqrafik artım yeyinti mәhsullarına tәlәbatı vә qiymәtlәrin qalxmasını stimullaşdırırdı.
18 әsrdә F.-nın xarici siyasәtindә monarxiyanın böyük dövlәt yaratmaq ambisiyaları ilә onları hәyata keçirmәk imkanları arasındakı ziddiyyәtlәr özünü büruzә verdi. Yeddiillik müharibә (1756–63) nәticәsindә fransızlar öz müstәmlәkәlәrinin çoxunu (Kanadanı, Luiziananı, Hindistan vә Seneqaldakı mülklәrinin böyük hissәsini) itirdilәr. Xarici siyasәtdәki uğursuzluqlar hökumәtin nüfuzdan düşmәsinә, vergilәrin artırılmasına qarşı narazılığa gәtirib çıxardı. İctimai rәy dövlәtin nәzarәtindәn çıxdı, kral vә nazirlәrin fәaliyyәtinin açıq tәnqidinә başlanıldı. Yansenizm vә parlament ideologiyası әn nüfuzlu müxalif cәrәyanlara çevrildi; F.-nın 18 әsrin ikinci yarısındakı mәnәvi mühitinә maarifçilәrin (Ş.L.Monteskyö, Volter, D.Didro, J.J.Russo) ideologiyası güclü tәsir göstәrirdi. Fransız Maarifçiliyinin fәrqli cәhәti kәskin tәnqidi yanaşma, әnәnәvi mәnәvi dәyәrlәrin vә ictimai institutların yenidәn qiymәtlәndirilmәsi idi; maarifçilәr ümumi rifahın vә insanın tәbii hüquqlarının tәmin olunması yönündә islahatların aparılmasının zәruriliyini әsaslandırırdılar. Parlament müxalifәtinin çıxışları XV Lüdoviki vә kansler R.N.de Mopunu dövlәt idarәçiliyindә islahatlar aparmağa mәcbur etdi: parlamentlәr buraxıldı, mәhkәmә hakimlәri vәzifәlәrinin satışı lәğv edildi. 1771 ildәn yeni parlamentlәrin üzvlәri kral tәrәfindәn tәyin olunmağa başladı.
XV Lüdovikin ölümündәn sonra hakimiyyәtә nәvәsi XVI Lüdovik keçdi (1774). İctimai rәyin dәstәyini qazanmaq mәqsәdilә XV Lüdovikin qeyri-populyar nazirlәri istefaya göndәrildi, Mopu islahatı lәğv edildi, parlamentlәrin әvvәlki sәlahiyyәtlәri bәrpa olundu.
F.-nın 1778 ildә ABŞ-ın tәrәfindә Şimali Amerikada istiqlaliyyәt müharibәsinә (1775–83) qoşulması ölkәdә kәskin maliyyә böhranına sәbәb oldu. Belә şәraitdә yeni baş maliyyә nәzarәtçisi Ş. de Kalonn imtiyazlı tәbәqәlәrә vergi tәtbiq edilmәsi, iqtisadiyyatın liberallaşdırılması, daxili gömrükxanaların lәğvi, müxtәlif sәviyyәli seçkili assambleyaların çağırılması ilә bağlı islahatlar planını hazırladı. Kralın özü tәrәfindәn tәyin olunmuş zümrә nümayәndәlәrindәn ibarәt notabllar mәclisi böhrandan çıxış yollarının araşdırılması üçün Baş ştatların çağırılmasını tәlәb etdilәr. Parlamentlәr dә kralın tәklif etdiyi islahatlar layihәsini qeydiyyata almadılar. Baş vermiş qıtlıq, kütlәvi işsizlik vә yoxsullaşmaya gәtirib çıxaran sәnaye vә ticarәtdәki tәnәzzül vәziyyәti daha da gәrginlәşdirdi. 1788–89 illәrdә yüzlәrlә әrzaq qiyamı, o cümlәdәn parlamentlәrin müdafiәsi uğrunda üsyanlar baş verdi.
Böyük Fransa inqilabı vә Napoleon müharibәlәri. 1789 ilin mayında kral Baş ştatları çağırdı. Üçüncü silk, ruhani vә zadәgan deputatlar özlәrini Milli, sonra isә Müәssislәr mәclisi adı ilә fransız xalqının tәmsilçisi elan etdilәr vә qarşılarına maliyyә böhranından çıxmaqda krala yardım göstәrmәklә yanaşı, konstitusiya işlәyib hazırlamaq vә qәbul etmәk mәqsәdini qoydular. Parisdә başlamış üsyan vә Bastiliyanın alınması (1789, 14 iyul) Müәssislәr mәclisinin geniş ictimaiyyәt tәrәfindәn dәstәklәndiyini göstәrdi. Hәmin tarix Böyük Fransa inqilabının başlanğıcı oldu.
1791 ilin yayında kralın Parisdәn uğursuz qaçışından sonra baş vermiş güclü respublika hәrәkatı monarxiyanın devrilmәsinә (1792, 10 avqust), yeni hakimiyyәt orqanının – Konventin çağırılmasına, F.-nın respublika elan edilmәsinә vә xәyanәtdә ittiham olunmuş kralın edamına gәtirib çıxardı. İnqilab illәrindә F.-nın Avropanın aparıcı dövlәtlәri ilә münasibәtlәrinin pislәşmәsi onun Avstriya (1792, 20 aprel) vә Prussiya ilә müharibәlәrә başlamasına sәbәb oldu. Hәmin vaxtdan 1815 ilәdәk (qısa fasilәlәrlә) F. Antifransa koalisiyaları dövlәtlәri ilә müharibәlәr apardı. Cәbhәdәki mәğlubiyyәtlәr, ölkәdә sosial problemlәrin kәskinlәşmәsi vә Vandeya dep-tindә respublika әleyhinә üsyanın başlaması şәraitindә 1793 ilin yazında Konvent deputatlarının sәrt idarәçilik tәdbirlәrinә әl atması ölkәdә dövlәt terroru sistemini qurmuş montanyarların hakimiyyәti dövründә kulminasiya nöqtәsinә çatdı. Montanyarların diktaturası devrildikdәn (1794 il iyulun 27– 28-dә Termidor çevrilişi) sonra Konvent yeni konstitusiya işlәyib hazırladı (1795); onun әsasında yaradılmış Direktoriya rejimi zәif vә qeyri-sabit idi. Ölkәdә iqtisadi böhran davam edir, qiymәtlәrin qalxmasına, sosial tәzadların güclәnmәsinә qarşı etirazlar artırdı. Belә şәraitdә gen. Napoleon Bonapart (sonralar I Napoleon) dövlәt çevrilişi etdi (On sәkkiz brümer) vә icraedici hakimiyyәti, qanunverici vә mәhkәmә orqanlarını әlindә cәmlәşdirәrәk Konsulluq rejimi yaratdı. Bonapartın şәxsi hakimiyyәtinin güclәnmәsi onun fransızlar tәrәfindәn imperator elan edilmәsi ilә nәticәlәndi. Respublika idarәetmә üsulunu faktiki olaraq lәğv edәn I Napoleon Fransa inqilabının әsas prinsip vә dәyişikliklәrini qoruyub saxladı.
1810 ilәdәk F. iqtisadiyyatı sәnaye çevrilişi, hәmçinin hәrbi qәlәbәlәr vә işğallar [bax Napoleon müharibәlәri (1799–1805)] hesabına yüksәliş dövrünü yaşayırdı. 1810 ildә başlamış iqtisadi böhranı qıtlıq daha da ağırlaşdırdı. F.-da vә onun işğal etdiyi Avropa ölkәlәrindә imperiyaya qarşı narazılıq artdı. 6-cı koalisiya ordularından aldığı zәrbәlәrdәn sonra taxtdan imtina edәn I Napoleon Elba a.-na sürgün olundu. Senat XVIII Lüdoviki taxta çıxartdı. Kral vәtәndaşların әsas azadlıqlarını tәsbit edәn, ölkәdә hakimiyyәti kralın simasında icraedici hakimiyyәtlә ikipalatalı parlamentә mәxsus qanunverici hakimiyyәt arasında bölüşdürәn 1814 il konstitusiya xartiyasını dәrc etdirdi. Perlәr palatasının üzvlәri XVIII Lüdovik tәrәfindәn inqilabaqәdәrki F.-nın әsilzadәlәrindәn tәyin olunurdu. Deputatlar palatasının üzvlәri isә yüksәk yaş vә әmlak senzi (seçki hüququ alanların sayı tәqr. 100 min nәfәr idi) әsasında seçilirdi.
Paris sülhünün (1814, 30 may) şәrtlәrinә әsasәn F. 1791 il sәrhәdlәrinә qaytarıldı. F. sakinlәrinin çoxu Burbonlar sülalәsi hakimiyyәtinin bәrpasından narazı idi. Ölkәdә vә orduda nüfuzunu qoruyub saxlamış I Napoleon sürgündәn qaçaraq 1815 il martın 20-dә “Yüz gün”lük hakimiyyәtini qurdu. Lakin Avropa dövlәtlәrinin (B.Britaniya, Avstriya, Prussiya, Rusiya vә s.) güclü 7-ci koalisiyası ilә müharibәdә Napoleon Vaterloo vuruşmasında (1815, 18 iyun) mәğlub oldu vә Müq. Yelena a.-na sürgün edildi. Vyana konqresinin (1814–15) qәrarlarına görә F., әsasәn, Paris sülhünün (1814) şәrtlәri ilә müәyyәn edilmiş әrazisini saxladı, lakin şәrq sәrhәdlәri boyu torpaqlarının bir hissәsini itirdi, F. üzәrinә qoyulmuş 700 mln. frank mәblәğindә tәzminat ödәnilәnәdәk ölkә müttәfiq qoşunlarının işğalı altında qaldı.
Fransa 19 әsr – 20 әsrin әvvәlindә. XVIII Lüdovik vә onun nazirlәri әhalinin әsas tәbәqәlәri olan köhnә vә yeni zadәganları, burjuaziyanın müxtәlif qruplarını “sakitlәşdirmәk” siyasәti yürütmәyә çalışırdılar. Ölkәnin әn fәal sağ siyasi qruplaşması köhnә qaydaların bәrpasını tәlәb edәn ultraroyalistlәr idi. Konstitusiya xartiyasına riayәt edilmәsi uğrunda çıxış edәn liberal müxalifәt sol mövqedә dururdu. F.-nın xarici siyasәtindә әsas mәsәlә isә onun Müqәddәs İttifaqa qoşulması idi.
XVIII Lüdovikin ölümündәn sonra 1824 ildә hakimiyyәtә onun kiçik qardaşı X Karl keçdi. Yeni kralın avtoritar irticaçı siyasi xәttindәn narazılıq 1827 ildә liberalların Deputatlar palatasına seçkilәrdә qalib gәlmәsinә sәbәb oldu. X Karl mәtbuat azadlığının lәğvi haqqında ordonans verdi, Deputatlar palatasını buraxdı vә seçki senzini qaldırdı; 1830 il iyulun sonlarında Parisdә başlamış kütlәvi çıxışlar nәticәsindә rejim devrildi, X Karl taxtdan imtina etdi [İyul inqilabı (1830)]. Liberal müxalifәt hakimiyyәtә hersoq Lui Filippi gәtirdi. Yeni monarx 1814 il Xartiyasına düzәlişlәr etdi, seçicilәrin sayını ikiqat artırmağa imkan verәn seçki senzini azaltdı. F.-da konstitusiyalı monarxiya rejimi (İyul monarxiyası) quruldu.
Əsas vәzifәsini ölkәdә nizam-intizam vә siyasi sabitlik yaratmaqda görәn hökumәt Lion üsyanlarını (1831, 1834) sәrtliklә yatırdı. 1834 ildә bütün siyasi cәmiyyәtlәrin fәaliyyәtini qadağan edәn qanun qәbul olundu. Avropada sülhün qorunmasına tәrәfdar olan vә dövlәtlәrin bir-birinin daxili işlәrinә qarışmamaq prinsipindәn çıxış edәn İyul monarxiyası fәal xarici siyasәt yeritmәsә dә, Fransa müstәmlәkә imperiyasının genişlәndirilmәsini davam etdirirdi.
1846–47 illәrdә F.-da baş vermiş iqtisadi böhran әhalinin vәziyyәtini pislәşdirdi. Bundan istifadә edәn müxalifәt seçki islahatı uğrunda “ziyafәtlәr kampaniyası”na başladı. Kampaniyanın keçirilmәsinә qadağa qoyulduqdan sonra 1848 ilin fevralında Parisdә kortәbii nümayiş başladı. Nümayişçilәrә atәş açıldıqdan sonra şәhәrdә barrikadalar quruldu [bax Fransa inqilabı (1848)]. Lui Filipp taxtdan imtina etdi, respublika quruldu, Müvәqqәti hökumәt yaradıldı. İş günü 1 saat azaldıldı vә ümumi seçki hüququ tәtbiq edildi. 1848 ilin aprelindә Müәssislәr mәclisinә seçkilәr keçirildi. Yeni yaradılmış hökumәt kabineti әvvәlkindәn daha mühafizәkar oldu. May vә iyun aylarında Parisdә geniş etiraz aksiyaları baş verdi, lakin onlar orduya tәrәfindәn amansızlıqla yatırıldı. Noyabr ayında hakimiyyәt bölgüsü prinsipinә әsaslanan respublika konstitusiyası tәsdiq edildi. 1848 ilin dekabrında şahzadә Lui Napoleon Bonapart (gәlәcәk imperator III Napoleon) respublika prezidenti seçildi. 1849 ilin mayında Qanunverici mәclisә keçirilәn seçkilәrdә Lui Napoleonun yaratdığı monarxist “Qayda-qanun partiyası” qalib gәldi. 1851 il dekabrın 2-dә Lui Napoleon dövlәt çevrilişi etdi vә Qanunverici mәclisi buraxdı; 1852 il dekabrın 2-dә o, III Napoleon adı ilә imperator oldu (bax İkinci imperiya). 1852 il konstitusiyası ona geniş sәlahiyyәtlәr verdi: o, ölkәnin daxili vә xarici siyasәtini tәkbaşına hәyata keçirir, orduya başçılıq edir, qanunları imzalayır, nazirlәri tәyin edir vә istefaya göndәrir, yuxarı palataya – Senata ömürlük nümayәndәlәr tәyin edirdi. Aşağı palataya (Qanunverici korpus) ümümi seçki hüququ әsasında yalnız “rәsmi namizәdlәr” seçilirdi. İkinci imperiyanın mövcud olduğu ilk illәrdәn F.-da iqtisadi yüksәliş başladı, sәnaye çevrilişi başa çatdı, istehsalın mexaniklәşdirilmәsi, modernlәşdirilmәsi vә tәmәrküzlәşmәsi sürәtlәndi, dәmir yollarının çәkilişi, şәhәrlәrin, ilk növbәdә paytaxtın abadlaşdırılması geniş vüsәt aldı.
1860-cı illәrdә F. avtoritar idarәetmәdәn liberal (1860 ildәn F.-nın hakimiyyәt orqanları geniş siyasi vә sosial islahatlar keçirmәk tәşәbbüsü göstәrdilәr, deputatlar vә senatorlar hökumәtin fәaliyyәtini qiymәtlәndirmәk imkanı qazandılar; fәhlәlәr tәtil keçirmәk hüququ әldә etdilәr), sonra isә parlamentli monarxiyaya keçdi. 1860-cı illәrin sonlarında Senat vә Qanunverici korpus qanunverici hakimiyyәtin bütün sәlahiyyәtlәrini әlә keçirdi, hökumәtin onların qarşısında mәsuliyyәt daşıdığını elan etdi. Rejimin “yumşaq” siyasәt yeritmәsi ölkәdә müxalifәtin – monarxistlәrin, respublikaçıların vә sosialistlәrin fәaliyyәtinin bәrpasına sәbәb oldu. 1864 ildә Birinci İnternasionalın fransız bölmәsi açıldı.
III Napoleon ambisiyalı xarici siyasәt yürüdürdü: F. müstәmlәkә imperiyasını genişlәndirdi, Krım müharibәsindә (1853– 56), Avstriya-İtaliya-Fransa müharibәsindә (1859), İngiltәrә-Fransa-Çin müharibәsindә (1856–60) müvәffәqiyyәtlә iştirak etdi. F. Almaniya imperiyasının yaranmasına mane olmağa cәhd göstәrirdi. Lakin Fransa-Prussiya müharibәsi (1870–71) İkinci imperiyanın iflasının vә Fransa inqilabının (1870) başlamasının әsas sәbәblәrindәn biri oldu. Sedan yaxınlığında fransız ordusunun mәğlubiyyәtindәn sonra 1870 il sentyabrın 4-dә Parisdә respublika elan edildi vә “milli müdafiә” hökumәti quruldu.
1871 ilin yanvarında “milli müdafiә” hökumәti Prussiya ilә barışıq bağladı, fevralda Milli mәclis seçildi, A.Tyer icraedici hakimiyyәtin başçısı oldu. Milli mәclisin iclaslarının keçirilmәsi üçün Versal seçildi. Hökumәt qoşunlarının paytaxtda Milli qvardiyanı tәrk-silah etmәk cәhdi (18 mart) üsyana vә Paris kommunasının (1871) yaradılmasına gәtirib çıxardı (may ayında üsyan amansızlıqla yatırıldı). Frankfurt sülhünә (1871) әsasәn F. Elzası vә Lotaringiyanın böyük hissәsini itirdi; Almaniyaya böyük mәblәğdә tәzminat ödәmәyi öhdәsinә götürdü. 1875 ilәdәk Milli mәclisdә ölkәnin gәlәcәk dövlәt quruluşu mәsәlәsi ilә bağlı müzakirәlәr aparıldı. Respublika quruluşu yalnız 1875 ildә qәti şәkildә qalib gәldi, qәbul edilmiş konstitusiyaya әsasәn geniş sәlahiyyәtlәrә malik olmayan prezident icraedici hakimiyyәtin başçısı oldu, qanunverici hakimiyyәt isә ikipalatalı (Senat vә Deputatlar palatası) parlamentә verildi. F. parlamentli respublikaya çevrildi.
1870-ci illәrin ikinci yarısında monarxistlәr ilә respublikaçılar arasında mübarizә davam edirdi. Respublikaçılar yalnız 1880-ci illәrdә hakimiyyәtdә qәti olaraq möhkәmlәndilәr. Onlar mütәrәqqi islahatlar hәyata keçirdilәr, o cümlәdәn pulsuz icbari ibtidai dünyәvi tәhsil haqqında qanun qәbul etdilәr vә hәmkarlar ittifaqlarını qanunilәşdirdilәr. 1895 ildә Ümumi әmәk konfederasiyası yaradıldı. 19 әsrin son 20 ilindә bir sıra qalmaqallı hadisә – Bulanjizm, “Panama”, Dreyfusun işi F.-nın ictimai-siyasi hәyatını sarsıtdı. 19 әsrin sonunda Fransa müstәmlәkә imperiyasının formalaşması başa çatdı. Xarici siyasәtdә F.-nın yaranmaqda olan Üçlәr ittifaqı (1882) ilә ziddiyyәtlәri özünü açıq şәkildә büruzә verdi.
20 әsrin әvvәllәri ölkәdә iri siyasi partiyaların vә klassik fransız çoxpartiyalı sistemin yaranması dövrü idi. Sağ qanadda mötәdil respublikaçılar 1901 ildә Demokratik alyans vә 1903 ildә Respublikaçılar federasiyasını tәşkil etdilәr. 1901 ildә daha sol Respublikaçı radikallar vә radikal-sosialistlәr partiyası yaradıldı. Ən sol qanadı isә 1905 ildә tәsis olunmuş vә 1969 ilәdәk “Fәhlә internasionalının fransız bölmәsi” (FİFB) adlandırılan Fransa Sosialist Partiyası tәmsil edirdi.
1902–14 illәrdә, әsasәn, radikalların başçılıq etdiyi kabinetlәr hakimiyyәtdә idi. Onların idarәçiliyi dövründә sosial-iqtisadi islahatlar hәyata keçirildi, o cümlәdәn fәhlәlәr üçün hәftәlik istirahәt müәyyәnlәşdirildi, istehsalatda baş vermiş bәdbәxt hadisәlәr nәticәsindә zәrәrçәkәnlәrә yardım vә 70 yaşa çatmış kişilәr üçün qocalığa görә pensiyalar tәyin edildi. 1905 ildә radikallar kilsәnin dövlәtdәn ayrılması haqqında qanun qәbul etdilәr. 20 әsrin әvvәllәrindә sәnaye yüksәlişi baş versә dә, F. aqrar-sәnaye ölkәsi olaraq qalırdı. Xarici siyasәtdә F.-nın Almaniya vә Avstriya-Macarıstanla ziddiyyәtlәri artır, İngiltәrә ilә yaxınlaşma baş verirdi. 1904 ildә İngiltәrә-F., 1907 ildә Rusiya-İngiltәrә razılaşmalarının imzalanması nәticәsindә Üçlәr ittifaqına qarşı Antanta tәşkil edildi. F. Prussiya ilә müharibәdәki mәğlubiyyәtinin әvәzini çıxmaq mәqsәdilә daima silahlanırdı. Ölkәnin ictimai-siyasi hәyatında militarizm ruhu hökm sürürdü.
Fransa 1914–45 illәrdә. 1914 il avqustun 3-dә F. Antanta tәrәfindә Birinci dünya müharibәsinә qoşuldu. Ölkәnin üzәrinә Qәrb cәbhәsindә Almaniyaya qarşı hәrbi әmәliyyatların aparılması kimi ağır yük düşdü. Fransız ordusu 1914 ilin sentyabrında Marna çayı sahilindәki vuruşmada, 1916 ildә Verden әmәliyyatı gedişindә alman qoşunları üzәrindә qәlәbә qazandı, lakin 1917 ilin aprelindә Nuayon çıxıntısındakı vuruşmada mәğlub oldu. Müharibәnin sonuncu mәrhәlәsindә F. hökumәtinin başçısı radikal J.Klemanso idi. 1918 ildә Antantanın Qәrb cәbhәsi qoşunlarının baş komandanı tәyin edilmiş marşal F.Foşun komandanlığı ilә birlәşmiş ingilis-fransız qoşunları düşmәn üzәrindә hәlledici üstünlük qazandılar, noyabrın 11-dә Almaniya Kompyen barışığını imzalamağa mәcbur oldu. F.-nın qәlәbәsini Versal sülh müqavilәsinin (1919) şәrtlәri tәsbit etdi.
1919–39 illәr әrzindә ölkәdә sağ vә sol tәmayüllü koalisiya hökumәtlәri bir-birini әvәz edirdi. Milli blokun (1920–24) sağyönümlü kabinetlәri fәhlә vә hәmkarlar hәrәkatına qarşı sәrt tәdbirlәr gördü, dәmiryolçuların ümumi tәtilinin qarşısını aldı, dövlәt qulluqçularının hәmkarlar ittifaqlarına üzv olmalarını qadağan etdi, lakin 1919 ildә qәbul olunmuş 8 saatlıq iş günü haqqında qanunu qüvvәdә saxladı. 1920 ildә Fransa Kommunist Partiyası (FKP) yaradıldı. Xarici siyasәtdә Versal sülhünün şәrtlәrinә ciddi әmәl edәn Milli blok hökumәtlәri Rur vil.-nin işğalını hәyata keçirdi. Radikalların vә sosialistlәrin daxil olduğu Sol blok kabineti (1924–26) qadınların vә uşaqların gecә әmәyinin mәhdudlaşdırılması haqqında qanunlar qәbul etdi. Bәlәdiyyә vә kanton seçkilәrindә F. tarixindә ilk dәfә qadınlara seçki hüququ verildi. Xarici siyasәtdә Versal sülhünün şәrtlәrinә ciddi riayәt etmәk tәlәbi Almaniyaya qarşı pasifist xәtlә әvәzlәndi. Sol blok kabinetindәn sonra hakimiyyәtә sağların “Milli birlik” koalisiyası (1926–32), Sol blokun yenilәnmiş hökumәti (1933–34), “Milli birliyin” ikinci koalisiyası (1934–36) gәldi.
1920-ci illәrin ortalarında sәnaye-aqrar dövlәtinә çevrilmiş F.-nın sağ kabinetlәri inflyasiya ilә uğurla mübarizә aparır vә milli valyutanı (frank) sabitlәşdirirdilәr. Lakin 1930-cu illәrin әvvәllәrindә fransız hökumәtlәri ağır iqtisadi böhranla mübarizә aparmalı oldular. Fәhlә vә qulluqçuların, xırda sahibkarların maddi vәziyyәtini ağırlaşdıran bir sıra tәdbirlәr hәyata keçirildi. Xarici siyasәtdә әsas mәsәlә revanşa meyilli Almaniya ilә münasibәtlәri nizamlamaq idi. F.-nın rәsmi hәrbi doktrinası müdafiә xarakteri daşıyırdı, ölkәnin Almaniya ilә sәrhәdi boyu “Majino xәtti” çәkildi. F. İtaliya ilә Roma paktını (1935), SSRİ ilә qarşılıqlı yardım haqqında müqavilә imzaladı. 1930-cu illәrin ortalarında ölkәdә ifrat sağ, faşistpәrәst tәşkilatlar fәallaşdı, onlardan әn irilәri “Aksyon fransez” (“Fransız әmәli”), “Krua de fö”(“Döyüş xaçları”) idi. Ölkәnin bütün sol qüvvәlәri faşizm tәhlükәsinә qarşı birlәşdi. 1936 ildә “Xalq cәbhәsi” partiyalar bloku parlament seçkilәrindә qalib gәldi. L.Blümün başçılığı ilә Xalq cәbhәsinin ilk hökumәti bәzi sәnaye sahәlәrini vә bankları millilәşdirdi, geniş sosial-iqtisadi islahatlar apardı, o cümlәdәn әmәkhaqqını artırdı, 40 saatlıq iş hәftәsi tәtbiq etdi vә ildә ikihәftәlik mәzuniyyәt müәyyәnlәşdirdi. İkinci dünya müharibәsi әrәfәsindә F. Münxen sazişini (1938) imzaladı, uğursuz Moskva danışıqlarında iştirak etdi, Molotov–Ribbentrop paktını pislәdi.
1939 il sentyabrın 3-dә F. müttәfiqi Polşaya hücum edәn Almaniyaya müharibә elan etdi, lakin 1940 ilin mayınadәk hәrbi әmәliyyatlar aparmadı. 1940 ilin may–iyun aylarında Qәrb cәbhәsindә alman qoşunlarının F. ordusunu darmadağın etmәsindәn vә İtaliyanın F.-ya qarşı müharibәyә qoşulmasından sonra F. hökumәtinin başçısı marşal A.F.Peten Almaniya hökumәti ilә Kompyen barışığını (1940) imzaladı. Barışığın şәrtlәrinә görә, fransız ordusu tәrk-silah olunmalı, F. irihәcmli tәzminat ödәmәli idi. F. әrazisinin 2/3-i (Paris da daxil olmaqla) Almaniya tәrәfindәn işğal olundu. F.-nın c. hissәsi (“azad zona”) vә müstәmlәkәlәri Vişi şәhәrciyindә yerlәşmiş Peten hökumәtinin nәzarәtindә qaldı. Barışıqla razılaşmayan Ş. de Qoll 1940 ilin yayında Londonda antihitler koalisiyası tәrәfindә mübarizәni davam etdirmәk mәqsәdilә “Azad Fransa” tәşkilatını yaratdı (1942 ildәn “Döyüşәn Fransa” tәşkilatı). 1940 ildә F. әrazisindә Müqavimәt hәrәkatı vüsәt aldı, onun müxtәlif qrupları tәdricәn öz fәaliyyәtlәrini genişlәndirdilәr vә 1943 ilin mayında Milli müqavimәt şurasında birlәşdilәr. 1943 ilin iyun ayında Əlcәzairdә fransız hökumәtinin funksiyasını hәyata keçirmәk vә müttәfiqlәr tәrәfindә vuruşmaq mәqsәdilә Fransa Milli Azadlıq Komitәsi (FMAK) yaradıldı. 1944 ilin iyununda FMAK Fransa Resp.-nın Müvәqqәti hökumәti adlandırıldı.
Müvәqqәti rejim dövründә gen. de Qollun başçılığı ilә hökumәt iri yenidәnqurma proqramını hәyata keçirdi. Millilәşdirmә haqqında qanuna әsasәn kömür hasilatı vә qaz sәnayesi, elektroenergetika, dәniz gәmiçiliyi, aviasiya sәnayesi, hәmçinin F.-nın 4 iri bankı dövlәt sektoruna daxil edildi. Əmәkhaqqı 50%-dәn çox, pensiya vә ailә müavinәtlәri 100% artırıldı, yenidәn 40 saatlıq iş hәftәsi vә ödәnişli mәzuniyyәtlәr tәtbiq edildi. F. tarixindә ilk dәfә ümummilli seçkilәrdә qadınların iştirakı tәmin olundu. Müvәqqәti hökumәt hәmçinin dövlәt aparatını vişiçilәrdәn tәmizlәdi. F.- da sol siyasi partiyaların (Müqavimәt hәrәkatında fәal iştirak edәn FİFB vә FKP) vә radikalların fәaliyyәti bәrpa olundu. Müharibә zamanı fәaliyyәtini dayandırmış sağ partiyaları (Demokratik alyans vә Respublikaçılar federasiyası) 1944–45 illәrdә Xalq Respublika Hәrәkatı (XRH) vә Respublikaçı Azadlıq Partiyası әvәzlәdi.
Dördüncü respublika. 1945 vә 1946 illәrdә ölkәnin yeni әsas qanununun işlәnib hazırlanması mәqsәdilә Müәssislәr mәclisinә seçkilәr keçirildi. Nәticәdә 1946 il konstitusiyası qәbul edildi. Konstitusiyaya görә hәlledici siyasi rol parlamentin aşağı palatasına – Milli mәclisә verildi. Hökumәt onun qarşısında mәsuliyyәt daşıyırdı. Yuxarı palata (Senat) vә respublika prezidenti mühüm sәlahiyyәtlәrә malik deyildilәr. F.-da Dördüncü respublika quruldu.
De Qollun istefasından sonra 1946 ilin әvvәlindә ölkәni üçpartiyalı koalisiya hökumәti (FİFB, FKP, XRH) idarә edirdi. “Soyuq müharibә”nin başlanması ilә 1947 ildә sosialist P.Ramadyenin başçılıq etdiyi kabinetdәn kommunist nazirlәr kәnarlaşdırıldı. Üçpartiyalı koalisiyanı XRH, FİFB vә radikalların daxil olduğu “Üçüncü qüvvә” hakim bloku (1947–51) әvәz etdi. Hәmin ildә güclü icra hakimiyyәtinin tәrәfdarı olan vә 1946 il konstitusiyası әsasında fәaliyyәt göstәrәn siyasi institutları tәnqid edәn gen. de Qoll Dördüncü resp.-nın zәif “partiyalar sistemi” ilә mübarizә üçün “Fransız xalqının birliyi”ni (FXB) yaratdı. “Üçüncü qüvvә”ni sağ mәrkәzçi blokun kabinetlәri (1951–54) әvәz etdi. Bu blokda әvvәlcә XRH üzvlәrinin vә radikalların qoşulduğu “Müstәqillәrin vә kәndlilәrin milli mәrkәzi” sağ partiyası aparıcı rol oynayırdı. Blokun “müstәqil” A. Pinenin
başçılıq etdiyi birinci kabineti frankın sabitlәşmәsi üçün bir sıra tәdbirlәr gördü. 1956–58 illәrdә hakimiyyәtdә sosialistlәrin, bir qrup radikalın vә de Qoll tәrәfdarlarının daxil olduğu Respublikaçılar cәbhәsinin kabinetlәri idi.
Dördüncü respublika dövründә F. Marşall planı çәrçivәsindә yardım aldı, 1949 ildә NATO-ya, 1952 ildә Avropa kömür vә polad birliyinә (AKPB) daxil oldu. Uzunsürәn debatlardan sonra Avropa müdafiә ittifaqının yaradılması layihәsini rәdd etdi. 1956 ildә F. İngiltәrә vә İsraillә birlikdә Misirә qarşı tәcavüzdә (Misirin Süveyş kanalının millilәşdirmәsini elan etmәsindәn sonra) iştirak etdi. 1957 ildә F. “Ümumi bazar”ın tәşkilinә dair razılaşmanı imzaladı.
F. öz müstәmlәkәlәrindә böyük çәtinliklәrlә üzlәşdi. 1946 ildә Hind-Çindә başladığı çoxillik müharibә F. üçün ağır nәticәlәndi. Müharibәyә 1954 ildә hakimiyyәtә gәlmiş P. Mendes-Fransın radikallar hökumәtinin Cenevrә sazişlәrini (1954) imzalaması ilә son qoyuldu. 1956 ildә G.Molle hökumәti Tunis vә Mәrakeşin müstәqilliyini tanısa da, 1954 ildә Əlcәzairdә başladığı müstәmlәkә müharibәsini davam etdirdi. Əlcәzairdә 1 mln. fransız yaşayırdı, ölkәnin әrazisi F.-nın “dәnizaşırı departamentlәri” hesab olunurdu. 1958 ilin mayında Əlcәzairin paytaxtında Əlcәzair avropalılarının tәşkilatları F. hökumәtinin Əlcәzairdә apardığı müstәmlәkә müharibәsini qәlәbә ilә başa çatdırmadığına etiraz olaraq qiyam qaldırdılar. Nazirlәr kabinetinin sәdri vәzifәsinә namizәd P.Pflimlen Əlcәzairin Milli Azadlıq Cәbhәsi (MAC) ilә danışıqlara başladı. Milli azadlıq inqilabına (1954–62) başlayan üsyançılar Parisdә “İctimai qurtuluş hökumәtinin” yaradılmasını tәlәb etdilәr. Onlara Şimali Afrikada dislokasiya edilmiş fransız hәrbçilәri vә bura gәlmiş de Qoll tәrәfdarları qoşuldular. Hәm Əlcәzairdә, hәm dә Parisin siyasi dairәlәrindә vәziyyәtdәn çıxış yolunu de Qollun hakimiyyәtә gәlmәsindә gördülәr. 1958 il iyunun 1-dә Milli mәclis sәs çoxluğu ilә hakimiyyәtin de Qolla, onun rәhbәrlik edәcәyi kabinetә isә fövqәladә sәlahiyyәtlәrin vә konstitusiyaya yenidәn baxılması hüququnun verilmәsi haqqında qәrar qәbul etdi. Parlamentin hәr iki palatası buraxıldı. Dördüncü respublikaya son qoyuldu.
