FREYD, F r o y d (Freud) Ziqmund (6.5.1856, Avstriya-Macarıstan, Frayberq, indiki Çexiya, Prşibor – 23.9.1939, London) – Avstriya nevroloqu, psixoanalizin banisi. A.Freydin atasıdır. 1873–81 illәrdә Vyana Un-tindә tibb tәhsili almışdır. 1876–81 illәrdә Vyana Fiziologiya İn-tunda E. fon Brükkenin yanında işlәmiş, ali sinir fәaliyyәtinin fiziologiyası vә nevropatologiyaya dair bir neçә monoqrafiya yazmışdır. 1882–1885 illәrdә Vyana xәstәxanasında işlәmiş, psixiatr vә neyroanatom T.Meynertin assistenti olmuşdur; kokainin yerli anesteziya xüsusiyyәtini tәdqiq etmişdir (1884). Vyana Un-tinin privat-dosenti (1885 ildәn) vә nevropatologiya üzrә ekstraordinar prof.-u (1902 ildәn) idi. 1885–86 illәrdә Salpetrier klinikasında (Paris) J.M.Şarkonun rәhbәrliyi altında tәcrübә keçmiş, orada isteriyanı öyrәnmiş vә hipnoz metodu ilә tanış olmuşdur. 1886 ildәn elektroterapiya vә hipnoz tәtbiq edәrәk özәl tibbi fәaliyyәt göstәrmişdir. 1889 ildә Nansidәki klinikada fransız nevropatoloqu İ.Bernheymin (1837–1919) yanında tәcrübә keçmişdir. “Afaziya haqqında” (“Zur Auffassung der Aphasien”, 1891) әsәrindә beyin funksiyalarının öyrәnilmәsinә dair dinamik vә genetik yanaşmalar haqqında ideya irәli sürmüşdür.
F. hәmkarı, Avstriya hәkimi Y.Bröyerlә (1842–1925) birlikdә nevrozların müalicәsinin dәrk olunmayan psixi travmaların hipnoz vasitәsilә xatırlanmasına әsaslanan “katarsis” metodunu işlәyib-hazırlamışdır. 1892 ildә müalicәnin qeyri-effektiv metodu kimi hipnozdan imtina edәn F. yeni terapevtik metod – pasiyenti travmatik situasiya vә amillәri xatırlamağa vә tәkrar canlandırmağa vadar edәn “tәkid” metodunu irәli sürmüşdür. O, Bröyerlә hәmmüәllifi olduğu “İsteriyanın tәdqiqi” (“Studien über Hysterie”, 1895) kitabında ilk dәfә olaraq nevrozun tәmin olunmamış istәklәrlә vә şüurdan sıxışdırılıb çıxarılan, lakin şüursuzluqda mövcudluğunu davam etdirәn duyğularla әlaqәsini aşkarlamağa cәhd göstәrmişdir.
1895 ildә F.-in tәrtib etdiyi tamamlanmamış “elmi psixologiya layihәsi” (1954 ildә nәşr edilmişdir) psixi aparat işinin neyrofizioloji modeli әsasında tәbii-elmi tәmayüllü yeni psixologiyanın işlәnmәsinә vә yaradılmasına yönәlmişdi. F. bu problemin hәllinin qeyri-mümkünlüyünә әmin olduqdan sonra bu modeldәn uzaqlaşmışdı. 1890-cı illәrdә nevrozun etiologiyası ilә keçmişdә yaşanmış travmalar arasında әlaqәni araşdırmışdır.
1896 ildә F.-in yaratdığı sәrbәst assosiasiyalar metodu (bu metod pasiyentә hәkimin tәklif etdiyi mövzu üzrә heç bir mәcburiyyәt olmadan sәrbәst fikir söylәmәyә imkan verirdi) faktiki olaraq psixoterapiyanın yeni metodu kimi psixoanalizin başlanğıcı olmuşdur. F. 1897 ildә özü vә yuxuları üzәrindә apardığı tәhlillәr nәticәsindә “edip kompleksi” ideyasını formulә etmişdir. “Yuxuların yozumu” (“Die Traumdeutung”, 1900) әsәrindә F. “yuxugörmә”ni şüurdan çıxarılmış arzuların kondensasiya vә yerdәyişmә mexanizmlәrinin kömәyilә bilvasitә ifadәsi hesab edirdi.
