FRİDRİX (Friedrich) – Müqәddәs Roma imperiyası imperatorlarının adı:
I F r i d r i x B a r b a r o s s a (hәrfi mәnası – “qırmızısaqqal”) [tәqr. 1125, Baden-Vürtemberq vil., Vaynqarten monastırı – 10.6.1190, Kiçik Asiyada Salef (indiki Göysu) çayı] – Şvabiya hersoqu [1147–52], Almaniya kralı [1152–90], Müqәddәs Roma imperiyasının imperatoru [1155–90]. Ştaufenlәr (H o h e n ş t a u f e n) sülalәsindәn idi. I F.B. vassal-len münasibәtlәrini mәrkәzlәşdirmәklә vә bütün len sahiblәri üzәrinә hәrbi mükәllәfiyyәt qoymaqla [len qanunu (1158)], hәmçinin knyaz lenlәrini parçalamaqla [Bavariyanın tәrkibindәn 1156 ildә hersoqluq statusu almış Şәrqi Markanı (Avstriya) ayırdı, Saksoniya üzәrindә hersoq yurisdiksiyasını bir neçә knyaz arasında bölüşdürdü vә s.] Almaniyada kral hakimiyyәtini möhkәmlәndirmәyә çalışmışdır. Cәnub-Qәrbi Almaniyada bütöv kral domenini yaratmağa çalışan I F.B.-nın әsas dayağı imperiya ministerialları idi.
Lombardiya şәhәrlәrini tabe etmәyә vә onların üzәrinә vergi qoymağa çalışan I F.B. İtaliyaya 5 hәrbi yürüş (1154–55, 1158–62, 1163–64, 1166–68, 1174–78) etmişdi. Lombardiya şәhәrlәrini özünüidarә hüququndan mәhrum edәn, onları imperator mәmurları – podestaların hakimiyyәtinә verәn Ronkal qәtnamәlәrini (1158) qәbul etmişdi. 1162 ildә ikiillik mühasirәdәn sonra itaәtsizlik göstәrәn Milan da alınmış vә tamamilә dağıdılmışdı. Lakin Şimali İtaliya şәhәrlәri 1167 ildә Lombardiya liqasında birlәşәrәk Roma papası ilә ittifaq bağlamış vә Lenyano yaxınlığındakı vuruşmada (1176) I F.B.-nın qoşununa qalib gәlmiş, onu Ronkal qәtnamәlәrini lәğv etmәyә mәcbur etmişdi [Konstans sülhü (1183)].
I F.B.-nın hakimiyyәti zamanı Müqәddәs Roma imperiyasi әn parlaq dövrünü yaşasa da, onun Almaniyada rәqabәt aparan feodal qrupları arasında manevr etmәsi knyazların mövqeyinin möhkәmlәnmәsinә vә sonralar kral hakimiyyәtinin zәiflәmәsinә gәtirib çıxardı. I F.B.-nın әsas rәqibi Aslan Henrix knyazlar tәrәfindәn 1174 ildә İtaliyaya yürüşdә iştirakdan imtina etmәkmiş mülklәri kral domeninә birlәşdirilmәdi, digәr knyazlara verildi. İki sәlib yürüşünün (bax Sәlib yürüşlәri) iştirakçısı olmuş yeganә Avropa hakimi I F.B. üçüncü sәlib yürüşü (1189–92) zamanı Kiçik Asiyada Salef çayında boğulmuşdur.