Beşinci respublika. Beşinci respublikanın әsası icraedici hakimiyyәtin başçısı olan prezidentә geniş sәlahiyyәtlәr verәn 1958 il konstitusiyasının qәbulu ilә qoyuldu; konstitusiya fransız siyasi rejimini prezident respublikasına çevirdi. Beşinci respublikanın ilk prezidenti Ş. de Qollun hakimiyyәti (1959–69) dövründә F.-nın ölkәnin “milli yüksәlişi”nә yönәlmiş xarici siyasәti Dördüncü respublika kabinetlәri siyasәtindәn köklü surәtdә fәrqlәnirdi. De Qoll 1966 ildә ölkәni NATO-nun hәrbi strukturundan çıxartdı. F. prezidenti “Vahid Avropa” qurmaq, AFR ilә әmәkdaşlıq (onunla 1963 ildә müqavilә bağlanmışdı) tәrәfdarı idi. ÇXR ilә diplomatik münasibәtlәr quruldu. 1960-cı illәrdә Fransa müstәmlәkә imperiyası süqut etdi. 1968 ildә ölkәni dәrin sosial-iqtisadi böhran bürüdü. Hәmin ilin mayında başlamış tәlәbәlәrin kütlәvi çıxışları vә ümumfransa tәtilindәn sonra sol siyasi dairәlәr de Qollun istefasını tәlәb etdilәr. 1969 ildә de Qollun senatın islahatı vә F.-nın yeni regional bölgüsünә dair layihәsi referenduma çıxarıldı. Referendumda iştirak edәn fransızların 52,41%-inin layihәnin әleyhinә sәs vermәsindәn sonra de Qoll könüllü olaraq ölkә prezidentliyindәn istefa verdi.
F. respublikasının ikinci prezidenti qollçu J.Pompidu (1969–74) F.-nın gәlәcәk siyasi kursunu “varislik vә dialoq” şüarı ilә müәyyәnlәşdirdi. O, F.-nın ABŞ-la münasibәtlәrinin bәrpasını, Qәrbi Avropa dövlәtlәrinin daha sıx siyasi, iqtisadi vә maliyyә ittifaqının yaradılmasını, SSRİ ilә iqtisadi әlaqәlәrin genişlәndirilmәsini tәklif etdi. 60-cı illәrin sonu – 70-ci illәrin әvvәllәrindә sәnayenin inkişafına xüsusi diqqәt yetirilmәsi fransızların hәyat sәviyyәsini xeyli yüksәltdi. J.Pompidunun hakimiyyәti illәrindә B.Britaniyanın AİB-ә daxil olmasına maneçilik törәdilmәdi, ABŞ vә NATO ilә qarşılıqlı münasibәtlәr güclәndi, F.-nın sosialist, elәcә dә inkişaf etmәkdә olan ölkәlәrlә (Misir, İraq vә Liviya) münasibәtlәri yaxşılaşdı; Şimali Afrika F.-nın hәyati maraqları olan әrazi elan edildi. F.-nın Çinlә münasibәtlәrinә xüsusi önәm verildi, J.Pompidu ÇXR-dә rәsmi sәfәrdә oldu.
Beşinci respublikanın üçüncü prezidenti seçki kampaniyasında “qabaqcıl liberal cәmiyyәt” doktrinasını irәli sürmüş “müstәqil respublikaçı”, qollçuluğa son qoymuş sağ mәrkәzçi V.Jiskar d’Esten (1974–81) oldu. İqtisadiyyatın dövlәt tәrәfindәn tәnzimlәnmәsi proqramını tәklif edәn Jiskar d’Estenin hakimiyyәti illәrindә bir sıra islahatlar keçirildi, seçicilәrin yaş senzi 21 yaş- dan 18 yaşa endirildi, ailә vә qadınların vәziyyәti ilә bağlı qanunlarda böyük dәyişikliklәr edildi. 1973 ildә F. “neft şoku” (OPEK üzvü olan әrәb dövlәtlәrinin Suriya vә Misirlә münaqişә zamanı İsraili dәstәklәyәn ölkәlәrә neft tәchizatının dayandırılması) sәbәbindәn kәskin iqtisadi böhran keçirdi. F.-nın xarici siyasәtinin әsas istiqamәtlәri ABŞ-la münasibәtlәrin genişlәndirilmәsi, Avropa inteqrasiya prosesinin dәrinlәşdirilmәsi idi. F. AİB çәrçivәsindә ekyunun dövriyyәyә buraxılmasını tәklif etdi, ATƏM-in yekun sәnәdini imzaladı (1975, 1 avqust), Çindә vә Afrikada strateji mövqeyini möhkәmlәndirmәyә çalışdı.
Beşinci respublikanın dördüncü prezidenti sol qüvvәlәrin nümayәndәsi, sosialist F.Mitteranın (1981–88, 1988–95) uzunmüddәtli hakimiyyәti dövründә F.-da sosial-iqtisadi siyasәt sahәsindә dәyişikliklәr, geniş millilәşdirmә (özәl banklar vә inhisar qruplarının bir hissәsi millilәşdirildi, digәr qismi dövlәt nәzarәtinә keçdi), inzibati islahat hәyata keçirildi, ölüm cәzası lәğv olundu. Minimum әmәkhaqqı 10%, pensiya vә ailә müavinәtlәri 20–25% artırıldı. Pensiya yaşı endirildi.
F.-nın xarici siyasәtinin әsas istiqamәtlәrindәn biri NATO ilә әmәkdaşlığın möhkәmlәndirilmәsi, ABŞ-la münasibәtlәrin inkişaf etdirilmәsi idi. Mitteran Avropa İttifaqının genişlәndirilmәsini dәstәklәdi, AFR ilә әlaqәlәri genişlәndirdi. F. ordusu ABŞ-ın İraqa qarşı “Sәhrada tufan” әmәliyyatında iştirak etdi (1991, yanvar), lakin “ulduz müharibәlәri” proqramına qoşulmadı. Mitteran hökumәti M.S.Qorbaçovun “yenidәnqurma” siyasәtini dәstәklәdi, fransız qoşunlarını Çad vә Livandan çıxartdı.
Beşinci respublikanın beşinci prezidenti, Respublika Uğrunda Birlik Partiyasının başçısı J.Şirak (1995–2002, 2002–07) daxili siyasәti liberalizm çәrçivәsindә hәyata keçirirdi. 2000 il sentyabrın 4-dә Şirakın tәşәbbüsü ilә prezident sәlahiyyәtlәrinin 7 ildәn 5 ilә endirilmәsi haqqında referendum keçirildi vә qanun qәbul edildi. Şirak müvәqqәti olaraq F.-nın Mururoa atollunda nüvә silah sınaqlarını bәrpa etdi, 2003 ildә NATO-nun İraqda hәrbi әmәliyyatını dәstәklәmәdi.
Beşinci respublikanın altıncı prezidenti, Xalq Hәrәkatı Uğrunda İttifaq Partiyasının nümayәndәsi N.Sarkozi (2007–12) dünya maliyyә-iqtisadi böhranı şәraitindә ölkәdә struktur iqtisadi islahatları keçirdi. Onun tәşәbbüsü ilә 1958 il konstitusiyasına dәyişikliklәr edildi: parlamentin rolu güclәndirildi, icraedici orqanlar yenilәndi, vәtәndaşlara yeni hüquqlar verildi. 2007 ildә Lissabon müqavilәsinin bağlanmasının tәşәbbüskarı olan F. NATO hәrbi strukturlarına reinteqrasiya olundu, 2011 ildә Liviyanın bombalanmasıında iştirak etdi.
2012–17 illәrdә F.-nın prezidenti Fransa Sosialist Partiyasının nümayәndәsi F.Olland idi. Onun prezidentlik dövrü üçün Yaxın Şәrq münaqişәlәri nәticәsindә miqrant axınının artması ilә әlaqәdar ölkәnin daxili siyasi hәyatının radikallaşması sәciyyәvidir. 2017 il prezident seçkilәrindә Milli Cәbhә Partiyasının lideri M. Le Pendәn iki dәfә çox sәs toplamış E.Makron qalib gәldi.
1992 il yanvarın 3-dә F. Azәrb. Resp.-nın müstәqilliyini tanıdı, fevralın 21-dә isә ölkәlәr arasında diplomatik münasibәtlәr quruldu. Martın 16-da Azәrb.-da F. sәfirliyi açıldı. İki ölkә arasında iqtisadi-siyasi әlaqәlәr genişlәndi. 1993 ilin dekabrında Azәrb. Resp.-nın Prezidenti H. Əliyevin F.- ya rәsmi sәfәri zamanı “Azәrbaycan Respublikası ilә Fransa Respublikası arasında dostluq, qarşılıqlı anlaşma vә әmәkdaşlıq haqqında” müqavilә vә digәr sәnәdlәr imzalandı. 1994 il oktyabrın 20-dә Azәrb.-ın F.-da sәfirliyi açıldı. 1997 ildәn F. ATƏT-in Minsk qrupunun hәmsәdrlәrindәn biridir. 1997 ildә Azәrb. Resp. Milli Mәclisindә Azәrb.-F. parlamentlәrarası әlaqәlәr üzrә işçi qrupu yaradılmışdır. H.Əliyev 1997 vә 2001 illәrdә dә F.-ya rәsmi sәfәrlәr etmişdir. Azәrb. Resp.-nın Prezidenti İ. Əliyev 2004 vә 2007 illәrdә F.-da rәsmi sәfәrlәrdә olmuşdur. 2014 vә 2015 illәrdә F.-nın prezidenti F.Olland Azәrb.-a sәfәrlәr etmişdir.
Tәsәrrüfat
F. iqtisadi cәhәtdәn dünyanın әn inkişaf etmiş ölkәlәrindәn biridir. ÜDM-in hәcmi 3,054 trln. dollar (alıcılıq qabiliyyәti pariteti üzrә, 2018; dünyada 10-cu, Almaniya vә B.Britaniyadan sonra Avropada 3-cü yerdәdir), adambaşına 42,9 min. dollar, ÜDM-in artım tempi 2,3% tәşkil edir. İnsan inkişafı indeksi 0,901 (2017; 187 ölkә arasında 24-cü yer). İqtisadi cәhәtdәn fәal әhali 30,247 mln. nәfәrdir (BVF-nin mәlumatlarına әsasәn, 2018); o cümlәdәn 77,2%-i xidmәt sferasında, 20%-i tikinti vә sәnayedә, 2,8%-i k.t.-nda çalışır. İşsizlik sәviyyәsi 8,8% tәşkil edir.
F.-nın iqtisadiyyatı güclü vә şaxәlәnmiş xidmәt sferasına malikdir, sәnaye mәhsullarının istehsalı vә ixracatı üzrә dünyada aparıcı yerlәrdәn birini tutur, k.t. mәhsullarının istehsalı vә ixracatı üzrә Avropada li- derdir. İqtisadiyyatının zәif cәhәtlәri: işsizliyin nisbәtәn yüksәk sәviyyәsi, әn yeni texnologiyaların sәnaye istehsalına nisbәtәn zәif tәtbiqi, dövlәt büdcәsinin xroniki kәsiri (1981 ildәn; 2017 ildә ÜDM-in 2,6%-i), xarici dövlәt borcunun çox olması (ÜDM-in tәqr. 96,8%-i, 2017) vә xarici ticarәtin mәnfi saldosu (2001 ildәn; 2017 ildә 51,8 mlrd. dollar).
F.-nın iqtisadiyyatı “qarışıq” tiplidir, iqtisadiyyatda dövlәtin rolu (2010-cu illәrin ortalarında aktivlәrin tәqr. 30%-i) yüksәkdir: ölkә millilәşdirilmәnin 2 mәrhәlәsindәn keçmişdir – 2-ci dünya müharibәsindәn sonra vә 1980-ci illәrin әvvәllәrindә. 1980- ci illәrin 2-ci yarısı – 2000-ci illәrin 1-ci yarısında aparılmış qismәn özәllәşdirmәdәn sonra dövlәt müәssisәlәrinin sayı tәqr. 1,7 dәfә (1117-yә qәdәr) azalmışdır. ”Renault” (avtomobilqayırma), “Thales Group” (aviaraket-kosmik sәnaye, dәniz gәmiqayırması üçün vә s. energetika sistemlәrinin istehsalı), “Air France” (aviasiya nәql.), “Orange” (telekommunikasiya xidmәtlәri) vә s. kimi şirkәtlәrdә, bir sıra iri kommersiya bankları, sığorta şirkәtlәri vә s.-dә hökumәt öz payını qismәn, yaxud tamamilә özәl kapitala vermişdir. Hazırda dövlәt energetika, aviaraket-kosmik sәnaye vә d.y. nәql.-na tamamilә, bank-sığorta sektoruna vә telekommunikasiya xidmәti sferasına qismәn nәzarәt edir. Dövlәtin hazırladığı iqtisadi vә sosial inkişaf proqramları (1947 ildәn) özәl biznes sahәlәri üçün tövsiyә xarakteri daşıyır.
F. iqtisadiyyatı üçün kapitalın (2015 ildә dünyanın әn iri 500 şirkәtindәn 31-i Fransaya mәxsus olmuşdur; Almaniya vә B.Britaniyadan daha çox) vә istehsalın yüksәk sәviyyәdә tәmәrküzlәşmәsi sәciyyәvidir. Çoxunun xarici kapitalla sıx әlaqәsi olan xeyli sayda iri maliyyә-sәnaye qrupları iqtisadiyyatda hәlledici mövqeyә malikdir. Dövlәt transmilli korporasiyaların yaradılması mәqsәdilә fransız şirkәtlәrinin beynәlmilәllәşdirilmәsini stimullaşdırır. Bir sıra sahәlәrdә kiçik vә orta biznes mühüm yer tutur: sәnaye vә nәql.-da işlәyәnlәrin tәqr. 1/3-i, tәhsil, sәhiyyә vә sosial tәminatda, hәmçinin tikintidә – 77%-i, ticarәtdә – 57%-i, ASK-dә – 48%,-i ümumilikdә xidmәt sferasında – 47%-i onun payına düşür (2014).
İqtisadiyyatda xarici kapitalın payı (2016 ildә sәnayedә ümumi mәhsul dәyәrinin tәqr. 40%-i, informasiya texnologiyaları vә s. yüksәktexnologiyalı sahәlәrdә – tәqr. 50%-i, tikinti sahәsindә 27,5%-i vә xidmәt sferasında 9%-i onun iştirakı ilә yaradılmışdır) olduqca böyükdür. İşlәyәnlәrin tәqr. 20%-i xarici kapitalın iştirak etdiyi müәssisәlәrdә çalışır (2016). F. iqtisadiyyatına xarici kapitalın axını çoxsaylı xarici şirkәtlәrin filiallarının, yaxud müştәrәk müәssisәlәrin (әsasәn, sәnayedә) yaradılması ilә әlaqәdar 1960-cı illәrdәn başlamışdır. Əsas investor ölkәlәr ABŞ, Almaniya, Be- nilüks ölkәlәri vә İsveçrәdir. Bununla yanaşı F. xarici ölkәlәrә (әsasәn, Qәrbi vә Şәrqi Avropa ölkәlәrinә vә F.-nın keçmiş müstәmlәkәlәrinә) qoyulan investisiyaların ümumi hәcminә görә dünya liderlәri sırasına daxildir.
Müharibәdәnsonrakı ilk illәrdәn F. Avropa inteqrasiyası prosesindә fәal iştirak edir. F.-nın ixracat dәyәrinin 61,3%-i, idxalatının isә 58,6%-i Aİ ölkәlәrinin payına düşür (2014). Avia- vә raketqayırma, atom sәnayesi, telekommunikasiya avadanlıqlarının istehsalı kimi sahәlәrdә F. Avropa üzrә liderliyini qoruyub saxlamış, qara metallurgiyanın rәqabәtqabiliyyәtliliyini yüksәltmiş, ümumi maşınqayırma vә avtomobilqayırma mәhsullarının keyfiyyәtini yaxşılaşdırmışdır. Avropa inteqrasiyası nәticәsindә F.-nın k.t. xeyli gәlir әldә etmişdir.
ÜDM-in strukturu (%-lә, 2017): xidmәt sferası – 78,8, sәnaye vә tikinti – 19,5, kәnd, meşә tәsәrrüfatı vә balıqçılıq – 1,7.
Sәnaye istehsalının artım tempi 2% tәşkil etmişdir (2017). 1970-cı illәrin ortalarından sәnayenin sahәvi strukturu әsaslı şәkildә dәyişdirilmiş, atom enerjisi, avtomobilqayırma, aviasiya vә raket-kosmik texnika, müasir silah, telekommunikasiya avadanlığı, әtriyyat-kosmetika vә әczaçılıq preparatları istehsalı üstün olmuşdur; bununla yanaşı, mәişәt elektrik cihazları, parça, geyim vә ayaqqabı idxalatı ildәn ilә artmışdır. F. dәbdәbәli malların vә zinәt әşyalarının dünya üzrә aparıcı istehsalçısıdır. Ölkә sәnayesi diversifikasiya edilsә dә, ixtisaslaşma sәviyyәsinin aşağı olması onun rәqabәtqabiliyyәtliliyini azaldır.
Y a n a c a q - e n e r g e t i k a k o m p l e k s i. F. enerji resurslarının idxalından asılı ölkәdir. İlkin enerji mәnbәlәrinin istehlakı 450,8 mln. t neft ekvivalentinә bәrabәrdir (2016), onun 38,6%-i atom enerjisinin, 32,3%-i neftin, 15,5%-i tәbii qazın, 6,2%-i hidroenerjinin, 4,9%-i kömürün, 2,4%-i alternativ enerji mәnbәlәrinin payına düşür.
Neft hasilatı azdır – 853,4 min t (2017). 1970-ci illәrdәn başlayaraq istehlak olunan bütün neft demәk olar ki, idxal olunur. Xam neft idxalı 64,39 mln. t (2017) tәşkil edir; әsas tәdarükçülәri: Sәudiyyә Ərәbistanı, Qazaxıstan, Nigeriya, Rusiya, Norveç, Əlcәzair, Anqola, Liviya. Neft mәhsulları istehlakı 95,7 mln. t (2017), neft emalı 73,6 mln. t (2017), neft mәhsulları ixracatı 24,7 mln. t, idxalatı 49,8 mln. t-dur.
Ümumi istehsal gücü tәqr. 68,4 mln. t olan 7 neft emalı z-du fәaliyyәt göstәrir; onun 5-i dәniz sahilinә yaxın – Sena çayının mәnsәbi vә aşağı axınında (Havr ş.-ndә “Total” şirkәti, müәyyәn olunmuş istehsal gücü ildә 17,5 mln. t xam neft; Notr-Dam-de-Gravanşon ş.-ndә “ExxonMobil” amerikan şirkәti, 13,5 mln. t), Luara (Donj ş.-ndә, tәqr. 11,6 mln. t) vә Rona çayı mәnsәbindә (La-Med ş., tәqr. 7,8 mln. t); 2-si ölkәnin daxili rayonlarıdır (Lion yaxınlığında Fezen ş.-ndә; tәqr. 6,0 mln. t; Paris yaxınlığında Qranpüi ş.-ndә; tәqr. 5 mln. t; hәr ikisi “Total şirkәtinә mәxsusdur”).
Tәbii qaz hasilatı 16,99 mln. m3, isteh- lak 41,88 mlrd m3, idxalatı 48,59 mlrd. m3 tәşkil edir (2017); әsas tәdarükçülәri: Norveç, Rusiya, Niderland, Əlcәzair, Nigeriya, Qәtәr. Tәbii qaz, әsasәn, qaz boruları vasitәsilә idxal olunur, maye qaz idxalının payı getdikcә azalır – 2014 ildә 13,4% (2011 ildә 28,0%); әsas idxal mәrkәzlәri – Sen-Nazer (Luara çayı mәnsәbi), Fos-sür-Mer vә Dünkerk (Nor). Tәbii qazın nәqlini “Engie” vә “Transport et Infrastructures Gaz France” (İtaliyanın “Snam”, Sinqapurun GIC vә “Électricité de France”, EDF dövlәt elektroenergetika şirkәtinin müştәrәk sahib olduqları) şirkәtlәri hәyata keçirir.
Kömür hasilatı 2004 ildәn dayandırılmışdır. Kömür idxalatı tәqr 14,33 mln. t (2017; onun 38%-i kokslaşan kömürdür) tәşkil edir; әsas tәdarükçülәri (%): Avstraliya 20,6, CAR 19,4, Rusiya 19,2, ABŞ 15,7, Kolumbiya 12,6. Uran filizlәri 2001 ildәn çıxarılmır. Uran filizlәri Qazaxıstan, Kanada, Avstraliya vә Nigeriyadan, uran konsentratı B.Britaniya, Rusiya vә ABŞ-dan idxal olunur.
Elektrik stansiyalarının müәyyәn olunmuş gücü tәqr. 130,8 min MVt-dır (2016), onun 48,8%-i AES, 20,3%-i İES, 14,2%-i SES vә hidroakkumulyasiyaedici elektrik stansiyaları (HAES), 14,2%-i alternativ enerji mәnbәlәri qurğularının payına düşür. Elektrik enerjisi istehsalı 529,1 mlrd. kVt/saat (2016; Almaniyadan sonra Aİ-dә 2-ci yer), ixracatı – 64,41 mlrd. kVt/saat (2016; dünyada 1-ci yer; B.Britaniya, İtaliya vә İsveçrәyә), idxalatı – 19,9 mlrd. kVt/saat (qonşu ölkәlәrdәn mövsümi tәdarüklәr) tәşkil edir. Elektrik stansiyaları tiplәri üzrә istehsalın strukturu (%, 2012): AES 76,4 (dünyada 1-ci yer), SES vә HAES 10,8, İES 8,3, alternativ enerji mәnbәlәri qurğuları 4,5. Əsas elektrik enerjisi istehsalçısı EDF-dir.
Atom energetikası 1959 ildәn (ilkin olaraq öz xammalı әsasında) inkişaf etmәyә başlamışdır. AES-lәrdә elektrik enerjisi istehsalı üzrә F. (19 AES-dә ümumi gücü 63,1 min MVt olan 58 reaktor fәaliyyәt göstәrir) ABŞ-dan sonra dünyada 2-ci yerdәdir (2016). Ən iri AES-lәr: “Gravelines” (Nor; gücü 5706 MVt), “Paluel” (Normandiya; 5528 MVt), “Cattenom” (Lotaringiya; 5448 MVt), “Cruas” (3824 MVt), “Tricastin” (3820 MVt; hәr ikisi Rona çayı dәrәsindә), “Chinon” (Luar vadisi; 3816 MVt), “Blayais” (Akvitaniya; 3804 MVt), “Dampierre” (Luar vadisi; 3748 MVt), “Civaux” (Puatu; 3122 MVt) vә “Chooz” (Ardenlәr; 3120 MVt).
Byuje AES-i. En departamenti.
F. atom energetikası sahәsindә fәal tәdqiqatlar aparır, nüvә yanacağının tam tsiklinә (uran filizinin zәnginlәşdirilmәsindәn nüvә tullantılarının istifadә edilmәsinә kimi) vә AES reaktorlarının istehsalı texnologiyalarına malikdir. Sen-Pol-Le-Düransda (Marseldәn 60 km şimal-şәrqdә) atom enerjisi üzrә komissarlığın “Cadarache” atom elmi tәdqiqat mәrkәzi fәaliyyәt göstәrir (1959); 2007 ildәn burada Beynәlxalq eksperimental istilik-nüvә reaktorunun quraşdırılması, layihәsindә Aİ, Yaponiya, Rusiya, Çin, Hindistan vә Koreya Resp. iştirak edir.
SES vә HAES-lәrdә istehsal olunan elektrik enerjisi hәcminә görә F. Avropada 4-cü yerdәdir. Ölkәnin SES şәbәkәsi Avropada (cәmi tәqr. 500) әn irisidir. Ən iri SES-lәr: “La Bȃthie” (gücü 546 MVt), “Tignes” (428 MVt; hәr ikisi Alp d.-nda İzer çayında), “Pouget” (Langedokda Tarn çayında; 444,5 MVt); HAES-lәr: “Grand’ Maison” (İzer çayında; 1800 MVt), “Revin” (Ardenlәrdә Möz çayında; 800 MVt). Ən iri SES kaskadı (ümumi gücü 3154 MVt olan 21 SES; әn irisi gücü 396 MVt olan “Génissiat”) Rona çayı üzәrindә qurulmuşdur. Ən iri İES-lәr: mazut әsasında “Porcheville” (İl-de-Frans; gücü 2400 MVt), kömür әsasında “Le Havre” (Havr ş.; 1995 MVt; hәr ikisinә EDF şirkәti nәzarәt edir) vә “Provence” (Provansda Qardan ş. yaxınlığında; gücü 868 MVt; Almaniyanın “E.ON”), qaz әsasında “Dunkerque” (Dünkerk ş.; 800 MVt; “Engie”). F. dünyada dәniz-qabarmalarının enerjisi ilә işlәyәn elektrik stansiyasının (“La Rance”; 1966; Bretanda Sen-Malo ş. yaxınlığında Rans çayı mәnsәbindә; gücü 240 MVt; 2011 ilә qәdәr dünyada әn güclü) tikildiyi birinci ölkәdir. Külәk vә günәş energetikası inkişaf etmәkdәdir, bioyanacaqdan fәal istifadә olunur.
Q a r a m e t a l l u r g i y a d a yalnız idxal xammal vә yanacaq istifadә olunur. Metallurgiya koksu istehsalı 3,2 mln. t (2012); müәssisәlәri Lotaringiya vә (Forbak vә Karlen şәhәrlәri) vә Norda (Lill aqlomerasiyası) yerlәşir. Çuqunәritmә 10,9 mln. t (2014; Almaniyadan sonra Aİ-dә 2-ci yer), poladәritmә 16,1 mln. t (Almaniya vә İtaliyadan sonra Aİ-dә 3-cü yer), polad prokat istehsalı 14,7 mln. t (2013), ferroәrintilәr 400 min t tәşkil edir. Qara metallurgiyanın aparıcı rayonlarından biri Lotaringiyadır (z-dları Floranj, Qandranj vә Növ-Mezon şәhәrlәrindә), yeni iri metallurgiya kombinatları ölkәnin şm.-ında Dünkerkdә (ildә 6,7 mln. t polad) vә c.-unda Fos-sür-Merdәdir (4,2 mln. t; hәr ikisi dәniz sahilindә yerlәşir vә idxal xammala әsaslanır; Lüksemburqun “ArcelorMittal” şirkәtinin nәzarәtindәdir). Müvafiq olaraq 140 vә 70 min t ferroәrinti istehsal edәn 2 z-d Dünkerkdә (İsveçrәnin “Glencore Xstrata” vә Fransanın “Eramet” şirkәtlәrinin nәzarәti altında) fәaliyyәt göstәrir.
Ə l v a n m e t a l l u r g i y a n ı n aparıcı sahәsi alüminium sәnayesidir. Xarici xammaldan istifadә olunur; boksit ixracatı 900 min t (2014), giltorpaq istehsalı 450 min t (700 min t gücündә z-d; Gardan ş.). İlkin alüminium әridilmәsi 380 min t (2014) tәşkil edir. Tәkrar alüminium istehsalı 460 min t, alüminium prokat 540 min t; ilkin alüminium idxalatı 275 min t, tәkrar alüminium 45 min t. İlkin alüminium әridilmәsi mәrkәzlәri idxal xammala (Dünkerk; 250 min t gücündә z-d), hәmçinin SES-lәrdә yaradılan ucuz elektrik enerjisinә (Alp d-rında Sen-Jan-de-Moryen ş.; 120 min t; hәr ikisi “Rio Tinto” B.Britaniya-Avstraliya şirkәtinin strukturundadır) әsaslanır.
Mis sәnayesi yalnız tәkrar metal (Limuzendә Le-Pale-sür-Vyen ş.-ndә 45 min t gücü olan z-d) istehsal edir; mis idxalatı 222 min t-dur (2014). Tәkrar qurğuşun istehsalı 71 min t (2013; Nuayel-Qodo ş.), sink – 152 min t (әsasәn tәkrar sink; Obi ş., eyni zamanda indium istehsalı; hәr ikisi Lill yaxınlığında), nikel – 14,5 min t (Havr yaxınlığında Sanduvil ş.; hәmçinin kobalt istehsalı – 308 t), stibium – 15 t (Mәrkәz-Luar dәrәsindә Le-Jenes-Sent-İl ş.). Qızıl hasilatı 1,5 t (2011), sintetik almaz istehsalı 3,6 mln. karat (2012).
M a ş ı n q a y ı r m a mәhsulunun dәyәrinә görә F. dünyada 7-ci, Almaniya vә İtaliyadan sonra Avropada 3-cü yerdәdir; ümumilikdә sәnayedә çalışanların tәqr. 1/3-i sahәnin payına düşür. Ölkә avtomobil (10-cu yer), aviaraket-kosmik texnika (ESA – Avropa kosmik agentliyindә aparıcı rol oynayır), energetika vә elektrotexnika (dünya üzrә kabel mәhsullarının aparıcı istehsalçılarından biridir) avadanlığı, dәniz gәmilәri, d.y. nәql. vasitәlәri, elektron texnika vә mәişәt elektrik cihazlarının bәzi növlәrinin (paltaryuyan maşın, televizor vә s.), hәmçinin silah istehsalı üzrә dünyada aparıcı yerlәrdәn birini tutur. İstehsal daha çox İl-de-Fransda (işlәyәnlәrin tәqr. 25%-i), Norda vә Lion aqlomerasiyasında cәmlәşmişdir. “Peugeot” şirkәtinin istehsalı olan “Peugeot 608” avtomobili.
“Peugeot” şirkәtinin istehsalı olan “Peugeot 608” avtomobili.
Maşınqayırmanın әsas sahәlәrindәn biri avtomobilqayırmadır: 2227 min әdәd avtomobil (2017), o cümlәdәn 1810 min minik avtomobili (Almaniya, İspaniya vә B.Britaniyadan sonra Avropada 4-cü yer), 417 min yük avtomobili vә avtobus (İspaniyadan sonra 2-ci yer). Avtomobil ixracı üzrә F. dünyada 9-cu yerdәdir (İspaniya vә B.Britaniya ilә yanaşı). F.-nın avtomobilqayırma sahәsi üçün yüksәk sәviyyәdә ixtisaslaşma vә kooperativlәşmә sәciyyәvidir. İstehsal güclәrinin tәqr. 99%-inә iki şirkәt – “Renault” vә “Groupe PSA” (keçmiş “PSA Peugeot Citroёn”) nәzarәt edir, hәr ikisi, әsasәn, minik avtomobillәri vә komplektlәşdirici hissәlәr istehsal edir, onların birgә payı yerli bazarın tәqr. 60%-ini vә Qәrbi Avropa bazarının 23,8%-ini tәşkil edir (2014). Yük avtomobili vә avtobus istehsalı üzrә “Renault Trucks” (2001 ildәn İsveç şirkәti “Volvo”nun strukturundadır; onun tәrkibindә “Renault Truck Defense” şirkәti zirehli avtomobil texnikası buraxır), avtokomplektlәşdirici vә ehtiyat hissәlәri üzrә “Valeo”, “Faurecia” vә s. şirkәtlәr ixtisaslaşmışdır. 20 әsrin sonlarından müәssisәlәrin çoxu Paris әtrafından İl-de-Fransın qәrb rayonlarına, hәmçinin ölkәnin şimal-qәrb, şimal vә şimal-şәrqinә köçürülmüşdür. “Renault” şirkәtinin quraşdırma z-dları Flen-sür-Sen (İl-de-Frans), Dyep, Sandunvil, Kleon (hәr üçü Normandiya), Due, Moböj, Rüis (hәr üçü Nor-Pa-de-Kaledә), Batiyi (Lotaringiya), Le-Man (Luara Torpaqları) vә Viyörban (Lion әtrafı) şәhәrlәrindә; dizayner labarotoriyası – Güyankur ş., avtokomplektlәşdirici istehsalı z-dları Şuazi-le-Rua ş. (hәr ikisi İl-de-Fransda); “Renault Trucks” şirkәtinin quraşdırma z-du Burk-an-Bres ş.-ndә, avtokomplektlәşdirici istehsalı z-du Venisyö ş.-ndә (hәr ikisi Overn-Rona-Alplarda); “Reanult Trucks Defense” şirkәtinin z-dları Marol-an-Yurpua (İl-de-Frans) vә Sen-Jermen-Laval (Overn-Rona-Alplar) şәhәrlәrindә yerlәşir. “Groupe PSA” şirkәtinin avtomobil istehsalı mәrkәzlәri Monbelyar, Vezul, Mandör (hәr üçü Burqundiya-Franş-Kontedә), Lyö-Sent-Aman (Nor; hәmçinin “Fiat”, “Toyota”, “Chrysler” markalı avtomobillәrin yığılmasını hәyata keçirir), Şartr-de-Bretan (Bretanda) şәhәrlәri, avtokomplektlәşdirici istehsalı One-su-Bua, Sent-Uan (hәr ikisi İl-de-Fransda), Erimonkur (Burqundiya-Franş-Konte), Müluz (Elzas), Mets, Tremeri (hәr ikisi Lotaringiyada), Şarlevil-Mezyer (Ardenlәr), Duvren (Pa-de-Kale) vә Kan (Normandiya) şәhәrlәridir. “Valeo” şirkәtinin z-du Sent-Uan ş.-ndә, “Faurecia” şirkәtinin z-dları Nanter vә Brier-le-Selle şәhәrlәrindә (hәr ikisi İl-de-Fransda) avtokomplektlәşdiricilәr istehsal edir. Minik avtomobili vә avtobus istehsalı müvafiq olaraq Ambak vә Linyi-an-Barrua (hәr ikisi Lotaringiyada) şәhәrlәrindә alman şirkәti “Daimler”in müәssisәlәrindә, minik avtomobili vә minivenlәr Onnen ş.-ndә (Nor) yapon şirkәti “Toyota Motor Corporation”da istehsal olunur. 1898 ildәn başlayaraq iki ildәn bir dünyanın әn nüfuzlu avtosalonlarından biri Parisdә keçirilir. “Krauss-Maffeї & Nexter Defense Systems” (KNDS; 2015 ildә “Nexter Systems” dövlәt şirkәti ilә “Krauss-Maffei Wegmann” alman şirkәtinin birlәşmәsi nәticәsindә yaranmışdır) şirkәti zirehli, artilleriya, hәrbi elektron texnikası vә döyüş sursatı istehsal edir; istehsal mәrkәzlәri Sent-Etyen, Roan, Sen-Şamon (hәr üçü Overn-Rona-Alplarda), Burj, La-Şapel-Sent-Yursen (hәr ikisi Mәrkәz-Luara Dәrәsindә), Ren (Bretan), Tül (Akvitaniya), Tuluza (Langedok-Russilyon) vә Tarb (Pireneylәr) şәhәrlәridir.
