FRÉYKA (Frejka) Yirji (6.4.1904, Outexovitse – 27.10.1952, Praqa) – çex rejissoru, teatr nәzәriyyәçisi. Çex avanqardizminin nümayәndәsi. Praqada Karl Un-tinin fәlsәfә fakültәsini vә konservatoriyanın dram şöbәsini bitirmişdir. 1925 ildә Praqa konservatoriyasının mәzunları ilә sirk vә balaqan üsullarından istifadә edәrәk J.B.Molyerin “Jorj Danden” pyesi әsasında “Dandenin sirki” tamaşasını hazırlamışdır. Hәmin dövrdә “Devetsil” birliyindә (“İncәsәnәt işçilәrinin kommunist avanqardı”) teatr bölmәsi yaratmış vә Y.Qonzlemlә birlikdә Praqada “Azad olunmuş teatr”ın әsasını qoymuşdur. Kәskin sosial vә formaca şәrti tamaşalar hazırlamışdır: Aristofanın “Qadınlar Fesmofori bayramında”, (“Azad olunmuş teatr”, 1926), E.Burianın xalq mәzhәkәlәri әsasında işlәdiyi “Mәlhәm satıcısı” (1928, “Dada” teatrı, Praqa) vә s. 1920-ci illәrin sonu – 30-cu illәrdә Milli teatrda işlәmiş, V.Vançuranın “Ukereve gölü” (1936), A.S.Puşkinin “Boris Qodunov”, 1937), U.Şekspirin “Romeo vә Cülyetta”, 1938; vә s. әsәrlәri tamaşaya qoymuşdur. 1945–50 illәrdә “Vinoqradda teatr”ın bәdii rәhbәri olmuşdur. Burada Molyerin “Zorәn xәstә” (1946), A.S.Qriboyedovun “Ağıldan bәla” (1947), M.Qorkinin “Dostiqayev vә başqaları” (1948) vә s. әsәrlәri tamaşaya qoymuşdur. 1946–52 illәrdә Praqa İncәsәnәt Akademiyasında dәrs demiş, siyasi motivlәrә görә işdәn azad olunmuşdur. İntihar etmişdir.