FRÁNSİYA, Rodriges de Fransiya (Rodríguez de Francia) Xose Qaspar (6.1.1766, Asunsyon – 20.9.1840, orada) – Paraqvay dövlәt xadimi. Paraqvaya köçmüş Portuqaliya ordusu zabitinin oğludur. Fransiskçilәr ordeni seminariyasını bitirmiş, 1780 ilin sonlarında Kordova Un-tinin ilahiyyat fakültәsinә daxil olmuşdur; Maarifçilik ideyaları ilә maraqlanmış, M.Robespyer vә I Napoleon Bonaparta pәrәstiş etmişdir. Vәkil, prokuror işlәmiş, sonralar Asunsyon alkaldı seçilmişdir. 1811 ilin mayında müstәmlәkә idarәçiliyinin devrilmәsindәn sonra Asunsyonda hakimiyyәti әlә keçirmiş xuntanın katibi olmuşdur. 1813 il sentyabrın 30-da ölkәnin müstәqilliyinin elan olunduğu Ali xuntanın – Konqresin çağırılmasına kömәklik göstәrmişdir. Konqres ali hakimiyyәti ölkәni 4 ay müddәtinә növbә ilә idarә edәcәk iki konsula (Qәdim Romada olduğu kimi) hәvalә etdikdәn sonra, 1813 il oktyabrın 12-dә konsullardan biri (ikincisi F. Yeqros idi) tәyin olunmuşdur. 1814 il oktyabrın 3-dә Konqres tәrәfindәn Müvәqqәti diktator tәyin edilmәsinә nail olmuş, 1816 il iyunun 1-dә Respublikanın Daimi diktatoru elan edilmişdir. 1820 ildә Konqres F.-ya Ali diktator titulunu vermişdir. Paraqvayda J.J.Russonun ictimai müqavilә nәzәriyyәsi әsasında bәrabәrhüquqlu cәmiyyәt yaratmağa cәhd göstәrmişdir. Faktiki olaraq iqtisadi avtarkiya rejimi tәtbiq etmiş, bütün xarici mәhsulların ölkәyә idxalına qadağa qoymuş, yerli mәhsulların istehsalını tәşviq etmiş; k.t.-nda ciddi irәlilәyişә nail olmuşdur. Dövlәt torpaqlarının çox hissәsini münasib qiymәtә kәndlilәrә icarәyә vermişdir. F.-nın hakimiyyәti dövründә milli bazarı yerli mәhsullarla tәmin edәn k.t. tәyinatlı iri tәsәrrüfatlar – “vәtәn estansiyaları” meydana gәlmişdir. F. pulsuz ibtidai tәhsil tәtbiq etmiş; ziyalı mühitindә müxtәlif növ sui-qәsdlәrin baş verdiyini ehtimal etmiş; ali tәhsili, qәzetlәri, poçt rabitәsini qadağan etmişdir. Kilsәnin nüfuzunu xeyli mәhdudlaşdırmış; özünә ali kilsә iyerarxlarını tәyin etmәk hüququ vermiş, bәzi kilsә bayramlarını lәğv etmiş, dini mәrasimlәri qadağan etmişdir.