F. aviasiya (ABŞ-dan sonra dünyada 2-ci yer) vә raket-kosmik (ABŞ vә Rusiyadan sonra dünyada 3-cü yer) texnika istehsalı üzrә dünya liderlәrindәn biridir. Aparıcı şirkәtlәr: “Airbus Group”, “Safran” vә “Thales Group”. Avropa kosmik agentliyi Parisdә yerlәşir (1975). “Airbus Group” şirkәtinin z-dları Tuluzanın şәhәrәtrafı Blanyakda (Langedok), Sen-Nazer (Luara Torpaqları) vә Nant şәhәrlәrindә fәaliyyәt göstәrir; aviasiya texnikası komplektlәşdiricilәri İl-de-Fransın bir sıra mәrkәzlәrindә vә Bordoda istehsal edilir. Sahәnin әn mühüm müәssisәlәri: Elankur vә Le-Müro şәhәrlәrindә “Airbus Defence and Space” (raket-kosmik texnikası, o cümlәdәn kosmik peyklәr), Limey-Brevan vә Kurkuron şәhәrlәrindә “Airbus Safran Launchers” (“Airbus Group” vә “Safran”nın müştәrәk şirkәti; raket-kosmik texnika, o cümlәdәn “Ariane” raketdaşıyıcıları), Sen-Klu vә Arjantöy şәhәrlәrindә “Dassault Aviation” (“Mirage”, “Rafale”, “Falcon” hәrbi tәyyarәlәri vә “nEUROn” pilotsuz uçuş aparatı – dronlar), Le-Plesi-Robenson (hamısı İl-de-Fransda) vә Lakura-Sent-Uan (Pikardiya) şәhәrlәrindә MBDA (raket texnikası), Blanyak ş.-ndә “Avions de Transport Régional” (ATR; turbovintli tәyyarәlәr) şirkәtlәrinin z-dları.
“Airbus Group” kompaniyasının istehsal etdiyi “Aerobus A-380-861” sәrnişin tәyyarәsi. Tuluza.
F. kosmik proqramların hәyata keçirilmәsindә fәal iştirak edir, 1968 ildәn Kuruda (Fransa Qvianası) kosmodrom (Qviana kosmik mәrkәzi) fәaliyyәt göstәrir. “Arianespace” (fransız sәhmdarlarının payı 60%-dәn çoxdur) şirkәti kommersiya mәqsәdilә Yerin süni peyklәrinin buraxılmasının tәqr. 1/2-ini tәmin edir.
“Dassault Aviation” kompaniyasının istehsal etdiyi “Dassault Rafale M” çoxtәyinatlı göyәrtә qırıcısı. Tuluza.
Gәmiqayırma mühüm yer tutur. Mülki gәmiqayırma, әsasәn, tanker vә iri sәrnişin gәmilәrinin istehsalı üzrә ixtisaslaşmış Sen-Nazer vә Havrda, hәmçinin gәzinti katerlәri vә yaxtalar quraşdırılan (Asiya ölkәlәri ilә kәskin rәqabәt sәbәbindәn istehsal hәcmi getdikcә azalır) Vandeyada inkişaf etmişdir. İstehsalın әsas hissәsini hәrbi gәmilәr tәşkil edir; aparıcı müәssisә “Direction des Constructions Navales” (DCNS; dünya üzrә hәrbi gәmiqayırma dәyәrinin 15%-dәn çoxu) dövlәt şirkәtidir. “Mistral” sinfinә aid universal desant helikopterdaşıyıcıları Sen-Nazerdә istehsal olunur; burada hәmçinin hәrbi vә mülki dәniz gәmilәrinә xidmәt göstәrilmәsi vә onların tәmiri hәyata keçirilir. Loryan ş.-ndә (Bretan) orta subasımına malik hәrbi suüstü gәmilәr, Şerbur-Oktevil (Normandiya) ş.-ndә sualtı, o cümlәdәn atom raket vә çoxmәqsәdli qayıqlar quraşdırılır, onlara xidmәt göstәrilir vә tәmir olunur. Brest (Bretan) ş.-ndә yerlәşәn hәrbi-dәniz bazasının tәrsanәsi öz fәaliyyәtini hәrbi gәmilәrin tәmiri (onların inşası üçün istehsal bazasını saxlamaqla) istiqamәtindә dәyişmişdir, Tulon ş.-ndәki HDD bazasının gәmi tәmiri üzrә ixtisaslaşmış tәrsanәsindә bütün növ hәrbi gәmilәrә xidmәt göstәrilir vә onlar modernlәşdirilir.
“FS Mistral (L9013)” helikopterdaşıyan desant gәmisi.
Gәmi silahlarının işlәnib hazırlanması vә istehsalı DCNS şirkәtinin müәssisәlәri (Nant, Anqulem, Sen-Trope şәhәrlәrindә) vә “Sofiya Antipolis” texnoparkında hәyata keçirilir. Bu şirkәtin hәrbi gәmilәr üçün müxtәlif avadanlıqlar istehsal edәn müәssisәlәri İl-de-Fransda, informasiya vә aşkaretmә sistemlәri buraxan müәssisәlәri isә Le-Muriyon vә Banyö şәhәrlәrindә yerlәşir. Digәr şirkәtlәr: “STX France” (“STX Europe” Norveç şirkәti ilә dövlәtin müştәrәk mülkiyyәtindәdir; Sen-Nazer vә Loryandakı tәrsanәlәr onun nәzarәtindәdir; iritonnajlı dәniz gәmilәri istehsal edir), “Constructions mécaniques de Normandie” (CMN; Şerbur-Oktevil; gözәtçi, patrul vә qayıqvuran gәmilәr, müxtәlif tipli korvet vә katerlәr), “Socarenam” [Bulon-sür-Mer, Kale (hәr ikisi Pa-de-Kaledә), Dünkerk vә Sen-Malo şәhәrlәrindә], OCEA (Luara Torpaqları, Le-Sabl-d’Olon ş.) vә “Piriou” (Bretan, Konkarno ş.).
F. dünyada d.y. nәql. vasitәlәrinin aparıcı istehsalçılarından biridir. Əsas şirkәti “Alstom”dur; elektrovoz, teplovoz, yük vә sәrnişin vaqonları, elektrik qatarları, o cümlәdәn metropoliten üçün qatarlar vә “Train á Grande Vitesse” (TGV) şәbәkәsi üçün yüksәksürәtli qatarlar istehsal edir. D.y. nәql. vasitәlәrinin istehsal mәrkәzlәri: Le-Pti-Keviyi (Normandiya), Ptit-Fore (Nor), Reşoffen (Elzas), Belfor, Ornan (hәr ikisi Franş-Kontedә), Le-Krözo (Burqundiya), Viyörban (Lion şәhәrәtrafı), Vitrol, Eksan-Provans (hәr ikisi Marsel yaxınlığında), Etre (Puatu-Şarantada La-Roşel yaxınlığında) vә Semeak (Pireneylәr).
Energetika avadanlığı istehsalında “GE & Alstom Energy” (2015 ildә “Alstom” vә “General Electric Company” amerikan şirkәtinin energetika bölmәlәrinin birlәşmәsi nәticәsindә yaranmışdır; müxtәlif növ texnika, o cümlәdәn AES-lәr üçün enerji blokları) vә “Areva” (AES-lәr vә alternativ energetika üçün avadanlıqlar); elektrotexnika avadanlığı vә elektron texnika istehsalında “Nexans” (keçmiş “Cȃbles de Lyon”; elektrik kabellәrinin dünyada әn iri istehsalçılarından biri), “Schneider Electric”, “Legrand” (hәr ikisi çoxçeşidli elektrotex- nika avadanlığı üzrә), “Technicolor” (keçmiş “Thomson”; dünyada 1-ci aviasiya naviqasiyası avadanlığı istehsalçısı, mәişәt elektrik cihazları istehsalı üzrә Avropa şirkәtlәri arasında aparıcı yerlәrdәn birini tutur), “Alcatel-Lucent” (dünyada telekommunikasiya avadanlıqlarının әsas istehsalçılarından biridir; 2016 ildәn Finlandiyanın “Nokia” şirkәtinin nәzarәtindәdir), “Groupe SEB” (“Tefal”, “Moulinex”, “Rowenta” vә s. markalı mәişәt elektrik cihazları) şirkәtlәri fәaliyyәt göstәrir. Elmi-texniki mәrkәzlәrin çoxu vә energetika maşınqayırması, elektrotexnika vә elektron sәnayesi müәssisәlәrinin 1/2-indәn çoxu İl-de-Fransda yerlәşir. Mәhsulun tәqr. 1/2-i, o cümlәdәn elektron komponentlәrin tәqr. 60%-i ixrac olunur. Bezanson (Franş- Konte) 17 әsrin sonlarından saat istehsalı mәrkәzidir.
“Arian 5 ES” buraxılışdan әvvәl.
Aparıcı traktor istehsalçıları: Almaniyanın “Claas” (Le-Man ş.-ndә z-d), İtaliyanın “Argo Tractors” (Şampan, Sen-Dizye ş.) vә Yaponiyanın “Kubota Corporation” (Dünkerk) şirkәtlәri.
K i m y a s ә n a y e s i. İstehsal olunan mәhsulun dәyәrinә görә F. dünyada 7-ci, Almaniyadan sonra Avropada 2-ci, onun ixracına görә isә dünyada 4-cü yerdәdir. F.-nın kimya sәnayesi әn elmtutumlu sahәlәrdәn biridir, әsasәn, yüksәktexnologiyalı mәhsulların istehsalı üzrә ixtisaslaşmışdır; bununla yanaşı, adi kimyәvi preparatların (mineral gübrәlәr, kimyәvi liflәr vә s.) istehsal hәcmi ildәn-ilә azalmaqdadır. Sahәnin aparıcı şirkәtlәri: “Total” (neft-kimya sәnayesi),”Phône-Poulenc” (polimer materialları, әczaçılıq preparatları vә s.), “Michelin” (şin), “Arkema” (polimer materialları, xlor birlәşmәlәri) vә s. Kimya sәnayesinin әsas rayonları Paris, Lion, Havr vә Marsel aqlomerasiyalarıdır.
Daşduz hasilatı 6 mln. t-dur (2014; Lotaringiya, Franş-Konte vә Qәrbi Pireneylәrdәki Bearnda; müәyyәn hissәsi dәniz suyunun buxarlandırılmasından alınır), Müluz rayonunda kaliumlu duz çıxarılır. Sulfat istehsalı 650 min t (2014; tәbii qazın saflaşdırılmasından alınır), kükürd turşusu – 982,3 min t, susuzlaşdırılmış vә kaustik soda – 1480 min t, xlor – 996,7 min t, sintetik ammonyak – 2,6 mln. t, azotlu gübrәlәr (azota hesablanmış) – 700 min t, fosforlu gübrәlәr – 218,7 min t, plastik kütlә – tәqr. 4,5 mln. t. Üzvi (spirt, keton, fenol, sintetik qatran vә kauçuk, sintetik yuyucu vasitәlәr vә s.) vә qeyri-üzvi (kükürd vә azot turşuları, sintetik ammiak vә s.) kimya mәhsullarının bir çox növü Sena çayının aşağı axarında vә Berl’Etan ş.-ndә (Marsel yaxınlığında) yerlәşәn neft-kimya müәssisәlәrindә istehsal olunur. Şin istehsalı 53,4 mln. әdәddir (2014); “Michelin” [cәmi 10 z-d; әn irilәri Klermon-Ferran (Overn), Şole (Luara Torpaqları), Monso-le-Min (Franş-Konte), Jue-le-Tur (Mәrkәz), Roan vә Trua (Şampan) şәhәrlәrindә yerlәşir], Almaniyanın “Continental”, B.Britaniyanın “Dunlop Tires”, ABŞ-ın “Goodyear Tire & Rubber Company”, Ya- poniyanın “Bridgestone Corporation” vә s. şirkәtlәrin z-dları.
Paris dünyanın tanınmış “әtriyyat paytaxtı”dır. Bahalı әtriyyat-kosmetika vasitәlәri istehsalçıları “Chanel”, “Yves Saint Laurent” vә “Nina Ricci” (“Puig” ispan şirkәtinin tәrkibindә) şirkәtlәri burada yerlәşir. Daha kütlәvi mәhsul istehsal edәn şirkәtlәr: “L’Oréal” (dünyanın әn iri әtriyyatkosmetika şirkәti), “Yves Rocher”, “Guerlain”, “Parfums Christian Dior”, “Parfums Givenchy”, “Interparfums” vә s. Bir sıra kiçik vә orta ixtisaslaşmış müәssisәlәr bütün ölkә әrazisindә yayılmışdır; әtriyyat sәnayesi üçün bitki xammalı vә son mәhsul istehsalı mәrkәzi Provansın Qras ş.-ndә yerlәşir. Sahәnin mәhsulunun 38,5%-i ixrac olunur (2014).
Əczaçılıq sәnayesi ümumi sәnaye mәhsulu istehsalındakı payına görә yalnız avtomobilqayırmadan geri qalır; F. buraxdığı әczaçılıq mәhsullarının dәyәrinә görә dünyada 4-cü yerdәdir; sahә mәhsulunun tәqr. 30%-i ixrac olnur. Əsas istehsalçıları: “Sanofi”, “Rhône-Poulenc”, hәmçinin bir sıra xarici (İsveçrә, B.Britaniya, ABŞ, Almaniya vә s.) şirkәtlәr. Eynәk linzaları vә optik avadanlıqlar “Essilor International” şirkәtinin Linyi-an-Barrua (Lotaringiya) ş.-ndә yerlәşәn dünyanın әn iri profil müәssisәsindә istehsal olunur.
M e ş ә s ә n a y e s i. Oduncaq tәdarükü 19,4 mln. m3 (2014; o cümlәdәn iynәyarpaqlı – 73,5%) tәşkil edir, onun 10,4 mln. m3 emal üçün yararlıdır. İynәyarpaqlı oduncaq tәdarükünün әsas rayonları Jironda (Akvitaniya) vә ölkәnin dağlıq rayonlarıdır (Alp, Vogez, Yura dağları vә Mәrkәzi massiv). Taxta-şalban istehsalı – 7.6 mln. m3, bütün növ taxta tavalar – tәqr. 5,5 mln. m3, kağız – 8,4 mln. m3, o cümlәdәn qәzet kağızı – 934 min m3. Oduncağın mexaniki emal mәrkәzlәri: Korbeem (Nor vә Pa-de-Kale sәrhәdindә), Qolbe (Lotaringiya) vә La-Roşet (Alp d.-rı), sellüloz-kağız sәnayesi – Biqanos, Tartas vә Mimizan (hәr üçü Akvitaniyada), Sen-Qodens (Cәnub Pireneylәr), Saya-sür-Vyen (Limuzen vә Şaranta sәhrәdindә) vә Taraskon (Provans) şәhәrlәri. Poliqrafiya sәnayesi vә nәşriyyat işi inkişaf etmişdir; “Hachette” şirkәti dünyanın aparıcı jurnal nәşriyyatlarından biridir.
T i k i n t i m a t e r i a l l a r ı s ә n a y e s i. Əhәngdaşı hasilatı 4,0 mln. t, (2014), tabaşir – 2,3 mln. t, talk – 420 min t, gips – 3,46 mln. t (2013), kaolin 315 min t (2012). Sement istehsalı 18 mln. t tәşkil edir (2014); әsas şirkәtlәr: “Lafarge” (ümumi istehsal gücü 10 mln. t olan 14 z-d), “Vicat” (5 zavod; 6 mln t), İtalyanın “Italcementi Group” (9 z-d; 7,5 mln. t) vә İsveçrәnin “Holcim” (9 z-d; 5,9 mln. t) şirkәtlәri. Müxtәlif tikinti materialları vә şüşә mәmulatlarının aparıcı istehsalçılarından biri “Saint-Gobain” şirkәtidir. Çini-saxsı mәmulatların istehsal mәrkәzlәri Sevr (İl-de-Frans) vә Limoj (Limuzen), büllur vә güzgü – Bakkara (büllur növünün adı bu şәhәrin adındandır), Nansi, Sen-Lui-le-Bitş (hәr üçü Lotaringiyada), Venjen-sür-Moder (Elzas), Şuazi-le-Rua, Vitri-sür-Sen (hәr ikisi İl-de-Fransda), Bordo vә s. şәhәrlәrdir.
Y ü n g ü l s ә n a y e. İstehsal olunan mәhsulun dәyәrinә görә F. İtaliya vә Almaniyadan sonra Avropada 3-cü yerdәdir. Toxuculuq sәnayesinin әsas rayonları: Nor (Rube, Turkuen, Lill, Armantyer vә s. şәhәrlәr; pambıq, yun, kәtan parça vә cut sәnayesi inkişaf etmişdir), Vogezlәr vә Cәnubi Elzas (Müluz, Epinal vә s.; әsasәn, pambıq parça), Lion aqlomerasiyası (süni lifdәn hazırlanan parçalar da daxil olmaqla ipәk parça). Yun parçalar, hәmçinin – Normandiya vә Pireneylәrdә, kәtan parçalar Pikardiyada; trikotaj mәmulatları Paris aqlomerasiyasında vә Trua ş.-ndә (Şampan), krujeva, әnәnәvi olaraq, ölkәnin şimalında istehsal olunur.
17 әsrdәn başlayaraq F. dünyanın “dәb mәrkәzi” sayılır; müasir “haute couture” (“yüksәk tikiş”) tәrzi 1860-cı illәrdә Parisdә formalaşmışdır. Hazırda Paris dünyanın moda paytaxtı statusunu Milan, London vә Nyu-York (1973 ildәn burada ildә iki dәfә moda hәftәsi keçirilir) ilә bölüşür. Parisdә bir çox tanınmış moda evinin (“Chanel”, “Christian Dior”, “Givenchy” vә s.) vә zinәt әşyalarının dünyada mәşhur istehsalçısı “LVMH Moët Hennesy – Louis Vuitton” (LVMH) şirkәtinin mәnzil-qәrargahı yerlәşir. 1970–80-ci illәrdә fransız moda prinsiplәri kütlәvi mәhsul istehsalına tәtbiq edildi. Hazır geyim vә qalantereya mallarının mühüm istehsal mәrkәzi Parisdir; tikiş sәnayesinin digәr mәrkәzlәri: Kale, Qoşi, Mua-de-l’En (hәr ikisi Pikardiyada), Jive (Ardenlәr), Bezanson (Franş-Konte), Valans (Rona dәrәsi) vә Albi (Langedok) şәhәrlәri.
Dәri ayaqqabı istehsalı 23,2 mln. cüt (2014) olmuşdur. Ayaqqabı sәnayesi mәrkәzlәri: Paris aqlomerasiyası, hәmçinin Fujer (Bretan), Ruan (Normandiya), Nansi, Şole (Luara Torpaqları), İzer (Alplar), Lion, Bordo, Limoj, Marsel şәhәrlәri, dәri әlcәk istehsalı – Qrenobl (Alp), Vandom, Şomon-sür-Luar (hәr ikisi Mәrkәz-Luara Dәrәsindә), Nyor (Puatu-Şaranta), Sen-Jünyen (Limuzen), Miyo (Cәnub-Pireneylәr) şәhәrlәrindә dәri әlcәk, Parisdә dәri yol çantaları istehsal edilir.
T a m l ı m ә h s u l l a r s ә n a y e s i. İstehsal olunan mәhsulun dәyәrinә görә F. dünyada 7-ci, Almaniyadan sonra Avropada 2-ci, ixracatına görә ABŞ-dan sonra dünyada 2-ci yerdәdir. Ölkәdә şәrab, konyak vә pendir istehsalı inkişaf etmişdir. 20 әsrin son rübündәn başlayaraq ölkә tәdricәn yarımkustar istehsaldan iri sәnaye istehsalına keçir. Bu prosesdә xarici, әsasәn, ABŞ kapitalı (әt mәhsulları, qatılaşdırılmış süd, nişasta, kreker, cem, әdviyyat vә s. istehsalında önәmli yer tutur) mühüm rol oynayır. Aparıcı xarici şirkәtlәr: ABŞ-ın “Kraft Heinz Compnay”, “General Mills”, “Hillshire Brands”, “Borden Milk Products” (Meksikanın “Grupo Lala” şirkәtinin bölmәsi), B.Britaniya-Niderlandın “Unilever” vә İsveçrәnin “Nestlé” şirkәtlәri; әn iri milli şirkәtlәr: “Danone” (süd mәhsulları, uşaq qidası vә mineral su istehsalı), “Savencia Fromage & Dairy” (pendir), “Pernod Ricard” (Fransanın alkoqollu içkilәr istehsal edәn әn iri şirkәti) vә “Nicolas” (şәrab).
Ən mühüm sahәlәr unüyütmә (buğda unu istehsalı 4445 min t, 2012), әt, süd mәhsulları (398 min kәrә yağı, 2013, dünyada 5-ci yer; 1901 min t pendir, ABŞ vә Almaniyadan sonra dünyada 3-cü yer; qeydiyyatdan keçmiş 350-dәn çox ticarәt markası, dünyada 1-ci yerdәdir), meyvә-tәrәvәz konservlәri, şәkәr istehsalı (4337 min t şәkәr, 2014) vә balıq mәhsulları. Qida mәhsulları istehsalı müәssisәlәri bütün ölkә әrazisi üzrә yerlәşir, daha çox әsas k.t. rayonlarında, hәmçinin iri istehlak mәrkәzlәrindә tәmәrküzlәşmişdir. Şәkәr emalı z-dları (o cümlәdәn idxal edilәn xam şәkәr emalı) Paris, Marsel, Bordo, Nant, Strasbur (Elzas) vә Epvildә (Pikardiya) fәaliyyәt göstәrir. Üzüm şәrabı istehsalı tәqr. 4,91 mln. t-dur (2018); Jironda (mәrkәzi Bordodur), Şampan vә Burqundiya şәrabları daha mәşhurdur. Pivә istehsalı 2100 min t-dur (2017); aparıcı şirkәtlәr: “Kronenbourg”, Danimarkanın “Carlsberg”, Niderlandın “Heineken” vә s. Siqaret vә siqar istehsalı 46,5 mlrd. әdәddir (2013); tәqr. 20 tütün f-ki fәaliyyәt göstәrir.
Kәnd tәsәrrüfatı. F. dünyada k.t. mәhsullarının әsas istehsalçısı vә ixracatçısılarından biridir (ABŞ vә Braziliyadan sonra dünyada 3-cü yer); Avropada birinci yerdәdir (aqrar mәhsulun ümumi dәyәrinin tәqr. 1/4-i); buğda, mal әti, meyvә, hәmçinin istridyә, gül vә gül esensiyaları istehsalı önәmli yer tutur. Ölkәnin özünü taxıl vә şәkәr ilә tәminatı 200%-dәn, әt, süd, kәrә yağı vә yumurta ilә tәminatı 100%-dәn çoxdur. Bu, geniş k.t. torpaqlarının olması onların tәbii münbitliyinin yüksәk sәviyyәsi, müasir texnologiyaların fәal tәtbiqi, dövlәtin dәstәyi vә Ai-nin subsidiyaları sayәsindә mümkün olmuşdur. 1962 ildә F. bir sıra saziş imzalayaraq, Aİ-nin vahid aqrar siyasәtinin hәyata keçirilmәsindә iştirakını öhdәsinә götürmüşdür, nәticәdә mәhsul istehsalı hәcminә qoyulmuş sәrt mәhdudiyyәtlәr sәbәbindәn fransız fermerlәr çox vaxt ziyan çәkirlәr.
F. әnәnәvi olaraq, xırda tәsәrrüfatlar (tәqr. 1/2-i öz torpağında) ölkәsidir. 20 әsrin 2-ci yarısından aparılan k.t.-nın modernlәşdirilmәsi nәticәsindә fermaların sayı azalmış, onların orta sahәsi (1980–2010 illәrdә ha-dan 23-dәn 42 ha-ya qәdәr) isә artmışdır, bununla yanaşı tәsәrrüfatların tәqr. 1/2 -i xırda vә çox xırda olaraq qalır (29,1%-nin torpağı 5 ha-dan azdır). Tәsәrrüfatların yalnız 1/3-inin sahәsi 50 ha-dan çoxdur, o cümlәdәn 12,2%-inin sahәsi 100 ha-dır (mәhz onlar k.t. mәhsulu istehsalının 75,7%-ni tәmin edir). Aqrar sektorda k.t. texnikasının müştәrәk istifadәsi, istehsal olunmuş mәhsulun satışı vә s. üzrә kooperativlәr (k.t. müәssisәlәrinin tәqr. 4/5-nü birlәşdirir) geniş yayılmışdır.
İxtisaslaşdırılmış dövlәt orqanları sistemi, hәmçinin bir sıra, әsasәn, sahәvi xarakterli qarışıq cәmiyyәtlәr (Crédit Agricole ixtisaslaşdırılmış kommersiya bankı, İqtisadi vә Sosial İnkişaf Fondu vә s.) vasitәsilә dövlәt k.t. fәaliyyәtini tәnzimlәyir. F. k.t.-nda texnikadan istifadә sәviyyәsinә görә Aİ-dә 1-ci yeri tutur.
K.t. torpaqlarının sahәsi 28,7 mln. ha (2017; ölkә әrazisinin 52,4%-i), o cümlәdәn әkin vә çoxillik bitkilәr 19,1 mln. ha, otlaqlar 9,5 mln. ha tәşkil edir. Rona vә Qaronna çayları dәrәlәrindә suvarılan torpaq sahәlәri daha genişdir. K.t. mәhsullarının ümumi dәyәrindә bitkiçilik 43,3% (2014; o cümlәdәn dәnli bitkilәr – 16,0%, tәrәvәzçilik vә bağçılıq – 9,0%, üzümçülük – 8,5%), heyvandarlıq – 56,7% (әt istehsalı 26,1%, süd – 18,6%, yumurta – 7,7%) tәşkil edir.
Burqundiyada üzüm plantasiyaları.
Əsas dәnli bitkilәr: buğda, qarğıdalı, arpa, tritikala, yulaf, kalış, çovdar vә çәltikdir. Dәnli bitkilәr 9,3 mln. ha-nı tutur (2017); ümumi mәhsul yığımı 68,7 mln. t (dünyada 6-ci yer), o cümlәdәn buğda 36,9 mln. t (5-ci yer), qarğıdalı 14,1 mln. t (9-cu yer), arpa 10,6 mln. t (Rusiya vә Almaniyadan sonra 3-cü yer) tәşkil edir. F. dünyada әn әsas buğda istehsalçısı vә ixracatçılarından (ABŞ vә Kanadadan sonra 3-cü yer) biridir. Buğda, әsasәn, Paris hövzәsindә, qarğıdalı – Akvitaniya ovalığında, arpa – hәr yerdә, çәltik – Rona çayı deltasında becәrilir.
Əsas texniki bitki şәkәr çuğundurudur; onun әkin sahәsi 490 min ha (2018), ümumi yığımı 39,6 mln. t (dünyada 1-ci yerdәdir) tәşkil edir; әsas istehsal mәrkәzlәri: Nor-Pa-de-Kale, Pikardiya vә İl-de-Frans. Yağlı bitkilәr 2,23 mln. ha әrazini tutur (2013), ümumi yığım: raps 4,4 mln. t, günәbaxan 1,6 mln. t, soya 110,3 min t, zeytun 26,8 min t; kәtan lifi istehsalı 83,1 min t (dünyada 1-ci yer) tәşkil edir. Zeytun Aralıq dәnizi sahilindә, uzunlifli kәtan Nor-Pa-de-Kale, Normandiya vә Pikardiyada becәrilir.
Provans bölgәsindә lavanda әkin sahәlәri.
Ümumi kartof yığımı 8,5 mln. t (2017), tәrәvәz 5,5 mln. t (Almaniyadan sonra Avropada 2-ci yer), o cümlәdәn (min t): pomidor 593,2, yerkökü 565,3, kәlәm 434,9, soğan 207,7. Meyvә yığımı 8,2 mln. t-dur (2013; İspaniya vә İtaliyadan sonra Avropada 3-cü yer), o cümlәdәn (min t): alma 1737,5, şaftalı 233,8, gavalı 171,0, armud 148,9, әrik 133,6. Hәmçinin qovun (264,9 min t, 2013), çiyәlәk (55,8 min t), sitrus meyvәlәri (43,4 min t; Aralıq dәnizinin materikә yaxın sahillәrindә vә Korsika a.-nda), qoz (33,7 min t); göbәlәk (104,6 min t) yetişdirilir. Tәrәvәzçilik Rona, Haronna vә Luara çaylarının dәrәsindә, Russilyonda vә Bretanın şm. sahillәrindә k.t.-nın aparıcı sahәsidir.
Ümumi üzüm yığımı 5,0 mln. t (2017), üzümlüklәr tәqr. 1,8 mln. ha tәşkil edir. Əsas üzümçülük rayonları Langedok, Şampan, Burqundiya, Luaranın orta axarı, Haronnanın aşağı axarı vә ona bitişik Qaskon vil., Rona vә Reyn çayının vadilәri (hәr rayon öz üzüm sortlarını yetişdirir). Əsas tütün istehsalı rayonları – Akvitaniya, Elzas vә Mәrkәzi Pireneylәrin öndağlığı. Aralıq dәnizi sahillәrindә әnәnәvi olaraq gül, әsasәn, qızılgül becәrilir.
Mal-qaranın ümumi sayı (mln. baş, 2017): qaramal 19,3 (Aİ-dәki mal-qaranın ümumi sayının 1/4-i – Avropada 1-ci yer), donuz 13,6, davar 6,8, keçi 1; ev quşları 211,7; at 408 min baş tәşkil edir. Qaramal bütün ölkә әrazisindә, lakin әsasәn, Bretan, Normandiya, Nor-Pa-de-Kale, Lotaringiya, Franş-Konte, Mәrkәzi massivin c. hissәsindә vә Alplarda, donuz – Bretan, Normandiya, Elzas, şimal vә cәnub-qәrb rayonlarında yetişdirilir. Südlük qoyunçuluq (qoyun südündәn rokfor pendiri hazırlanır) Mәrkәzi massivin cәnubunda vә Cәnubi Alplarda inkişaf etmişdir. Ət istehsalı tәqr. 6,3 mln. t (2017), süd tәqr. 25,05 mln. t (hәr iki növ üzrә Almaniyadan sonra Aİ-dә 2-ci yer); yumurta 17,2 mlrd. әdәddir.
Balıq ovu 485 min t (2017) tәşkil edir. Balıqçılıq donanmasında tәqr. 7,8 min gәmi var (2017), sahәdә 16,3 min nәfәr çalışır. Əsas balıqçılıq rayonu Atlantika okeanıdır; mühüm balıqçılıq portları: Bulon-sür-Mer (balıq ovunun tәqr. 10%-i), Loryan vә La-Roşel. Sahilyanı dәniz sularında siyәnәk balığı, treska, tunes, sardina, skumbriya, kambala (qalxan balığı) vә gümüşü xek (merluza) ovlanır. İstridyә vәtәgәlәri Arkaşon (Akvitaniya), La-Tramblad, Maren (hәr ikisi Puatu-Şarantada), Kankal (Bretan) şәhәrlәrindә inkişaf etmişdir.
Xidmәt sferası. Sektorlar üzrә strukturu (әlavә dәyәr % ilә, 2010): inzibati xidmәtlәr (dövlәt idarәçiliyi dә daxil olmaqla) 17,1, daşınmaz әmlak әmәliyyatları 17,0, elm vә tәhsil 15,0, ticarәt 14,5, sәhiyyә 11,7, telekommunikasiya xidmәtlәri vә rabitә 7,4, nәql.-logistika xidmәtlәri 6,2, maliyyә xidmәtlәri 5,8, digәr xidmәt növlәri 5,3.
Kapital bazarı operatorları Fransa bankı (ölkәnin Mәrkәzi bankı; 1880; 1803 ildәn әskinaz buraxır; 1945 ildә millilәşdirilmişdir) vә “Euronext Paris” fond birjasıdır (1724; indiki adı 2000 ildәn, Amsterdam vә Brüssel fond birjaları ilә birlәşdikdәn sonra; 1990-cı illәrin sonlarından Lion, Marsel, Lill, Bordo, Nansi vә Nanta fond birjalarını da tәrkibinә qatmışdır). Ən iri kommersiya bankları: BNP Paribas [Banque nationale de Paris (BNP) vә Paribasın birlәşmәsindәn yaranmışdır], Crédit Agricole, Société Générale, Natixis, Crédit Mutuel – Crédit Industriel et Commercial (CIC), La Banque Postale, Groupe BPCE (Banque Populaire vә Caisse d’Epargne birlәşmәsindәn yaranmışdır), Allianz Banque (“Allianz” alman sığorta şirkәtinin bölmәsi), HSBC France (B.Britaniyanın HSBC Holdings şirkәtinin törәmә şirkәti), BRED (әn iri regional bank, 20 bankı özündә birlәşdirmiş Banque Populaire Groupun strukturunda) vә s. özәl, Caisse des Dépôts et Consignacions (İnkişaf bankı) dövlәt vә s.; sığorta şirkәtlәri – AXA, “CNP Assurances”, COFACE (xarici iqtisadi fәaliyyәt risklәrinin sığortalanması), “Euler Hermes” (“Allianz” alman şirkәtinin nәzarәti altında; ixrac olunan kreditlәrin sığortalanması), SCOR (sığorta vә tәkrar sığorta). Ən mühüm maliyyә mәrkәzlәri: şәhәrәtrafı ilә birlikdә Paris (maliyyә müәssisәlәrinin çoxu De-Frans innovasiya işgüzar mәhәllәsindә yerlәşir), Lion vә Strasbur.
Aparıcı telekommunikasiya şirkәtlәri: “Orange”, “Eutelsat” (peyk rabitәsi) vә “Vivendi” (ABŞ şirkәti “Universal Music Group”un bölmәsi; televiziya yayımı, kino istehsalı, sәsyazma, nәşriyyat işi, kompüter oyunlarının işlәnib hazırlanması), pәrakәndә ticarәt sferasındakı şirkәtlәr: “Carrefour”, “Auchan Holding”, “Castorama” (“Steinhoff International” Cәnubi-Afrika şirkәtinin bölmәsi), “Leroy Merlin” (“Group Adeo”nun tәrkibindә).
