FRANSA QƏRBİ AFRİKASI (FQA; Afrique-Occidentale française) – Qәrbi Afrikada 1892–1904 illәrdә yaradılmış Fransa müstәmlәkәlәrinin siyasi-inz. birliyi. 1958 ilәdәk tәrkibinә Seneqal, Mavritaniya, Fransa Sudanı, Fransa Qvineyası, Fil Dişi Sahili (indiki Kot-d’İvuar), Yuxarı Volta (Burkina-Faso), Dahomeya (Benin), Niger daxil idi. İnz. m. Dakar ş. (Seneqal) olmuşdur. FQA әrazi (müstәmlәkә) qubernatorlarının tabe olduqları ali komissar (1946 ilәdәk gen.-qubernator) tәrәfindәn idarә edilirdi. İkinci dünya müharibәsindәn sonra güclәnәn imperializmә qarşı hәrәkatın tәzyiqi ilә Fransa hökumәti müstәmlәkәlәrә bәzi güzәştlәrә (mәs., 1946 il konstitusiyasına görә mәhdud sәlahiyyәtli seçkili әrazi mәclislәrinin yaradılması) getmәyә, sonra isә onlara müstәqillik vermәyә mәcbur oldu. 1958 il oktyabrın 2-dә Qvineya müstәqilliyini elan etdi; digәr әrazilәr isә 1958 ildә muxtar respublika statusunu aldılar. 1960 ildә Fil Dişi Sahili, Dahomeya, Yuxarı Volta, Niger, Mavritaniya müstәqilliklәrini elan etdilәr. Seneqal vә Sudan Respublikası (1958 ilәdәk Fransa Sudanı) isә 1959 ilin aprelindә Mali Federasiyasını (müstәqilliyi 1960 ilin iyununda elan olundu) yaratdılar; 1960 ilin avqustunda Seneqal Federasiyanın tәrkibindәn çıxdı. 1960 ilin sentyabrında Sudan Respublikası müstәqilliyini elan edәrәk Mali Respublikası adlandırıldı.