FRİQANA (yun. φρύγανον – çör-çöp) – Şәrqi Aralıq dәnizi ölkәlәri vә Yaxın Şәrqin antropogen bitkilik tipi. F. bitki qruplaşması sıx örtülmüş alçaqboylu, çox vaxt yastıqşәkilli cәngәlliklәrdir. Cәnubi Yunanıstan F.-sı tikanlı әtligilәmeyvә kolu (gülçiçәklilәr fәsilәsindәn olan Sarcopoterium spinosum), südlәyәn (Euphorbia acanthothamnos), paxlakimilәrin nümayәndәlәri, o cümlәdәn kәskin iyli dodaqçiçәklilәrdәn әmәlә gәlmişdir. İntensiv otlaq kimi istifadәyә vә yanacaq tәdarükünә mәruz qalan F. bitki qruplaşması, meşә bitki qruplaşması olan makvis vә ya qariqanın, F.-da uzun müddәt qala bilәn bәzi növlәrin (adaçayı, bozaqgülü, buxurkolu, tikanlı qulançar kolluqları) deqradasiyasını başa çatdırır. Yaxın Şәrqdә belә bitki qruplaşmaları bata adlanır; Türkiyәdә, Cәnubi Qafqazda, İranda vә Orta Asiyada bitki qruplaşmasının xarakterinә görә tikanlı paxlakimilәr traqakantlıqlar, kәskin iyli dodaqçiçәklilәrdәn ibarәt bitki qruplaşmaları (kәklikotu, perovski vә s.) tomillyarlar, yaxud kәklikotuluqlar adlandırılmasına baxmayaraq, onları friqanoidlәr adlandırmaq daha düzgün olardı.