FRİDRİX (Friedrich) Valter (25.12.1883, Maqdeburq – 16.10.1968, Berlin) – alman fiziki, ictimai xadim, Almaniya EA üzvü (1949) vә prezidenti (1951–56). Cenevrә vә Münxen un-tlәrindә tәhsil almışdır (1905– 11). 1912–14 illәrdә Münxen Un-tindә, 1914–22 illәrdә Freyburq Un-tindә (1921 ildәn prof.) işlәmişdir. 1923 ildәn Berlin Un-tinin prof.-u (1949–52 illәrdә rektoru). 1923–45 illәrdә Berlin Un-tinin Şüa Tәdqiqatları İn-tunun, 1948 ildәn Tibb vә Biologiya İn-tunun direktoru, 1961 ildәn Almaniya EA Tibbi-bioloji tәdqiqatlar mәrkәzinin prezidenti olmuşdur. 1912 ildәn M.Lauenin tәklifi ilә F.P.Knippinq (Almaniya) ilә birlikdә kristalda rentgen şüalarının difraksiyasının tәyini üçün eksperiment qoymuş vә ilk laueqramlar almışdır. Müxtәlif şüaların fiziki xassәlәrinin tәdqiqi vә onların bioloji tәsiri ilә mәşğul olmuşdur. Xәrçәng şişlәrinin rentgenoterapiyasının inkişafına öz töhfәsini vermişdir. Ümumdünya sülh şurasının üzvü olmuşdur.