FRANSA SOSİALİST PARTİYASI – 1905 ildә Fransız Sosialist Partiyası, Fransanın Sosialist Partiyası vә Fәhlә Sosial-İnqilabi Partiyasının birlәşmәsi nәticәsindә yaranmışdır. 1969 ilәdәk Fәhlә internasionalının Fransa seksiyası adlandırılmışdır (FİFS; Section française de l`Internationale ouvrière). Başlıca ideoloji istiqamәti sosial reformizm idi. Birinci dünya müharibәsi (1914–18) illәrindә FİFS nümayәndәlәri nazir vәzifәlәrini tuturdular. 1920 ildә partiyanın sol qanadı ayrılaraq Fransa Kommunist Partiyasını yaratdı. 1920–30-cu illәrin әvvәllәrindә FİFS hökumәtin tәrkibinә daxil olmadan onu dәstәklәyir, yaxud da sağ kabinetlәrә qarşı müxalifәtdә olurdu. 1934 ildә partiya Milli cәbhә koalisiya blokunda әsas qüvvәlәrdәn birinә çevrildi. İkinci dünya mühiribәsinin (1939–45) başlanğıcında “Vişi” hökumәti tәrәfindәn buraxılan FİFS bir müddәt sonra fәaliyyәtini gizli şәkildә bәrpa etdi vә Müqavimәt hәrәkatında mühüm rol oynadı. Müvәqqәti rejim vә Dördüncü respublika dövründә Fransanın aparıcı partiyalarından biri olaraq qaldı; nümayәndәlәri tez-tez koalisiya hökumәtinә daxil olurdular. 1956–57 il- lәrdә kabinetin başında FİFS lideri G.Molle dayanırdı. 1958 ildә sosialistlәrin çoxu gen. Ş. de Qollun hakimiyyәtә gәlmәsini vә Beşinci respublikanı dәstәklәdi. Lakin 1959 ildә FİFS müxalifәtә keçdi. 1960-cı illәr Fransa sosialist hәrәkatının tәnәzzül vә parçalanma dövrü idi. 1965 vә 1969 illәr prezident seçkilәrindә partiyanın dәstәklәdiyi namizәdlәrin mәğlubiyyәtindәn sonra hәrәkata son qoyuldu. 1969 ildә FİFS-in bazasında yenilәnmiş Sosialist partiyası (SP; Parti socialiste) yaradıldı. SP-nin birinci katibi A.Savari (1969–71), ikinci katibi F.Mitteran (1971–81) oldu. Mitteran 1981 vә 1988 illәr prezident seçkilәrindә qalib gәldi. 1981 ildә Mitteran P. Moruanın rәhbәrlik etdiyi sosialist vә kommunistlәrin dә daxil olduğu hökumәt yaratdı. Kabinet Fransada genişmiqyaslı sol islahatlar apardı. J.Şirakın birinci prezidentliyi dövründә (1995–2002) baş nazir Milli mәclisin sol çoxluğu tәrәfindәn dәstәklәnәn L.Jospen oldu (1997–2002). O da Morua kimi öz kabinetinә kommunistlәri daxil etdi vә sol liberal islahatlar apardı, lakin 2002 il prezident seçkilәrindә mәğlub oldu. 2012 il seçkilәrindә SP-nin namizәdi F.Olland qalib gәldi.