FRANSA İNSTİTUTU (L’Institut de France) – 1795 ildәn Parisdә fәaliyyәt göstәrәn rәsmi akademik müәssisә. Görkәmli elm, әdәbiyyat, incәsәnәt xadimlәrini, hәmçinin Fransanın siyasәt alәminin ayrı-ayrı veteranlarını birlәşdirir. F.İ.-na beş akademiya: Fransa Akademiyası, Kitabәlәr vә Bәdii Ədәbiyyat Akademiyası, Fransa Elmlәr Akademiyası, İncәsәnәt Akademiyası, Əxlaqi vә Siyasi Elmlәr Akademiyası daxildir. Böyük Fransa inqilabına qәdәr ölkәdә mövcud olan altı kral akademiyası: Fransa, kitabәlәr vә medallar, tәbiyyat elmlәri, boyakarlıq vә heykәltәraşlıq, memarlıq, musiqi akademiyaları 1793 ildә Milli konvent tәrәfindәn lәğv olunmuşdu. 1795 ildә Direktoriya 3 şöbәsi (fizika vә riyaziyyat elmlәri; әxlaqi vә siyasi elmlәr; әdәbiyyat vә incәsәnәt) olan Milli Elm vә İncәsәnәt İn-tunu tәsis etmişdir. 1803 ildә I Napoleonun sәrәncamı ilә 2-ci şöbә bağlanmış, 3-cü şöbәnin әvәzinә isә üç yeni şöbә: fransız dili vә әdәbiyyatı, qәdim tarix vә әdәbiyyat, incәsәnәt şöbәlәri yaradılmışdır. 1806 ildә Milli Elm vә İncәsәnәt İn-tu F.İ. adlanmışdır. 1816 ildә XVIII Lüdovik müvafiq şöbәlәrә akademiya adını qaytarmışdır. F.İ.-nun müasir strukturu Lui Filipp dövründә formalaşmışdır. O, 1832 ildә Əxlaqi vә Siyasi Elmlәr Akademiyasını (1795; 1803 ildә bağlanmışdır) bәrpa etmişdir. F.İ.-nun indiki statusu 18.4.2006 il qanunu ilә dәqiqlәşdirilmiş, onun ümumi reqlamenti isә 11.5.2007 il hökumәt dekreti ilә tәsdiq edilmişdir.
F.İ.-nun tәrkibinә daxil olan hәr bir akademiyanın öz fәaliyyәt sahәsi, nizamnamәsi, fondu vardır; prezidentini (daimi katibini) vә elmi katibini seçir. Bir akademiyanın üzvlәri digәr akademiyalara da üzv seçilә bilәrlәr. F.İ.-nun rәhbәr orqanları: mәrkәzi inzibati komissiya tәrәfindәn üç il müddәtinә seçilәn vә Fransa Resp.-nın prezidenti tәrәfindәn tәsdiqlәnәn kansler; tәrkibi altı daimi katibdәn (akademiyanın iki daimi katibi vardır) vә hәr akademiyanın seçdiyi iki nümayәndәdәn ibarәt mәrkәzi inzibati komissiya; tәrkibi akademiyaların (Fransa Elmlәr Akademiyası istisna edilmәklә; o, assambleyaya özünün 50 nümayәndәsini göndәrir) bütün hәqiqi üzvlәrindәn ibarәt olan baş assambleya; prezidentdәn, kanslerdәn vә hәr bir akademiyanın rәhbәrindәn ibarәt büro; hәr il rotasiya qaydasında beş akademiyanın rәhbәrlәri arasından seçilәn prezident; texniki, ixtisas vә müsabiqә komissiyaları. Ən böyük, ilk növbәdә maliyyә sәlahiyyәtlәrinә kansler vә mәrkәzi inzibati komissiya malikdir. 2005 ilin noyabrında F.İ.-nun kansleri Qabriel de Broyl seçilmişdir.
F.İ.-nun tәqr. 700 hәqiqi vә әcnәbi üzvü, hәmçinin dünyanın müxtәlif ölkәlәrini tәmsil edәn müxbir üzvlәri var (2007 ilin ortaları).
Müxtәlif vaxtlarda A.S., A.E, A.A. vә J.Bekkerellәr, Volter, V.Hüqo, M.Drüon, Pyer Küri, Mariya Sklodovskaya-Küri, İren vә Frederik Jolio-Küri, J.Laqranj, P.Lanjeven, P.Laplas, E.Mariott, Ş.L.Monteskyö, A.Puankare, A.Truayya vә b. F.İ.-nun üzvlәri olmuşlar.