FTİZİATRÍYA (yun. φθίσις – üzülmә, vәrәm + ίατρεία – müalicә) – klinik tәbabәtin bölmәsi; vәrәm xәstәliyinin inkişaf mexanizmini, klinik-morfoloji tәzahürünü, törәmә sәbәbini, epidemiologiyasını, diaqnostikasını, müalicә vә profilaktikasını öyrәnir. Bir sıra ölkәlәrdә, o cümlәdәn Azәrb.-da terapiyadan ayrılmış müstәqil elmi-praktiki fәndir; bu prosesdә vәrәm törәdicilәrinin R.Kox tәrәfindәn kәşf edilmәsi (1882) mühüm rol oynamışdır. Resp.-da vәrәmin müalicәsi vә profilaktikası sahәsindә böyük işlәr görülmüş, vәrәm әleyhinә dispanserlәr, sanatoriyalar, xәstәxanalar şәbәkәsi yaradılmışdır. F.-nın ftiziocәrrahlıq, ftiziooftalmologiya, ftiziourologiya vә s. xüsusi bölmәlәri mövcuddur. Müasir F. kompleks diaqnostika üsullarından (klinik, rentgenoloji, endoskopik, biokimyәvi, bakterioloji, immunoloji vә s.) geniş istifadә edir. F. üçün әnәnәvi gigiyenik-diyetik vә sanatoriya rejiminin, süni pnevmotoraksın, simptomatik, vasitәlәrlә müalicәyә 20 әsrin 2-ci yarısında xәstәlik törәdicisinә spesifik tәsir göstәrәn vәrәm әleyhinә dәrmanlarla terapiya, habelә müxtәlif orqanların vәrәminin (әsasәn, ağ ciyәrlәrin, sümük-oynaqların, urogenital orqanların) cәrrahi üsulla müalicә üsulları da әlavә olunmuşdur. F.-nın vәrәmin profilaktikası sahәsindәki nailiyyәtlәri hәm әhalinin hәyat şәraitinin iqtisadi vә sanitariya-gigiyenik vәziyyәtinin yaxşılaşması, hәm dә xüsusi qabaqlayıcı tәdbirlәrin (vәrәm әleyhinә vaksinasiya, kimyaprofilaktika vә s.) aparılması ilә әlaqәdardır. Vәrәm әleyhinә aparılan tәdbirlәr içәrisindә vaksinasiya vә revaksinasiya mühüm yer tutur. Bu tәdbirlәrin Azәrb.-da tәtbiqinә 1925 ildәn başlanılmış vә yalnız 1953 ildәn kütlәvi şәkildә istifadә olunur. Azәrb. Resp.-nda F. mәsәlәlәri ilә Elmi Tәdqiqat Ağ Ciyәr Xәstәliklәri İn-tu mәşğul olur.