FREYRİ, Freyre (Freire) Paulu (19.9.1921, Resifi – 2.5.1997, San-Paulu) – Braziliya pedaqoqu vә filosofu. Pernambuku ştatının Resifi ş.-ndә Federal un-tin hüquq fakültәsini bitirmiş, Tәhsil vә mәdәniyyәt dep-tinin direktoru (1946–55) olmuşdur. Hәmin illәrdә yaşlıların savadlanması üçün özünün orijinal tәhsil metodunun yaranması ilә nәticәlәnәn ilk tәcrübәlәrini hәyata keçirmişdir (Freyri metodu). Mәdәniyyәtin öyrәnilmәsi ilә başlayan bu tәhsil prosesi bir neçә mәrhәlәdәn ibarәt idi: ilk mәrhәlәdә şagirdlәr xüsusi seçilmiş mövzuları vә onlarla әlaqәli sözlәri yadda saxlayır (17-dәk), sonra hәmin sözlәrin vizual obrazlarda (müxtәlif situasiyaların qrafiki tәsvirini verәn plakat vә rәsmlәrdә) kodlaşdırılması yerinә yetirilirdi. Onların tәhlili vә müzakirәsindәn sonra hәmin tәsvirlәr sözlәrlә birlikdә göstәrilir (kodlaşmanın açılması prosesi), sonda sözlәr rәsmlәrsiz öyrәnilirdi. Növbәti mәrhәlәlәrdә şagirdlәr sözlәri tanıyır vә yadda saxlayır, sözlәr vә cümlәlәr arasında әlaqә qurur, ilkin sözlәri hecalara bölür, sonra hecalardan istifadә edәrәk yeni sözlәr yaradırdılar vә s. Yaşlılar F. metodu ilә 30–40 saat әrzindә savada yiyәlәnirdilәr.
Hәrbi çevrilişdәn sonra F. 1964 ildә Çiliyә mühacirәt etmişdi. Çili un-tindә dәrs demişdir. YUNESKO-nun eksperti (1968), Harvard un-tinin prof.-u (1969) olmuşdur. 1970 ildәn Cenevrәdә Ümumdünya Kilsә Şurasının tәhsil problemlәri üzrә mәslәhәtçisi olmuş, hәmin Şuranın nәzdindәki Mәdәni fәaliyyәt in-tunda işlәmişdir. 1982 ildә yenidәn Braziliyaya qayıtmışdır. Bütün insanların iştirakı ilә “әdalәtli cәmiyyәtin” qurulmasının tәrәfdarı olan F. insanların yaradıcılıq fәallığının inkişafına, onlarda “düşüncәnin oyanması”na çalışırdı. F.-nin cәmiyyәti dәyişdirmәk konsepsiyası ilk növbәdә insanların düşüncәsinin dәyişmәsi ilә bağlıdır.
F.-nin fәaliyyәti bir sıra Asiya, Afrika vә Latın Amerikası ölkәlәrindә milli tәhsil sisteminin tәşәkkülünә tәkan vermişdir. 1986 ildә F. elmi-pedaqoji fәaliyyәt sahәsindәki böyük xidmәtlәrinә görә YUNESKO-nun mükafatına layiq görülmüşdür.