FRASİBÚL (Θrασύβουλος) (e.ә. 5 әsrin sonu – e.ә. 388) – Afina siyasi xadimi vә sәrkәrdәsi. Peloponnes müharibәsinin (e.ә. 431–404) sonmәrhәlәsindә mәşhurlaşmış F. e.ә. 411 ildәn strateq kimi Samos a. yaxınlığındakı Afina donanmasına başçılıq etmiş, Kinossema, Abidos vә Kizik yaxınlığındakı vuruşmalarda (e.ә. 411– 410), Arginus döyüşündә (e.ә. 406) iştirak etmişdir. E.ә. 411 ildәn Afina demokratlarının tanınmış rәhbәri olan F. “Otuz tiran”ın hakimiyyәtinә qarşı mübarizәyә başçılıq etmiş, nәticәdә oliqarxiya rejimi devrilmiş, demokratiya bәrpa olunmuşdur (e.ә. 404 ilin sonu). E.ә. 395 ildә F.-un tәşәbbüsü ilә Afina Sparta ilә müharibәdә Beotiya ittifaqını dәstәklәmiş, F. Haliart ş. yaxınlığındakı vuruşmada Afina qoşunlarına komandanlıq etmişdir. E.ә. 389–388 illәrdә Afina donanmasının başçısı olan F. Frakiyada, Egey dәnizi adalarında vә Kiçik Asiyanın yunan şәhәrlәrindә Afinanın nüfuzunu vә demokratik qaydaları bәrpa etmişdir. Afina donanmasının tәminatı mәqsәdilә vergi vә rüsumlar tәtbiq etmiş F. narazı yerli әhali tәrәfindәn Pamfiliyada öldürülmüşdür.