FRİTAUN (Freetown) – Syerra-Leonenin paytaxtı. Qәrb vil.-nin inz. m. Əh. 1 mln.-dan çoxdur (2015). Atlantika okeanı sahilindә yerlәşir. Avtomobil yolları F.-u Konakri (Qvineya) vә Monroviya (Liberiya) şәhәrlәri ilә birlәşdirir. Dәniz portu; Lungi vә Pepel ş.-lәri ilә bәrә әlaqәsi var. Lungi beynәlxalq aeroportu.
Fritaun şәhәrindәn görünüş.
1787 ildә keçmiş qul bazarının yerindә ingilislәr tәrәfindәn әsası qoyulmuş vә Qranvill-Taun adlandırılmışdır. Burada Britaniya müstәmlәkәlәrindәn gәlmә mühacirlәr, azad olunmuş qullar mәskunlaşdırılırdı. 1789 ildә dağıdılmış, 1792 ildә F. (“Azad şәhәr”) kimi yenidәn tikilmişdir. 1808–74 illәrdә Britaniya donanmasının bazası, 1808–1961 illәrdә Britaniyanın Syerra-Leone müstәmlәkәsinin inz. m. olmuşdur. 1961 ildәn müstәqil Syerra-Leone dövlәtinin paytaxtıdır.
Neqotika üslubunda Sent-Corc kilsәsi (1828), eklektizm üslubunda Ali mәhkәmәnin binası (1890-cı illәr), Dövlәt evi (1890-cı illәrin sonu, 1954 ildә yenidәn tikilmişdir; hazırda prezident iqamәtgahıdır), parlament binası (1961); F.-un mәrkәzindә onun tarixi rәmzi olan pambıq ağacı şәhәrin görmәli yerlәrindәndir.
Başlıca milli elm, tәhsil vә mәdәniyyәt mәrkәzidir. K.t. elmi tәdqiqat in-tu (2007), Syerra-Leone un-ti (1967, tәrkibindә Dövlәt idarәçiliyi in-tu, bir neçә kollec, o cümlәdәn Qәrbi Afrikada әn qәdim kolleclәrdәn biri olan Fura-Bey (1827); milli (1957), milli dәmir yolu (2005), sülh (2013; 1991–2002 illәr vәtәndaş müharibәsinә dair ekspozisiya) muzeylәri; Syerra-Leone kitabxanalar idarәsi, milli arxivlәr var. Botanika bağı (1961).
Milli stadionda (tәqr. 45 min yer; ölkәdә әn iri stadion) Syerra-Leonenin futbol üzrә yığma komandası çıxış edir.
F. ölkәnin siyasi vә iqtisadi mәrkәzidir. Xidmәt sferasının aparıcı sektorları: inzibati (korporativ idarәetmә dә daxil olmaqla), port tәsәrrüfatına xidmәt, maliyyә biznesi, ticarәt, tәhsil, sәhiyyә, mәdәni-әylәncә (ölkәnin yeganә kazinosu vә s.). F.-da dövlәt vә diplomatik idarәlәr, Syerra-Leonenin Mәrkәzi bankı (1964), xarici bankların nümayәndәliklәri, milli kommersiya bankları vә aparıcı şirkәtlәrin (o cümlәdәn “Sierra Rutile”) baş ofislәri yerlәşir. F. dәrinsulu dәniz portunun (dünyanın әn iri tәbii gәmi dayanacaqlarından biri) yük dövriyyәsi ildә tәqr. 7 mln. t-dur (әksәriyyәti milli xarici әmtәә dövriyyәsinin böyük hissәsi); almaz, k.t. mәhsulları vә s. ixrac olunur. Turizm (әsasәn işgüzar) vә onunla әlaqәli sahәlәr (o cümlәdәn mehmanxana biznesi) inkişaf etmişdir. Ölkәnin sәnaye müәssisәlәrinin çoxu F.-da cәmlәşmişdir. Əsas sәnaye sahәlәri: tamlı mәhsullar, tikinti materialları, kimya. Pivә (Niderlandın “Heineken” vә B.Britaniyanın “Diageo” müştәrәk müәssisәsi), alkoqolsuz içkilәr (o cümlәdәn “Coca Cola” markası ilә), un, siqaret istehsalı, çәltik, balıq emalı vә s. var. Sement z-du (gücü 6 mln. t; “Heidelberg Cement” şirkәti) fәaliyyәt göstәrir. Tibbi vә sәnaye qazları, müxtәlif kimyәvi preparatlar, şәxsi gigiyena vasitәlәri, plastik kütlәdәn mәmulatlar; ovuntu dәmir istehsal olunur. Sәnәtkarlıq emalatxanaları (milli geyim, ağac üzәrindә oyma vә s.) fәaliyyәt göstәrir. Gәmitәmiri. İES (müәyyәn olunmuş gücü 39 MVt-dan çoxdur) var. Balıqçılıq inkişaf etmişdir.