FRİDRİX (Friedrich) Kaspar David (5.9.1774, İsveç Pomeraniyası, Qrayfsvald, indiki Almaniya – 7.5.1840, Drezden) – alman rәssamı vә qrafiki; Prussiya (1810) vә Drezden (1816) Rәssamlıq Akademiyalarının üzvü. Romantizmin әn görkәmli nümayәndәsi. Qrayfsvaldda (1790–94) vә Kopenhagen Rәssamlıq Akademiyasında (1794–98) tәhsil almışdır. 1798 ildәn, әsasәn, Drezdendә yaşamış, Bohemiya, Hars dağları vә Baltika sahillәrinә sәyahәt etmişdir. Romantiklәr dәrnәyi (L.Tik, Novalis, H. fon Kleyst vә b.) ilә yaxınlaşmışdır. F.-in bәdii üslubunun formalaşmasına F.O.Rungenin tәsiri olmuşdur.
1807 ilә qәdәr F., әsasәn, qrafika texnikalarında (sepiya, ştift, akvarel) işlәmiş, simvolik motivlәrlә naturayabәnzәr peyzajlar yaratmışdır. Veymarda İ.V.Götenin tәşkil etdiyi, hәr il keçirilәn yaradıcılıq müsabiqәsindә 1805 ildә qalib gәlәrәk mәşhurlaşmışdır. 1807 ildәn yağlı boya ilә işlәmәyә başlamışdır. Qraf vә qrafinya Tun vә Qogenştaynların sifarişi ilә “Dağlarda xaç” (“Teçen mehrabı”, 1807–08; Yeni sәnәtkarlar qalereyası, Drezden) әsәrindә çarmıxa çәkilmә sәhnәsini mәnzәrә kimi tәsvir etmişdir.
1818 ildәn F.-in daha da realistlәşәn mәnzәrәlәrindә sonsuz mәkanı seyr edәn insan fiqurları mühüm rol oynamışdır. “Rahib dәniz kәnarında” (1808–10), “Palıd meşәsindәki abbatlıq” (1809–10; hәr ikisi Köhnә milli qalereya, Berlin), “Sәyyah duman dәnizi üzәrindә” (tәqr. 1817, Kunsthalle, Hamburq), “Rügen adasındakı tabaşirli qayalar” (1818–19, O.Raynhardtın kolleksiyası, Vintertur), “Qadın pәncәrә önündә” (1822, Köhnә milli qalereya), “Yelkәnli gәmidә” (1818–20, Ermitaj, S.-Peterburq), “Qütb dәnizi” (1823–24, Kunsthalle), “Hәyat pillәlәri”, (tәqr. 1834, Tәsviri sәnәt muzeyi, Leypsiq) vә s. tabloların müәllifidir. F. yaradıcılığı Avropa vә Amerika peyzajının inkişafına (Y.K.K.Dal, A.İ.Kuinci, A. P.Rayder vә b.), simvolizm (A.Böklin, E.Munk) vә sürrealizm (R.Maqrit, M.Ernst) nümayәndәlәrinә tәsir göstәrmişdir.