FUKÓ (Foucault) Jan Bernar Leon (18.9.1819, Paris – 11.2.1868, orada) – fransız fiziki, Paris EA (1865), Berlin EA üzvü, Peterb. EA m.üzvü (1860), London Kral Cәmiyyәtinin әcnәbi üzvü (1864). Tibb tәhsili aldıqdan sonra eksperimental fizikaya maraq göstәrmişdir. 1845 ildәn “Journal des Débats” еlmi şöbәsinin redaktoru, 1855 ildәn Paris rәsәdxanasının fiziki, 1862 ildәn Parisdә Uzunluqlar bürosunun üzvü olmuşdur. 1844–47 illәrdә A. İ.L.Fizo ilә birlikdә işlәmişdir. D.F.Araqonun tәklifi ilә sürәtlә fırlanan güzgü üsulu ilә işığın suda vә havada sürәtini ölçmüş (1850) vә bununla da işığın dalğa nәzәriyyәsini tәsdiq etmişdir. Yerin öz oxu әtrafında fırlanmasını Fuko rәqqasının (67-metrlik) kömәyilә eksperimental olaraq nümayiş etdirmişdir (1850 ildә Paris rәsәdxanasında vә 1851 ildә Panteonda). Burulğanlı cәrәyanları (Fuko cәrәyanları) kәşf etmiş, polyarizasiya prizması, fotometr, giroskop, qövsşәkilli elektrik lampası üçün nizamlayıcı vә s. cihazlar yaratmışdır. London Kral Cәmiyyәtinin Q.Kopli medalı ilә tәltif edilmişdir (1855).