FRÉDERİK HÉNDRİK (29.1.1584, Delft – 14.3.1647, Haaqa) – Nassau qrafı, Oran şahzadәsi, Niderland stathauderi vә hәrbi xadimi. I Vilhelm Oranlının oğlu. Ögey qardaşı Nassaulu Morisin ölümündәn sonra 1625 il aprelin 23-dә Baş ştatlar tәrәfindәn Birlәşmiş Əyalәtlәr resp. ordusunun baş komandanı vә donanmanın admiralı tәyin edilmişdi. 1625 ilin may–iyul aylarında әyalәt ştatları tәrәfindәn Hollandiyanın, Zelandiyanın, Utrextin, Gelderlandın vә Overeysselin stathauderi elan olunmuşdu. Niderlandın bütün 17 әyalәti azad olunanadәk İspaniya ilә müharibәnin davam etdirilmәsinin qatı tәrәfdarı [bax Hollandiya-İspaniya müharibәlәri (16–17 әsrlәr)] idi. F.H.-in komandanlığı altında respublika ordusu Maasda bir sıra mühüm qalanı (o cümlәdәn 1632 ildә Maastrixti) tutaraq ş. sәrhәdlәrini möhkәmlәndirmişdi. Stathauderin tәşәbbüsü ilә 1635 il fevralın 8-dә resp. ilә Fransa arasında ittifaq müqavilәsi bağlandıqdan sonra Flandriya vә Brabantda uğurlu azadetmә әmәliyyatları keçirilmiş (1637 ildә Breda yenidәn geri alınmışdı) vә Reyndәn c.-dakı әrazilәr Baş ştatların hakimiyyәtinә keçmiş, ispan donanması üzәrindә bir neçә dәfә qәlәbә qazanılmışdı. Birlәşmiş Əyalәtlәrin İspaniya ilә müharibәdәki uğurları F. H.-in mövqeyini möhkәmlәndirmişdi; 1640 ildә o, Qroningen vә Drentenin stathauderi olmuş, lakin Frislandiyada tanınmamışdı.