Xidmәt sferasının әsas bölmәlәrindәn biri turizm biznesidir. 2018 ildә F. tәqr. 90 mln. xarici turist qәbul etmişdir (dünyada 1-ci yer; әn çox turist B. Britaniya, Almaniya vә Niderlanddan gәlir); turizmdәn әldә edilәn gәlirә görә dünyada 4-cü yerdәdir (ABŞ, İspaniya vә Çindәn sonra). Turizmin әsas növlәri: mәdәni-dәrketmә (tarixi, memarlıq vә tәbii görmәli yerlәr), әylәncә (Paris yaxınlığında “Disneyland Paris”, Puatuda Puatye yaxınlığında “Futuroscope”, Luara Torpaqları regionundakı Lez-Epes ş.-ndә “Puy du Fou”, Mets ş. yaxınlığında “Walygator Parc” vә s. parklara, Brestdә “Océanopolis”, Overnidәki Püi-de-Dom ş.-ndә “Vulkania” elmi mәrkәzlәrinә gәzintilәr), әlamәtdar tәdbirlәrlә bağlı (Kann kino festivalı vә s.), dini (Pireneylәrdә Lurd ş. vә s.), çimәrlik (Akvitaniya, Mavi sahil vә s.), idman (o cümlәdәn Alp d.-rında dağ-xizәk idmanı), ekoloji vә s.
Nәqliyyat. Dünyanın әn inkişaf etmiş yerüstü nәql. şәbәkәlәrindәn biri F.-dadır. Nәql. sistemi mәrkәzi Paris olmaqla radial struktura malikdir. Bәrkörtüklü avtomobil yolları şәbәkәsinin uz. 1050,6 min km (2016), onların orta sıxlığı 100 km2-dә 194,9 km-dir; sürәtli avtomagistralların uz. tәqr. 12 min km tәşkil edir. Regional avtomobil yollarının uzunluğuna görә F. Avropada liderdir. Mürәkkәb avtomobil yolları qurğuları: dünyanın әn hündür Miyo viaduku (Cәnub-Pireneylәr; 2004; uz. 2460 m, hündürlüyü 343 m), Havr yaxınlığında Sena çayı üzәrindә Normandiya körpüsü (1995; uz. 2141 m, hünd. 214,8 m), Alp d.-nın Kol-de-l’İzeran aşırımından (hünd. 2770 m) keçәn vә yalnız yayda fәaliyyәt göstәrәn yüksәk dağ yolu. Avtomobil parkı 39,3 mln. vahiddәn (2013), o cümlәdәn 32,2 mln. minik avtomobilindәn (hәr min nәfәrә 499 әdәd) ibarәtdir.
Dünkerk portu.
D.y. şәbәkәsinin uz. 30 min km (2017; 1930-cu illәrdә maksimuma çatmışdır), onun tәqr. 15,6 min km-i elektriklәşdirilmişdir. Bütün d.y.-ları demәk olar ki, “Société nationale des chemins de fer français”(SNCF) dövlәt şirkәtinin idarәçiliyindәdir. 1981 ildәn TGV yüksәksürәtli d.y. şәbәkәsi (elektrik qatarlarının sürәti 320 km/saata çatır) fәaliyyәt göstәrir; Parisi Lion, Marsel, Nitsa, Strasbur. La-Roşel, Tur (Mәrkәz-Luara dәrәsi), Lill, hәmçinin Brüssel vә London ilә әlaqәlәndirir. 1994 ildәn Pa-de-Kale (Kale – Folkston) boğazının altından keçәn tunel F.-nı B.Britaniya ilә әlaqәlәndirir. Metropolitenlәr Paris (1900; 1969 ildәn “Réseau express régional”, RER sürәtli şәhәrәtrafı d.y. nәql. işә salınmışdır), Lion, Marsel, Tuluza, Lill vә Rendә, sürәtli tramvaylar Qrenobl, Nant, Strasbur vә Ruanda; Lilldә isә dünyada ilk avtomatik yüngül “Véhicule automatique léger” (VAL; 1983) metrosu fәaliyyәt göstәrir.
Daxili su yollarının uz. tәqr. 6,7 min km (2018), onun tәqr. 1,6 min km-i subasımı 3 min reg.br.-t-dan çox olan gәmilәr üçün yararlıdır. Əsas su magistralları: Sena (Uazu vә Şimal kanalı vasitәsilә Nor-Pa-de-Kale ilә, Marna vә Marna-Reyn kanalı vasitәsilә Lotaringiya vә Elzas ilә әlaqәlәnir), Mozel (kanallaşdırılmışdır), Rona (En çayının töküldüyü yerdәn aşağı hissәsi gәmiçiliyә yararlıdır) Luara (Roana qәdәr) vә Haronna çaylarıdır. Çaylar bir-birilә vә dәniz sahili ilә kanallar sistemi (ümumi uz. 4,7 min km) vasitәsilә birlәşir. Əsas çay portları: Paris, Strasbur, Ruana vә Lill.
Dәniz nәql., әsasәn, xarici ticarәt әlaqәlәrinә xidmәt edir. Dәniz ticarәt donanmasında 555 (tәqr. 1/2-i mayedaşıyan) gәmi var (2018). Dәniz portlarının ümumi yük dövriyyәsinin tәqr. 90%-i 6 әn iri portun: Marsel (74,8 mln. t, o cümlәdәn tәqr. 1,1 mln. İFE konteyner, 2013), Havr (67,2 mln. t vә tәqr. 2,5 mln. İFE konteyner; ölkәnin әn iri sәrnişindaşıyan dәniz portu), Dünkerk (43,6 mln. t), Nant – Sen-Nazer, Ruan vә Bordonun payına düşür.
Boru kәmәri nәql. 2-ci dünya müharibәsindәn sonra inkişaf etmişdir; neft borularının ümumi uz.tәqr. 2,9 min km (2013), neft mәhsulları boruları tәqr. 5,1 min km, qaz boruları 15,3 min km-dәn çoxdur.
Ən iri milli aviaşirkәtlәr: “Air France” (Fransa-Niderland “Air France-KLM”in törәmә şirkәti) vә “Union de Transports Aériens” (UTA). Hava nәql. vasitәsilә ümumi sәrnişindaşımanın 58%-i vә yük dövriyyәsinin 85%-i Paris aviasiya qovşağının payına düşür. Burada 3 aeroport fәaliyyәt göstәrir: beynәlxalq aeroportlar Şarl-de-Qoll (Ruasi; 63,8 mln. sәrnişin, 2,1 mln. t yük, 2014, Avropada әn irilәrdәn biri) vә Orli, hәmçinin Le-Burje (1977 ilә qәdәr başlıca idi, 1981 ildәn biznes aviasiyasına xidmәt göstәrir; 1908 ildәn dünyanın әn nüfuzlu aviasalonunu keçirir). Digәr iri beynәlxalq aeroportlar Nitsa (12,0 mln. sәrnişin, 2015), Lion (8,7 mln.), Tuluza (7,7 mln.), Müluz (İsveçrәnin Bazel vә Almaniyanın Frayburq-Braysqau ilә müştәrәk; 7,1 mln.), Bordo (5,3 mln.) vә Nantda (4,4 mln.) yerlәşir.
Xarici ticarәt dövriyyәsinin hәcmi 1151,6 mlrd. dollar (2017), o cümlәdәn ixracat 549,9 mlrd. dollar, idxalat 601,7 mlrd. dollar tәşkil edir. İxracatın әmtәә strukturunda maşın vә avadanlıqlar, kimya mәhsulları, polad prokat, k.t. vә tamlı mәhsullar sәnayesi mәhsulları üstünlük tәşkil edir. Əsas ixracat tәrәfdaşları (dәyәri % ilә, 2017): Almaniya (14,8), İspaniya (7,7), İtaliya (7,5) ABŞ (7,2), Belçika (7), B.Britaniya (6,7). Ən mühüm idxal әmtәәlәri: maşın vә avadanlıqlar, mineral yanacaq vә kimya mәhsulları. Əsas idxalat tәrәfdaşları (dәyәri % ilә, 2017): Almaniya (18,5), Belçika (10,2), Niderland (8,3), İtaliya (7,9), İspaniya (7,1), B.Britaniya (5,3), ABŞ (5,2), Çin (5,1).
Azәrb. Resp. ilә F. arasında ticarәt dövriyyәsinin hәcmi 624,722 mln. dollar, o cümlәdәn idxalat 183,05 mln. dollar, ixracat 441,67 mln. dollar, müsbәt ticarәt saldosu 258,62 mln. dollar tәşkil etmişdir (2018).
Silahlı qüvvәlәr
F.-nın silahlı qüvvәlәri (SQ) 215 min nәfәrdir (2015); Quru qoşunları (QQ), HHQ vә HDQ-dәn, hәmçinin mәrkәz tabeliyindәki xidmәt vә müәssisәlәrdәn ibarәtdir. Hәrbilәşdirilmiş hissәlәr 103,4 min nәfәrdir. Ehtiyatda olanların sayı tәqr. 35 min nәfәrdir. Nüvә dövlәti olan F. NATO- nun Avropadakı üzv-dövlәtlәri arasında әn iri SQ-ә malikdir. F.-nın SQ haqqında konsepsiyası “Fransanın müdafiә vә milli tәhlükәsizlik mәsәlәlәrinә dair Ağ kitab”da (2013) әksini tapmışdır. İllik hәrbi büdcәsi 55 mlrd. dollardır (2015). Ali baş komandan olan ölkә prezidenti SQ-yә Müdafiә komitәsi, Ali müdafiә şurası vә Nazirlәr şurası vasitәsilә rәhbәrlik edir. O, milli tәhlükәsizliyin tәmin olunması vә SQ-dәn istifadә, o cümlәdәn nüvә silahının tәtbiqi ilә bağlı әn mühüm qәrarları qәbul edir. SQ-yә ümumi rәhbәrlik hәrbi quruculuq planlarının hәyata keçirilmәsinә, SQ-nin maliyyәlәşdirilmәsinә, hәrbi sursat vә texnika ilә tәchizatına, hәrbi kadrların hazırlanmasına vә şәxsi heyәtin komplektlәş- dirilmәsinә cavabdeh olan müdafiә nazirinә (mülki şәxs) hәvalә edilmişdir. Qoşunların operativ vә inzibati idarәçiliyini SQ-nin qәrargah rәisi hәyata keçirir. F. әrazisi hәrbi-inzibati cәhәtdәn 7 müdafiә zonasına bölünür; dinc şәraitdә bu zonaları dövlәt vә hәrbi idarәçilik orqanlarının birgә fәaliyyәtinin koordinasiyasına cavabdeh olan komandanlar idarә edir. Operativ tәyinatından vә hәll edilәn mәsәlәlәri xarakterindәn asılı olaraq SQ strateji nüvә qüvvәlәrinә (SNQ) vә ümumi tәyinatlı qüvvәlәrә bölünür. SNQ dәniz [48 sualtı qayıq üçün ballistik raket (SQBR) vә 288 nüvә döyüş başlıqları ilә silahlanmış 4 “Triumfan” tipli ballistik raket daşıyan atom sualtı qayığı (BRASQ)] vә hava (52 nüvә döyüş başlıqları ilә silahlanmış 52 “Rafael” F.3 vә “Dassault Mirage–2000N” daşıyıcı tәyyarә) komponentlәri ilә tәmsil olunur. Ümumi tәyinatlı qüvvәlәr SNQ-nin tәrkibinә daxil olmayan QQ, HHQ vә HDQ birlәşmәlәrindәn, bölmәlәrindәn vә hissәlәrindәn ibarәtdir.
SQ-nin әn çoxsaylı növü olan QQ (115 min nәfәr) milli planlar üzrә, hәmçinin NATO, Aİ vә digәr tәşkilatların birlәşmiş qüvvәlәrinin tәrkibindә döyüş әmәliyyatlarının aparılması üçün tәxsis edilmişdir. Tәşkilati baxımdan QQ operativ komandanlıq (NATO-nun cәbhәboyu çevik düzülmә fransız korpusunun qәrargahı), operativ diviziya birliklәrinin 2 qәrargahı, 8 ümumqoşun briqadası, xüsusi tәyinatlı briqada, 2 hәrbi döyüş tәchizatı (kәşfiyyat vә radioelektron mübarizә; idarәetmә vә rabitә) briqadası, arxa cәbhә briqadası, döyüş hazırlığı mәrkәzlәrinin komandanlığı, “Avrokorpus”un cәbhәboyu çevik düzülmә fransız komponenti, mәrkәz tabeliyindә olan bölmәlәr, 5 hәrbi dairә qәrargahı, dәnizaşırı vә xarici әrazilәrdәki bölmә vә hissәlәrdәn ibarәtdir. QQ 250 tank, 1100 sәhra artilleriya topu, minaatan vә yaylım atәşi reaktiv sistemi (YARS), 4300 zirehli döyüş maşını, 2100 tank әleyhinә raket kompleksi (TƏRK), 460 idarәolunan zenit raketlәri buraxıcı qurğusu (İZR BQ) vә daşınan zenit-raket kompleksi (DZRK), ordu aviasiyasının 240 helikopteri vә 190 tәyyarәsi ilә silahlanmışdır.
HHQ-yә (45,5 min nәfәr) 3 komandanlıq (strateji aviasiya, hava әmәliyyatları vә HHM, HHQ aviasiyası vә tәminatı), idarәetmә vә xidmәt orqanları daxildir. Tәşkilati baxımdan 13 döyüş aviasiyası tәyyarә eskadrilyası (nüvә silahı daşıyanlar da daxil olmaqla), 35 yardımçı aviasiya eskadrilyası, 5 helikopter eskadrilyası vә 4 zenit-raket batareyasından ibarәtdir. HHQ 272 döyüş aviasiyası tәyyarәsi, 405 yardımçı aviasiya tәyyarәsi, 85 helikopter (o cümlәdәn 77 döyüş helikopteri), 107 İZR BQ, 62 DZRK, 209 zenit artilleriya topu ilә silahlanmışdır.
HDQ (36,75 min nәfәr) qәrargahdan, strateji dәniz komandanlığından, qüvvәlәrin 4 növünün (sualtı qüvvәlәr, suüstü qüvvәlәr, HDQ aviasiyası, xüsusi tәyinatlı qüvvәlәr) komandanlığından, 5 operativ komandanlıqdan (Atlantika okeanında, Aralıq dәnizindә, La-Manş boğazı, Hind okeanı vә Sakit okean zonalarında), SQ-nin metropoliyadankәnar komandanlıqlarının 6 hәrbi-dәniz komponentindәn, 2 hәrbi-dәniz dairәsindәn (Atlantika dairәsi, Aralıq dәnizi dairәsi), Şerbur hәrbi-dәniz rayonundan, mәrkәzi idarәlәr vә xidmәtlәrdәn ibarәtdir. HDQ 68 döyüş gәmisi (1 aviadaşıyıcı, 4 BRASQ vә s.), 63 döyüş kateri, 48 yardımçı gәmi, 92 tәyyarә (o cümlәdәn 58 döyüş tәyyarәsi), 77 helikopterlә (o cümlәdәn 65 döyüş helikopteri) silahlanmışdır. Hәrbi-dәniz bazaları vә mәntәqәlәri: Tulon, Brest, Şerbur, Loryan.
SQ-nin 2019 ilәqәdәrki әsas inkişaf istiqamәtlәri 2014 ildә qәbul edilmiş SQ-nin islahat proqramında müәyyәnlәşdirilmişdir. Nizami SQ müqavilә әsasında komplektlәşdirilir. Çağırış lәğv edilmişdir, lakin islahat dövründә vәtәndaşların müxtәlif formalarda yerinә yetirәcәklәri milli hәrbi mükәllәfiyyәt saxlanılmışdır. Sıravi vә unter-zabit heyәti tәdris mәrkәzlәrindә, zabitlәr hәrbi mәktәb vә akademiyalarda hazırlanır. Sәfәrbәrlik ehtiyatları 15 mln. nәfәr, o cümlәdәn hәrbi xidmәtә yararlı olanlar 12 mln. nәfәrdir.
Sәhiyyә
F.-da әhalinin hәr 100 min nәfәrinә 319 hәkim (2013), 890 orta tibb işçisi, 70 stomatoloq (2009); hәr 10 min nәfәrinә 64 xәstәxana çarpayısı düşür (2011). Sәhiyyәyә qoyulan ümumi xәrc ÜDM-in 11,7%-ni tәşkil edir (büdcәdәn maliyyәlәşdirmә 77,5%, özәl sektordan maliyyәlәşdirmә 22,5%; 2013). Sәhiyyә sisteminin hüquqi tәnsimlәnmәsi Konstitusiya (1958) ilә; sosial tәminat (2016), mamaların peşә etikası (2016) haqqında qanunlarla; tibbi deontologiya kodeksi (2014) ilә, sәhiyyә (2016), sığorta (2016), әmәk (2016) haqqında qanunlarla hәyata keçirilir. ÜST tәrәfindәn dünyada әn yaxşılarından biri kimi qiymәtlәndirilәn sәhiyyә sistemi, Sәhiyyә Nazirliyi tәrәfindәn idarә olunur, dövlәt sektotu ilә özәl sektoru birlәşdirir. Ölkәdә dövlәt, müstәqil qeyri-kommersiya vә özәl kommersiya xәstәxanaları var. Hәkimlәrin çoxu özәl fәaliyyәt göstәrir, lakin tibbi sığorta sistemindә iştirak edir. Əsas tibbi xidmәti klinikalarda ailә hәkimlәri göstәrirlәr. Dövlәt vә özәl xәstәxanalar milli tibbi sığorta sisteminә daxil edilmişdir vә ümumi büdcәdәn maliyyәlәşdirilir. Ambulator yardım göstәrәn hәkimlәr milli sığorta kassaları ilә bağlanmış müqavilәnin şәrtlәrinә uyğun әlavә haqq alırlar. 1960 ildәn tibbi xidmәtlәr üçün vahid tariflәr tәtbiq edilir. Ölkә әhalisinin 99%-ni әhatә edәn vә icbari sosial tәminat sisteminin bir hissәsi olan milli tibbi sığorta sistemi yaradılmışdır. Tibbi yardımın әhalinin bütün tәbәqәlәrinә maks. әlçatanlığı prinsipi fәaliyyәt göstәrir. Tibbi yardımın göstәrilmәsi hәm dövlәt, hәm dә özәl sektorda işlәyәn istәnilәn ixtisas hәkiminin bütün xәstәlәr üçün bәrabәr әlçatanlığını nәzәrdә tutur. Buna nәzarәti Sәhiyyә Nazirliyi vә Sosial Mәsәlәlәr üzrә Nazirlik hәyata keçirir. İcbari sığorta ilә yanaşı könüllü sığorta (ölkә әhalisinin 85%-i) da mövcuddur. Sәhiyyәyә qoyulan xәrcin tәqr. 75%-i milli tibbi sığorta sisteminin vәsaitlәrindәn, qalan hissәsi qarşılıqlı sığorta tәşkilatları (6,8%), özәl sığorta şirkәtlәri (5%) tәrәfindәn, ümumi vergi (3%-dәn az) vә pasiyentlәrin (tәqr. 13%) vәsaiti hesabına ödәnilir. Zahılara, hamilә qadınlara stasionarda vә hamilәliyin 5-ci ayından sonra ambulatoriyada müşahidә, hәmçinin әlillәrә vә pensiyaçılara tibbi yardım xәrclәri tamamilә tәmin edilir. Cәrrahi әmәliyyatlar 80%, ambulator müalicә vә stomatoloji xidmәtlәr 70%, laboratoriya analizlәri 60%, dәrmanlar isә 16% hallarda ödәnilir. Tibbi xidmәt ödәnişindә pasiyentlәrin payı tәdricәn artır. Son vaxtlar mühacirlәrin axını vә reseptsiz dәrmanların satışının mәhdudlaşdırılması ilә әlaqәdar bir sıra çәtinliklәr (hәkim qәbuluna düşmәk, xәstәxanaya yerlәşdirilmәk, resept almaq vә s. üçün növbәlәr) yaranmışdır. Əsas infeksiyalar: A hepatiti, vәrәm, qrip, İİV (2015). Ölümün әsas sәbәblәri: ürәyin işemik xәstәliyi, Alsheymer xәstәliyi, tәnәffüs orqanları, bağırsaq, süd vәzisi xәrçәngi, aşağı tәnәffüs yolları infeksiyaları, şәkәrli diabet. Əsas kurortları, istirahәt zonaları, qış idmanı mәrkәzlәri: Vişi, Daks, Kurşevel, Mejev, Şamoni, Evian-le-Ben vә s.; kurort rayonları: Mavi sahil, Gümüşü sahil.
İdman
1894 ildә Parisdә Milli Olimpiya Komitәsi tәsis edilmiş vә BOK tәrәfindәn tanınmışdır; 1972 ildә Milli Olimpiya vә İdman Komitәsi kimi yenidәn tәşkil olunmuşdur. F. idmançıları bütün Olimpiya Oyunlarında (1896 ildәn, Afina) iştirak etmişlәr. F. şәhәrlәri beş dәfә olimpiya yarışlarının tәşkilatçısı olmuşdur: iki dәfә Olimpiya Oyunlarının (Paris, 1900; Paris, 1924) vә üç dәfә Olimpiya Qış Oyunlarının (Şamoni, 1924; Qrenobl, 1968; Albervil, 1992). F. idmançıları Olimpiya Oyunlarında (1896– 2016) 212 qızıl, 241 gümüş, 261 bürünc medal qazanmışlar; qılıncoynatma (42, 41,35), velosiped idmanı (41, 27, 23), yüngül atletika (14, 25, 29), atçılıq idmanı (14, 13, 10) vә cüdo (14, 10, 25) tәmsilçilәrinin çıxışları daha uğurlu olmuşdur. Olimpiya Qış Oyunlarında (1924–2014) 31 qızıl, 31 gümüş vә 47 bürünc mükafat qazanılmışdır; әn uğurlu çıxışları dağ-xizәk idmanı (15, 15, 15), biatlon (6, 5, 9), snoubordinq (3, 3, 4), fiqurlu konkisürmә (3, 2, 7), fristayl (2, 4, 6), xizәk ikinövçülüyü (2, 1, 1) nümayәndәlәri etmişlәr. Dәfәlәrlә Olimpiya çempionu olanlar arasında L. Qoden (qılıncoynatma; 4 qızıl, 2 gümüş, 0 bürünc medal), K. d’Oriola (qılıncoynatma; 4, 2, 0), F.Kattyo (qılıncoynatma; 3, 4, 1), R.Dükre (qılıncoynatma; 3, 4, 1), D.Morelon (velosiped idmanı; 3, 1, 1), R.Şarpantye (velosiped idmanı; 3, 0, 0), M.J.Pepek (yüngül atletika; 3, 0, 0), P.Masson (velosiped idmanı; 3, 0, 0), F.Ballanje (velosiped idmanı; 3, 0, 0), F.Russo (velosiped idmanı; 3, 1, 0), J.K.Killi (dağ-xizәk idmanı; 3, 0, 0), T. Estange (kanoedә slalom; 3, 0, 0) vә b. 13 dәfә dünya çempionu әfsanәvi velosipedçi J.Lonqo 7 dәfә Olimpiya Oyunlarında (1984–2008) iştirak etmişdir.
Bir çox irimiqyaslı idman yarışlarının o cümlәdәn Olimpiya Oyunlarının (1896), “Tur de Frans”ın (1903), Qış Olimpiya Oyunlarının (1924), Futbol üzrә dünya çempionatının (1930), Futbol üzrә Avropa çempionatının (1960), “Paris–Dakar” rallisi vә s.-in keçirilmәsi ideyası F.-da yaranmışdır.
F.-da futbol (1904), yelkәnli qayıq idmanı (1907), buzüstü hokkey (1908), launtennis (1913), qılıncoynatma (1913), atçılıq idmanı (1921), şahmat (1924), alpinizm (1932), voleybol (1947) vә s. üzrә beynәlxalq federasiyalar tәsis olunmuşdur. 1.1.2017 ilin mәlumatına әsasәn F. nümayәndәlәri avtomobil idmanı (J.Tod) vә akademik avarçәkmә (J.K.Rollan) beynәlxalq federasiyalarına rәhbәrlik edir.
Komanda idman növlәri – futbol, reqbi, voleybol, basketbol, hәndbol populyardır. F. nümayәndәlәri reqbi (1900), futbol (1984) vә hәndbol (2008, 2012) üzrә Olimpiya Oyunlarının, futbol (1998, 2018) vә hәndbol (1995, 2001, 2009, 2011, 2015, 2017 – kişilәr arasında; 2003 – qadınlar arasında) üzrә dünya çempionatlarının, futbol (1984, 2000), basketbol (2013 – kişilәr arasında; 2001, 2009 – qadınlar arasında), voleybol (2015) vә hәndbol (2006, 2010, 2014) üzrә Avropa çempionatlarının qalibi olmuşlar. Dünya kuboku yarışlarının 3 dәfә finalçısı (1987, 1999, 2011) olan F.-nın reqbi üzrә yığması 25 dәfә Altı Millәt kubokunun qalibi, F. klubları “Stad Tuluzen” (1996, 2003, 2005, 2010) vә “Tulon” (2013, 2014, 2015) reqbi üzrә Avropa çempionlar kubokunun dәfәlәrlә qalibi olmuşdur. F.-nın futbol klubları arasında әn mәşhurları: “Olimpik” (Marsel, 9 dәfә ölkә çempionu, 1993 il Çempionlar liqasının qalibi), “Olimpik” (Lion, 7 dәfә ölkә çempionu), “Monako” (7 dәfә ölkә çempionu, 2004 il Çempionlar liqasının finalçısı), “Reyms” (6 dәfә F. çempionu vә 2 dәfә Avropa çempionlar kubokunun finalçısı, 1956, 1959), “Pari Sen-Jermen” (6 dәfә ölkә çempionu, 1996 il UEFA Kuboklar qaliblәri kubokunun qalibi) vә s. “Olimpik” qadın futbol klubu (Lion) 14 dәfә ölkә çempionu, 3 dәfә Çempionlar liqasının (2011, 2012, 2016) qalibidir. Kişilәr arasında “Pari Volle” (Paris, 2001) vә “Tur” (Tur, 2005), qadınlar arasında isә “RK Kan” (2002, 2003) klubları voleybol üzrә liqa çempionları olmuşdur. F.-nın mәşhur futbolçuları: J.Fonten, R.Kopa, M.Platini, J.P.Papen, A.Jires, L.Blan, D.Deşam, Y.Corkaeff, M.Desayi, D.Jinola, Z.Zidan, T.Anri, D.Trezege, F.Bartez, E.Kantona, K.Mbappe, A.Qrizman, P.Poqba, O.Jiru, U.Loris, S.Umtiti, R.Varan, A.Rami vә b.; mәşqçilәr: M.İdalqo, A.Mişel, J.Ulye, L.Blan, D.Deşam vә b. Tennisçilәr S.Lenqlen, J.Borotra, R.Lakost, A.Koşe, J.Brünyon, yüngül atlet M.Ostermeyer, boksçu M.Serdan, avtoyürüşçülәr S.Löb, A.Prost, velosipedçilәr J.Anketil, B.İno, dağ xizәkçilәri A.Oreye, K.Montiye, M.Quaçel, atçılıq idmanı üzrә P.J. d’Oriola, cüdoçu D.Duye, üzgüçü Y.Anyel, fiqurlu konkisürәnlәr A.Brüne, P.Brüne, Q.Peyzera, biatlonçular R.Puare vә M.Furkad, basketbolçu T.Parker (“San-Antonio Spers”in tәrkibindә 4 dәfә MBA çempionu; F. yığması tәrkibindә Avropa çempionu, 2013), xizәk ikinövçülüyü nümayәndәlәri F.Gi, C.Lami-Şappüi (Olimpiya çempionları vә Dünya kuboku sahiblәri), stolüstü tennisçi J. Sekreten (1977 il dünya çempionu vә 4 dәfә Avropa çempionu, 1976–84), qayaya dırmaşma idmanı üzrә F.Leqran (çәtin hәdәflәrә dırmaşma üzrә 3 dәfә dünya çempionu, 1991, 1993, 1995) vә b. görkәmli atletlәr adlarını dünya idmanı tarixinә yazmışlar.
F. әrazisindә tәqr. 250 ippodrom, o cümlәdәn “Vensen”, “Sen-Klu”, “Dovil”, “Otöy” vә ölkәdә әn qәdim ippodrom olan “Lonşan” fәaliyyәt göstәrir. Hәr il at yarışları mövsümündә 500-dәn çox beynәlxalq mükafat oynanılır; әn nüfuzlusu Zәfәr tağı mükafatıdır (“Lonşan”, 1920 ildәn, 2400 m mәsafәyә, oktyabr ayının 1-ci bazar günü, mükafat fondu 5 mln. avrodan çoxdur); 4 dәfә mükafat alanlar arasında F.-nın әn tanınmış jokeylәrindәn biri İ. Sen-Martendir.
18 әsrdәn etibarәn şahmat F.-da әn populyar oyunlardan biridir. 1718 ildә Parisdә “Rejans” şahmat kafesi açılmışdır. Buraya gәlәnlәr arasında Volter, D.Didro, J.J.Russo, M.Robespyer, Napoleon vә b. dövlәt vә ictimai xadimlәr olmuşlar. 18–19 әsrlәrdә F.A.Filidor, L.Laburdonne, P.Sent-Aman Avropanın әn güclü şahmatçılarından idilәr. 1836–65 illәrdә dünyada ilk şahmat jurnalı “Palamed” buraxılmışdır. Dәfәlәrlә ölkә çempionu olmuş Ş.Şode de Silan dünya çempionatında (1949–50) vә iddiaçıların yarışlarında (1952–61) iştirak etmişdir. F.-da keçirilmiş әn iri şahmat yarışları arasında Paris beynәlxalq turnirlәrini (1867, 1878, 1900), 21-ci Ümumdünya Şahmat Olimpiadasını (Nitsa, 1974), iddiaçılar turnirini (Monpelye, 1985) vә s. qeyd etmәk olar. Qrossmeysterlәr J.Lotye, E.Bakro, M.Vaşye-Laqrav vә b. әn böyük beynәlxalq yarışlarda uğurla çıxış etmişlәr.
19 әsrdәn etibarәn әn populyar xalq oyunlarından biri dә petankdır – kiçik bir sahәdә müәyyәn qaydalar üzrә metal şarların hәdәfә doğru atılması.
Ən böyük beynәlxalq yarışların keçirildiyi idman komplekslәri vә stadionlar: futbol – “Stad de Frans” (1998, Paris; 80 mindәn çox yer), “Velodrom” (1937, Marsel; 67 mindәn çox yer), “Lümyer” (2016, Lion: tәqr 60 min yer), “Pyer Morua”, (2012, Lill yaxınlığında Vilnöv-d’Ask; 50 mindәn çox yer), “Park de Prens” (1897, Paris; tәqr. 48 min yer), “Jerlan” (1920, Li- on; 40 mindәn çox yer), “Bollar Deleli” (1933, Lans; 38 mindәn çox yer), “Joffrua Gişar” (1931, Sent-Etyen; 35,6 min yer), әksәriyyәtindә dünya (1998) vә Avropa (1984, 2016) çempionatlarının yarışları keçirilmişdir. Populyar dağ-xizәk idman komplekslәri vә dağ-iqlim kurortları: “Ro- lan Qarros” tennis stadionu, çoxfunksional “Bersi” idman sarayı (1983), Paradiski, Val d’İzer, Mejev, Şamoni-Mon-Blan, Kurşevel, L’Alp-d’Üez vә s. 1991–2008 illәrdә Never ş. yaxınlığındakı Manyi-Kur avtodromunda “Formula-1” dünya çempionatının 18 Fransa Qran-pri yarışları keçirilmişdir.
Tәhsil. Elm vә mәdәniyyәt müәssisәlәri
Tәhsil müәssisәlәri Milli Tәhsil, Ali Tәhsil vә Elmi Tәdqiqatlar Nazirliyi, elәcә dә Tәhsil üzrә Ali Şura (Nazirlik nәzdindә mәslәhәtçi orqan) tәrәfindәn idarә olunur. Hәrbi vә k.t. üzrә tәhsil müәssisәlәri müvafiq nazirliklәrin sәlahiyyәtindәdir. 1967, 1975, 1989, 1996 illәr qanunverici aktları; Tәhsil kodeksi (2000); Tәhsil haqqında qanun (2005); Mәktәbin modernlәşdirilmәsi (yenidәn yaradılması) haqqındaqanun (2013) tәhsil sahәsindә әsas tәnzimlәyici sәnәdlәrdir. 10 illik icbari tәhsil sisteminә 3 illik mәktәbәqәdәr [analıq mәktәblәri (uşaq bağçaları) vә ya ibtidai mәktәblәr nәzdindә uşaqlar üçün siniflәr], 5 illik ibtidai, natamam orta (4 illik kolleclәr), tam orta (3 illik liseylәr – ümumtәhsil vә ya texniki-peşә) vә ali tәhsil daxildir. Dövlәt mәktәblәrindә tәhsil pulsuzdur. Tәqr. 14% özәl mәktәb fәaliyyәt göstәrir. Uşaqların 99,63%-i mәktәbәqәdәr, 98,85%-i ibtidai, 99,44%-i orta tәhsillә әhatә olunmuşdur (2014, YUNESKO-nun Statistika in-tunun mәlumatlarına әsasәn). Ali tәhsil qısa vә uzun müddәtlidir.
Kiçik saray (Şәhәr İnsәnәt Muzeyi). Paris.
2 il müddәtinә istehsalatın müxtәlif sahәlәri vә xidmәt sferası üçün orta tәhsilli mütәxәssislәr hazırlayan qısa (natamam) ali tәhsil, universitetlәrin texnologiya in-tlarında (1996 ildә tәşkil olunmuşdur) vә ali texniklәr seksiyalarında (1959 ildә bir sıra lisey nәzdindә yaradılmışdır), uzunmüddәtli ali tәhsil isә un-tlәr vә ixtisaslaşdırılmış ali tәhsil müәssisәlәrindә (ali mәktәblәrdә) verilir. Tәlәbәlәrin tәqr. 90%-i un-tlәrdә tәhsil alır. 1968 ildәn un-tlәrin bölünmәsinә başlanılmışdır. Tәqr. 120 min tәlәbәnin tәhsil aldığı Paris Sorbonna un-ti 13 un-tә bölünmüş vә onların çoxu Parisin şәhәrәtrafına köçürülmüşdür. Əyalәt şәhәrlәrindә bir sıra yeni un-tlәr yaradılmışdır. 1968 ildә un-tlәrin strukturu dәyişdirilmişdir: fakültәlәrin әvәzinә tәdris-tәdqiqat birliklәri yaradılmış vә onlara tәdris kurslarının proqram vә metodikasını müәyyәnlәşdirmәk, tәdqiqat işlәrinә rәhbәrlik etmәk, müәllimlәri seçmәk vә s. hüquqlar verilmişdir. Fransada çoxu dövlәt un-ti olmaqla 92 un-t var (2015). Yalnız onların alimlik dәrәcәsi vә adlar vermәk hüququ var. Ali mәktәblәr (300-dәn artıq; 3 illik tәhsil) qәbul şәrtlәri, tәhsilin xarakteri vә mәzunlarına açdıqları imkanlara görә müxtәlifdir. Paris ali mәktәblәrinin bir çoxu un-tlәrlә müqayisәdә daha yüksәk ranqlı tәhsil müәssisәsi hesab olunur: Körpü vә Yollar Milli Mәktәbi (1747), İncәsәnәt vә Sәnәtkarlıq Ali Milli Mәktәbi (1780), Mәdәn Ali Milli Mәktәbi (1783), Ali Normal Mәktәb (1794), Politexnik Mәktәb (1794), Xartiyalar Mәktәbi (1821). F.-nın ali tәhsil sistemindә xüsusi yeri Kollej de Frans tutur. Ölkәdә tәqr. 3 min bәlәdiyyә kitabxanası, 1200-dәn çox muzey fәaliyyәt göstәrir. Əsas elmi müәssisәlәr, ali tәhsil müәssisәlәri, kitabxana vә muzeylәr Bordo, Qrenobl, Lill, Lion, Monpelye, Paris, Strasburq, Tuluza vә s. iri şәhәrlәrdә yerlәşir.
