FRİDRİX VİLHÉLM (Freidrich Wilhelm) (16.2.1620, Berlin – 9.5.1688, Potsdam) – Hohensollernlәr sülalәsindәn Brandenburq kurfürstü (“B ö y ü k k u r f ü r s t” adlandırılırdı) [1640–88], Prussiya hersoqu. I Fridrixin atasıdır. F.V.-in dövründә bu vaxtadәk Polşanın leni olan Prussiya hersoqluğu [Velau-Bıdqoş traktatı (1657)], Şәrqi Pomeraniya [Vestfaliya sülhü (1648)] vә bir sıra әrazilәr Brandenburqa birlәşdirilmişdi. F.V.-in xarici siyasәti prinsipsizliyi ilә seçilirdi. Daha böyük Avropa dövlәtlәri arasında manevr edәn F.V. dәfәlәrlә öz müttәfiqlәrinә xәyanәt etmişdi. Prussiya-Brandenburq dövlәtindә mütlәqiyyәtin әsasını qoymuş vә nizami ordu yaratmışdı. Mәrkәzlәşdirmә siyasәti yürüdәn F.V. tәdricәn bütün hakimiyyәti öz әlindә cәmlәşdirmiş, şәhәrlәrin vә Şәrqi Prussiya zadәganlarının müqavimәtinin qarşısını almışdı.