FREDERİK-LEMÉTR (Frédérick–Lemaître); (әsl adı vә soyadı Antuan Lui Prosper Lemetr) (29.7.1800, Havr – 26.1.1876, Paris) – fransız aktyoru. Romantizmin әn görkәmli nümayәndәsi olmuşdur. 16 yaşından Parisin “bulvar teatrları”nda çıxış etmişdir. 1818 ildәn Paris konservatoriyasının dram sinfindә tәhsil almışdır. 1823 ildә Rober Maker (B.Antye, Poliant, Sent-Amanın “Adre karvansarası”; “Ambigükomik” teatrı) rolu ona geniş şöhrәt gәtirmişdir. Universal imkanlara malik, romantik kinayә vә qrotesk priyomlarını virtuoz şәkildә mәnimsәmiş F.-L. M.Dorvalla birlikdә V.Hüqonun “Rüi Blaz”, A.Dümanın “Kin, yaxud Dahi vә әxlaqsızlıq” vә “Riçard Darlinqton” melodramlarında oynamışdır. Jorj Jermani (“Otuz il, yaxud Qumarbazın hәyatı”) rolu ona dünya şöhrәti gәtirmişdir. Dümanuar vә A. d’Ennerinin “Don Sezar de Bazan” pyesi xüsusi olaraq F.-L. üçün yazılmışdır. M.Dorval vә P.Bokajla birlikdә teatr islahatları aparmışdır.