Kütlәvi informasiya vasitәlәri
F. әrazisindә ilk dövri nәşr kardinal Rişelyönün himayәsi ilә T.Renodo tәrәfindәn tәsis olunmuş “La Gazette” (1631–1915) idi. 1777 ildә Parisdә ilk gündәlik “Journal de Paris” qәzeti buraxılmışdır. Fransa inqilabı (18 әsr) vә Maarifçilik dövrü çap mәh- sullarının artmasına sәbәb olsa da, 19 әsrin 1-ci yarısında mәtbuat azadlığı kәskin şәkildә mәhdudlaşdırılmış vә bu hal 29.7.1881 ildәdәk davam etmişdir. 1835 ildә “Havas” ilk xәbәr agentliyi tәsis olunmuşdur. 19 әsrdә iri informasiya nәşrlәri meydana çıxmışdır: “La Presse” (1836– 1935), “Le Siècle” (1836–1932), “Le Matin” (1882–1944), “Le Petit Parisien” (1876–1944). Birinci dünya müharibәsinin başlanması ilә әlaqәdar tәtbiq olunan senzura (5.8.1914) 1919 ildә lәğv edilmişdir. 1944 ildә “Le Monde” qәzetinin nәşrinә başlanılmışdır. 2002 ildә ilk pulsuz çoxtirajlı “Metro” gündәlik nәşri buraxılmışdır. Ən iri nәşrlәr: “Le Figaro” (tirajı tәqr. 300 min nüsxә), “Le Monde” (tәqr. 260 min nüsxә), “L’Équipe” (tәqr. 220 min nüsxә). Radio verilişlәrinin 1921 ildәn (Radio Tour Eiffel dövlәt, Radio-Paris özәl), televiziya verilişlәrinin daimi әsaslarda yayımına (1938 ildәn) başlanılmışdır. Hazırda televerilişlәrin yayımı 6 şirkәt tәrәfindәn aparılır; әn irilәri: özәl “Groupe TF1” (“Bouygues” şirkәtinә mәxsusdur) vә dövlәt “France Télévisions” şirkәtlәridir. Agence France-Presse (1944) F.-nın әn iri xәbәr agentliyidir.
İctimai elmlәr
F ә l s ә f ә. F.-da fәlsәfi fikir tarixi orta әsrlәr dövründәn başlayır. Patristika mәrhәlәsindә can haqqında ilahiyyat tәlimlәrini Hilari Piktavili (4 әsr) vә Klod Mamert (5 әsr) inkişaf etdirmişlәr. “Karolinqlәr intibahı”nın ilhamvericisi vә әn görkәmli nümayәndәsi İngiltәrәdәn dәvәt olunmuş Alkuin idi; o, üç üqnum haqqında әsәrin müәllifidir. İoann Skot Eriugena II Karlın sarayında fәaliyyәt göstәrirdi. Neoplatonizm әnәnәlәrini 12 әsrdә Şartr mәktәbinin nümayәndәlәri (Bernard Şartrlı, tәqr. 1130 ildә ölmüşdür, Gilyom Konşlu, Hilbert Porretanlı, Tyerri Şartrlı) inkişaf etdirirdilәr. Mistik cәrәyan Bernard Klervoskinin, Senviktor mәktәbi nümayәndәlәrinin (Huqo Sen-Viktorlu, Rişar Sen-Viktorlu) әsәrlәrindә әksini tapmışdır. Panteist konsepsiyanı David Dinanlı (1160–1217) irәli sürmüşdür.
Orta әsrlәr dünyagörüşü üçün әsas problemlәrdәn biri olan universalilәr haqqında mübahisәdә nominalizm [İ.Rosselin, Durand Sen-Pursenli, Pyotr Aureoli (tәqr. 1280–1322) ilә realizm (Gilyom Şampolu, Bernard Şartrlı vә b.) arasında qarşıdurma yarandı; P.Abelyarın konseptualizmi hәr iki mövqeyin ifrat fikirlәrini aşmaq cәhdi idi. 13 әsrdә Paris Un-ti Avropanın әn mühüm tәhsil mәrkinә çevrildi, Aleksandr Helsli, R.Bekon, Duns Skot, Böyük Albert, Foma Akvinalı, Henri Gentli vә b. görkәmli mütәfәkkirlәr burada tәhsil alır vә dәrs deyirdilәr. Paris averroizminin nümayәndәlәri (Siger Brabantlı, Boesi Dakiyalı) özlәrinin müәllimlik fәaliyyәtindә “ikili hәqiqәt” nәzәriyyәsindәn çıxış edirdilәr. Okkamizm tәrәfdarları (Nikolay Orem, Nikolay Otrekurlu) sxolastik aristotelizmә müxalif baxışlar irәli sürürdülәr.
İntibah dövründә sxolastik ideyalar şübhә altına alındı. Skeptisizm böyük tәsirә malik oldu (M.Monten, P.Şarron), J.Bodenin irәli sürdüyü dövlәt quruluşu konsepsiyası geniş yayıldı. E. de La Boesi (1530– 63) siyasi sahәdә “könüllü kölәliyin” tәnqidi ilә çıxış etdi. J.Lefevr d’Etapl (tәqr. 1450–1536) hәqiqi aristotelizmi bәrpa etmәk üçün onu xristian ehkamçılığı ilә birlәşdirmәyә vә sxolast tәfsirlәrdәn tәmizlәmәyә çalışır, P. de la Rame isә Aristotelin bütün dediklәrini yalan adlandırırdı.
Erkәn Yeni dövr fәlsәfәsi çox cәhәtdәn onun banilәrindәn biri, dualist metafizikanın vә Kainatın mexanistik nәzәriyyәsinin yaradıcısı R.Dekartın tәsiri altında idi. Karteziançılıq çәrçivәsindә Dekartın fiziki tәliminın [J.Roqo (1620–72), P.S.Reji (1632–1707), B. de Fontenel (1657–1757)], metodologiyasının [A.Arno (1612–94), P.Nikol (1625–95)], metafizikasının [N.Malbranşın (1638–1715) okkazionalizmi] inkişafına cәhdlәr edildi. P.Qassendi “ümumi qәbul olunmuş fәlsәfә” kimi aristotelizmin inkarı vә xristian dini ilә әlaqәlәndirmәyә çalışdığı epikürçülük irsinin müdafiәsi ilә çıxış etdi. B.Paskal karteziançı “әqli dәlillәr”ә qarşı “ürәk mәntiqini”ni qoyur vә özünün antropoloji konsepsiyasında insanın böyüklüyünün vә miskinliyinin paradoksal vәhdәtini vurğulayırdı. Dövrün әn nüfuzlu katolik mütәfәkkirlәrindәn biri olan J.B.Bossüe dünya tarixinin providensial izahını vә Bibliya mәtnlәrinә istinadәn mütlәqiyyәtin nәzәri әsaslandırmasını tәqdim etdi.
Dini dözümlülük tәrәfdarı olan, dini vә fәlsәfi ehkamçılığa qarşı çıxan P.Beylin skeptisizmi 18 әsr fransız maarifçilyinin sәlәfi oldu. Fransada D.Lokkun vә İ.Nyutonun ideyalarını, hәmçinin antiklerikal tәmayüllü deizm dini-fәlsәfi doktrinasını yayan Volter idi. Ş.L.Monteskyö hakimiyyәt bölgüsü prinsipini irәli sürür vә coğrafi determinizm konsepsiyasını inkişaf etdirirdi. D.Didro vә J.D’Alamberin “Ensiklopediya”sında mәdәniyyәtin müxtәlif sahәlәrindә bәşәriyyәtin nailiyyәtlәrinin sistematik toplu kimi tәqdim olunması “әnәnәvi düçüncә tәrzini” dәyişmәk, cәmiyyәtin ağıl vә әdalәt әsasında yenidәn qurulmasını hazırlamaq mәqsәdini güdürdü. Varlığın izahındakı naturalizm idrak nәzәriyyәsindә (E.B. de Kondilyak vә b.) vә etikada (K.A.Helvetsi) sensualzimlә tamamlanırdı. Materializm vә ateizm tәrәfdarlarının (J.Melye, J.O. de Lametri, Didro, Helvetsi, P.A.Holbax) әsәrlәrindә dünyanın mexanistik mәnzәrәsi şәrh olunur, fitri ideyalar, cisimsiz can vә s.-in mövcudluğu inkar edilirdi. J.J.Russo sivilizasiyanı vә onun institutlarını tәnqid edir, әzәli “tәbii hal” kimi bütün insanların bәrabәrliyini ideal sayırdı. Volterin rasionalizminin vә ensiklopediyaçıların materializminin әleyhinә olan Russo “tәbii din”in әsaslandırılmasında әsas rolu hissә ayırırdı. Bәşәriyyәtin inkişafının hüdudsuz tәrәqqisi ideyası M.J.Kondorsedә geniş şәrhini tapdı. Maarifçilәrin fәlsәfәsi bir çox cәhәti ilә (xüsusilә Russonun ictimai müqavilә konsepsiyası) 18 әsr Böyük Fransa İnqilabının ideologiyasını müәyyәnlәşdirdi. 18 әsr mütәfәkkirlәrinin elan etdiklәri dәyәrlәr (insanın ayrılmaz hüquqları kimi azadlıq, bәrabәrlik, mülkiyyәt hüququ) sonralar hәm siyasi liberalizm, hәm dә sosializm ardıcılları tәrәfindәn inkişaf etdirildi.
19 әsrdә konsulluq vә birinci imperiya dövründә “ideoloqlar” mәktәbi [A.L.K.Destüt de Trasi (1754–1836), P.J.J.Kabanis (1757–1808), K.F.Volney (1757–1820)] üstün mövqe qazandı. Ənәnәçilik nümayәndәlәri (J. De Mestr, L.Q.A.Bonald, F.R. de Lamenne) maarifçilәrin irsinin tәnqidi vә xristian dininin müdafiәsi ilә çıxış etdilәr. Spiritualizm 19 әsr fransız fәlsәfәsinin (o cümlәdәn universitet tәdrisindә) nüfuzlu cәrәyanlarından birinә çevrildi [P.P.Ruaye-Kollar (1763–1845), V.Kuzen, T.S.Juffrua (1796–1842), P.A.R.Jane (1823–99), J.Q.F.Ravesson (1813–1900), J.Laşelye (1832–1918), E.Butru]. Bu әsrin әn aparıcı fәlsәfi cәrәyanlarından biri olan pozitivizmin nümayәndәlәri [O.Kont, E.Littre, İ.Ten, P.Laffit (1823–1893)] özlәrindәn әvvәlki metafizikanın vә teologiyanın bütün formalarını köhnәlmiş hesab edir vә cәmiyyәtin elm әsasında transformasiyası proqramını irәli sürürdülәr. Sosialist utopiyasının yaradıcıları (K.A. de Sen-Simon, Ş.Furye, B.P.Anfanten (1796– 1864), S.A.Bazar (1791–1832), T.Dezami (1808–1850) sosial münasibәtlәri әdalәt prinsipi әsasında yenidәn qurmağa çağırır vә bunu ictimai mülkiyyәtin yayılması ilә әlaqәlәndirirdilәr. P.J.Prudon mülkiyyәt anlayışının özünü şübhә altına alırdı. J.Ged (1845–1922) vә P.Lafarq marksizmi tәbliğ edirdilәr. J.Jores sosializmin görkәmli nәzәriyyәçisi idi. İ.Kant fәlsәfәsinin yenidәn izahı tәnqidi rasionalizm mәktәbinin [O.Qamelen (Amlen; 1856–1907), L.Brünsvik (1869–1944)] yaradıcısı olan Ş.Renuvye neokritisizminin әsası oldu.
20 әsrin astanasında protestant (O.Sabatye, 1839–1901) vә katolik [M.Blondel, E.Lerua (1870–1954), A.Luazi (1857–1940), L.Labertonyer (1860–1932)] modernizminin müxtәlif formaları yarandı. A.Berqsonun intuitivizmi vә tәkamül prosesi konsepsiyası Avropa mәdәniyyәtinin bir çox sahәlәrinә әhәmiyyәtli tәsir göstәrdi. F. Le Dantekin (1869–1917), A.Lalandın, P. Teyyar de Şardenin әsәrlәrindә bu konsepsiyanın müxtәlif versiyaları tәqdim olundu. Elm fәlsәfәsi A.Puankarenin, P.Düemin (1861–1916), E.Meyersonun (1859–1933), E.Mesjerin (1889–1944), J.Kangilemin (1904–95), Q.Başlyarın, A.Koyrenin әsәrlәrindә inkişaf etdirildi. J.Sorel anarxo-sindikalizmin әsaslandırılması ilә çıxış etdi. “Ruh fәlsәfәsi” [L. Lavel (1883–1951), R. Le Senn (1882–1954)] yenilәnmiş katolik fәlsәfәsi mәcrasında meydana gәldi, J.Mariten vә E.A.Jilson neotomizmin liderlәri oldular. Fransız personalizmi [E.Munye, J.Lakrua, M.Q.Nedonsel (1905–76), Q.Madinye (1895–1958), J.M.Domenak (1922–97)] üçün sosial fәaliyyәtә yönәlmә sәciyyәvidir. Neohegelçilik [A.Kojev, J.Val (1888– 1974), J.İppolit] hәm ateist (J.P.Sartr, A.Kamyu), hәm dә dini (Q.Marselin “neosokratçılığı”) variantlarda inkişaf edәn fransız ekzistensializminin mәnbәlәrindәn biri oldu. Q.Berje (1896–1960), M.Merlo-Ponti, M.Düfren (1910–95), E.Levinas (1905–95) fenomenologiya problematikasını inkişaf etdirirdilәr. Əxlaqi problematikaya hәsr olunmuş esseistika (Alen, E.Çoran) yayılmağa başladı. A.Lefevr (1901–91), J.Politser (1903–42), R.Qarodi (1913–2012), L.Sev (d. 1926) marksizm ideyalarını, L.Qoldman (1913–70) vә L.Altüsser (1918–90) neomarksizmin müxtәlif versiyalarını yayırdılar. Bir qrup mütәfәkkir (K.Levi-Stros, R.Bart, M.Fuko, J.Lakan vә b.) öz әsәrlәrindә bu vә ya digәr dәrәcәdә strukturalizm prinsiplәrindәn istifadә edirdi. Tarix fәlsәfәsi E.Breyenin (1876– 1952), A.Quyenin (1898–1994), M.Gerunun (1891–1976), F.Alkyenin (1906–85) әsәrlәrindә әksini tapdı. “Yeni filosoflar” [A.Qlüksman (1930–2015), B.A.Levi (d.1948)] totalitarizmin ideoloji mәnbәlәrinin tәnqidi ilә çıxış etdilәr. 20 әsrin 2-ci yarısında yaranmış bir sıra konsepsiyalar postmodernizmә, yaxud poststrukturalizmә [J.Derrida (1930–2004), J.Delöz (1925– 95), F.Qvattari, J.F.Liotar, J.Bodriyyar (1929–2007], F.Laku-Labart, J.L.Nansi, Y.Kristeva) aiddir. P.Rikör fenomenologiya vә hermenevtikanın müxtәlif aspektlәrinin geniş sintezini hәyata keçirdi. Metafizik problemlәrdәn uzaqlaşan müasir fransız fәlsәfәsi әsas diqqәtini siyasi, etik, antropoloji mәsәlәlәrә yönәldir.
S o s i o l o g i y a. Fransız sosiologiyasının inkişafında әn mühüm mәrhәlә ilk dәfә “sosiologiya” terminini tәtbiq etmiş O.Kontun sistemi idi. 19 әsrin 2-ci yarısında sosiologiyada mühafizәkar cәrәyana F. Le Ple (1806–82) başçılıq edirdi. A.Qobino (1816–82) vә onun davamçısı J.V.Lapuj (1854–1936) rasizm ideyalarını irәli sürdülәr. 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә sosiologiyada 4 әsas cәrәyan formalaşdı. Birincisi “La science sociale” jurnalı (әsası 1886 ildә qoyulmuşdur) әtrafında qruplaşan vә Le Plenin ideyalarını inkişaf etdirәn “sosisal elm” mәktәbi idi. 2-ci cәrәyanı F.-da çıxan “Revue internationale de sociologie” (әsası 1893 ildә qoyulmuşdur) jurnalının әmәkdaşları vә “Beynәlxalq sosiologiya in-tu”nun [әsasını 1993 ildә R.Vorms (1869–1926) qoymuşdur] üzvlәri tәmsil edirdilәr. Bu qruplar arasında 2 nәzәri tәmayül üstünlük qazanmışdı: cәmiyyәti bioloji orqanizmә bәnzәdәn orqanisizm (R.Vorms, A.Felye) vә sosial proseslәri psixi proseslәrin bir növü, sosiologiyanı isә psixologiyanın bir hissәsi kimi nәzәrdәn keçirәn psixologizm (Q.Tard (1843–1904), Q.Rişar, Q.L.Düpra vә b.). 3-cü cәrәyan tomizm tәrәfdarı olan “katolik sosioloqlar” (O.Aber, S.Depluaj, J.Leqran vә b.) idi. 4- cü cәrәyan E.Dürkheymin әsasını qoyduğu fransız sosioloji mәktәbidir (M.Moss, M.Halbvaks, F.Simian, S.Buqle, J.Davi, P.Fokonne). “L’ Annee sociologique” jurnalı (әsası 1898 ildә qoyulmuşdur) әtrafında qruplaşmış bu mәktәb 1930-cu illәrәdәk sosiologiyada üstün mövqelәrdә olmuşdur.
2-ci dünya müharibәsindәn sonra fransız sosiologiyasında aparıcı yeri empirik tәdqiqatlar tuturdu. 50–70-ci illәrdә sәnaye sosiologiyası vә әmәk sosiologiyası (J.Fridman, P.Navil, A.Turen, J.D.Reyno), siniflәr vә sosial tәbәqәlәr (K.Düran, M.Krozye, S.Malle), urbanizasiya (P.A.Şombar de Lov, R.Ledrü), kәnd (A.Mandra), siyasәt (R.Aron, M.Düverje, J.Meyno, J.Ellül), tәşkilat (M.Krozye), tәhsil (P.Burdye, J.K.Passerson, V.İzamber-Jamati), ailә (A.Mişel, A.Jirar), kütlәvi kommunikasiyalar (J.Kaznev, E.Moren, Fridman), ictimai rәy (J.Stösel), әhali (A.Sovi), sosial proqnozlaşdırma (J.Furastye, B. de Juvenel), incәsәnәt vә әdәbiyyat (L.Holdman, R.Eskarpi, P.Frankastel, J.Düvinyo), asudә vaxt (J.Dümazedye), inkişaf etmәkdә olan ölkәlәr (J.Balandye, F.Perru) sosiologiyası sahәlәrindә tәdqiqatlar aparılmışdır. Sosioloji metodologiya sahәsini Burdye, Pas-
serson, J.K.Şamboredon, R.Budon işlәmişlәr.
50–60-cı illәr sosiologiyasında “vahid sәnaye cәmiyyәti” apologetik konsepsiyası (Aron, Perru vә b.), J.Qurviçin “mikrososiologiya”sı vә texnoloji determinizm (Furastye) әn mühüm cәrәyanlar idi. 60–70-ci illәrin ayrıcında “postsәnaye cәmiyyәti” konsepsiyası (Turen) yarandı. “Sosiopsixoanaliz” nümayәndәlәrinin (J.Mandel vә b.) әsәrlәrindә Z.Freydin bәzi ideyaları işlәndi. Empirik tәdqiqatlara vә xüsusi nәzәriyyәlәrә tәsir göstәrәn ümumi nәzәri-metodoloji tәmayül qismindә struktur-funksional analiz çıxış edirdi.
E.Husserlin, M.Şelerin vә A.Berqsonun fenomenologiyası cәmiyyәtlә fәrdi şüur arasında dialektik münasibәtlәri daxil etmәklә Dürkheymin sosiologiyasını genişlәndirmәyә imkan verdi. J.Ştetsel sosial-psixoloji әnәnәni davam etdirdi, onu ictimai rәyin tәdqiq olunmasının amerikan metodları ilә birlәşdirdi. M.Krozye tәşkilati problemlәrin, bürokratiya fenomeninin, R.Bud sosiologiyanın formal-mәntiqi vә metodoloji aspektlәrinin öyrәnilmәsinә diqqәti yönәltdi.
P s i x o l o g i y a. F.-da psixoloji fikir fәlsәfә ilә yanaşı, psixiatriyanın vә nevrologiyanın [F.Pinel (1745–1826), J.Şarko (1825–93)] tәsirini hәmişә hiss etmiş vә bu tәsir fransız psixologiya elminin ilk böyük nümayәndәsi T.Ribonun (19 әsrin sonu – 20 әsrin әvvәllәri) әsәrlәrindә üzә çıxmışdır. P.Janenin diqqәt mәrkәzindә şәxsiyyәt vә onun fәaliyyәti problemi dururdu. Psixi pozğunluq vә hipnoz problemlәri ilә ilkin dövrdә A.Bine mәşğul olmuş, şagirdlәrin әqli inkişaf sәviyyәsini müәyyәnlәşdirәn testlәri ixtira etmәklә (Bine–Simon şkalası) psixodiaqnostikada müasir metodların işlәnib hazırlanmasına mühüm töhfәlәr vermişdir. Əsasәn sensor proseslәri öyrәnәn B.Burdon, emosiyaları, tәfәkkürü, iradi aktları tәdqiq edәn J.Düma 19 әsrin sonları – 20 әsrin әvvәllәrindә eksperimental psixologiyanın tanınmış nümayәndәlәri idilәr. Psixofiziologiya sahәsindә sinir-psixi funksiyaları geniş kontekstdә orqanizmin bioloji tәkamülü kimi şәrh edәn A.Pyeron vә davamçıları (A.Fessar vә b.) xüsusilә fәrqlәnirdilәr. P.Fresin әsas işlәri zaman qavrayışına hәsr olunmuşdu. J.Politser psixologiyaya marksist ideyaları tәtbiq edirdi. Psixika haqqında dialektik-materialist tәlim uşaq vә genetik psixologiyanın böyük nümayәndәsi A.Vallonun yaradıcılığına da tәsir göstәrmişdir. 2-ci dünya müharibәsindәn sonra İ.Meyerson psixologiyaya tarixilik prinsiplәrinin nüfuz etmәsi ideyaları ilә çıxış etmişdir. F.-da psixologiyanın müxtәlif sahәlәri (tibbi, sosial, uşaq, mühәndis) uğurla inkişaf edir.
H ü q u q e l m i. F.-da hüquq elmi milli mәdәniyyәtdә vә ictimai elmlәr sistemindә әnәnәvi olaraq mühüm yer tutur. 13 әsrdә formalaşmış hüquq tәdqiqatları 3 istiqamәtә ayrılırdı: 1) adәt hüququnun sistemlәşdirilmәsi vә interpretasiyası (mәs., F. de Bomanuarın “Bovuazinin kutyumları” toplusu); 2) un-tlәrdә Roma hüququnun qlossatorların vә postqlossatorların әnәnәlәri әsasında öyrәnilmәsi; 3) kanonik hüququn işlәnib hazırlanması vә sistemlәşdirilmәsi. 14–16 әsrlәrdә bir çox müәlliflәr (J. Buiye, Ş. dyu Mulen, A. Lauzel vә b.) adәt hüququnun öyrәnilmәsi ilә mәşğul olmuşlar. F. Burjonun “Prinsiplәr kimi ifadә edilmiş Fransa ümumi hüququ vә Paris adәtlәri” (1747) kitabı daha çox tanınmışdı. Roma hüququnun öyrәnilmәsi sahәsindә özünәmәxsus humanist mәktәb formalaşmışdı. Roma hüququnu bütün sonrakı әlavәlәrdәn tәmizlәmәklә bәrpa etmәyi qarşısına vәzifә qoyan bu mәktәbin әn görkәmli nümayәndәlәri J.Kyujas (Kuyasi, 1522–90) vә X. Dono (Donellus, 1527–91) idi. 14–16 әsrlәrdә adәt hüququ ilә Roma hüququnun öyrәnilmәsi vahid cәrәyanda birlәşsә dә, legistlәrә (bir qayda olaraq kral hakimiyyәti tәrәfdarları olan dünyәvi Roma hüququ ardıcılları) vә dekretistlәrә (kanonik hüququn ardıcılları) bölünmә saxlanırdı. Dövlәt hüququ elminin mühüm anlayışlarından olan suverenlik anlayışını irәli sürmüş J.Boden dә legistlәr sırasına aid edilә bilәr.
17 әsrdә F.-nın bütün un-tlәrinin hüquq fakültәlәrindә Fransa hüququ tәdris edilmәyә başlandı, “Fransa hüququ professoru” titulu tәsis edildi. R.Potye (18 әsrin әvvәllәrindә Napoleon kodeksinin hazırlanmasında istifadә olunmuş “Öhdәçilik hüququ kursu”, 1761–64) Fransa hüququnun ilk prof.-larından olmuşdur.
F.-da mütәrәqqi hüquq fikrinin inkişafında 18 әsr fransız maarifçilәri (Volter, Monteskyö, Didro, Russo, Helvetsi, Holbax vә b.) böyük rol oynamışlar. Maarifçilik ideoloqları öz sosial fәlsәfәlәrinin tәmәl müddәalarını – insanın vә vәtәndaşın ayrılmaz hüquqları ideyasını (bax Tәbii hüquq), insanların idarәçiliyini qanunların idarәçiliyi ilә dәyişmәk kimi antimütlәqiyyәtçi tәlәbi tәsbit etmәklә dövlәt quruculuğunun, hüquq yaradıcılığının, әdalәt mühakimәsinin, hüquqi mәsuliyyәtin bir sıra mühüm demokratik prinsiplәrini işlәyib hazırlamış vә bunlar Böyük Fransa inqilabı qanunvericiliyinin fәaliyyәtdә olan hüquqi prinsiplәrinә çevrilmişdi. Fransa inqilabının bir çox xadimlәri hüquqşünaslıq sahәsindә tәdqiqatlar aparmışlar [mәs., J.P.Maratın “Cinayәt qanunvericiliyi planı” (1780), J.P.Brissonun “Cinayәt qanunları nәzәriyyәsi” (1781) әsәrlәri vә s.].
19 әsrin 1-ci yarısında hüquq elmindә pozitivizm möhkәmlәndi. Bu mövqedә, әsasәn, Fransa mülki mәcәllәsinin (1804) şәrhi ilә mәşğul olan ekzegezlәr dayanır, un-tlәrdә hüququn tәdrisi dә bu istiqamәtdә aparılırdı. Ekzegezlәr mәktәbinin әn görkәmli nüiayәndәlәri A.Düranton, Ş.Obri, Ş.Ro, Ş.Demolomb, V.Markade vә b. idi. Pozitivist prinsiplәr eyni zamanda cinayәt hüququ (bax Klassik cinayәt hüququ mәktәbi), inzibati vә dövlәt hüququ [liberalizm ideyalarını әks etdirәn hüquq mәktәbi (L.Mişu, Q.Jeze, A.Esmen, R.Karre de Malterq vә b.)] fәnlәrindә dә hakim idi. 19 әsrin sonlarına yaxın ekzegezlәr mәktәbi әhәmiyyәtini itirsә dә, 20 әsrdә bir çox “klassik” kurslar (mәs., M.Planiolun, J.Riperin, Kolen – Kapitanın, L.Jüllio de la Morandyerin mülki hüquq kursları) hәmin әnәnәni davam etdirdi.
19 әsrin sonu – 20 әsrin başlanğıcında hüquq elmindә istiqamәt dәyişikliyi baş verdi vә pozitivizm üçün sәciyyәvi olan qanun kultu sәrbәst mәhkәmә mülahizәlәri tәlәbi – sәrbәst hüquq mәktәbi (F.Jeni, J.Krüe, R.Saleyl vә b.) ilә әvәzlәndi. Sosioloji tәmayüllü hüquq elmi L.Düginin, A.Oriunun (bax hәmçinin İnstitusionalizm), mülki hüquq isә Q.Morena, R.Savatye vә b.-nın әsәrlәrindә әks olunmuşdur.
Müqayisәli hüquqşünaslıq F.-da digәr Qәrb ölkәlәrinә nisbәtәn daha erkәn inkişaf etmişdi (Müqayisәli qanunvericilik cәmiyyәti 1869 ildә yaradılmışdır); 20 әsrin 1-ci yarısında bu cәrәyanın әn tanınmış nümayәndәlәri R.Saleyl vә E.Lamber, 20 әsrin 40–60-cı illәrindә isә R.David olmuşlar.
2-ci dünya müharibәsindәn sonra Fransada hüquq elmi sosiallaşmağa vә siyasilәşmәyә başladı. Sosiologiyanın vә konstitusiya hüququnun ayrıcında formalaşmış yeni siyasәtşünaslıq elmi hüquq elminә vә onun tәdrisinә siyasi xarakter verdi (M.Düverje, J.Bürdo, A.Oriu vә b.). Beynәlxalq ümumi hüquq vә beynәlxalq münasibәtlәr kimi fәnlәrdә dә analoji proses getdi (K.Kolar vә b.). Əmәk hüququ (J.Lion-Kan, Q.Kamerlink, A.David vә b.) fәallaşdı, inzibati hüququn (M.Valin, J.Vedel, J.Rivero, P.Davin, Q.Breban vә b.) әhәmiyyәti artdı. Cinayәt hüququ sahәsindә (J.Pinatel, P.Burza) kriminologiyaya diqqәt güclәndi; M.Anselemin inkişaf etdirdiyi özünәmәxsus yeni sosial müdafiә konsepsiyası formalaşdı (bax hәmçinin “Sosial müdafiә” nәzәriyyәsi). Ümumi hüquq nәzәriyyәsi vә hüquq fәlsәfәsi sahәsindә neotomizmin tәsiri güclü idi; hüquq sosiologiyası J.Qurviçin, L.Levi-Brülün, J.Karbonenin әsәrlәri ilә tәmsil olunurdu.
D i l ç i l i k. F.-da dilçiliyin elm kimi tәşәkkülü 16 әsrә aiddir. Bu dövrdәn ölkәnin milli dili ilә yanaşı digәr dillәr dә öyrәnilmәyә başlanmış, ilk ikidilli lüğәtlәr vә qrammatikalar hazırlanmış, dillәrin tәsnifatına ilk cәhdlәr edilmiş (J.Skaliger, 1599), latın (J.Dübua, 1531) vә fransız (L.Meqre, 1550) dillәrindә fransız dilinin ilk qrammatikaları nәşr edilmişdir. Dil mәsәlәlәri iki aspektdә öyrәnilmişdir: normativ vә müqayisәli. 17–18 әsrlәrdә fransız dilinin tәdqiqinә (K.F.Vojla, N.Boze, S.Dümarse, E.Kondilyak, J.Niko), fransız dilinin etimologiyası vә tarixinә (J.Menaj), dilin mәnşәyinin fәlsәfi mәsәlәlәrinә (J.J.Russo, D.Didro) maraq güclәnmişdir. 19 әsrin әvvәllәrindә sanskrit, Qәdim Misir, әrәb vә başqa dillәrin, hәmçinin roman dillәrinin müqayisәli tәdqiqinә (F.Renuar) başlanmışdır. 19 әsrin 2-ci yarısında qәdim mәtnlәr nәşr olunmuş, qәdim fransız dili öyrәnilmiş (Q.Paris, P.Meyer), ona aid lüğәt (F.Qordfrua) vә qrammatikalar (E.Littre, 1863; A.Darmsteter, 1888) çap edilmişdir. 19 әsrin sonu – 20 әsrin 1-ci yarısı müqayisәli-tarixi dilçiliyin inkişafı, ümumi dilçilik mәsәlәlәrinә marağın artması, müasir fransız dilinin tәdqiqi ilә xarakterizә olunur. Ümumi dilçiliyin vә fransız dilçiliyinin ayrı-ayrı sahәlәri formalaşıb inkişaf etmişdir: semantika (M.Breal), fonetika (J.P.Russlo, P.Passi, M.Qrammon), qrammatika (J.Damuret, E.Pişon vә b.), dialektologiya (J.Jilyeron), dil tarixi (E.Bursye, L.Fule, Ş.Brüno), üslubiyyat (J.Maruzo). Müqayisәli-tarixi dilçiliyin inkişafında F. de Sössür, A.Meye vә b.-nın әsәrlәri mühüm rol oynamışdır. Latın vә qәdim yunan (A.Ernu, M.Lejen, P.Şantren), kelt (F.Lot), İran (E.Benvenist), slavyan (A.Mazon), fin-uqor (O.Sovajo), Qafqaz (J.Dümezil), sami vә başqa dillәr tәdqiq edilmişdir. Meye, J.Vandriyes, A.Delakrua vә b.-nın yaradıcılığı ümumi dilçilik mәsәlәlәrinә hәsr olunmuşdur. Fransız sosioloji mәktәbi (Meye, Vandriyes vә b.) vә Cenevrә mәktәbi dilçilәri fransız vә dünya dilçiliyinin inkişafında mühüm rol oynamışlar.
