FRİŞ (Frisch) Otto Robert (1.10.1904, Vyana – 22.9.1979, Kembric) – ingilis fiziki, London Kral Cәmiyyәtinin üzvü (1948). Vyana Un-tini bitirmişdir (1926). Berlin, Hamburq, Kopenhagen, Birminhem, Liverpul, Los-Alamos, Kembricdә işlәmişdir. Kembric Un-tinin prof.-u olmuşdur (1947). Əsas elmi işlәri nüvә fizikası sahәsindәdir. 1933 ildә O.Ştern ilә birgә molekulyar dәstә üsulu ilә protonun maqnit momentini ölçmüşdür. 1939 ildә L.Maytnerlә birgә O.Han vә F.Ştrassmanın tәcrübәlәrinin nәticәlәrini neytronların tәsiri altında uran nüvәsinin bölünmәsi kimi interpretasiya etmiş, Vilson kamerasının kömәyilә bu tәsәvvürü tәcrübi tәsdiq etmişdir. Atom bombasının yaradılması üçün 1940 ildә R.Payerlslә birgә uran-235-in kritik kütlәsini qiymәtlәndirmişdir. “Manhetten layihәsinin” (ABŞ-da nüvә silahı hazırlanması proqramının kod adı) iştirakçısıdir.