FRUSTRÁSİYA (lat. frustratio; frustror – aldatmaq, mütәәssir etmәk, pozmaq sözündәn) – yüksәk gәrginlik vә hәyәcanlılıq, çarәsizlik vә ümidsizlik hisslәrinin üstün olduğu psixoloji vәziyyәt. Adәtәn, insanın mәqsәdyönlü fәaliyyәti zamanı çıxılmaz vәziyyәtә düşdüyü, qarşılaşdığı çәtinliyi aradan qaldıra bilmәdiyi halda baş verir. F.-nın tәsiri hәm bloklanan hәrәkәtin nә dәrәcәdә әhәmiyyәtli olmasından, hәm dә onun nәzәrdә tutulmuş mәqsәdә yaxınlığından asılıdır. F. vәziyyәtinә cavab reaksiyası kimi “әvәzlәyici” hәrәkәtlәrin әsas tiplәri: real vәziyyәtdәn fantaziya, xәyal alәminә “getmә”, yәni özünәmәxsus “magik” alәmdә hәrәkәtә keçid; qarşısı alınaraq әsәbilik kimi tәzahür edәn, yaxud qәzәb formasında açıq şәkildә üzә çıxan daxili aqressivlik tә- mayülünün yaranması; davranışın ümumi “reqressi”, yәni daha yüngül vә bәsit hәrәkәt üsullarına keçid, mәşğuliyyәtin tez-tez dәyişdirilmәsi vә s.
F.-nın nәticәsi kimi çox vaxt özünәinamsızlıq, hәmçinin F. vәziyyәtindә tәtbiq edilmiş hәrәkәt tәrzlәrinin fiksasiyası müşahidә olunur. F. çox vaxt nevrozların mәnbәlәrindәn biridir. F. vәziyyәtindә insanın “dözümlülüyü” (möhkәmliyi) mәsәlәsi müasir psixologiyada xüsusi әhәmiyyәt (ilk növbәdә tәtbiqi mәsәlәlәr baxımından) kәsb edir.