FRANŞ-KONTÉ (fr. Franche-Comté, alm. Freigrafschaft Burgund, hәrfi mәnada – “Azad qraflıq”) – Sona çayı ilә Yura d-rı arasındakı әrazidә orta әsr qraflığı. F.-K.-nin yaranması 1030-cu illәrә, Arelat krallığının imperator II Konradın [1027–39] hakimiyyәti altına keçdiyi dövrә aiddir. Arelat torpaqlarının siyasi cәhәtdәn yenidәntәşkili gedişindә meydana gәlmiş Burqundiya pfaltsqraflığı 14 әsrdә “F.-K.” adlandırılmışdır (termin 1366 ildәn qeyd edilir). Rәvayәtә görә, “F.-K.”-nin mәnşәyi Almaniya kralı III Konradın [1138–52] “fransız qrafı” (“franc comte”) adlandırdığı pfaltsqraf III Renonun [1127–48] adı ilә әlaqәdardır. Bundan başqa, III Reno imperiyaya vergi ödәmәkdәn imtina etmiş, öz mülklәrinә imperiyanın azad şәhәrlәri ilә bәrabәr “azad qraflıq” statusunun verilmәsinә nail olmuşdur. 1156–1254 illәrdә Ştaufenlәrin mülkü idi. 1384 ildә Flandriya vә daha 3 qraflıqla yanaşı F.-K. Burqundiya hersoqu Cәsur Filippin [1363–1404] mülkünә çevrilmişdir. 1477 ildәn Habsburqların mülklәrinin tәrkibinә qatılmış F.-K. 1556 ildәn İspaniya Habsburqlarının әlinә keçmişdir (bununla belә, F.-K. Müqәddәs Roma imperiyasının bir hissәsi sayılırdı). Nimvegen sülh müqavilәlәrinin (1678–79) şәrtlәrinә görә, F.-K. Fransanın kral әyalәtinә çevrilmişdir. Böyük Fransa inqilabı gedişindә әyalәt Du, Yura vә Yuxarı Sona dep-tlәrinә bölünmüşdür. 1871 ildә onlara dep-t hüququ ilә Fransa-Prussiya müharibәsi (1870–71) zamanı Prussiya ordusuna tәslim olmamış Elzas qalası – Belfor әrazisi dә qatılmışdır. 1970–80-ci illәrin inzibati islahatları nәticәsindә F.-K. 1986–2015 illәrdә muxtariyyәt hüququna malik ayrıca region idi. 2016 il yanvarın 1-dәn irilәşdirilmiş Burqundiya–Franş-Konte regionunun tәrkibinә daxildir.