F.-in psixi aparatın işi haqqında tәliminin әsasında bir-birinә zidd iki dәyişәn kәmiyyәtin vә üç tәnzimlәyicinin qarşılıqlı tәsirinә dair tәsәvvür dayanır. Birinci irәli sürdüyü neyrofizioloji modeldә iki dәyişәn kәmiyyәt funksiyasını ekzogen vә endogen qıcıqlanmalar, tәnzimlәyicilәrin funksiyasını isә üç müxtәlif funksiyalı neyronlar sistemi yerinә yetirirdi. Sonralar yaratdığı psixi aparatın topoqrafik modelindә isә bir-birinә әks istiqamәtlәnmiş psixi kәmiyyәtlәrin rolu özünümühafizәyә vә seksual hәvәsә verilir, tәnzimlәyicilәr rolunda isә şüursuzluq, şüuröncәsi vә şüur çıxış edir.
F.-in Vyanadakı evindә tәşkil edilәn “psixologiya mәclislәri”nin iştirakçıları olmuş ilk tәrәfdarları (M.Kahane, R.Reytler, A.Adler, V.Ştekel) 1902 ildәn onun әtrafında toplanmağa başladı; 1907 ildә isveçrәli vә alman psixoterapevtlәr onlara qoşuldular. 1908 ildә bu dәrnәyin әsasında Vyana psixoanalitik birliyi yarandı. 1908 ildә Zalsburqda 1-ci Beynәlxalq psixoanalitik konqres keçirildi, 1910 ildә Nyurnberqdә 2-ci konqresdә Beynәlxalq Psixoanalitiklәr Assosiasiyası yaradıldı; K.Q.Yunq onun ilk prezidenti oldu. Sonralar F.-in Adler vә Yunqdan ayrılması psixoanalizin sәrt meyarlarının işlәnmәsinә gәtirib çıxardı. F.-ә görә, psixoanalizin sütunları psixoloji sıxışdırıb-çıxarma, transfer (ötürmә) vә Edip kompleksi idi (“Psixoanalitik hәrәkatın tarixi haqqında” polemik әsәri, 1914). F. psixoanalizin gәlәcәk inkişafı mәqsәdilә K.Abraham, E.Cons, O.Rank. Q.Saks, Ş.Ferensi, özü vә A. fon Froyndun da daxil olduğu “Gizli komitә”nin yaradılmasına (1912) tәşәbbüs göstәrdi. F. özünün terapevtik tövsiyәlәrini bir sıra әsәrlәrindә [“Psixoanalitik müalicә zamanı hәkimә mәslәhәt” (1912), “Müalicәyә giriş” (1913), “Ötürmәdә sevgi haqqında qeydlәr” (1915) vә s] ümumilәşdirdi. Belәliklә, şüursuzluğun üzә çıxarılması vә açılması metodu kimi psixoanaliz sıxışdırılıb-çıxarılmış hisslәrin dәrki vә nevrotik simptomların yox olması ilә nәticәlәnirdi. Bu mәqsәdә çatmağın vasitәsi analitikin pasiyentin sәrbәst assosiasiyalar prosesindә ona ötürdüyü materialı şәrh etmәsi idi.
Psixikanın topoqrafik modeli (müharibә nevrozları vә s.) vasitәsilә izah etmәyin çәtin olduğu bir çox problemlәrlә rastlaşan F. 1920 ildә psixi aparat işinin struktur modelini işlәyib-hazırladı; burada tәnzimlәyicilәrin rolu psixikanın üç instansiyasına (Mәn, Fövqәl-Mәn vә O) ayrılır; bir-birinә әks yönәlmiş dәyişәnlәr rolunu isә hәyata (Eros) vә ölümә (Tanatos) qarşı vәcd oynayırdı. Bu illәrdә F. şәxsiyyәtin strukturunda Mәnin inteqrasiyaedici rolunu vurğulayaraq gәlәcәk eqo-psixologiyanın әsasını qoydu.