F.-da dilçiliyin inkişafına müxtәlif fәlsәfi cәrәyanlar (17–18 әsrlәrdә karteziançılıq, 18 әsrdә sensualizm, 19 әsrdә pozitivizm, 20 әsrin 1-ci yarısında E.Dürkheymin sosiologiyası) tәsir göstәrmişdir. 20 әsrin 2-ci yarısında fransız dili vә dialektlәri, dilin ümumfәlsәfi vә sosioloji aspektlәri tәdqiq edilmişdir. Bu dövrdә müxtәlif metod vә cәrәyanlar: dil faktlarını sivilizasiya vә xalqın tarixi ilә әlaqәlәndirәn mәdәni-sosioloji (E.Benvenist, J.Qugenem, J.Matore), funksional (A.Martine), struktur-semantik (P.Potye, A.J.Qreymas), mәntiq (Ş.Serrüs, O.Dükro), statistik (Ş.Müller) cәrәyanları mövcud olmuşdur. Dilçilik mәsәlәlәrini semiotika, sosiologiya, sivilizasiya tarixi, әdәbiyyatşünaslıq, psixologiya ilә әlaqәlәndirmәk cәhdlәri sәciyyәvi idi. Sonralar tәtbiqi dilçilik sahәlәri (leksikoqrafiya, audio-vizual pedaqogika, eksperimental fonetika) daha çox inkişaf etmişdir. 20 әsrin sonu–21 әsrin әvvәllәri F. dilçiliyindә A.Kulyoli, A.Meşonnik, J.-K.Milner, J.-İ.Pollok, F. de Sivers vә b.-nın әsәrlәrini qeyd etmәk olar.
Dilçilik araşdırmaları Elmi Tәdqiqatlar Milli Şurasının bölmәlәrindә, un-tlәrdә, Paris, Strasburq, Qrenobl, Eks fonetika, Bezanson vә Nansi lüğәtşünaslıq mәrkәzlәrindә aparılır. Paris dilçilik cәmiyyәti (1864 ildәn) mühüm dilçilik cәmiyyәtidir.
Ədәbiyyat
Fransız xalqının әdәbiyyatı fransız dilindә inkişaf edir. Müasir F. әrazisindә fransız әdәbiyyatı ilә qarşılıqlı әlaqәdә Provans әdәbiyyatı, breton әdәbiyyatı, hәmçinin orta әsrlәr latın әdәbiyyatı inkişaf edirdi. Tarixi inkişaf prosesindә F. әdәbiyyatından Belçika vә İsveçrәnin fransızdilli әdәbiyyatı ayrılmışdır. F.әdәbiyyatı Kanada, Əlcәzair, Tunis, Haiti, Mәrakeş vә b. ölkәlәrin fransızdilli әdәbiyyatına әhәmiyyәtli tәsir göstәrmişdir.
İlk yazılı abidәlәr 9 әsrin 2-ci yarısına aid dini mövzuda yazılmış әsәrlәrdir. 10– 11 әsrlәrdә epik nәğmәlәr (“Roland haqqında nәğmә”, “Lüdovikin tacqoyma mәrasimi” vә s.; bax hәmçinin Menestrellәr) formalaşmağa başladı. Eyni zamanda latın dilindә әdәbiyyat – “elmi” poeziya vә nәsr, liturgiya dramı (әvvәl latın dilindә, 12 әsrdәn isә fransız dilindә) vә dünyәvi poeziya – vaqantların lirikası yayıldı. 12 әsrdә kurtuaz әdәbiyyatının lirik vә tәhkiyә janrları (mәnzum povest vә roman) formalaşdı. Trubadurların Provans poeziyasının tәsirilә 12 әsrin 2-ci yarısında truverlәrin poeziyası meydana gәldi. Fransız cәngavәr romanının erkәn inkişaf dövrünә antik saxta tarixi rәvayәtlәr әsasında yaranmış әsәrlәr (“Troya haqqında roman”, “İsgәndәr haqqında roman” vә s.) aiddir. 1160–90-ci illәrdә sevgi-macәra romanları meydana gәldi: Tristan vә İzoldanın mәhәbbәtindәn bәhs edәn kelt rәvayәtlәrinin işlәmәlәri, Kretyen de Truanın “breton silsilәsindәn”olan mәnzum romanları (bax hәmçinin Artur әfsanәlәri). 13 әsrdә cәngavәr әdәbiyyatının mövzuları yeni etik tәsәvvürlәrә uyğun formalaşırdı (“Qızılgül haqqında roman”). Şәhәr әdәbiyyatı aparıcı rol oynamağa başladı; “Tülkü haqqında roman”da didaktika vә alleqorizm meydana gәldi. 14 –15 әsrlәrdә poetik janrlar sisteminin yenidәn qurulması vә әsәrlәrin tematikasının genişlәnmәsi poeziyada ballada, rondo vә s. formaların, G. de Maşonun başçılığı ilә yeni poetik mәktәbin yaranmasına sәbәb oldu. F.Viyon (15 әsrin ortaları) Maşo әdәbi mәktәbi ilә sıx bağlı olan şair idi. 15 әsrin әvvәllәrindә moralite janrı yarandı.
15 әsrin sonu – 16 әsrin әvvәllәrindә fransız әdәbiyyatında İntibah dövrü başladı. 16 әsrin ortaları (“Lion mәktәbi” şairlәri) fransız lirikasına F.Petrarkanın tәsiri oldu. K.Maronun yaradıcılığında italyan poetik mәdәniyyәtinin mәnimsәnilmәsi milli әnәnәlәrlә birlәşdi. 15 әsrdә italyan nümunәlәrinin tәsirilә yaranan novellistika Navvaralı Marqaritanın yaradıcılığında inkişaf etdi. Fransa İntibahının görkәmli nümayәndәsi F.Rablenin “Qarqantüa vә Pantaqruel”, (1532– 64) romanında humanizm idealları әksini tapdı. 16 әsrdә “Pleyada” şairlәri (P.Ronsar, J. Dü Belle vә b.-ları) F. әdәbiyyatını yeni janrlarla (elegiya, oda, bukolika) zәnginlәşdirdilәr, milli әdәbi dilin formalaşmasına tәkan verdilәr. M.Montenin yaradıcılığı Qәrbdә esse janrının başlanğıcı oldu ( “Tәcrübәlәr”,1580 ildә nәşri olunmuşdur) .
17 әsrin әvvәllәrindә barokko dövrünün pastoral (O.d’ürfe, “Astreya”, 1–3 h., 1607–18) vә kәlәkbaz (Ş.Sorel, “Fransionun hәqiqi komik tәrcümeyi-halı”, 1623) romanları geniş yayıldı. 17 әsrdә realist nәsrin yaranması T de Vio, S.Sirano de Berjerak vә b.-nın fәaliyyәti ilә bağlı idi. J.L.G. de Balzakın yaradıcılığı ilә klassisistik natiqlik nәsrinin әsası qoyuldu. Barokko faciәvi poeziyası T.A.d’Obinyenin әdәbi irsindә әksini tapdı. Fransız dilini iqtibaslardan, dialektizmlәrdәn vә s. tәmizlәmәyә, poetik janrların sәrhәdlәrini dәqiqlәşdirmәyә çalışan F.Malerb klassisistik poeziyanın әsaslarını işlәyib hazırladı. Barokko dramaturgiyası faciә, tragikomediya (J. de Rotru), hәmçinin klassisistik dramın әsaslarının intişar tapdığı pastoralla tәmsil olunurdu.
1630-cu illәrin sonlarında әdәbiyyatda, xüsusilә dramaturgiyada klassisizm әsas rol oynamağa başladı; Onun doktrinasının formalaşmasına R.Dekartın rasionalist fәlsәfәsinin vә Fransa akademiyasının (әsası 1635 ildә qoyulmuşdur) fәaliyyәtinin böyük tәsiri oldu. 17 әsrin görkәmli fransız dramaturqu P.Kornelin yaradıcılığında klassisizm faciәsi (“Horatsi”, 1640 vә s.) bitkin forma kәsb etdi. 1650–70-ci illәrdә komediyanın mükәmmәl nümunәlәrini Molyer yaratdı.
17 әsrin ortalarında burlesk poeziyası (P.Skarron vә b.) inkişaf etdi. 1670-ci illәrdә klassisistik roman (M.M. de Lafayet) yarandı. Klassisizm nәsri (B.Paskal, F. de Laroşfuko, J. de Labrüyer) vә poeziyasının (J. de Lafontenin “Tәmsillәr”i) didaktik formaları böyük әhәmiyyәt kәsb etdi. Epistolyar (M. de Sevinye), natiqlik (J.B.Bossüe) vә memuar nәsri (kardinal de Rets) inkişaf etdi. Kornelin pyeslәrindәki qәhrәmani üslub J.Rasinin faciәlәrindә (“Andromaxa”, tamaşası 1667; “Fedra”, tamaşası 1677) psixoloji üslubla әvәzlәndi. N.Bualo özünün “Poeziya sәnәti” (1674) mәnzum traktatında klassisizm әdәbiyyatının özünәmәxsus yekun sәciyyәsini verdi.
17 әsrin sonu – 18 әsrin әvvәllәrindә F. әdәbiyyatında maarifçilik meyillәri yarandı (B.Fontenel, Ş.Perro, F.Fenelon).
18 әsrin 1-ci yarısı rokoko әdәbiyyatının, o cümlәdәn erotik vә gedonist motivlәrdәn ibarәt “yüngül poeziya”nın intensiv inkişafı ilә әlamәtdardır. Nәsrdә psixoloji roman yaranmağa başladı: P.Marivo (“Mariannanın hәyatı”, 1–11h., 1731–41), A.F.Prevo (“Kavaler de Qriyenin vә Manon Leskonun әhvalatı”, 1731) vә b.-ları A.R.Lesajın “Santilyanalı Jil Blazın sәrgüzәştlәri” (1715–35) kәlәkbaz romanını satirik tәmayüllәr, sadә insanın hәyat vә mәişәtinә maraq sәciyyәlәndirir. Klassisistik faciә P. de Krebiyonun ata), hәmçinin klassisizm kanonlarından artıq uzaqlaşmağa can atan Volterin yaradıcılığında öz әksini tapdı.
18 әsrin 2-ci yarısı әdәbiyyatı, әsasәn, Maarifçilik istiqamәtindә inkişaf edirdi. D.Didronun redaksiyası ilә geniş “Ensiklopediya, yaxud Elm, incәsәnәt vә peşәlәrә dair izahlı lüğәt”inin (cild 1–35, 1751–80) nәşri dövrün әn mühüm hadisәsi oldu; Ş.L.Monteskyö, Volter, J.D’Alamber, J.J.Russo ensiklopediyanın müәlliflәri arasında idilәr. Müxtәlif bәdii-elmi janrlar fәlsәfi roman vә povest (Volter, “Kandid, yaxud Optimizm”, 1759), pritçaya yaxın fәlsәfi novella-nağıl (Volter), fәlsәfi po- vest-dialoq (Didro, “Ramonun qardaşı oğlu”, 1760-cı illәr) formalaşdı. P.Şoderlo de Laklonun “Tәhlükәli әlaqәlәr” (1782) epistolyar romanı 18 әsr fransız psixoloji romanının zirvәsidir. 18 әsrin sonlarında insan şәxsiyyәtinә dәrin maraq әhәmiyyәtli dәrәcәdә Russonun psixoloji nәsrinә – “Yuliya, yaxud Yeni Eloiza” (1761) romanına vә avtobioqrafik roman janrının әsasını qoymuş “Etiraf” (1782–89 illәrdә nәşri olunmuşdur) kitabına xasdır. Russoçu idealların J.A.Bernarden de Sen-Pyer, L.S.Mersye vә N.Retif de la Bretonnun nәsrinә böyük tәsiri oldu; fransız maarifçilәrinin ideallarına yeni paradoksal baxış D.A.F. de Sadın yaradıcılığı üçün sәciyyәvidir. Neoklassik tәmayüllәr A.Şenyenin şeirlәrindә meydana çıxdı; Böyük Fransa inqilabı dövrünün poeziyası sosial vә vәtәnpәrvәr tematikaya (K.J.Ruje de Lil, P.S.Mareşal) hәsr olundu. 18 әsrin 2-ci yarısında meşşan dramının ilk nümunәlәrini yaradan Didro (“Nigahdankәnar oğul” pyesi, 1757) hәm dә onun nәzәriyyәsini işlәyib hazırladı. P.O.Bomarşenin komediyaları (“Sevilya bәrbәri”, 1775; “Fiqaronun evlәnmәsi”, 1784 ildә tamaşaya qoyulmuşdur) geniş şöhrәt qazandı.
19 әsrin әvvәllәrindәn romantizm cәrәyanı bәrqәrar oldu, onun erkәn nümunәlәrini F.R. de Şatobrian (“Atala” vә “Rene” povestlәri, 1801–02), E. Senankur (“Oberman” romanı, 1804), J. de Stal (“Korinna, yaxud İtaliya” romanı, 1807; “Almaniya haqqında” traktatı, 1810), B.A.Konstan (“Adolf” romanı, 1815), Ş.Nodye (“Jan Sboqar” romanı, 1818 ildә nәşr olunmuşdur) vә b. yaratdılar. Tarixi roman A. de Vinyi (“Sen-Mar” romanı, 1826), V.Hüqo (“Paris Notr-Dam kilsәsi”, 1831) vә A.Dümanın (ata) әsәrlәri ilә tәmsil olundu, fantastik vә mistik motivlәr Nodye, P.Merime vә A. de Lamartinin yaradıcılığında öz әksini tapdı. Romantik lirikanın әn görkәmli nailiyyәtlәri Hüqo, Lamartin, A. de Müsse, Vinyi vә J. de Nervalın adları ilә bağlıdır. Hüqo, (“Ernani”, 1830), Vinyi vә Düma-atanın pyeslәri dramaturgiyada romantizmin parlaq nümunәlәridir. Teatrda anti-romantik tәmayüllәr sağlam düşüncә mәktәbi (A.Düma-oğul, E.Ojye, E.Skrib) nümayәndәlәrinin dramlarına xasdır.
1830-cu illәrdәn F. әdәbiyyatında sosial problematikaya, hәyatın obyektiv tәsvirinә diqqәt artdı. O. de Balzakın yaradıcılığı (“Qobsek” romanı, 1830) realizmin başlanğıcı oldu. Romantik vә realist cәrәyanların birlәşmәsi Stendal (“Qırmızı vә qara” romanı, 1831), Merime, J.Sand vә b.-larının nәsr әsәrlәrindә әksini tapdı. Кütlәvi әdәbiyyatın әn görkәmli nümayәndәlәrindәn biri E. Sü idi. Romantizmdәn “tәmiz” formaya tәkamül T.Qotyenin nәsrindә vә mәzmun әsәrlәrindә (“Mademuazel de Mopen” romanı, 1835–36; “Minalar vә kameyalar” şeir toplusu, ilk nәşri 1852) özünü göstәrdi; sosial vә vәtәndaş tematikası P.J.Beranje, O.Barbye vә b.-larının poeziyası üçün sәciyyәvi oldu.
19 әsrin 2-ci yarısında inkişafda olan realist nәsrin әn görkәmli nümayәndәsi Q.Flober idi. Ş.Bodler (“Şәr çiçәklәri” şeir toplusu, 1857), A.Rembo (“Nurlanmalar” toplusu, 1872–73), P.Verlen (“Sözsüz romanslar” şeir toplusu, 1874) vә S.Mallarmenin yaradıcılıqlarında әsası qoyulmuş simvolizm fransız әdәbiyyatının sonrakı inkişafı üçün böyük әhәmiyyәt kәsb etdi. Flober әnәnәlәri E. vә J. de Qonkur qardaşları, G. de Mopassan, A.Frans, A.Dode vә b.-larının nәsrindә davamını tapdı. 1860-cı illәrin sonlarında pozitivizm fәlsәfәsinә vә tәbiyyat elmlәrinә marağın әks olunduğu naturalizm yarandı: E.Zolyanın “eksperimental romanları” (“Tereza Raken”, 1867 vә s.). Elmi-fantastik janrı J.Vernin әsәrlәri, neoromantizm E.Rostanın dramaturgiyası (“Şahzadә Xәyal“, 1895; “Sirano de Berjerak”, 1897 pyeslәri) ilә tәmsil olundu.
J.Renar, Frans, Kolett, R.Rollan (“Jan Kristof” roman-epopeyası, 1904–12), Alen-Furnye (“Böyük Moln” romanı, 1913) vә A.Barbüs 19 әsrin sonu – 20 әsrin әvvәllәri realist nәsrinin görkәmli nümayәndәlәridir. Ən görkәmli eksperimentator-nasir M.Prust (“İtirilimiş zamanın axtarışında” roman-epopeyası, 1913–27) oldu. Poeziyda әnәnәvi lirizmlә (Ş.Peqi, P.Valeri vә b.-ları) yanaşı avanqardist tәmayüllәr yarandı: 1906 ildә unanimizm (J.Düamel, Ş.Vildrak vә b.-ları) formalaşdı; G.Apolliner, P.Reverdi vә B.Sandrarın lirikası kubizm ruhunda idi. 1920-ci illәrdә hәmçinin dramaturgiya vә nәsrdә (A.Breton, R.Desnos, L.Araqon, P.Elüar, M.Leris vә b.-ları) ifadәsini tapan sürrealizmә tәkamül etdi. 1916 ildә yaranan dadaizm (T.Tsara), R.Marten dü Qar, A.Malro, J.Jiono, A.Morua, M.Arlan, E.Triole vә b.-larının realist nәsri sosial vә vәtәnpәrvәr mövzudadır. Cәmiyyәtә tәnqidi yanaşma A. Jidin (“Qәlp pul kәsәnlәr” romanı, 1925 vә s.) әsәrlәrinә xasdır. L.F.Selinin çox cәhәtdәn avtobioqrafik yaradıcılığı (“Gecәnin kәnarına sәyahәt” romanı, 1932), Driö la Roşelin әsәrlәri dәrin psixologizmi ilә seçilir. İctimai qaydaların immoralizmin, burjua tamahkarlığı fәlsәfәsinin kәskin tәnqidi, “katolik intibahı” şair vә yazıçılarının (P.Klodel; J.Bernanos, “İblisin günәşi altında” romanı, 1926; F.Moriak, “İlan yumağı”, 1932; P.Emmanüel) yaradıcılığında özünü göstәrdi. 1920–40-cı illәr dramaturgiyası sosial problemlәrә (Vildrak, M.Panyol, Klodel), mifoloji obraz vә situasiyalara [J.Kokto, “Orfey”, (1926), “Çar Edip”, (1928); J.Anuy, “İyezavel”, (1932), “Evridika”, (1941) pyeslәri; J.Jirodu, “Troya müharibәsi olmayacaq”, 1935; A. De Monterlan)] müraciәt etdi; A.Arto teatrın radikal islahatı layihәsini (“Teatr vә onun oxşarı” kitabı, 1938) işlәyib hazırladı. Poeziyada eksperimentlәr lettrizmlә (İ.İzu, R.Sabatye) bağlı idi. İkinci dünya müharibәsi illәrindә anti faşist Müqavimәt hәrәkatı әdәbiyyatı (Q.Perinin publisistikası, P.Elüar, L.Araqon vә b.-larının vәtәnpәrvәrlik poeziyası) inkişaf etdi. A. de Sent-Ekzüperinin romanpritçaları lirizmi vә humanistik pafosu ilә seçildi.
1930-cu illәrin sonlarından J.P.Sartrın yaradıcığında bәrqәrar olan ekzistensializm (“Ürәk bulanması” romanı, 1938; “Bağlı qapılar arxasında” pyesi, 1944) A. Kamyu (“Yad”, 1942; “Taun”, 1947 romanları), S. de Bovuar vә b.-larının nәsr әsәrlәrindә parlaq әksini tapdı. B. Vian nәsrindә Sartrı tәqlid etmişdir (“Günlәrin köpüyü”, 1947). Sürrealizm vә ekzistensializm tәcrübәsi E. İonesko (“Daz müğәnni qadın”, 1950; “Kәrgәdanlar”, 1959) vә S.Bekketin (“Qodonun intizarında” pyesi, 1952) absurd teatrına, hәmçinin “yeni roman”a (A.Rob-Qriye, M.Bütor, N.Sarrot, K.E.A.Simon) tәsir göstәrdi. İkinci dünya müharibәsinin faciәvi dәrki, sosial tematika, müasirinin psixoloji siması R.Vayyan, R.Merl, A.Lanu, M.Drüon (“Bu dünyanın güclülәri” romanı, 1948–51), E.Bazen, F.Saqan (“Salam, kәdәr” romanı, 1954) vә b.-larının realist nәsrinin başlıca qayәsi oldu. M.Dür vә F.Sollersin nәsr yaradıcılığında üsluba xüsusi diqqәt yetirilir, dil forması mәzmunu üstәlәyirdi.
1960–90-cı illәrin nәsr әsәrlәrindә üslub eksperimentlәri, sosial-psixoloji tematikaya meyil, tarixi vә mifoloji süjetlәrә müraciәt qeyd olunur (J.Jene, M.Yursenar, J.Batay, P.Modiano, M.Blanşo vә b.-ları). Bәzәn hermetizmin müşahidә olunduğu fәlsәfi lirika (J.Prever, İ.Bonfua, A.Mişo, M.Deqa, F.Jakote vә b.-ları) inkişaf etdi.
M.Vinaver, B.M.Koltes (“Roberto Zukko” dramı, 1988), J.K.Qrümber, J.K.Brisvil 20 әsrin sonu – 21 әsrin әn görkәmli dramaturqlarıdır. Müasir F. әdәbiyyatını M.Uelbek, F.Beqbeder (“99 frank”, 2000; “Dünyaya pәncәrә”, 2003; romanları) vә C.Littellin (“Xeyirxah qadınlar”, 2006) әks-sәda doğuran yaradıcılıqları, Y.Keffelek, A.Makin, D. Van Koveler, A.Qavalda, B.Verber, F.Şandernaqor, L.Qode, S.Brüs- solo, M.Ndyay, A.Rәhimi, Z.Bine, M. de Keranqal, A.Jenni, L.Salver kimi yazıçılar tәmsil edirdilәr.
18 әsrdәn fransız alimlәri (A. dü Perron, K.Planyol vә b.) Avestaya, “Kitabi-Dәdә Qorqud” vә “Koroğlu” dastanlarına dair tәdqiqatlar aparmışlar. Hәmin vaxtdan Azәrb. folkloru vә әdәbiyyatı nümunәlәri fransız dilinә tәrcümә olunmağa başlamışdır (A.Brelye, İ.Klerembol, K.Barbye de Meynar, A.Silyer, L.Büvö, A.Masse vә b.). D. Erblo, F.Şarmua, F.Erdman, A.Russo, S. de Sasi, A.Masse, İ.Mәlikova, L.Mәlikova-Sayyar vә b. fransız alimlәri Azәrb. әdәbiyyatına dair әsәrlәr yazmışlar. Fransız yazıçısı A.R.Lesaj “Çin şahzadә xanımı” әsәrindә Nizami Gәncәvinin “Yeddi gözәl” poemasından bәhrәlәnmişdir. İ.Qutqaşınlının “Rәşid bәy vә Sәadәt xanım” hekayәsi ilk dәfә 1835 ildә fransız dilindә dәrc olunmuşdur. M.F.Axundzadәnin dünyagörüşünә vә yaradıcılığına fransız ictimai-bәdii fikrinin dә tәsiri olmuşdur. A.Sәhhәt fransız şairlәrindәn, o cümlәdәn V.Hüqo vә A.Müssedәn tәrcümәlәr etmişdir. 20 әsrdә Azәrb.-Fransа әdәbi әlaqәlәri daha da genişlәnmişdir. F.Rable, Stendal, A.Düma, O.Balzak, F.Hüqo, Q.Flober, J.Sand, E.Zolya, G. de Mopassan, J.Vern, A.Barbüs vә b. fransız yazıçılarının roman, şeir, poema vә pyeslәri Azәrb. dilinә, Azәrb. әdәbiyyatının bir sıra nümunәlәri isә fransız dilinә tәrcümә olunmuşdur.
Azәrb. müstәqillik әldә etdikdәn sonra F. ilә әdәbi-mәdәni әlaqәlәr yeni mәzmun kәsb etmişdir. Azәrb. vә fransız dillәrindәn birbaşa tәrcümәlәrin sayı artmış, әdәbi әla- qәlәrә dair tәdqiqat işlәri genişlәnmişdir. F. yazıçılarının bir sıra әsәri (J.Simenonun “Malular ailәsi”, Ü.Banunun “Qafqaz günlәri”, F.Saqanın “Salam, kәdәr”, J. de Mer- val “Dayanacaq” romanları vә s.) Azәrb. dilinә tәrcümә olunmuşdur. N.Bualo, V.Hüqo, G. de Mopassan, J.Vern, A.Morua vә b.-larının seçilmiş әsәrlәri latın qrafikası ilә yenidәn Azәrb. dilindә nәşr edilmişdir. K.Abdullanın “Yarımçıq әlyazma” (2005) romanı, “Gәlin azәrbaycanca danışaq” (2008) kitabı, S.Vurğunun şeirlәr toplusu (2016) F.-da çapdan çıxmışdır. Ç. Abdullayevin yaradıcılığı F.-da xüsusilә populyardır (1996–2018 illәrdә 10 kitabı fransız dilindә nәşr edilmişdir). Azәrb. dilindә 2007 ildә üçcildlik, 2013 ildә bircildlik “Fransız әdәbiyyatı antologiyası” nәşr olunmuşdur.
Memarlıq vә tәsviri sәnәt
F. әrazisindә (әsasәn, cәnub-qәrbindә) Paleolit dövrü ibtidai incәsәnәtinin başlıca mәrkәzlәrindәn biri yerlәşir (Şove, La-Mut, Lasko, Kombarel, Fon-de-Qom vә s.). Neolit – Eneolit incәsәnәtinin әn qiymәtli abidәlәrinә meqalitlәr, o cümlәdәn komplekslәr (Karnak vә s.) aiddir. Tunc әsrindә mürәkkәb formalı silahlar, tunc vә qızıldan bәzәk әşyaları Avropa metallurgiya әyalәti әnәnәlәri ilә bağlı idi. Bu tәmәl üzәrindә yunan–Roma vә digәr tәsirlәr nәticәsindә zәrgәrlik sәnәtindә bir sıra yüksәk üslublar (o cümlәdәn minadan istifadә etmәklә) yaratmış keltlәrin (qalların) incәsәnәti tәşәkkül tapdı; bir sıra oppidlәrin qall divarları qәdim hәrbi memarlığın zirvәlәrindәn biridir.
N.Pusson. “Müqәddәs Erazmın” әzabları. 1628. Vatikan pinokatekası.
Bilavasitә F. torpaqlarında antik incәsәnәtin inkişafı Aralıq dәnizi sahillәrindә qәdim yunan koloniyalarının (e.ә. 6 әsrdәn gec olmayaraq Massaliya vә s.) meydana gәlmәsi, cәnubda (120-ci illәr) vә Yuli Sezarın müharibәlәri (e.ә. 58–51) gedişindә ölkәnin bütün әrazisindә Roma hökmranlığının bәrqәrar olması ilә bağlı idi. Yaradılan Roma әyalәtlәrindә qall – Roma incәsәnәti meydana gәtdi: daş mәbәdlәr (Nim), teatrlar (Oranj), zәfәr tağları (Oranj, Karpantra), trofeylәr (La-Türbi), mәqbәrәlәr (Sen-Remi), akveduklar (Nim), amfiteatrlar (Arl, Nim), villalar, heykәllәr, sarkofaqlar, relyeflәr, zәrgәrlik, şüşә mәmulatları vә s.; tәsviri sәnәtdә, ornamentdә vә s.-dә ümumroma üslubları elementlәri (xüsusәn Şimalı Qalliyada vә kәnd yerlәrindә) keltlәrdәn gәlәn yerli xüsusiyyәtlәrlә birlәşirdi.
Son antik әnәnәlәr vә gәlmә sakslar, alemanlar, vestqotlar, burqundlar vә xüsusilә frankların mәdәniyyәti әsasında orta әsrlәr incәsәnәti formalaşdı. “Karolinqlәr intibahı” dövründә çox sayda iqamәtgah vә monastır komplekslәri inşa edildi (saxlanılmamışdır), sümük üzәrindә oyma vә kitab miniatürü nümunәlәri yaradıldı. 10 әsrin 2-ci yarısı – 12 әsrdә F.-da roman üslubu tәşәkkül tapdı. Bu dövrdә qeyri nizamsız tikililәri, dar küçәlәri olan orta әsrlәr fransız şәhәri, hәmçinin açıq sıratağlardan ibarәt 1-ci mәrtәbәsi dükan vә emalatxanalar, 2-ci mәrtәbәsi yaşayış üçün nәzәrdә tutulan 2–3 mәrtәbәli ev tipi formalaşdı. Feodalların yaşadığı yer qәsrlәr (Karkason, Şato-Qayar vә s.) idi. Roman memarlığında bazilika tipli şәhәr vә monastır kilsәlәrinin inşası mühüm yer tuturdu (Sen-Pyer kilsәsi, Anqulem, 1105–23 vә ya 1128; Sen-Trofim kilsәsi, Arl; Sen-Nekter monastırı kilsәsi, inşasına 1080 ildә başlanılmış, 1146–78 illәrdә yenidәn tikilmiş- dir). Roman dini memarlığı sütun başlıqlarını, portalların timpanını bәzәyәn, bәzәn fasadın bütün müstәvisini örtәn monumental heykәltәraşlıq ilә sıx bağlı idi (Puatyedәki Notr-Dam-la-Qrand kilsәsinin fasadı, 1120–30-cu illәr).
M.K. de Latur. “Markiza de Pompadurun portreti”.1755. Luvr muzeyi (Paris).
Roman monumental boyakarlığı [Berze-la-Vil kapellasının (1122 ilәdәk) vә Sen-Saven-sür-Hartamp kilsәsindә nef qübbәsinin (11 әsrin sonu – 12 әsrin әvvәllәri) rәsmlәri] vә kitab miniatürü (Limoj sakramentarisi, 11 әsrin sonu; Suvinya Bibliyası, 12 әsrin sonu) üçün şәrtilik, müstәvilik, xәttilik vә eyni zamanda obrazların dramatik ekspressivliyi sәciyyәvi idi.
12 әsrin ortalarında Mәrkәzi F. şәhәrlәrindә qotika meydana gәldi. Bu dövrdә köhnә şәhәrlәr genişlәndirilir, yenidәn tikilir, möhkәmlәndirilir, yeni, adәtәn, müntәzәm әsaslı, küçәlәri düzbucaqlı şәbәkә yaradan, olduqca sıx tikilәn, kilsә meydanı vә bazar meydanı olan şәhәrlәr salınırdı. Böyük kilsә şәhәrin başlıca tikilisinә çevrildi. Erkәn qotika memarlığı abidәlәri [Sen-Deni abbatlığının kilsәsi (1137–44), Sans (tәqr. 1140–1168) vә Landa (1155- dәn sonra – 1225) böyük kilsәlәri, Paris Notr-Dam kilsәsi] üçün qalın divarlar, yan neflәr üzәrindә qübbәli qalereya-emporlar, bir-birilә әlaqәli çatılar sistemi, fasadların üfüqi kompozisiya xәtlәri, ağır 2 aşırımlı arkbutanlar sәciyyәvi idi. Keçid dövrünün abidәsi olan Şartr böyük kilsәsindә (1194– 1260) emporları yüngül dekorativ trifori әvәz edir, şaqulilik qabardılır; yetkin qotika dövrünә aid möhtәşәm Reyms (әsasәn, 1211–1345), Amyen (1220–88) böyük kilsәlәri, Parisdәki Sent-Şapel kiçik kilsәsi (1239 vә 1243–48 illәr arası) xeyli sayda heykәltәraşlıq nümunәlәri vә dekorativ detalları ilә seçilir. 13 әsrin sonları – 14 әsrdә qotika üslubu böhran keçirirdi: tektonik mәnasını itirәn memarlıq hissәlәrindә alovlanan qotikanın әyri sinusoidal xәtlәri üstünlük tәşkil edirdi (Ruandakı Sen-Maklu kilsәsi, 1437–70, dekor 1517 ilәdәk). Qәsrlәr daxili zәngin bәzәdilmiş saraylara çevrilmişdi (Avinyondakı papa sarayı, 1334– 52, interyer işlәri 1370-ci illәrәdәk; Pyerfon qәsri, 1390–1420). 15 әsrdә hündür dam örtüyü, iri pәncәrәlәri, xüsusi qәfәsә yerlәşdirilmiş pillәkәni, İntibah dekoru elementlәri olan zәngin şәhәr evi (hotel) tipi meydana gәldi (Jak Körün Burjdakı evi, 1443–51).
F.-nın qotik heykәltәraşlığında insanın fiziki gözәlliyi vә hisslәrinә yenidәn maraq oyandı: Şartr baş kilsәsinin qәrb (1145–50) vә şimal (1222 ilә qәdәr) portallarının relyef vә heykәllәri vә s. 13 әsrin sonlarından heykәltәraşlıqda o dövrün rıtsar mәdәniyyәti ilә sәslәşәn sünilik vә zәriflik meydana gәldi (Strasburda baş kilsәnin qәrb fasadının heykәllәri). 14 әsrdә portalların heykәltәraşlıq ansamblları az yaradılırdı, lakin interyerlәrdә mehrabarxası laylı heykәltәraşlıq-boyakarlıq obrazları meydana gәldi.
Qotika boyakarlığında interyerin rәng tәrtibatı üçün әsas element vitraj idi. Vitrajın sıxışdırıb çıxartdıgı freska boyakarlığı saray vә qәsrlәrin divarlarında meydana gәlirdi (Avinyonda papa sarayının divar rәsmlәri, 14 әsr – 15 әsrin әvvәllәri). Qotik miniatürdә naturanın dәqiq әks olunmasına meyil artdı, illüstrasiyalı әlyazmalar dairәsi (evdә istifadә edilәn dua kitabları, rıtsar romanları vә s.) genişlәndi, onların tematikası zәnginlәşdi.
Eyfel qüllәsi. 1887–89. Paris.
15 әsr fransız tәsviri sәnәtindә bir neçә yerli mәktәb fәaliyyәt göstәrirdi; onlardan әn әhәmiyyәtlisi Tur mәktәbi idi. Heykәltәraşlıqda Renessansın әsasını qoyan M.Kolomb oldu.
15 әsrin ikinci yarısında fransızların İta- liyaya yürüşlәri nәticәsindә F.-da italyan incәsәnәtinә maraq artmağa başladı: ölkәyә antik incәsәnәt vә müasir İtaliya sәnәtkarlarının әsәrlәri gәtirilir, italyan memarları, bağbanları, boyakarları (o cümlәdәn Leonardo da Vinçi) F.-ya dәvәt olunur, fransız İntibahı üslubu formalaşırdı [Ambuaz (12 әsr, 1492–98 illәrdә vә 16 әsrin әvvәllәrindә yenidәn qurulmuşdur), Şato-Qayon (1501–10) vә Şato-Büri (1511–1515, hәr ikisinin memarı Fra Covanni Cokondo) qәsrlәri]. Şәhәr evlәri vә imarәtlәrinin, fasadına nәfis tәrtibat verilirdi: Tuluzada Bernüi (16 әsrin 1-ci yarısı), Ruanda Burteruld hoteli (1501–32), Maliyyә bürosu (1509– 40) vә s. Qotika vә Renessans cizgilәrinin qәribә birlәşmәsi kilsә tikililәrindә dә özünü göstәrirdi: Parisdәki Sent-Estaş (1532– 1633) vә Sent-Etyenn-dü-Mon (1494–1624) kilsәlәri.
