FRANSA-MƏRAKEŞ BƏYANNAMƏSİ (1956) – Mәrakeşin müstәqilliyinin Fransa tәrәfindәn tanınmasına dair bәyannamә martın 2-dә Parisdә imzalanmışdır. Bundan әvvәl 1955 il noyabrın 6-da Mәrakeş milli hökumәtinin yaradılmasına dair birgә bәyannamә qәbul edilmiş, ona Mәrakeşin gәlәcәk statusu barәdә Fransa ilә danışıqlar aparmaq hәvalә olunmuşdu. F-M. b. Fәs müqavilәsini (1912) lәğv edәrәk Mәrakeşin müstәqilliyini elan edir, tәrәflәr arasında müdafiә, iqtisadiyyat, mәdәniyyәt vә s. sahәlәrdә әmәkdaşlığa dair sazişlәrin bağlanmasını nәzәrdә tuturdu. Bәyannamә ilә yanaşı, Fransa–Mәrakeş әlaqәlәrini nizamlayan protokol da imzalanmışdı. 1956–57 illәrdә diplomatik, hüquqi, mәdәni, inzibati vә texniki sahәlәrdә әmәkdaşlığa dair Fransa–Mәrakeş sazişlәri bağlanmışdı.