F. kliniki tәcrübә prosesindә yaradılan psixoanalitik konsepsiyaları bәşәr mәdәniyyәtinin müxtәlif sahәlәrinin şәrhinә tәtbiq etmәyә çalışırdı. “Hazırcavablıq vә onun şüursuzluqla әlaqәsi” (“Der Witz und seine Beziehung zum Unbewussten”, 1905) әsәrindә hazırcavablığa repressiv psixikadaxili konfliktin tәzahürü vә incәsәnәtә bağlı oyun növü qismindә gәrginliyin boşalması kimi baxırdı. “Leonardo da Vinçinin erkәn uşaqlıq haqqında xatirәsi” (1910) әsәrindә uşaq şüursuz meyillәrinin sublimasiyası tәdqiq edilir. Edip kompleksinin fundamental rolu hәm patoqrafik tәdqiqatlarda (“Dostoyevski vә ata qatilliyi”, “Dostojewski und die Vatertötung”, 1928), hәm dә bәşәr tarixinin erkәn mәrhәlәlәrinә müraciәtdә meydana çıxır: totemistik dinin yaranması әcdadın, yaxud ibtidai sürü başçısının onun oğulları-rәqiblәri tәrәfindәn öldürülmәsi ilә bağlıdır (Totem vә tabu”, “Totem und Tabu”, 1913).
1920-ci illәrin әvvәlindәn “tәtbiqi psixoanaliz” mövzusu F.-in diqqәtini cәlb etdi. “Kütlә psixologiyası vә insan “Mәn”inin tәhlili” (“Massenpsychologie und Ich-Analyse”, 1921) әsәrindә ata vә digәr ilk uşaqlıq avtoritetlәri ilә münasibәt modeli üzrә qurulan qrup liderlәri ilә şüursuz iden- tifikasiya sosial psixologiyanın ilk fenomeni kimi çıxış edir. F. özünün metodoloji göstәrişlәrindә E.Hekkelin “biogenetik qanun”una (ontogenez filogenezi tәkrarlayır) әsaslanırdı. F. maarifçilik mәcrasında dinә kollektiv nevrozun növü, “bәşәriyyәtin әn şiddәtli arzuları”nın xәyali reallaşması kimi baxırdı (“Bir illüziyanın gәlәcәyi”, “Die Zukunft einer Illusion”, 1927). Eros vә ölümә meyil arasında mübarizә meydanı kimi çıxış edәn mәdәniyyәt әzәldәn fәrdә xas seksual vә destruktiv (aqressiv) meyillәrin (mәdәniyyәt bunların enerjisini öz mәqsәdi üçün istifadә edir) müstәqil ifadәsini mәhdudlaşdırır vә qismәn özünә tabe edir, buna görә dә o, müxtәlif nevrozların mәnbәyinә çevrilir (“Mәdәniyyәt içindәki narazılıq”, “Das Unbehagen in der Kultur”, 1930).
1938 ildә nasistlәr Vyananı işğal etdikdәn sonra F. ailәsi ilә birlikdә Londona mühacirәt etmiş vә orada vәfat etmişdir.
F.-in psixoanalizi 20 әsrdә psixoterapiyanın sonrakı inkişafını tәyin etmiş, onun ideyaları psixologiya, tibb vә digәr humanitar elmlәrә (fәlsәfi antropologiya, etnologiya, semiotika, sosiologiya, әdәbiyyatşünaslıq, kinoşünaslıq), hәmçinin әdәbiyyat vә incәsәnәtә (sürrealizm vә s.) böyük tәsir göstәrmişdir. Bax hәmçinin Freydizm.
Ə s ә r l ә r i: Gesammelte Werke. L., 1940–1968. Bd 1–18; The standard edition of the complete psychological works of S.Freud. L., 1953–1974. Vol 1–24; Briefe, 1873–1939. Fr./M., 1960; Собр. соч.: [В 10 т]. М., 2003–2008; Собр. соч.: В 26 т. СПб., 2005–2015. Т. 1–6; Бесстрашие истины. М., 2006; Психоанализ. Религия. Культура. М., 2014; Психоанализ творчества: Леонардо да Винчи, Микеланджело, Достоевский. М., 2016.