FRANSA MİLLİ AZADLIQ KOMİTƏSİ (Le Comité français de Libération nationale) – 1943–44 illәrdә “Vişi” hökumәtinә zidd olaraq müttәfiqlәrin tәrәfindә döyüşәn fransız hakimiyyәt orqanı. 1943 il iyunun 3-dә Əlcәzairdә gen. A.Jironun başçılıq etdiyi Fransanın Şimali Afrikadakı mülki vә hәrbi administrasiyası ilә gen. Ş. de Qollun rәhbәrlik etdiyi “Döyüşәn Fransa” hәrәkatının Fransa Milli Komitәsinin birlәşmәsi nәticәsindә yaradılmışdır. 2 generalın sәdrliyi altında 14 nәfәrdәn ibarәt olmuşdur. Komitәnin әsas mәqsәdi müttәfiqlәrlә birgә “bütün düşmәn dövlәtlәr üzәrindә tam qәlәbәyәdәk, Fransanın vә müttәfiqlәrin әrazilәri tamamilә azad olunanadәk” mübarizәni davam etdirmәk vә “fransızların bütün azadlıqlarını, respublika qanunlarını vә respublika rejimini” bәrpa etmәk idi. 1943 ilin avqustunda Komitә SSRİ, ABŞ vә B.Britaniya tәrәfindәn tanındı. 1943 ilin noyabrında Ş. de Qoll onun tәkbaşına sәdri oldu. De Qollun tәşәbbüsü ilә hәmin ayda Əlcәzairdә Müvvәqqәti mәşvәrәt mәclisi toplandı, sonradan isә Komitәyә Müqavimәt Hәrәkatının bütün qüvvәlәrinin nümayәndәlәri, o cümlәdәn kommunistlәr daxil edildi. 1944 il iyunun 2-dә Komitә Fransa Resp.-nın Müvәqqәti hökumәti adlandırıldı.