FRANSA-VYETNAM MÜHARİBƏLƏRİ – B i r i n c i F.-V.m. (19 әsr) – Vyetnamı müstәmlәkә әsarәtinә salmaq uğrunda İspaniya ilә ittifaqda aparılan müharibә gedişindә (1858–62) Fransa Cәnubi Vyetnamın bir neçә rayonunu tutdu, 1862 ildә imzalanmış Vyetnam-Fransa-İspaniya müqavilәsinә görә Cәnubi Vyetnamın 3 şәrq әyalәtini, bir sıra ticarәt imtiyazları vә digәr güzәştlәr әldә etdi. 1867 ildә Fransa daha 3 әyalәti әlә keçirdi vә Cәnubi Vyetnam bütünlüklә Fransanın müstәmlәkәsinә (Koxinxina) çevrildi. 1882 ildә Fransa müharibә elan etmәdәn Hanoyu vә Şimali Vyetnamın bәzi rayonlarını tutdu. 1883–84 illәr müharibәsi zamanı özlәrinin hәrbi-texniki üstünlüyündәn istifadә edәn fransızlar 1884 ilin yayında әsas müqavimәt ocaqlarını yatırdılar. İyunun 6- da Vyetnam üzәrindә Fransanın protektoratlığına dair müqavilә imzalandı, әslindә isә ölkә bütünlükdә Fransanın müstәmlәkәsinә çevrildi.
İkinci F.-V.m. (1945–54) Fransanın müstәmlәkә ağalığına qarşı Vyetnam xalqının milli azadlıq müharibәsi idi. 1941 ildә Vyetnamda fransız müstәmlәkәçilәrinә vә yapon işğalçılarına (1945 ildә) qarşı vәtәnpәrvәr qüvvәlәri birlәşdirәn Vyetmin milli azadlıq cәbhәsi tәşkil edildi. Avqust inqilabının (1945) qәlәbәsi nәticәsindә Demokratik Respublikası (VDR) yaradıldı. Müstәmlәkәsinin itirilmәsi ilә barışmaq istәmәyәn Fransa ABŞ vә B.Britaniyanın dәstәyinә arxalanaraq 1946 ilin әvvәllәrindә Cәnubi Vyetnamı işğal etdi, payızda isә bütün ölkә miqyasında VDR-ә qarşı hәrbi әmәliyyatlara başladı. Fransızların ildırımsürәtli müharibә strateji planına qarşı VDR hökumәti vә Xalq ordusu komandanlığı (baş komandan Vo Nquen Ziap) uzunmüddәtli partizan müharibәsi tәşkil etdilәr. Fransa bu regionda sonralar Bao Dayın oyuncaq hökumәtinin qoşunları (tәqr. 215 min nәfәr) tәrәfindәn dәstәklәnәn ekspedisiya korpusunun hissәlәri (onların sayı müharibә gedişindә 90 min nәfәrdәn 250 min nәfәrәdәk artmışdı) ilә tәmsil olunurdu. VDR nizami qoşun yaratmağa başlamış vә partizan dәstәlәrinin sayını müntәzәm olaraq artırırdı; әsasәn, yüngül silahlarla silahlanmış Xalq ordusunun tәrkibindә tank, tәyyarә, gәmi yox idi.
Müharibәnin birinci mәrhәlәsindә (1946, dekabr – 1947, dekabr) döyüş әmәliyyatlarının Fransa qüvvәlәrinin böyük üstünlüyü şәraitindә keçmәsi nәticәsindә VDR qoşunları әsas şәhәrlәri, o cümlәdәn Hanoyu tәrk edәrәk hәrbi әmәliyyatları kәndlәrә, meşәlәrә vә dağlara keçirmәyә mәcbur oldular. Partizan bazaları yaradıldı vә bir sıra rayonlar azad edildi. 1950 ilin sonunda müharibәnin gedişindә dönüş yarandı. Bu vaxtadәk Xalq ordusu ÇXR ilә sәrhәdboyunda Şimali Vyetnamın iri rayonunu azad etmişdi. 1951–52 illәr әrzindә Xalq ordusu Fransa ekspedisiya korpusu hissәlәrinә qarşı fәal hәrbi әmәliyyatlar aparırdı. 1953 ilin payızında müharibәnin hәlledici mәrhәlәsi başladı. 1953 ilin qışında Şimal-Qәrbi Vyetnamın, demәk olar ki, bütün әrazisi azad olundu. 1954 ilin yazında Dyenbyenfu qәzasında fransız qoşunlarını darmadağın edәn Xalq ordusu Hanoy, Hayfon vә digәr şәhәrlәrdә cәmlәnmiş Fransa ekspedisiya korpusunun әsas qüvvәlәri üçün bilavasitә tәhlükә yaratdı.
Ağır hәrbi mәğlubiyyәtlәr Fransa hökumәtini danışıqlara başlamağa vadar etdi. 1954 il iyulun 20–21-dә xarici işlәr nazirlәrinin müşavirәsi zamanı Hind-Çindә sülhün bәrpasına dair Cenevrә sazişlәri imzalandı.