II F r i d r i x Ş t a u f e n (yaxud H o h e n ş t a u f e n) (26.12.1194, Ankona yaxınlığındakı Yezi ş. – 13.12.1250, Luçera ş. yaxınlığındakı Fyorentino qәsri) – Siciliya kralı (I Fridrix adı ilә) [1198 ildәn], Almaniya kralı [1212 ildәn], Müqәddәs Roma imperatoru [1220–45], Yerusәlim krallığının kralı [1229–39]. I Fridrix Barbarossanın vә Siciliyalı II Rojerin nәvәsi, VI Henrix vә Siciliyalı Konstansiyanın oğlu. Norman hakimlәrinin siyasәtini davam etdirәn II F.Ş. Siciliya krallığını mәrkәzlәşdirilmiş dövlәtә çevirmәyә çalışmışdır. Bu siyasәt Melfi konstitusiyalarında (1231) hüquqi cәhәtdәn tәsbit olunmuşdur. II F.Ş. dövlәt vergi sistemini tәtbiq etmiş, sarasinlәrdәn (әrәblәr) ibarәt muzdlu qoşun yaratmış, feodal qәsrlәrini dağıtmış, bir çox malların ticarәtini dövlәtin inhisarına almış, şәhәrlәrin müstәqilliyini mәhdudlaşdırmışdır.
Almaniyada isә әksinә, II F.Ş.-nin siyasәti ölkәnin gәlәcәkdә әrazi knyazlıqlarına parçalanmasına sәbәb olmuşdur. O, İtaliyada imperiya siyasәtini dәstәklәdiklәrinә görә knyazlara ali dövlәt hüquqları vermiş, şәhәr ittifaqlarını qadağan etmişdi (imperiya qanunları 1220 vә 1231–32). Almaniyada knyazların zorakılığına qarşı hәrәkat (1235–37) II F.Ş. tәrәfindәn yatırılmışdır.
Şimali İtaliya şәhәrlәri vә Roma papaları ilә (IX Qriqori vә IV İnnokenti) II F.Ş. arasında qızğın mübarizә onun bütün hakimiyyәti dövründә davam etmişdir. Bir neçә dәfә kilsәdәn uzaqlaşdırılan (1229 ildә Yerusәlimin tutulması ilә nәticәlәnmiş altıncı sәlib yürüşünü tәşkil etmәsinә vә bidәtçilәri sәrt tәqib etmәsinә baxmayaraq) II F.Ş. Almaniya vә İtaliyanın dәstәyindәn mәhrum olmuşdu. 1245 ildә IV İnnokenti tәrәfindәn çağırılmış 1-ci Lion kilsә mәclisi II F.Ş.-nin imperator taxtından devrildiyini elan etmişdi.
Öz dövrünә görә geniş tәhsil görmüş, bir neçә dilә yiyәlәnmiş, elmlә, xüsusilә tәbiyyat elmlәri ilә maraqlanan II F.Ş. “Şahin quşu ilә ov mәharәti haqqında” әsәr yazmışdır. Bir neçә mәktәb, hәmçinin Neapol Un-tini (1224) tәsis etmiş, burada әrәb vә yәhudi alimlәrinin dәrs demәsinә icazә vermәklә dini dözümlülük göstәrmişdir.
III F r i d r i x H a b s b u r q (21.9. 1415, İnsbruk – 19.8.1493, Lins) – Ştiriya hersoqu [1424 ildәn], Almaniya kralı [1440 ildәn], Müqәddәs Roma imperatoru [1452 ildәn; tacqoyma mәrasimi Romada keçirilmiş sonuncu imperatordur], Avstriya ershersoqu (V F. adı ilә) [1453 ildәn]. İmperator kimi faktiki müstәqil alman knyazlarından tam asılı idi. Eyni zamanda 1464 ilәdәk Habsburqların bütün Avstriya irsi torpaqlarını (Tirol istisna olmaqla) öz әlindә birlәşdirmiş, feodal silkini vә şәhәrlәri tabe etmәk uğrunda mübarizә aparmış, Avstriya knyazlarının ershersoq titulunu tәsbit etmişdir (1453). 1480-ci illәrdә macar kralı Matyaş Hunyadi ilә mübarizәdә Vyana daxil olmaqla, demәk olar ki, bütün Avstriya mülklәrini itirmişdir. Ömrünün son illәrini Linsdә keçirmiş, dövlәt işlәrindәn uzaqlaşaraq astrologiya, әlkimya, botanika ilә mәşğul olmuşdur.