FRİQQ QAZ-NEFT YATAĞI – Şimal dәnizinin Britaniya vә Norveç sektorlarında, Sent-Fergüs ş.-ndәn (Şotlandiya) 360 km c.-ş.-dә yerlәşir. Mәrkәzi Avropa neftli-qazlı hövzәsinә daxildir. 1971 ildә kәşf edilmişdir. Hasilat B. Britaniyada 1977 ildәn, Norveçdә 1978 ildәn aparılır. Qazın ilkin sәnaye ehtiyatı 225 mlrd. m3, neftin – 6 mln. t-dur. Eosen yaşlı qumdaşı neftli-qazlıdır. Mәhsuldar horizontun qalınlığı 180 m-dir. Yataq 1880 m dәrinlikdә yerlәşir. Neftin sıxlığı 910 kq/m3-dir. Qaz Sent-Fergüs ş.-nә kәmәr vasitәsilә ötürülür.