FRİDRİX (Friedrich) – Hohensollernlәr sülalәsindәn Prussiya krallarının adı:
I F r i d r i x (11.7.1657, Köniqsberq – 25.2.1713, Berlin) – Brandenburq kurfürstü [1688–1701], Prussiyanın ilk kralı [1701– 13]. Fridrix Vilhelmin oğlu, I Fridrix Vilhelmin atası. İspaniya irsi uğrunda müharibәyә (1701–14) hәrbi kontingent çıxarmağı öhdәsinә götürdüyünә görә Müqәddәs Roma imperiyasının imperatoru I Leopolddan kral titulunu almışdır. Elm vә incәsәnәti himayә etmişdir (Halle Un-ti, İncәsәnәt Akademiyası vә Berlindә EA-nın әsası onun dövründә qoyulmuşdur).
II F r i d r i x , Bö y ü k F r i d r i x (24.1.1712, Berlin – 17.8.1786, Potsdam) – Prussiya kralı [1740–86], Brandenburq kurfürstü, sәrkәrdә. I Fridrix Vilhelmin oğlu. Prussiya yunkerlәrinin geniş әrazi işğalları planlarını hәyata keçirmәyә başlayan II F. birinci (1740–42) vә ikinci (1744–45) Sileziya müharibәsi (bax Avstriya irsi) nәticәsindә mühüm iqtisadi vә strateji әhәmiyyәtә malik Sileziyanın böyük hissәsini әlә keçirmişdi. İngiltәrә ilә ittifaqa girәn II F.-in Saksoniyaya hücumu Yeddiillik müharibәnin (1756–63) başlanğıcını qoymuşdu. Müharibә zamanı Avstriya vә Fransa qo- şunları üzәrindә bir sıra qәlәbәlәr [Rosbax vuruşması (1757), Leyten vuruşması (1757) vә s.] qazansa da, Rusiya ilә Qros-Egersdorf (1757), Kunersdorf (1759) vuruşmalarında uğursuzluğa düçar olmuşdu. II F.-in iştirak etdiyi sonuncu müharibә Bavariya irsi (1778–79) uğrunda müharibә idi. Reç Pospolitanın birinci dәfә bölüşdürülmәsi (1772) nәticәsindә II F. Vislanın aşağı axarı boyundakı torpaqların Prussiyaya birlәşdirilmәsinә nail olmuşdu. II F.-in incә diplomatiyası vә hәrbi qәlәbәlәri sayәsindә Prussiya aparıcı Avropa dövlәtlәrindәn birinә çevrilmişdi.
II F. mütlәqiyyәt dövrünün böyük hәrbi xadimi vә sәrkәrdәsi idi. O, Qәrbi Avropada әn nümunәvi ordu (200 min nәfәrәdәk; saxlanılmasına dövlәt büdcәsinin tәqr. 2/3 sәrf edilirdi) yaratmışdı. Ordunun 1/3 hissәsindәn çoxunu әcnәbi muzdlular, o cümlәdәn hәrbi әsirlәr tәşkil edirdi. Zabitlәr yalnız zadәganlardan olurdu. Milli sәnayenin vә k.t.-nın inkişafını himayә etmiş, bütövlükdә manufaktura istehsalının inkişafına tәkan verәn merkantilizm vә proteksionizm siyasәti yürütmüşdür. Hakimiyyәt bölgüsü nәzәriyyәsinә әsaslanaraq mәhkәmә islahatı (“Mühakimә üsullarının ümumi qaydası”) keçirmiş (1781), yeni mülki mәcәllә (“Ümumi mülki hüquq”) tәtbiq etmişdir.
8 dil bilәn II F. daxili siyasәtdә özünü fransız maarifçilәrinin (Volter vә b.) davamçısı kimi göstәrmiş, maarifçi mütlәqiyyәt ruhunda bir sıra islahatlar keçirmişdir. İşgәncәlәri vә senzuranı lәğv etmiş, tәhsilin inkişafına rәvac vermiş, kәndlilәrin asılılığını azaltmağa çalışmışdır. Prussiyaya mühacir axınında maraqlı olan II F. dini dözümlülük siyasәti yeritmiş, Berlindә katolik kilsәsinin tikintisinә icazә vermişdir. Onun dövründә Berlin EA Kral Elmlәr Akademiyası kimi yenidәn qurulmuş,, ilk kütlәvi kitabxana vә Berlin operası açılmışdır. 1745 ildә Potsdamda II F. üçün rokoko üslubunun incisi olan San-Susi sarayının tikintisinә başlanılmışdır. Çoxsaylı elmi traktatların vә fleyta üçün musiqi әsәrlәrinin müәllifidir.
III F r i d r i x (18.10.1831, Potsdam – 15.6.1888, orada) – Prussiya kralı vә Almaniya imperatoru (1888 il martın 9-dan). I Vilhelmin oğlu, II Vilhelmin atası. Prussiya vәliәhdi (1861 ildәn) olmuşdur. Bacarıqlı sәrkәrdә olan III F. Avstriya-Prussiya müharibәsi (1866) vә Fransa-Prussiya müharibәsi (1870–71) zamanı qoşunlara uğurla komandanlıq etmişdir. Prussiya (1870) vә Rusiya (1872) imperiyalarının gen.-feldmarşalı idi.