FRANSIZ SOSİOLOJİ MƏKTƏBİ, D ü r k h e y m m ә k t ә b i – 19 әsr – 20 әsrin birinci yarısında fransız sosiologiyasının mühüm cәrәyanlarından biri. Əsa- sı E.Dürkheym tәrәfindәn qoyulmuşdur. Mәktәb elmi cәrәyan kimi Dürkheymin tәsis etdiyi “Sosiologiya salnamәsi” jurnalının (L’Année sociologique”, 1898– 1913 vә 1925–27; jurnalın nәşri dayandırıldıqdan sonra mәktәbin fәaliyyәti İkinci dünya müharibәsinә qәdәr davam etmişdir) әtrafında formalaşmışdır. Mәktәbin özәyini Dürkheym, M.Moss (1917 ildә Dürkheymin ölümündәn sonra jurnala vә mәktәbә rәhbәrlik etmişdir), S.Buqle, J.Davi, P.Lapi, P.Fokonne, M.Halbvaks yaratmış, görkәmli iqtisadçılar, hüquqşünaslar, etnoqraflar, tarixçilәr, dilçilәr vә b. jurnalın nәşri vә mәktәbin fәaliyyәtindә xidmәt göstәrmişlәr. Mәktәbin nәzәri vә metodoloji müddәaları Dürkheymin pozitivist sosiologizminә әsaslanırdı. Sosial proseslәrin obyektiv, fövqәlfәrdi xarakterini tәsbit edәn F.s.m. katolik sosiologiyası, sosioloji nominalizm, bioloji vә psixoloji reduksionizm kimi nüfuzlu sosioloji cәrәyanlara qarşı çıxırdı. Sosial reallığın xarakteri vә tәbiәti, fәrdin fәaliyyәtinin sosium tәrәfindәn şәrtlәndirilmәsinin dәrәcәsi haqqında nәzәri diskussiyalar “Sosiologiya salnamәsi”nin mәğzini tәşkil edir vә bir çox halda 20 әsrin birinci yarısı fransız sosiologiyasında F.s.m.-nin qabaqcıl mövqeyini müәyyәnlәşdirirdi. İlk dövrlәrdә (1913 ilәdәk) mәktәbin fәaliyyәtindә onun nümayәndәlәrinin nәinki elmi, hәtta ictimai mәsәlәlәrdә (antiklerikalizm, mülki liberalizm, sinfi ziddiyyәtin aradan qaldırılmasına yönәlmiş sosial reformizm ideyaları) hәmfikir olmaları mühüm rol oynadı. Mәktәbin fәaliyyәti Fransanın ali, sonralar isә orta tәhsil sisteminә sosiologiyanın (onun dürkheymçi izahında) daxil edilmәsinә şәrait yaratdı. F.s.m.-nin İkinci dünya müharibәsinin sonundan tәşkilati mәrkәzi artıq “Sosiologiya salnamәsi” deyil, Moss, P.Lapi vә b.-nın çalışdığı Paris, Bordo, Tuluza un-tlәrinin sosiologiya kafedraları idi. F.s.m.-nin nümayәndәlәri elmin fәal sosial-islahatçı rolunu vurğulamağa çalışsalar da, onların görüşlәri nәzәrәçarpacaq dәrәcәdә radikal liberallıqdan mötәdilliyә doğru dәyişmişdi. Mәktәbin bәzi nümayәndәlәrinә (Moss, J.Davi, M.Halbvaks) struktur funksionalizmi ideyaları vә M.Veberin “anlayan” sosiologiyasının psixologizmi tәsir göstәrdi. Tәdricәn dürkheymçi sosiologizmin elmi-metodoloji dәrinliyinin azalması vә antropologiyada struktur-funksional analizin sürәtli inkişafı F.s.m.-nin süqutunu şәrtlәndirdi. İkinci dünya müharibәsindәn sonra “Sosiologiya salnamәsi”-nin yenidәn nәşr olunmasına baxmayaraq, mәktәb öz fәaliyyәtini faktiki olaraq dayandırdı. Əsrin әvvәlindә fransız sosiologiyasının qabaqcıl cәrәyanı kimi F.s.m.-nin fәaliyyәti nәinki insan cәmiyyәti vә onunla әlaqәli nәzәri problematika haqqında müasir tәsәvvürlәrin formalaşmasına, hәmçinin ümumilikdә antropoloji elmin formalaşmasına böyük tәsir göstәrdi, müasir funksionalizmin, neomarksist sosiologiyanın simasını müәyyәnlәşdirdi, Frankfurt mәktәbinin tәşәkkülünә tәsir göstәrdi.
D i l ç i l i k d ә F.s.m. 20 әsrin әvvәllәrindә Parisdә yaranmış vә E.Dürkheymin ideyaları istiqamәtindә dili ünsiyyәt vasitәsi kimi nәzәrdәn keçirәn A.Meyenin tәlәbәlәrini birlәşdirmişdir. Dillәrin diferensiasiyasını Meye xalqların müxtәlif yerlәrdә yerlәşmәsi, unifikasiyasını isә istilalarla izah etmişdir. O, dillәrin qarışmasına böyük әhәmiyyәt vermiş, sözlәrin mәnasının dәyişmәsini onların işlәdilmәsinin dar sosial qrupdan geniş sosial qrupa, yaxud әksinә keçmәsi ilә әlaqәlәndirmişdir.
F.s.m.-nin ideyalarını M.Qrammon dәstәklәmişdir. O.Yespersinin tәrәqqi nәzәriyyәsini tәnqid edәn J.Vandriyes dilin tәkamülünü sosial münasibәtlәrin mürәkkәblәşmәsi ilә izah etmişdir. F.s.m.-nin dilә yanaşması J.Maruzonun “Dilçilik terminlәri lüğәti”ndә (1933) әksini tapmışdır.
M.Koen F.s.m.-nin ideyalarını marksizm mövqeyindәn әsaslandırmışdır. O, sosial tәdqiqatların geniş proqramını vermişdir: dilin müxtәlif sosial qruplarda istifadә problemlәri, uşaqların dili mәnimsәmәsi, әcnәbi mühitdә dilin mәnimsәnilmәsi, şәhәr vә kәnd dilinin, bilinqvizm vә dil әlaqәlәrinin tәdqiqi, milli dillәrin, beynәlxalq dillәrin yaranması vә s.
A.Meyenin xәlәfi E.Benvenist dil anlayışının sosial hadisә kimi qәbul edilmәsinin tәrәfdarı olmuş vә dilin semiotik problemlәrinә bu nöqteyi-nәzәrdәn yanaşmışdır.
F.s.m.-nin ideyaları A.Sommerfelt, Y.Yordan, A.Qraur, Y.Kuriloviç vә b.-na tәsir göstәrmişdir.