FRÉYNDLİX Bruno Arturoviç (10.10.1909, S.-Peterburq – 9.7.2002, S.-Peterburq) – rus aktyoru. SSRİ xalq artisti (1974). SSRİ Dövlәt mükafatı laureatı (1951). A.Freyndlixin atasıdır. Leninqrad Sәhnә Sәnәti Texnikumunu (1934) bitirmişdir. 1931–48 illәrdә Leninqradın ayrı-ayrı teatrlarında vә digәr teatrlarda işlәmişdir. 1948 ildәn A.S.Puşkin ad. Leninqrad Dram Teatrının aktyoru olmuşdur. Rolları: Xlestakov (“Müfәttiş”, N.V.Qoqol), Pavel Korçagin (“Polad necә bәrkidi”, N.A.Ostrovski), Hamlet, Malvolio (“Hamlet”, “On ikinci gecә”, U.Şekspir), Qayev (“Albalı bağı”, A.P.Çexov), Baron (“Hәyatın dibindә”, M.Qorki), Baron (“Kiçik faciә”, A.S.Puşkin) vә s. 1949 ildәn kinoda çәkilmişdir: Markoni (“Aleksandr Popov”, 1949), bәstәkar Roşin (“Müxtәlif talelәr”, 1956), Hersoq (“Don Kixot”, 1957), Kirsanov (“Atalar vә oğullar”, 1959), Blinov (“Gündüz seansına iki bilet”, 1966), Valeri Petroviç (“Ölü mövsüm”, 1968), baron Vrangel (“Qaçış”, 1970), qoca kişi (“Mәhәbbәt etirafı”, 1978) vә s. Televiziya filmlәrindә dә çәkilmişdir: “Bethovenin hәyatı”, “Gәnc Rusiya” vә s.