FRUASSÁR (Froissart) Jan (1333, yaxud 1337, Valansyen – tәqr. 1405, Şime, hazırda Belçikanın Valloniyasındadır) – fransız şairi, salnamәçi. Hәyatı haqqında mәlumat azdır. İngiltәrә kraliçası Filippanın (III Eduardın arvadı) saray salnamәçisi olmuşdur. Avropanı sәyahәt etmiş, F.Petrarka vә C.Çoserlә tanış olmuşdur. F. lirik (rondo, virele, ballada, pasturel, le) şeirlәrin, “Meliador ”mәnzum romanının, “Vurğun tikanlıq”, “Aşiq saatlar”, “Eşq әsirliyi” kimi alleqorik poemaların vә s. müәllifidir. Cәngavәrliyi mәdh edәn, tarixinә dair mühüm mәnbә olan 1322–1400 illәrin dövrünü әhatә edәn, Yüzillik müharibәnin (1337–1453) salnamәlәri F.-a böyük şöhrәt qazandırmışdır.