I Fransiskin hakimiyәti dövründә kral sarayı incәsәnәt mәrkәzi idi. Fontenbloda yenidәn qurulan şәhәrkәnarı igamәtgahda dәvәt olunmuş rәssamların (Rosso Fyorentino, F.Primatiçço, Nikkolo del’ Abbate, B.Çellini, S.Serlio vә b.) sәyi ilә Fontenblo mәktәblәri formalaşdı. I Fransiskin F.-ya dәvәt etdiyi tanınmış italyan sәnәtkarları ilә yanaşı hәrtәrәfli tәhsil almış fransız memarları (N.Başelye, F.Delorm, P.Lesko), heykәltәraşları (P.Bontan, L.Rişye, J.Qujon), boyakarları (J.Kiçik Klue, F.Klue, Kornel de Lion vә b.) da meydana gәldi.
Heykәltәraş A.L.Bari. “Pәlәngin marala hücumu”. Bürünc. Luvr muzeyi (Paris).
17 әsrdә (xüsusilә әsrin 2-ci yarısında) mütlәqiyyәtin bәrqәrar olması ilә monarxın şәxsiyyәti vә hakimiyyәtinin mәdhi incәsәnәtin qarşısında bir vәzifә kimi qoyuldu. Kral rәssamlıq vә heykәltәraşlıq (1648), memarlıq (1671) akademiyaları tәsis olundu vә mütlәq monarxiyanın klassisizmin ciddi rasional mәntiqi, tәvazölü vә tarazlı kompozisiyası ilә mәkan genişliyini birlәşdirәn “böyük üslüb”u yarandı. Bu xüsusiyyәtlәr daha çox dәbdәbәli şәhәr vә şәhәrәtrafı ansamblların, kral iqamәtgahlarının vә zadәganların imarәtlәrinin inşasında özünü göstәrirdi. Parisin hәndәsi cәhәtdәn düzgün, vahid üslub әsasında salınmış meydanları [Dofin (1607–16), Kral (indiki Vogez; 1605–12, memar L.Metezo), Qәlәbәlәr (1685–86), Böyük Lüdovik (indiki Vandom; 1686–1720, hәr ikisinin memarı J.Arduen-Mansar)] ona xüsusi yaraşıq verirdi. Şәhәrdә klassisizm üslubunda müntәzәm kompozisiyalı saraylar (Rişelyö sarayı, indiki Pale-Royal, 1636, memar J.Lemersye, yenidәn qurulmuşdur; Luvrun şәrq fasadı, 1667–72, K.Perronun layihәsi әsasında), ictimai binalar [Müq. Ursula kilsәsi, (1635–42, memar Lemersye) ilә birlikdә Sorbonnanın binası; böyük kilsә (1680–1706, memar J.Arduen-Mansar) ilә birlikdә Əlillәr evi (1671–1676, memar L.Brüan)], zәfәr tağları (Sen-Deni, 1672, memar N.F.Blondel; Sen-Marten, 1674, memar P.Bülle), körpülәr (Pan-nöf, 1578– 1606) vә s. tikildi. Şәhәrәtrafı qәsrlәr Vole-Vikont (memar L.Levo), Versal (memarlar Levo, Arduen-Mansar) müntәzәm fransız parkları ilә birlikdә (hәr iki iqamәtgahın parkını A.Lenotr planlaşdırmışdır) saray vә xidmәti binalardan ibarәt komplekslәrә çevrildi. Şәhәr saray vә imarәtlәri forma yığcamlığı, plastik dekorda ciddilik kәsb etdi: Parisdә Lüksemburq sarayı, Paris yaxınlığında Mezon-Laffit (1642–49, memar F.Mansar).
17 әsrin 1-ci yarısında boyakarlıq vә qrafika sahәsinda yerli mәktәblәrin (Lota- ringiya, Pikardiya vә s.) nümayәndәlәri aparıcı mövqe tuturdular. Onların әsәrlәrindә manyerizmin, karavaccizmin, flamand vә holland incәsәnәtinin tәsiri özünü göstәrirdi (J.Kallo, Valanten, J. de Latur, Lenen qardaşları). 17 әsrin 1-ci rübündә saray boyakarlıq mәktәbi mühafizәkar olaraq qalırdı; burada әsas yeri 2-ci Fontenblo mәktәbinin sәnәtkarları tuturdu. 1627–49 illәrdә boyakarlıqda rәsmi cәrәyanın başçısı S.Vue idi. 17 әsrin 2-ci rübü boyakarlığında klassisizm (N.Pussen, K.Lorren) aparıcı rol oynayırdı. 17 әsrin ortalarından F.-nın mәdәni hәyatında әsl mәnada hakimi-mütlәq vә “böyük üslubun” dәbqoyanı Paris vә Versal saraylarının bәzәk işlәrinә rәhbәrlik edәn Ş.Lebren idi. “Böyük üslub” çәrçivәsindә dekorativ vә portret heykәltәraşlığı da inkişaf edirdi. Dekorativtәtbiqi sәnәt nümunәlәri tәmtәraqlığı vә zәnginliyi ilә fәrqlәnirdi (A.Ş.Bul vә b.-larının yaratdığı inkrustasiyalı mebel).
18 әsrin 1-ci yarısında “böyük üslub” tәnәzzül etmәyә başladı. Xarici görünüşündә, әsasәn, klassik ciddiliyini saxlayan, lakin interyerinin tәrtibatı rokoko üslubunda olan yüngül vә nәfis zadәgan mülklәrinin (hotellәrin) inşası vә tәrtibatı geniş yayıldı. Şәhәrsalmada tәmtәraqlı planlaşdırma (Bordoda müntәzәm küçә vә meydanlar şәbәkәsi) prinsiplәri inkişaf etdirildi. Rokoko üslubu tәsviri sәnәtdә A.Vatto, F.Buşe, J.O.Fraqonar, heykәltәraşlıqda Q.Kustu, E.Buşardon yaradıcılığında öz әksini tapırdı. Əsrin ortalarında incәsәnәtdә sentimental-nәsihәtamiz ruhlu әsәrlәr (J.B.Qröz) yarandı. Tәbiәtә olan maraq peyzaj boyakarlığının inkişafına tәkan verdi (K.J.Verne, Böyük L.Q.Moro, Y.Rober).
18 әsrin 2-ci yarısı F. incәsәnәtindә Maarifçılik ideyalarının tәsiri ilә klassisizm başlıca üsluba çevrildi (memarlıqda – Parisdә Müq. Jenevyeva kilsәsi, 1791 ildәn Panteon, 1757–90, memar J.J.Suflo; Bordoda Böyük teatr, 1773–80, memar V.Lui; heykәltәraєlıqda – J.B.Piqal, E.M.Falkone, J.A.Qudon; boyakarlıqda – J.L.David). Böyük Fransa inqilabı dövründә siyasi bayağı rәsmlәr vә karikaturalar, tәşviqat xarakterli çini nümunәlәri, kütlәvi bayramların bәdii-memarlıq tәrtibatı geniş yayıldı.
Napoleon F.-sının ictimai tikililәri ampir üslubuna xas tәmtәraqlı sәciyyә daşıyırdı (Vandom sütunu, 1808–10, memarlar J.B.Leper, J.Qonduen; Sent-Madlen kilsәsi, 1806–42, memarlar P.A.Vinyon, J.J.M.Yuve; hәr ikisi Parisdәdir). 19 әsrin ortalarında Parisdә böyük şәhәrsalma işlәri aparılırdı. 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә Amyen, Nant, Orlean, Tuluza vә digәr şәhәrlәr qismәn yenidәn quruldu. 19 әsrin 2-ci yarısında inşaat işlәri eklektizm ruhunda aparılırdı (Paris operasının binası, 1861–75, memar Ş.Qarnye; Sakre-Kör bazilikası, 1875–1919, memar P.Abadi; hәr ikisi Parisdәdir). Eklektizm vә tarixi üslublar çәrçivәsindә memarlıq konstruksiyalarının yeni rasional anlayışı yarandı (E.E. Violle-le-Dük, A.Labrust); yeni ictimai vә texniki tikililәr – üstüörtülü bazarlar, univermaqlar, passajlar, vağzallar, kitabxanalar, elevatorlar vә s.: Sent-Jenevyev kitabxanası (1844–51), Milli kitabxana (1854– 75; hәr ikisinin memarı Labrust), Eyfel qüllәsi (1887–89, A.Q.Eyfelin bürosunun әmәkdaşları – mühәndislәr M.Köklen, E.Nuqye, memar S.Sovestr; bütün tikililәr Parisdәdir) vә s. meydana gәldi. 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә modern üslubu inkişaf edirdi (Paris metrosunun stansiyaları, tәqr. 1900; Kastel-Beranjenin Parisdәki evi, 1895–98; hamısının memarı E.Gimar). 1860-cı illәrdәn dәmir-beton konstruksiyalar tәtbiq olunmağa başladı.
19 әsrin әvvәllәrindә tәsviri sәnәtdә akademizm hakim idi (P.N.Geren, F.Jerar). J.O.D.Enqr, A.L.Jirode-Triozon, P.P.Prüdon klassisizm ruhunda işlәyirdilәr. A.J.Qronun erkәn әsәrlәrindәki qәhrәmanlıq pafosu I Napoleonun ideallaşdırılmış obrazları ilә әvәzlәndi. Burbonlar sülalәsi hakimiyyәtinin bәrpası vә İyul monarxiyası dövründә klassisizmlә mübarizәdә romantizm meydana gәldi (T.Jeriko, E.Delakrua). Heykәltәraşlıqda romantizm prinsiplәri F.Rüdün “Marselyeza” relyefindә (daş, 1883–36), P.J.David d’Anjenin portretlәrindә, A.L.Barinin animalistik әsәrlәrindә әn parlaq ifadәsini tapdı. 1830-cu illәrin sonlarında bәdii cәrәyanların ayrılması davam etdi. Salon incәsәnәti inkişaf etmәyә başladı (T.Kutür vә b.). Romantik effektlәr E.J.O.Verne, P.Delaroş vә E.Meyssonyenin әsәrlәrindә üstünlük tәşkil edirdi. Plenerdә işlәyәn Barbizon mәktәbi sәnәtkarları (T.Russo, J.Düpre, N.Diaz, Ş.F.Dobinyi vә b.) peyzaj boyakarlığının inkişafında әhәmiyyәtli rol oynadılar. F.-da realizm T.Kurbe, J.F.Mille vә O.Domyenin yaradıcılığında öz әksini tapmışdır. 1860-cı illәrdә әsәrlәrindә müasiri oldğu dövrün müxtәlif cәhәtlәrini әks etdirәn E.Manenin realist axtarışları onu impressionizmlә (K.Mone, O.Renuar, E.Deqa, K.Pissarro, A.Sisley vә b.) yaxınlaşdırdı. 1850–60-cı illәr heykәltәraşlığı J.B.Karpo, E.J.Dalu vә O.Domyenin әsәrlәri ilә tәmsil olundu. O.Roden 19 әsrin son rübünün әn görkәmli heykәltәraşı idi. 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә boyakarlıqda әsas cәrәyanlar şәrti olaraq postimpressionizm (neoimpressionizm) adlandı (J.Sör, P.Sinyak, V.Van Qoq, P.Sezann, P.Qogen, A. Tuluz-Lotrek). Simvolizmin (P.Püvi de Şavann, G.Moro, O.Redon, M.Deni vә b.) müxtәlif variantları modern (tәsviri sәnәtdә “Nabi qrupu”, dekorativ tәtbiqi sәnәtdә E.Qalle vә R.Lalik) üslubun yaranmasına tәsir göstәrdi.
Memar T.Qarnyenin layihәlәri 20 әsrin әvvәllәrindә şәhәrsalmada modernizmin әsasını qoydu. O. Perrenin tikililәrindә dәmir-betonun texniki imkanları estetik cәhәtdәn dәrk edildi, mühәndis E.Freysine bu materialdan böyükaşırımlı qurğular yaratdı. Fransız modernizm memarlığına A.Loz, “De Steyl” qrupu, futurizm, kubizm vә s. tәsir göstәrirdi; Le Korbüzye, A.Lürsa, J.Pruve, P.Şaro vә b. 1920–30-cu illәrdә müasir hәrәkat tәrzindә işlәyirdilәr. Bununla belә ar deko üslubunda tikililәr üstünlük tәşkil edirdi (Parisdә Şayo sarayı, 1935–37, memarlar L.Azem vә b.). 2-ci dünya müharibәsindәn sonra dağıdılmış şәhәrlәrin bәrpası mühüm yer tuturdu; 1950– 1970-ci illәrin ortalarında, әsasәn, böyük şәhәrlәrin әtrafında modernizmin şәhәrsalma prinsiplәrinә uyğun yaşayış binalarının geniş tikintisinә başlanıldı, sәnaye qәsәbәlәri salındı. Müxtәlif ölkә memarlarının yaradıcılığına, o cümlәdәn brutalizmin formalaşmasına Le Korbüzyenin (1960-cı illәrdәn) işlәrinin böyük tәsiri oldu. B.Zerfüss, K.Paran müharibәdәn sonrakı dövrün sәnәtkarları idilәr, İ.Fridman, Y.Ksenakis 20 әsrin 2-ci yarısı eksperimental memarlığının nümayәndәlәridir. J.Nuvel, K. de Portzampark, D.Perro, R.Riççotti, O.Dekk 21 әsrin tanınmış memarlarıdır, ölkәdә “Lacaton & Vassal”, “Jakob + MacFarlane”, “LAN Architecture” memarlıq büroları fәaliyyәt göstәrir.
20 әsrin 1-ci yarısında Paris beynәlxalq incәsәnәt mәrkәzi idi; P.Pikasso, Paris mәktәbi sәnәtkarları vә b.-ları burada çalışmışlar. 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә A.Matiss başda olmaqla fovizm (A.Marke, J.Ruo, A.Deren, R.Düfi vә b.), 1907 ildә kubizm (Pikasso, J.Brak, X.Qris), 1912 ildә orfizm (R.Delone, S. Delone-Terk) cәrәyanları yarandı. M.Düşan, F.Pikabia dadaizm yönündә işlәyirdilәr. Birinci dünya müharibәsindәn sonra purizm (A.Ozanfan, Le Korbüzye), sürrealizm (S.Dali, X.Miro, A.Masson, İ.Tanqi) cәrәyanları meydana gәldi. F.Leje bәzәn abstraksiyaya yaxınlaşaraq sәnaye mövzuları vә motivlәrini işlәyirdi. 1945 ildәn sonra müxtәlif variasiyalarda abstraksionizm (A.Manesye, P.Sulaj, J.Matyö vә b.), op-art (V.Vazareli), pop-art, neorealizm (A.Fujeron vә b.), mizerabilizm (B. Büffe), ar brüt (J.Dübüffe), kinetik incәsәnәt, “kibernetik incәsәnәt” vә video-art (N.Şöffer) inkişaf etdi. 1970-ci illәrdә hiperrealizm yayıldı.
Fransız heykәltәraşlığında әnәnәvi xәtti E.A.Burdel, A.Mayol, Ş.Despio, J.Bernar, 20 әsrin ortalarında hәm dә ekspressionizm ruhunda işlәyәn F.Salmon inkişaf etdirmişlәr. A.Loran, J.Lipşits, O.Sadkin avanqardizmin nümayәndәlәri idilәr. 20 әsrin sonu – 21 әsrin әvvәllәrindә D. Büren, J.P.Reno heykәltәraşlıq sәnәtini boyakarlıq, memarlıq, installyasiya elementlәri ilә birlәşdirirlәr. J. Lürsa bәdii qobelenlәr yaratmışdır. Nadar, E.Atje, R.L.Demaşi, R.Duano vә b. 19–20 әsrlәrin görkәmli fransız fotoqraflarıdır. 20 әsrdә F. geyim dizaynı sahәsindә aparıcı rol oynamışdır (P.Puare, N.Riççi, K.Şanel, K.Dior, E.Skyaparelli, İ.Sen-Loran, P.Karden, Y. de Jivanşi, Kendzo Takada, J.P.Qotye, C.Qalyano vә b.). 20 әsrin 1-ci yarısında F.Jurden, P.Şaro, Le Korbüzye, J.Pruve vә b. modernizm yönümlü dizayn sahәsindә fәaliyyәt göstәrmişlәr. F.Stark, Ora İto, E. vә R. Burullek qardaşları 21 әsrin әvvәllәrindәn әşya dizaynı sahәsindә işlәyirlәr.
Orta әsrlәr Azәrb. sәnәtkarlarının hazırladıqları dekorativ-tәtbiqi sәnәt nümunәlәri (xalçalar, bәdii parça, bәdii tikmә, bәdii metal mәmulatları vә s.) Parisdәki Luvr muzeyi, Dekorativ sәnәt muzeyi, Versal sarayı muzeyi, Notr-Dam kilsәsinin kolleksiyası, Qәdim xalçalar salonu, Aleksandr Dümanın ev-muzeyi, Liondakı Dekorativ sәnәt muzeyi, Qәdim xalçalar muzeyi vә Marseldәki Zәrif sәnәtlәr muzeyindә, hәmçinin şәxsi kolleksiyalarda saxlanılır.
19 әsrin 2-ci yarısında Azәrb.-da olmuş bir sıra fransız rәssamı Azәrb. hәyatından maraqlı rәsmlәr çәkmişlәr. Bu baxımdan fransız sәyyahı Q.Bonvalotun 1899 ildә Parisdә buraxılmış “Qafqazdan Hindistana- dәk” kitabına daxil edilmiş Albert Pepinin rәsmlәri diqqәti cәlb edir. Onun Talış dağlarında çәkdiyi rәsmlәrdә yerli sakinlәrin hәyatı, mәişәti, geyimlәri, Lәnkәranın gözәl mәnzәrәlәri öz әksini tapmışdır.
YUNESKO-nun xәtti ilә Parisdә “Azәrbaycan xalçaları” (1981) vә “Azәrbaycan әlyazmaları” (1985) sәrgilәri, Bordoda “19 әsrdә Azәrbaycan dekorativ sәnәti” (1985) sәrgisi tәşkil edilmişdir. YUNESKO-nun mәnzil-qәrargahında 2007 ildә L.Kәrimovun 100 illik yubileyi qeyd olunmuş vә onun toxuduğu xalçalardan ibarәt sәrgi nümayiş etdirilmişdir; 2009 ildә S.Bәhlulzadәnin 100 illik yubileyi keçirilmişdir; 2012 ildә Parisin “RTR Galerie” sәrgi salonunda azәrb. uşaq rәssamların sәrgisi tәşkil edilmişdir; 2014 ildә Parisdә T.Salahovun fәrdi sәrgisi olmuşdur.
Musiqi
Orta әsrlәr F. kilsә musiqisinin mәrkәzlәri monastırlar vә Korbi, Kompyen, Sanlis, Şartr, Sen-Deni, Lan, Klüni vә digәr şәhәrlәrdәki kafedral kilsәlәr idi. Qriqorian xoralının dövrümüzәdәk saxlanılmış әlyazmaları F.-nın müxtәlif regionlarında (mәs., Akvitaniyada vә Bretanda) özlәrinin peşәkar vә liturgiya әnәnәlәri olan ibadәt monodiyalarının mövcudluğundan xәbәr verir. 11–13 әsrlәrdә 2 bәstәkarlıq mәktәbi – Sen-Marsyal monastırı mәktәbi (Limoj) vә Notr-Dam mәktәbi (Paris) fәrqlәnirdi.
Orta әsrlәr dünyәvi musiqisi (poeziya ilә sıx әlaqәdә) әnәnәvi olaraq truverlәrlin (Qas Brüle, Qotye de Küensı, Tibo Şampanlı, Adam de la Al, Janno de Lekürel) fәaliyyәti ilә bağlıdır. 13 әsrdә F.-da instrumental musiqinin ilk not yazıları qeydә alınmışdır. Yaranmaqda olan musiqili teatrın artefaktları da bu dövrә tәsadüf edir (Bove kilsәsinin “Daniil haqqında tamaşa” liturgiya dramı, Adam de la Alın “Roben vә Marion haqqında tamaşa”). Geniş musiqili әlavәlәri olan “Fovel haqqında roman” satirik poeması 14 әsrin әvvәllәrinә aiddir (şeirlәrin, Jervez de Büyә aid olduğu ehtimal edilir, musiqisi anonimdir; әlyazması 1317–18). 1320-ci illәrdә F.-da ideoloqu bәstәkar vә nәzәriyyәçi Filipp de Vitri hesab edilәn ars nova hәrәkatı formalaşdı. Öz yaradıcılığında kilsә (ilk müәllif messası) paraliturgiya vә dünyәvi (rondó, ballada, virele, le) musiqi әnәnәlәrini birlәşdirәn “sonuncu truver” Q. de Maşo ars novanın әn görkәmli nümayәndәsi olmuşdur. 14 әsrin sonu – 15 әsrin әvvәllәrindә, әsasәn, Avinyondakı papa kapellasında ars subtilior (hәrfi mәnada – zәrif incәsәnәt) orijinal manyerist hәrәkatı yaranmışdı. Bu dövr bәstәkarlarının (Solaj, Senleş, Qrimas, çox sayda anonimlәr) әsәrlәri harmoniyanın, ritmin, fakturanın mürәkkәbliyi ilә seçilirdi.
Paris operasının binası. 1862–75. Memar Ş.Qarnye.
15–16 әsrlәr musiqi mәdәniyyәtinin inkişafında, әsasәn, Burqundiyanın hersoq vә F.-nın kral sarayları nәzdindә fәaliyyәt göstәrәn Niderland mәktәbi bәstәkarları: fransızlar G.Düfai, J.Benşua, A.Bünua, L.Komper, A.Brümel, flamandlar Y.Okegem, X. van Gizegem vә b. böyük rol oynadılar.
Fransız barokkosu dövrü (17 әsr vә qismәn 18 әsr) instrumental musiqinin böyük yüksәlişi, opera vә baletin çiçәklәnmәsi ilә әlamәtdar idi. XIV Lüdovikin hakimiyyәti dövründә saray baletinә böyük әhәmiyyәt verilirdi. 1661 ildә Kral rәqs akademiyası yaradıldı, 1671 ildә daimi teatr – Kral Musiqi vә Rәqs Akademiyası fәaliyyәtә başladı, 1672–87 illәrdә teatra milli opera mәktәbinin banisi, lirik faciә janrının yaradıcısı J.B.Lülli başçılıq edirdi. 17 әsrin sonları – 18 әsrin 1-ci yarısında teatr üçün musiqini bәstәkarlardan M.A.Şarpantye (hәmçinin ilk fransız kantatasının müәllifi), A.Kampra (opera-balet janrında populyar әsәrlәrin müәllifi), M.R.Delaland, A.K.Detuş yazırdı.
17 әsrdә F.-da bir sıra instrumental musiqi mәktәbi yaradıldı: orqan (banisi J.Titluz, mәktәbin sonrakı nümayәndәlәri – orqan messalarının müәlliflәri Q.Niver, N. de Qrinyi, F.Kuperen), lütnya (E.Qotye, D.Qotye, J.Pinel), klavesin (J.Şambonyer, L.Kuperen, J.A.d’Anqleber), viola (J. de Sent-Kolomb, M.Mare). F.Kuperenin yaradıcılığında fransız klavir süitası janrı әn yüksәk inkişaf mәrhәlәsinә çatdı. J.F.Ramonun istedadlı bәstәkar vә görkәmli nәzәriyyәçi (harmoniyaya dair tәlimdә islahat aparmışdır) kimi dünya musiqi tarixindә mühüm xidmәt vardır. 18 әsrin ortalarında yarmarka teatrının satirik tamaşaları populyarlıq qazandı, onun әsasında yeni janr – opera-komik yarandı (ilk nümunәsi J.J.Russonun “Kәnd sehrbazı” pastoralı idi; әnәnәni F.A.Filidor, P.A.Monsinyi, A.E.M. Qretri inkişaf etdirdilәr). Elә hәmin vaxtlar Parisdә italyan opera tamaşalarının uğur qazanması ilә әlaqәdar musiqi vә opera sәnәti әtrafında “buffonlar müharibәsi” adlandırılmış polemika başlamışdı; F.-nın aparıcı mütәfәkkirlәri, o cümlәdәn D.Didro, Russo, Volter, J.D’Alamber bu polemikada iştirak edirdilәr.
Paris filarmoniyasının binası. 2015. Memar J.Nuvel.
Böyük Fransa inqilabı (18 әsr) musiqi sәnәtinin bir çox sahәsindә dәyişikliklәrә sәbәb oldu. Kütlәvi janrlara – mahnıya (“Karmanyola”), himnә, marşa xüsusi önәm verildi. “Marselyeza” (K.J.Ruje de Lil) inqilabi mahnı nümunәsi oldu. F.J.Qossek (fransız simfoniyasının yaradıcılarından biri), E.Megül, J.F.Lesüer, L.Kerubini kütlәvi janrlara müraciәt edirdilәr. İnqilabi mühitin tәsirilә yeni teatr janrları (apofeozlar, tәşviqat tamaşaları) yarandı. “Qurtuluş operası” xüsusilә inkişaf etdi. Milli qvardiya orkestri (1789, yaradıcısı B.Sarret) tәşkil olundu. Musiqi tәhsili sistemindә dәyişikliklәr edildi: Milli qvardiyanın Musiqi mәktәbi (1792) açıldı; 1793 ildә bu mәktәbin Kral mahnı vә deklamasiya mәktәbi (1784 ildә Qossek tәrәfindәn yaradılmışdır) ilә birlәşmәsindәn Milli musiqi in-tutu (1795 ildәn Paris konservatoriyası) meydana gәldi.
19 әsrin 1-ci yarısında tarixi-vәtәnpәrvәrlik vә qәhrәmanlıq süjetlәri әsasında “böyük opera” janrı inkişaf etdi, Q.Spontininin “Vestalka” (1807) operası janrın ilk nümunәsi idi. C.Meyerber bu janrın görkәmli nümayәndәsi olmuşdur. 1820–30-cu illәrdә fransız romantik operası üstün mövqe tuturdu. A.Adan baletdә romantik cәrәyanı möhkәmlәndirdi. H.Berlioz proqramlı (bax programlı musiqi) romantik simfonizmin yaradıcısı vә alәtlәidirmә sahәsindә yenilikçi kimi tarixә düşdü. 20 ilә yaxın F.-da yaşamış vә bir çox romantik bәstәkara tәsir göstәrmiş F. Şopenin özünә dә fransız salon-romantik pianizminin tәsiri olmuşdur. Fransız violin mәktәbi hәlә 18 әsrdә yaranmışdı (J.M.Lekler-ata), 19 әsrdә isә tamamilә formalaşmışdı (R.Kreytser, P.Bayo, P.Rode). Romantik opera ilә bağlı müğәnnilәr pleyadası yetişmişdi (L.Damoro-Çinti, D.Arto, A.Nurri, J.Düpre, P.Viardo-Qarsiya). Peşәkar musiqi kollektivlәri, o cümlәdәn 1828 ildә F.A.Habenek tәrәfindәn әsası qoyulmuş Paris konservatoriyası konsert cәmiyyәtinin orkestri yaranmışdı. 19 әsrin 2-ci yarısında Ş.Quno, J.Massne vә A.Tomanın yaradıcılığında ifadә olunmuş lirik opera janrı meydana gәldi. 1870-ci illәrdә balet musiqisi üçün dә oxşar tendensiyalar sәciyyәvi idi (L.Delib). İkinci imperiya (1852–70) illәrindә F.-da yüngül janrlı pyeslәr üçün teatrlar yaranmış, vodevillәr, farslar, operettalar (janrın banilәri J.Offenbax vә F.Erve) tamaşaya qoyulurdu. Fransız operası tarixindә realist cәrәyanın әn parlaq nümunәsi J.Bizenin “Karmen” (1875) operası oldu. Simfonik vә kamera-instrumental janrlarda S.Frank vә K.Sen-Sans yüksәk bәdii nәticәlәr göstәrdilәr. 1880-ci illәrin sonu–90-cı illәrdә F.-da meydana gәlmiş musiqi impressionizmi cәrәyanı әn dolğun ifadәsini K.Debüssi, qismәn P.Dük vә M.Ravelin yaradıcılığında tapdı. 19 әsrin 2-ci yarısı – 20 әsrin әvvәllәrindә fәaliyyәt göstәrmiş ifaçılar: müğәnnilәr – S.Qalli-Marye, J.L.Lassal, V.Morel, pianoçular – A.Mar- montel, L.Dyemer, orqançılar – Ş.M.Vidor, L.Vyern.
1920 ildә E.Sati vә J.Koktonun himayәsi altında bәstәkarların “Altılıq” yaradıcılıq birliyi (әn görkәmlilәri F.Pulenk, A.Onegger, D.Miyo, J.Orik) meydana gәldi. 20 әsrin 30-cu illәrindә әn orijinal fransız bәstәkarlarından biri, harmoniya, ritm, alәtlәşdirmә vә s. sahәdә daima eksperimentlәr aparan O.Messian idi. 20 әsrin 2-ci yarısının fransız musiqi avanqardizminә P.Bulez başçılıq edirdi (digәr böyük nümayәndәlәri: P.Anri, P.Şeffer, hәmçinin F.-da yaşamış Y.Ksenakis). Müharibәdәn sonrakı F.-da kütlәvi musiqidә şәhәr şansonu geniş populyarlıq qazanmışdı (J.Brassens, İ.Montan, M.Şevalye).
Dirijorlar S.Bodo, P.Bulez, P.Montö, Ş.Münş, U.Kristi, J.K.Malquar, M.Minkovski vә b.-ları; pianoçular F.Antremon, A.Korto, M.Lonq, violinçalanlar J.Tibo, Z.Françeskatti, o cümlәdәn caz violinçalanları S.Qrappelli, J.L.Ponti; violonçelçalanlar M.Mareşal, P.Tortelye, P.Furnye; müğәnnilәr D.Düval, R.Krespen, L.Pons, kontratenorlar D.Viss vә F.Jaruski; klavesinçilәr B.Verle, K.Russe; fleytaçı J.P.Rampal, caz gitaraçısı C.Reynhardt (Renart) 20 әsr – 21 әsrin әvvәllәri fransız musiqi ifaçılığı sәnәtinin görkәmli nümayәndәlәridir. Müasir opera teatrları: Paris operası, “Opera-Komik”, Milli Reyn operası (Strasbur, 1972 ildә yaradılmışdır, adı 1997 ildәn), Lion milli operası (1996), Tuluzada “Kapitoli” (1736). Simfonik orkestrlәr: Fransa milli ork.-i (1934), Paris ork.-i (1967), Fransa radiosunun filarmonik ork.-i (Paris, 1937; adı 1989 ildәn); F.-nın opera teatrları nәzdindәki ork.-lәr müstәqil konsert fәaliyyәti göstәrir, әn mәşhuru Tuluzanın “Kapi- toli” milli ork.-idir (1981). 1980-ci illәrdәn autentik ifaçılıq sürәtlә inkişaf edir; әn yaxşı kollektivlәri: “Les Arts Florissants” (1979, Kalvados dep.-ti, Kan), “Orqanum” (“Ensemble Organum”, 1982), “Luvr musiqi çilәri” (“des Musiciens du Louvre”, 1982, Paris, 1996 ildәn Qrenoblda), Versalın barokko musiqisi mәrkәzinin xorları (1988), “Alla Francesca” (1989, Paris), “Lirik istedadlar” (“Les Talens Lyurique”, 1991, Monpelye, 2005 ildәn Parisdә). Ali musiqi tәhsili müәssisәlәri: Paris konservatoriyası (1795), Fontenbloda Amerika konservatoriyası (1918) vә s.
Beynәlxalq musiqi müsabiqәlәri: (1946 ildәn M.Lonq – J.Tibo ad. pianoçu vә violinçalanların; (1977 ildәn violonçelçalanlarin, 1954 ildәn Tuluzada vokalçıların, 1951 ildәn Bezansonda gәnc dirijorların vә s.) vә festivalları (1948 ildәn Eks-an-Provansda opera, 1983 ildәn Bonda barokko operası, 1973 ildәn Qrenoblda vә 2001 ildәn Parisdә “Sen-Jermon-de-Pre” caz; 1980 ildәn Ambronda qәdim musiqi) keçirilir. 2009 ildәn Versal sarayı (Kral operasının, Kral kapellasının zalları vә s.) akademik musiqinin әn yaxşı konsert vә festival meydançalarından biridir. Parisin әtrafında bir neçә konsert zalı (әn böyüyü “Paris filarmoniyası”dır, 2015) olan F.-da әn böyük “Musiqi şәhәri” (1995) musiqi vә mәdәni-әylәncә kompleksi yerlәşir.
Azәrb. vә Fransa resp.-ları arasında geniş mәdәni әlaqәlәr mövcuddur. F.-nın bir çox musiqi ifaçısı (J.Neve, K.Frans, M.Mareşal, R.Baton, S.Fransua, L.Pötijirar vә b.) Bakıda konsertlәrlә çıxış etmişdir. Azәrb. musiqiçilәri (M.Maqomayev, Z.Xanlarova, A.Gasımov, İ.Sarabski, E.Əfrasiyabın caz musiqi qrupu vә b.) F.-nın müxtәlif şәhәrlәrindә konsertlәr vermişlәr. 2008 ildә YUNESKO-nun mәnzil qәrargahında vә Luvr muzeyinin Auditorium zalında Q.Qarayevin 90 illiyinә hәsr olunmuş konsertlәr tәşkil olunmuşdur. 2011 ildә Ramatuel ş.-ndә keçirilәn beynәlxalq musiqi festivalında Q.Qarayev ad. Azәrb. Dövlәt Kamera Orkestri iştirak etmişdir. 2012 ilin mart ayında V.Mustafazadәyә hәsr olunmuş xatirә gecәsi keçirilmiş, 2013 ildә Ü.Hacıbәylinin “Arşın mal alan” operettasının 100 illik yübileyi qeyd olunmuşdur.
