FRİDMEN, F r i d m a n (Friedman) Milton (31.7.1912, Nyu-York - 16.11. 2006, San-Fransisko) - amerikan iqtisadçısı, statistik, Nobel mükafatı laureati (1976). Ratgers Un-tini bitirmiş (1932), Çikaqo və Kolumbiya un-tlərində oxumuşdur. Dövlət orqanlarında (Milli resurslar komitəsi, İqtisadi tədqiqatlar milli bürosu, Maliyyə Nazirliyi, Marşall planı üzrə ABŞ hökumət agentliyi) çalışmış, Çikaqo (1946-50) və Kembric (1954) un-tlərində dərs demişdir. 1964 və 1968 illərdə prezidentliyə namizədlərin (B.Qolduoter və R.Nikson) iqtisadi məsləhətçisi olmuşdur.
İqtisadi fikir Çikaqo məktəbinin nümayəndəsidir. Siyasi və iqtisadi azadlıq prinsiplərini, ümumilikdə iqtisadiyyatda və cəmiyyətin həyatında dövlətin rolunun azaldılmasını müdafiə edir, keynsçilik nəzəriyyəsini və siyasətini tənqid edirdi. F.-in “Newsweek” jurnalında dərc olunan məqalələri ictimai fikrə (əsasən, ABŞ-da) və müxtəlif ölkələrdə aparılan liberal islahatlara təsir göstərmişdir.
F.-in monetarizmin əsasını qoyan pul nəzəriyyəsi və inflyasiya, pul dövriyyəsi və pul siyasəti sahəsindəki tədqiqatları daha əhəmiyyətlidir. F.-ə görə, pul təklifinin dəyişməsi dolayı yolla (xeyli və qeyri-sabit laq ilə) iqtisadiyyata təsir göstərir; uzunmüddətli dövrdə pul kütləsinin artım tempinin yüksəlməsi istehsal və məşğulluq səviyyəsini dəyişməyərək (təbii işsizlik səviyyəsi fərziyyəsi) inflyasiyanı sürətləndirir. O, inflyasiya tempi ilə işsizlik səviyyəsi arasındakı sabit asılılığın (Fillips əyrisi) olmasını, həmçinin Keyns nəzəriyyəsində əksini tapan fiskal və pul siyasəti prinsiplərini inkar edirdi. F.-ə görə, iqtisadi siyasətin əsas məqsədi pul kütləsinin daim və orta templə artması hesabına uzumüddətli stabilliyə nail olmaqdır.
Ə s ə r l ə r i: Essays in positive economics. Chi.; L., 1953; A theory of consumption function. Princeton, 1957; A program for monetary stability. N.Y.,1959; Price theory: A provisional text. Chi., 1962; Free to choose: A personal statement. N.Y., 1980 (with R.Friedman); Capitalism and freedom. 40th ed. Chi., 2002.