FUKİDİD (Qοuκuδίδης) (tәqr. e.ә. 460 –tәqr. e.ә. 396) – qәdim yunan tarixçilәrindәn biri, aristokrat nәslindәndir. Yaxşı tәhsil almış, sofistlәrin ona böyük tәsiri olmuşdur. E.ә. 430/429 ildә Peloponnes müharibәsinin (e.ә. 431 – e.ә. 404) iştirakçısı olmuş, e.ә. 424 ildә 10 strateqdәn biri seçilmәklә Frakiya sahillәri yaxınlığında Afina eskadrasına rәhbәrlik etmişdir. Müharibә zamanı sәrkәrdә Brasidin rәhbәrliyi ilә spartalıların Amfipolu tutmasına mane ola bilmәmiş, xәyanәtdә ittiham olunaraq ömürlük sürgün edilmiş, әsasәn, Frakiyada yaşamışdır. Burada o, Peloponnes müharibәsinә hәsr edilmiş әsәri üzәrindә işlәmişdir. Mәlumatın toplanılması üçün onun Sparta, İtaliya, Siciliya, Makedoniya vә digәr yerlәrә uzunmüddәtli sәfәrlәr etmәsi ehtimal olunur. Müharibәdәn sonra tәqr. 400 ildә bәraәt almış vә Afinaya qayıtmışdır (digәr fәrziyyәyә görә, Frakiyada öldürülmüş vә cәnazәsi Afinaya gәtirilmişdir).
Tәdqiqatçılar tәrәfindәn F.-in әsәrinin “Tarix” adlandırılması vә 8 kitaba bölünmәsi qәbul edilmişdir. Əsәrdә e.ә. 411 ilәdәk baş verәn hadisәlәr әks olunmuşdur. Kitabda vәtәndaş müharibәsinin ilk dәfә siyasi vә әxlaqi tәhlili verilmişdir. F. münaqişә halları, qarşı tәrәflәrin xüsusiyyәtlәrini, müharibәnin aparılmasının texniki üsullarını dәrindәn düşünülmüş şәkildә vermiş, bilavasitә iştirak etdiyi hadisәlәrin xronologiyasını qeyd etmişdir.