Balet vә rәqs
Orta әsrlәrdә rәqs kilsә mәrasimlәrinin vә xalq şәnliklәrinin tәrkib hissәsi idi: karol (vә ya karola), estampi, branl vә s. 14 әsrdәn rәqs teatrlaşdırılmış şәhәr tamaşalarına vә saray intermediyalarına әlavә sәhnәciklәr formasında daxil olunurdu. Özündә musiqi, rәqs, nәğmә, jonqlyorların çıxışlarını birlәşdirәn vә saray baletinin sәlәfi olan momeriya janrı inkişaf etmişdi. Peşәkar rәqsin inkişafında folklor vә saray şәnliklәrinin bal rәqslәri (bas-danslar) başlanğıc olmuşdur. 1581 ildә B. de Bojuayönün hazırladığı “Kraliçanın komediya baleti” özündә sözü, musiqini vә rәqsi birlәşdirәn yeni janrın ilk dolğun nümunәsi idi. 1588 ildә rәqs sәnәtinin öyrәnilmәsinә dair dövrümüzәdәk saxlanılmış ilk әsәrlәrdәn biri – T.Arbonun “Orkezoqrafiya”sı nәşr olunmuşdur. Saray baletinin “qızıl әsri” 17 әsrdә bir neçә inkişaf mәrhәlәsindәn keçmişdir: 1600 – 10-cu illәrdә “balet-maskaradlar” (“Sen-Jermen yarmarkası maskaradı”, 1606), 1610–20-ci illәrdә mifoloji vә әdәbi süjetlәr әsasında hazırlanmış melodramatik baletlәr (“Arqonavtlar baleti”, 1614; “Rolandın ağılsızlığı”, 1618), daha sonra 17 әsrin sonlarınadәk göstәrilmiş “ikinci dәrәcәli baletlәr” (“Gecәnin kral baleti”, 1653) üstünlük tәşkil edirdi. Onların ifaçıları saray adamları, kral ailәsinin üzvlәri (1651–70-ci illәrdә – kral XIV Lüdovik) vә peşәkar rәqqaslar idilәr. 1660– 70-ci illәrdә J.B.Molyer, J.B.Lülli vә P.Boşan komediya-balet janrını yaratdılar (“Zәhlәtökәnlәr”, 1661; “Meşşan dvoryanlıqda”, 1670). 1661 ildә XIV Lüdovik Parisdә Kral Rәqs Akademiyasının әsasını qoydu. 1669 ildә әsası qoyulan musiqili teatrın – Kral Musiqi vә Rәqs Akademiyasının açılışı 1671 ildә oldu (1672 ildәn Kral Musiqi Akademiyası; hazırda Paris Milli Operası, bax Paris operası). Tәdricәn operalar saray baletini sıxışdırmağa başladı. Lakin tamaşa daxilindә rәqsin professionallaşması prosesi gedirdi. 17 әsrin sonlarında xoreoqrafiyanın nailiyyәtlәri K.F.Menetriyenin nәzәri әsәrlәrindә (“Teatr qanunları baxımından qәdim vә müasir baletlәr haqqında”, 1682) vә R.Föyenin (“Xoreoqrafiya, yaxud Rәqsin yazıya alınması sәnәti...”, 1700) öz әksini tapdı. 18 әsrdә rәqs texnikası zәnginlәşmişdi. J.J.Noverr әylәndirici funksiyalardan uzaqlaşaraq, balet teatrında islahat apardı: “Medeya vә Yazon” (J.J.Rodolf, 1763), “Bәzәk-düzәk”(V.A.Motsart, 1778). Noverrin ardıcılı J.Doberval yeni tipli balet komediyası yaratdı (yığma musiqi әsasında “Mәnasız ehtiyat tәdbiri”, 1789) M.Gimar, G.Vestris, O.Vestris vә b.-ları dövrün aparıcı ifaçıları idilәr. 19 әsrin әvvәllәrindә rәqs texnikası yeni sәviyyәyә çatdı: virtuoz fırlanma, güclü sıçrayışlar, yarımbarmaqlar, sonralar isә puantlar üstündә hәrәkәtlәr meydana gәldi. Romantizm dövründә F.-da F.Talyoninin qızı M.Talyoni üçün hazırladığı tamaşalar daha mәşhur idi (“Silfida”, J.Şneytshoffer, 1832; “Dunay qızı”, A.Adan, 1836). 1830–50-ci illәrdә fransız baleti әn yüksәk zirvәyә qalxmışdı. Aparıcı baletmeysterlәr: J.Koralli, J.Perro, J.Mazilye. Adanın “Jizel” baleti (1841) әn әhәmiyyәtli әsәrlәr arasında idi.
19 әsrin sonlarında F. balet sәnәti tәnәzzül etmiş, opera tamaşalarının әlavәsinә çevrilmişdi. Onun dirçәlişindә Dyagilevin rus baleti әhәmiyyәtli rol oynadı. 1929 ildәn sonra S.P.Dyagilevin antreprizi әsasında bir sıra rus-fransız balet truppası yarandı. S.Lifarın Paris operasındakı fәaliyyәti fransız baletinin keçmiş şöhrәtinin qaytarılmasına böyük tәsir göstәrdi. 1960-cı illәr gәncliyinin ruhuna yaxın olan M.Bejar hәyatının yetkin dövründә F.-da işlәmәsә dә, fransız xoreoqrafı sayılır. R. Peti balet üçün yeni süjetlәr seçir, fәlsәfi pritçalar yaradırdı.
R.Libermanın Paris operasına direktor tәyin olunmasından (1973) sonra köhnә baletlәrin bәrpası ilә yanaşı, repertuara müasir xoreoqrafların (C.Balançin, C.Robbins, Peti, Bejar, M.Kanninhem, Y.N.Qriqoroviç, D.Baque, R.Şopino vә b.-ları) әsәrlәri dә daxil edilirdi. 1983–89 illәrdә balet truppasına rәhbәrlik edәn R.Nureyev mövcud qaydaları dәyişmәyә vә repertuarı yenilәmәyә cәhd göstәrdiyinә görә tәnqid olunsa da, onun redaksiyasında bir çox klassik balet bugünәdәk aktuallığını saxlayır. 20 әsrin sonu – 21 әsr Paris operası baletini klassik estetikanın xoreoqrafiyanın daha aktual tәmayüllәrinә yaxınlaşdırmaq meyli sәciyyәlәndirir.
Müasir rәqs F.-da 20 әsrdә iki dünya müharibәlәr arasındakı dövrdә yaranmışdır. F.-da 1930-cu illәrdәn başlayaraq, bir çox alman rәqqası (D.Beryozka, J.Veyt, L.Şild vә b.) sığınacaq axtarırdı. MViqmanın yetirmәlәri J.Robinson (B.Britaniya), C.Endrüs (ABŞ) vә K.Veyner (Almaniya) 1953 ildә Parisdә ilk peşәkar “Rәqs silahdaşları” (1962 ilәdәk mövcud olmuşdur) modern rәqs truppalarından birini yaratdılar. 1955 ildә Robinson “Rәqs atelyesi”nin, 1958 ildә Veyner “Müasir baletlәr”in, 1964 ildә Endrüs “Cerom Endrüsun truppası”nın әsasını qoydular. Fransız modern rәqsinin pionerlәri D. vә F.Düpüi “Parisin modern baleti”ni (1955–78) yaratdılar vә Le-Bode-Provansda F.-nın ilk modern rәqs festivalını keçirdilәr. 1969 ildә Paris әtrafı Banyolda “Sabahın baleti” müasir xoreoqrafiya müsabiqәsi tәşkil edildi vә onun qaliblәri 20 il әrzindә F.-nın müasir rәqs sәnәtinin aparıcı nümayәndәlәri (A.Preljokaj, J.Buve, R.Obadiya, D.Baque, M.Maren, K.Saporta, J. K.Qallotta vә b.) qaliblәri oldular. Bu nәsil rәqqaslar “Yeni fransız rәqsi” adlı altında tanınırlar. Desentralizasi- ya siyasәti nәticәsindә bütün ölkәdә Banyol müsabiqәsi laureatlarının rәhbәrliyi altında Milli xoreoqrafiya mәrkәzlәri yaradıldı. 1970-ci illәrin әvvәllәrindә F.-da Amerika xoreoqrafı A.Nikolayın (Nikolaysın) şagirdi K.Karlson işlәmәyә başlamış, xoreoqraf özü isә 1978 ildә Anjedә yeni Müasir Milli Rәqs Mәrkәzinә rәhbәrlik etmişdir. 1970- ci illәrdәn gәnc xoreoqraflar ABŞ-da (M.Kanningem, X.Limon, M.Qrehem, P.Teylor vә b.-nın yanında) fәal surәtdә tәcrübә keçirdilәr. 1980 ildә Lionda Rәqs evi, 1998 ildә Parisdә vә Lionda milli rәqs mәrkәzlәri açılmışdır. 1990-cı illәrin әvvәllәrindәn Lion operasının balet truppası ölkәnin әsas müasir rәqs sәhnәsi olmuşdur: repertuarına M.Ek, U.Forsayt, A.F.Kersmaker, R.Malifant, B.Milpye vә b.-nın tamaşaları daxildir. 1998 ildә Paris operasının keçmiş aparıcı balerinası M.K.Pyetraqalla Marsel Milli Baletinә başçılıq etmişdir. 1993 ildәn J.K.Mayo, Monte-Karlo Baletinin rәhbәri olmuşdur.
Hәr il “Sabahın baleti” (1969 ildәn; 1990 ildәn “Sen-Sen-Denidә beynәlxalq xoreoqrafik görüşlәr” adlanır), Parisdә “Payız festivalı” (1972 ildәn), “Monpelye dans” (1981 ildәn), Kanda rәqs (1984 ildәn), Lionda Rәqsin biennalesi (1984 il- dәn) festivalları keçirilir. Avinyon festivalının әsas hissәsi rәqsә hәsr olunur. Paris, Lion Ansi, Biarrits, Vuaron, Qras, Karkason, Sen-Klu, Tulon, Eks-an-Provans vә b. şәhәrlәrdә Beynәlxalq balet vә rәqs müsabiqәlәri keçirilir.
Azәrb. vә Fransa resp.-ları arasında geniş mәdәni әlaqәlәr mövcuddur. Leninqrad Opera vә baletTeatrının qastrolu zamanı teatrın baş dirijoru olmuş (1961) Niyazi “Qrand-Opera”da “Yatmış gözәl” (P.Çaykovski), “Daş çiçәk” (S.Prokofyev) baletlәrinә dirijorluq etmişdir. Azәrb. Opera vә Balet Teatrının balet truppası Parisdә keçirilәn Beynәlxalq rәqs festivalının iştirakçısı olmuş (1969) vә F.-nın digәr şәhәrlәrindә qastrol tamaşaları vermişdir.
Teatr
F.-nın orta әsrlәr teatrının köklәri gәzәrgi aktyorların (jonqlyorlar, vaqantlar, trubadurlar) sәnәtinә gedib çıxır, 10–13 әsrlәr liturgiya dramlarının vә dini tamaşaların meydana gәlmәsi ilә bağlıdır. Tamaşaları püilәr – birgә musiqi vә poetik yarışmalar tәşkil edәn şәhәrlilәrin birliklәri hazırlayırdı. Belә tәdbirlәrin mәrkәzi Arras idi. Dünyәvi teatrın yaranması Adam de la Alın “Köşkdә tamaşa”, “Roben vә Marion haqqında tamaşa” (13 әsr) әsәrlәri ilә bağlıdır. Teatrın professionallaşması misteriyaların, hәmçinin moralitelәrin (“Ağıllı vә ağılsız”, 1439) vә (“Oğlan vә kor”, tәqr. 1277; “Vәkil Patlen”, 1460-cı illәr; “Yeni Patlen”, 1474; “Patlenin vәsiyyәti”, 1480-ci illәr) geniş yayılması ilә bağlı olmuşdur. 15 әsrin sonları – 16 әsrdә sonralar P.Qrenqorun siyasi satirası ilә yaxınlaşan soti janrı yarandı. Böyük şәhәrlәrdә yarımprofessional teatr ittifaqlar vә qardaşlıqlar [“Axmaqlar ordeni” (1381, Kleven), “İlahi әzablar qardaşlığı” (әsası 14 әsrin sonlarında qoyulmuşdu, 1402 ildәn Kral “patenti”, Paris)] meydana gәldi. Sonuncular 1548 ildәn “Burqundh oteli”nin binasını icarәyә götürmüşdülәr (“Kral aktyorları” adlanan truppa, 17 әsrdәn F.-nın ilk daimi teatrı).
Əsası 1634 ildә A.J. dü Plessi de Rişelyö tәrәfindәn qoyulmuş Fransa akademiyasında (rәsmi açılışı 1635) klassisizmin dramaturgiya prinsiplәri formalaşdı. Klassisistik tamaşanın kanonu Parisin “Mare” teatrında P.Kornelin “Sid” faciәsindә (1637) yarandı. Sonralar J.Rasinin klassisizm estetika ruhunda faciәlәri M.Şanmelenin iştirakı ilә “Burqund hoteli”ndә tamaşaya qoyulmuşdur; faciә qәhrәmanı ampluasında Floridor, sonralar Monflöri çıxış etmişdilәr. 1640-cı illәrin ikinci yarısından peşәkar truppanın rәhbәri olmuş Molyer yeni oyun manerası tәklif etmişdi. XIV Lüdovikin himayәsi altında Molyer truppası 1661 ildәn tamaşalarını “Pale-Royal”da göstәrmәyә başladı. “Pale-Royal” vә “Burqund hoteli”nin rәqabәt aparan truppalarının әn yaxşı aktyorlarının birlәşmәsi 1680 ildә ilk dövlәt teatrı “Teatre Franse”nin (“Komedi Fransez”) yaradılmasına (Molyerin ölümündәn sonra) gәtirib çıxardı; teatr 18 әsrin sonunadәk Parisdә teatr tamaşalarına monopoliya hüququ qazandı. Teatr klassisizmi mәsәlәlәri N.Bualonun “Poeziya sәnәti” (1674) mәnzum traktatında öz әksini tapmışdır. 17 әsrin 2-ci yarısında fransız klassizmi Avropanın bir çox ölkәsindә müәyyәnedici bәdii cәrәyan olmuşdur. Maarifçilik dövrünün fәlsәfәsi nöqteyi-nәzәrindәn, D.Didronun “Aktyor haqqında paradoks” (1773–78, nәşri 1830) әsәri aktyor sәnәtinin dәrk edilmәsindә әsas olmuşdur. M.Baron, A.Lekuvrör, Kleron, Dümenil, A.L.Leken dövrün tanınmış aktyorları idilәr. Dramatuqrqlar: J.F.Renyar, A.R.Lesaj, P.Marivo, Volter, P.O.Bomarşe vә b.-ları.
1791 ildә teatrların azadlığı haqqında Dekret (monopoliyanın lәğvi) qәbul olunmuşdu. 19 әsrin әvvәllәrindәn teatrların dövlәt tәrәfindәn dәstәklәnәn imtiyazlı (“Komedi Fransez”, Paris operası vә s.) vә “bulvar” (özәl, o cümlәdәn “Port-Sen-Marten”, “Ambigü-Komik” vә s.) teatrlarına bölünmәsi saxlanılmışdı. 19 әsrin birinci yarısında akademik ifa әnәnәsinin romantik tәsirlәrlә zәnginlәşmәsi F.J.Talma, Mars, Jorj, Raşel, J.Mune-Sülli, S.Bernar vә B.K.Koklenin yaradıcılığında özünü büruzә verdi. Romantizm dramaturgiyasının tәşәkkül tapması V.Hüqo, P.Merime, A.Düma-ata, A. de Vinyi vә A. de Müssenin yaradıcılığı ilә bağlıdır. 19 әsrin ortalarının dramaturqları: E.Skrib, E.Ojye, A.Düma-oğul, V.Sardu vә b.-ları. Naturalizm E.Zolyanın, neoromantik tendensiyalar isә E.Rostanın pyeslәrindә formalaşmışdı.
19 әsrin ikinci yarısında studiya sәhnәlәrindә rej. teatrı meydana gәldi (fransız rejissurasının banisi A.Antuanın Parisdә yaratdığı “Azad teatr” Avropada “azad teatr”-lar hәrәkatına yol açdı), teatr eksperimentatorluğu dövrü başladı. Parisdә simvolizm estetikası sahәsindә P.For özünün yaratdığı “Teatr d’Ar”da (“Bәdii teatr”), O.M.Lünye-Po “Evr” (“Yaradıcılıq”) teatrında fәaliyyәt göstәrirdilәr. F. 20 әsrә fransız sәhnә sәnәtinin sonrakı inkişaf yolunu bir çox cәhәtdәn müәyyәnlәşdirәn yeni tipli repertuar teatrı ilә (J.Koponun “Köhnә göyәrçin damı”; müasir vә klassik dramaturgiya) qәdәm qoydu. Fәal kommersiyalaşdırma vә burjua әylәncәli teatrına qarşı, 1927 ildә “Kartel” (“Dördlәrin karteli “ – Ş.Düllen, L.Juve, G.Bati, J.Pitoyev) yaradıldı; 1930- cu illәrin ortalarında “Kartel”in rej.-ları (Pitoyevdәn başqa) “Komedi Fransez” ilә әmәkdaşlıq edirdilәr. Müxtәlif teatrların belә novatorçu birlәşmәsi fonunda A.Artonun ideyaları formalaşdı. 1920-ci illәrdә teatrın avanqard formalarının (bax Dadaizm, Sürrealizm) yaranması “qәddarlıq teatrı” (“Qәddarlıq teatr”ı manifesti, 1932) nәzәriyyәsinә güclü tәsir göstәrdi vә 20 әsrin ikinci yarısı Avropa rej.-larının yaradıcılıq axtarışlarını müәyyәnlәşdirdi. Teatr avanqardizminin әn parlaq tәzahürü J.Koktonun fәaliyyәti ilә bağlıdır. 20 әsrin 1-ci yarısının dramaturqları: P.Klodel, G.Apolliner, J.Romen, A.Salakru. 1930-cu illәrin ortalarında intellektual dram (J.Jirodu, J.Anuy) vә ekzistensializm dramı (J.P.Sartr, A.Kamyu) meydana gәldi. İkinci dünya müharibәsindәn sonra J.Viların fәaliyyәti nәticәsindә Avinyon festivalının әsası qoyuldu (1947, keçmiş Roma papası sa- rayında; dünya festival hәrәkatına tәkan vermişdir). Onun rәhbәrliyi (1951–63) altında F.-nın teatr sәnәtindә aparıcı mövge tutan Milli xalq teatrı (TNP – “ Teatr Nasyonal Popüler”, әsasını 1920 ildә F.Jemye qoymuşdur) fәaliyyәtini davam etdirirdi. F. teatr sәnәtinin inkişafında J.L.Barronun böyük әmәyi olmuşdur (1946 ildә M.Reno ilә birlikdә öz truppasını tәşkil etmiş vә dünyanın hәr yerindә qastrolda olmuşdur). 1950-ci illәrdә absurd teatrı formalaşmışdı (A.Adamov, S.Bekket, J.Jene, S.Mrojek vә b.-larının pyeslәri әsasında R.Blenin tamaşaları).
May böhranı vә 1968 il ümumfransa tәtili 20 әsrin 2-ci yarısında teatr sәnәti inkişafının gedişatını müәyyәnlәşdirdi (teatrların desentralizasiyası, parateatral vә prateatral formalara müraciәt, әnәnәvi dra- maturgiyadan sәhnәlәşdirmәlәrә vә tamaşanın sәrbәst “rejissor” mәtnlәrinin yaradılmasına keçid). Teatr xadimlәri: R.Planşon, M.Mareşal (1957 ildә Lionda hәvәskar “Komedyen dü Kotürn” truppasını yaratmış, 1995–2000 illәrdә Parisdәki “Ron-Puen” teatrına rәhbәrlik etmişdir), P.Şero, A.Vitez, X.Lavelli (“Kollin” Milli teatrı, Paris), J.Savari (“Şayo” Milli teatrı, Paris), A.Qatti (Paris, Berlin, Monreal, Tuluza vә s. şәhәrlәrin teatrlarında işlәmişdir). Prateatr formaları axtarışlarına bir çox ölkәnin aktyorları cәlb edilmişdi (P.Brukun quruluşunda “Mahabharata”, 1985).
1990 ildә mәdәniyyәt naziri J.Lanq vә C.Strelerin tәşәbbüsü ilә Avropa Teatrları İttifaqı (Nanter) beynәlxalq assosiasiyası yaradılmışdır. “Molyer” F.-nın ali teatr m kafatıdır. 20 әsrin ikinci yarısı – 21 әsrin әvvәllәri F. rejissorları: J.P.Vensan, P.Kerbrat, D.Podalides, O.Pi, K.Reji, J.Pomra, K.Rok. Dramaturqlar: B.M.Koltes, J.Odiberti, N.Sarrot, R.Penje, R.Dubiyar, J.Danan. 1972 ildәn Parisdә hәr il beynәlxalq müasir sәnәt (teatr, rәqs vә s.)”Payız festivalı”, 1990 ildәn “Yay mәhәllәsi” musiqi, rәqs, teatr vә kino festivalı keçirilir. Marsel, Bordo vә bir çox başqa şәhәrdә teatr festivalları tәşkil olunur.
Kino
F. kinematoqrafın vәtәnidir. Onun yaranmasının rәsmi tarixi 28.12.1895 il hesab olunur: hәmin vaxt Parisdә Kaputsinlәr bulvarındakı “Qran kafe”dә Lümyer qardaşlarının çәkdiyi filmlәr proqramının ilk pullu açıq nümayişi olmuşdur. Kinonun tәşәkkülü 1897 ildә Paris yaxınlığında dünyada ilk kinostudiyanı yaratmış vә feeriya janrını inkişaf etdirmiş J.Melyesin yaradıcılığı ilә sıx bağlıdır. 19 әsrin sonunda yaranmış kino müәssisәlәrindәn әn böyüyü olan “Pathe” geniş tamaşaçı auditoriyasını nәzәrdә tuturdu (rej.-lar F.Zekka, L.Nonge, A.Kapellani, R.Laprens vә b.-ları). İstehsal etdiyi filmlәrin hәcminә görә ikinci olan “Gaumont” studiyası kinotamaşaların estetik cәhәtinә daha çox diqqәt yetirirdi (A.Gi Blanşe, L.Feyad). “Éclair” firması (baş rej. V.Jasse) serialların istehsalı üzrә ixtisaslaşmışdı (“Nik Karter xәfiyyәlәrin kralıdır”, 1908; “Ziqomar”, 1911 vә s.). “Mәşhur süjetlәrin mәşhur aktyorlar tәrәfindәn ifası” 1908 ildә yaranmış “Le Film d’Art” sәhmdar cәmiyyәtinin (yaradıcıları Lafit qardaşları, A.Kalmett, Ş.Le Barji) şüarı idi. Bu cәmiyyәtlә Fransa Akademiyasının üzvlәri olan yazıçılar vә “Komedi Francez”in aktyorları әmәkdaşlıq edirdi (“Hersoq de Gizin qәtli”, 1908). Bu dövrdә “Dramaturq vә yazıçıların kinematoqrafiya cәmiyyәti” yaradılmışdı. Onun әn böyük uğuru V.Hüqonun “Sәfillәr” romanının ekranlaşdırılması (1913) olmuşdu. F.-nın kino sәnayesinә Birinci dünya müharibәsi böyük zәrbә vurdu. Kiçik kinoşirkәtlәrinin (“Studio reuni”, “Albatros”, “Franco film” vә s.) fәaliyyәti nәticәsindә 1920-ci illәrin 2-ci yarısında kino prosesindә canlanma başladı.
“İki nәfәr şәhәrdә” filmindәn kadr. Rej. J.Covanni. 1973.
Əsasında fotogeniyanın müxtәlif nәzәriyyәlәr duran kinoimpressionizm (birinci avanqard) rej.-lardan L.Dellük (“Susma”, 1920; “Qızdırma”, 1921; “Yeri bilinmәyәn qadın”, 1922), J.Dülak (“Gülümsәyәn madam Böde”, 1923), M.L’Erbye (“Açıq dәniz adamı”, 1920; “Eldorado”, 1921), J.Epşteyn (“Sadiq ürәk”, 1923; “Gözәl nivernezli qız”, 1924; “Üçlaylı güzgü”, 1927; Eşerlәr evinin süqutu”, 1928), A.Hans (“Tәkәr”, 1923; “Napoleon”, 1927), D.Kirsanov (“Menilmontan”, 1926; “Payız dumanları”, 1929) vә b.-nın adları ilә bağlıdır.
Abstraksionizm, dadaizm, sürrealizm vә konstruktivizmin tәsiri hiss olunan “ikinci avanqard” (“tәmiz kino”) üçün Men Rey (“İdraka qayıdış”, 1923; “Dәniz ulduzu”, 1928), R.Kler (“Antrakt”, 1924), F.Leje “Mexaniki balet”, 1924), M.Düşan (“Anemik sinema”, 1926), J.Dülak (“Balıqqulağı vә keşiş”, 1928), L.Bunyuel vә S.Dali (“Əndәlis köpәyi”, 1928; “Qızıl әsr”, 1930), J.Kokto (“Şairin qanı”, 1930) vә b.-larının filmlәri әlamәtdar hadisәyә çevrilmişdi.
Fransız kinoavanqardizminin üçüncü dalğasının yaranması (eksperimental sәnәdli kino) A.Kavalkantinin “Yalnız zaman” (1926) filminin ekranlara çıxması ilә bağlıdır. A.Qalitsın, B.Kaufman vә b.-larının “Mәrkәzi bazar” (1927), J.Lakombın “Zona” vә A.Sovajın “Paris etüdlәri” (hәr ikisi 1928), E.Deslavın “Elektrik gecәlәri” (1928) vә “Monparnas” (1929), J.Viqonun “Nitsa barәdә” (1930), L.Bunyuelin “Las Urdas” (1932, ekranlara 1937 ildә çıxmışdır) filmlәri bu cәrәyanın әn böyük işlәrindәndir.
1930-cu illәrdә kino sәnayesi, hәmçinin yeni nәsil rej.-larının yaradıcılıq fәaliyyәti canlandı (J.Renuar, M.Karne, J.Düvivye, J.Qremiyon vә b.). 1930-cu illәrin әvvәllәrindә “poetik realizm” cәrәyanı formalaşdı (rej. M.Karne vә ssenariçi J.Prever). J.Viqonun “Davranışa görә sıfır” (1933, ekranlara 1945 ildә çıxmışdır) vә “Atalanta” (1934), Karnenin “Dumanlar sahili” (1938) vә “Gün başlayır” (1939), Renuarın “İnsan-vәhşi” (1938) vә “Oyun qaydaları” (1939) filmlәri F. kinosunun qızıl fonduna daxil olmuşdur.
“Adelin hәyatı” filmindәn kadr. Rej. A.Keşiş. 2013.
2-ci dünya müharibәsi illәrindә fransız kinematoqrafı senzura ilә üzlәşsә dә, әsasәn, özünәmәxsusluğunu qoruyub saxlamışdı. Müharibәdәn sonra әn çox tәlәbat nüar (qara film) adlanan filmlәrә idi: A.Kluzonun “Orfevr sahili” (1947), “Manon” (1948), “Qorxu üçün haqq” (1952) vә “Şeytan qadınlar” (1954); İ.Alleqrenin “Antverpendәn olan Dede” (1948), J.Bekkerin “Qәnimәtә toxunma” (1954), J.Dassenin “Kişi araşdırmaları” (1955) vә s. “Fransız keyfiyyәti” kinematoqrafı çox böyük populyarlıq qazanmışdı: “Susmaq qızıldır” (1947), “Qırmızı mehmanxana” (1951), “Fanfan-zanbaq” (1952), “Böyük manevrlәr” (1955) vә s. Macәra filmlәrinә maraq qalmaqda idi: R.Klemanın “Etibarlı ata” (1946) vә “Qadağan olunmuş oyunlar” (1952), K.Otan-Laranın “Parisdәn keçәrkәn” (1956), J.Düvivyenin “Mari-oktyabr” (1959) vә s. J.L.Qodar (“Son nәfәsdә”, 1960), F.Trüffo (“Dörd yüz zәrbә”, 1959; “Jül vә Cim”, 1962), E.Romer (“Şir nişanı”, 1959), A.Varda (“Kleo 5-dәn 7-dәk”, 1961) vә b.-ları 1950-ci illәrin sonu – 1960- cı illәrin әvvәllәrindә meydana gәlmiş “yeni dalğa” cәrәyanının görkәmli nümayәndәlәri idilәr. “Yeni dalğa” üçün müasir gәnclik mövzusu müraciәt, daha çox naturadan çәkilişlәr, aktyor oyununda improvizә metodlarından istifadә sәciyyәvi idi. 1960-cı illәrin ortalarından siyası tematika genişlәndi: Qodarın “Çinli qız” vә “Vyetnamdan uzaqlarda” (hәr ikisi 1967), K.Kosta-Qavrasın “Z, yaxud Siyasi qәtlin anatomiyası (1969) vә s. filmlәr. 1970-ci illәr әnәnәvi janrlarda axtarışlar, “fransız keyfiyyәti” әnәnәlәrinә qayıdış kimi xarakterizә olunur. Bu dövrün görkәmli rej.-ları: J.Estaş, B.Bliye, M.Piala, A.Teşine, K.Sote, İ.Buasse vә b.-ları. 1980-ci illәrdә alternativ yayım (video, özәl, kabel vә peyk kanalları vasitәlәrinin geniş yayılması ilә әlaqәdar F. kinosu böhran keçirirdi. Bu dövr әrәb yönlü filmlәrlә yadda qalmışdır: M.Şarefin “Arximedin hәrәmxanasında çay mәrasimi”, R.Buşarebin “Dodaq boyası” (hәr ikisi 1985) vә s. L.Kante, J.F.Rişe, B.Dümon, C.Kabrera, Q.Noe, E.Zonka vә b.-ları. 1990-cı illәrin istedadlı rej.-larıdırlar. Bu dövrün әn mәşhur kino әsәri M.Kassovitsin “Nifrәt” (1995) filmidir.
21 әsrin әvvәllәrindә F. kinematoqrafının müxtәlif janrlarda çәkilmiş filmlәri geniş kommersiya qazancları gәtirirdi: J.P.Jönenin “Ameli Rulenin qeyri-adi taleyi” (“Ameli”) vә A.Şabanın “Asteriks vә Obeliks: Kleopatr missiyası” (hәr ikisi 2002), K.Barratyenin “Xor artistlәri” (2004), D.Bunun “Ştinin yanına xoş gәlmisiniz” (2008), O.Marşalın “Toxunulmazlar” (2011) vә s. L.Bessonun “Europa Corp” şirkәtinin kino mәhsulları geniş şöhrәt qazanmışdır. Hazırda F. Hollivuda meydan oxuyan yeganә Avropa ölkәsidir. Son illәrin filmlәri: A.Keşişin “Adelin hәyatı” (2013, Kann, San-Sebastyan Beynәlxalq kinofestivallarının mükafatları), J.L.Qodarın “Əlvida, nitq” (2014, Kann Beynәlxalq kinofestivalının mükafatı), K.Bovuanın “Şöhrәtin qiymәti” (2014), K.Vensanın “Sincab” (2015, Venesiya Beynәlxalq kinofestivalının mükafatı), J.Odiarın “Dipan” (2015, Kann Beynәlxalq kinofestivalının baş mükafatı). Tarixi bir әsrdәn çox olan fransız kinematoqrafı dünyada әn güclü ifaçılıq mәktәblәrindәn birini formalaşdırmışdır. Müxtәlif illәrin әn yaxşı aktyorları: B.Bardo, J.P.Belmondo, Burvil, M.Vladi, J.Qaben, A.Delon, K.Denöv, J.Depardye, A.Jirardo, M.Linder, J.Mare, J.Moro, F.Nuare, R.Osseyn, M.Pikkoli, S.Sinyore, Fernandel, J.Filip, L. de Fünes.
1946 ildә Kann Beynәlxalq kinofestivalının, 1979 ildә Klermon-Ferran ş.-ndә qısametrajlı filmlәrin dünyada әn nüfuzlu festivalının (qısametrajlı filmlәr hәftәsi kimi başlamışdı; 1982 ildәn müsabiqә; 1988 ildәn beynlxalq) әsası qoyulmuşdur. 1951 ildә “müstәqil düşüncә vә orijinal üslub”a görә J.Viqo ad. mükafat, 1976 ildәn “Sezar” milli kino mükafatı tәsis edilmişdir.
Əd.: С а д у ль Ж. Всеобщая история кино. М., 1958–1982. Т. 1–4; Я к и м о в и ч Г.К. Драматургия и театр современной Франции. К., 1968; К а п т е р е в а Т.П., Б ы к о в В.Е. Искусство Франции XVII века. М. 1969; К а п т е р е в а Т.П., Б ы к о в В.Е. Искусство Франции XVII века. М. 1969; Л я с к о в с к а я О.А. Французская готика. М. 1973; П е т р у с е в и ч Н.Б. Искусство Франции XV – XVI веков. Л. 1973; Л я с к о в с к а я О.А. Французская готика. М. 1973; П е т р у с е в и ч Н.Б. Искусство Франции XV – XVI веков. Л. 1973; Музыкальная эстетика Франции XIX в. М., 1974; Тенденции прогрессивной французской режиссуры 1960–1970-х годов. Л. 1977; Р а з д о л ь с к а я В.И. Искусство Франции второй половины XIX века. М., 1981; Р а з д о л ь с к а я В.И. Искусство Франции второй половины XIX века. М., 1981; Ф и л е н к о Г.Т. Французская музыка первой половины XX в. Л., 1983; Народный театр французского Средневековья. М., 1990; З е н к и н С.Н. Французский романтизм и идея культуры. М., 2002; Д э в л е т Е.Т. Альтамира: У истоков искусства. М., 2004; Д э в л е т Е.Т. Альтамира: У истоков искусства. М., 2004; С о к о л о в а Т.В. От романтизма к символизму: Очерки истории французской поэзии. М., 2005; Н о в е р р Ж.Ж. Письма о танце. 2-е изд. СПб. [и др.], 2007; К р а с о в с к а я В.М. Западноевропейский балетный театр: очерки истории. 2-е изд. СПб. [и др.], 2008; Ч е к а л о в К.А. Формирование массовой литературы во Франции: XVII – первая треть XVIII в. М., 2008; В и н о г р а д о в В.В. Стилевые направления французского кинематографа. М., 2010; К р и в и ц к а я Е.Д. История французской органной музыки. 2-е изд. М., 2010; М и х а й л о в А.Д. От Ф. Вийона до М. Пруста: Страницы истории французской литературы Нового времени (XVI – XIX вв.): В 2 т. М., 2009–2010; y e n ә o n u n. До Ф. Вийона, до М. Пруста. М., 2011; А р в о Т. Оркезография. Трактат об искусстве танца Франции XVI в. СПб., 2013;