FRÉGE Qotlob (8.11.1848, Vismar – 26.7.1925, Vismar yaxınlığında Bad-Klaynen) – alman mәntiqçisi, riyaziyyatçı vә filosof. Yena (1869 ildәn) vә Göttingen (1873 ildә doktorluq disssertasiyası) un-tlәrindә oxumuşdur. 1874 ildәn Yena Un-tindә dәrs demişdir (1879 ildәn prof.).
“Anlayışlar haqqında qeydlәr” (“Begriffsschrift und andere Aufsätze”, 1879) әsәrindә ikiölçülü simvolik dili işlәyib hazırlamış vә ilk dәfә mәntiqdә genişlәndirilmiş (ikinci tәrtib) predikatlar mәntiqinin bәrabәrlik vasitәsilә deduktiv-aksiomatik sistemini (implikasiya, inkar vә ümumilik kvantorunu istifadә etmәklә) qurmuşdur. “Hesabın әsas müddәaları. Ədәd anlayışına dair mәntiqi-riyazi tәdqiqat” (“Die Grundlagen der
Arithmetik. Eine logisch-mathematische Untersuchung über den Begriff der Zahl”, 1884) әsәrindә hesabın mәntiqi strukturunu araşdırmışdır. 1879–1904 illәrdә yazdığı mәqalәlәrdә (“Mәna vә mәzmun haqqında”, 1892 vә s.) mәntiqi semantikanın әsasını qoymuşdur; bәrabәrlik münasibәtini, ifadә edәnlә ifadә olunan arasında әlaqәni araşdırmış, mәntiqdә ad, onun mәnası vә mәzmunu haqqında ümumilәşdirilmiş tәsәvvürü elmә daxil etmişdir; predmet, anlayış (biryerlik predikat) vә anlayışın hәcmi (anlayışa daxil olan predmetlәr sinfi) arasındakı münasibәti tәhlil etmişdir vә s. Ekstensional vә intensional kontekstlәrin, metadilin vә obyekt dilinin fәrqlәndirilmәsi dә F.-yә mәxsusdur.
Başlıca әsәri olan “Hesabın әsas qanunları” (“Grundgesetze der Arithmetik”, Bd 1–2, 1893–1903) hesab vә riyazi analizin anlayış vә qanunlarının fundamental şәkildә mәntiqin anlayış vә qanunlarına müncәr edilmәsi tәcrübәsidir. F.-nin qurduğundan irәli gәlәn – funksiyaların vә predikatların arqumenti qismindә istәnilәn predmetin, o cümlәdәn anlayış hәcmlәrinin çıxış edә bilmәsi mümkünlüyü bu sistemdә B.Rassel tәrәfindәn aşkar olunmuş mәntiqi ziddiyyәt yaradırdı. Riyaziyyatın mәntiq vә әsaslarının (o cümlәdәn çoxluqlar nәzәriyyәsinin aksiomatiklәşdirilmәsi üzrә işlәr) sonrakı tarixi çox cәhәtdәn F.-nin ideyalarının inkişaf etdirilmәsi vә bu ziddiyyәtin aradan qaldırılması ilә bağlıdır.
Mәntiqdә empirizm vә psixologizmә qarşı olan F. mücәrrәd obyektlәrin ayrıca alәminin reallığına әmin idi (riyaziyyat fәlsәfәsindә platonçuluq). F.-nin әsәrlәri E.Husserl, B.Rassel, R.Karnap, L.Vitgenşteyn vә b.-larına böyük tәsir göstәrmişdir.