FUKO CƏRƏYANLARI (burulğanlı cәrәyanlar) – dәyişәn maqnit sahәsinin tәsiri ilә keçirici mühitdә (adәtәn, metalda) yaranan qapalı cәrәyanlar. Fransız fiziki L.Fuko kәşf etmişdir (1855). F.c. induksiya cәrәyanıdır (bax Elektromaqnit induksiyası). Lents qaydasına görә F.c.-nın maqnit sahәsi elә yönәlir ki, onu (F.c.-nı) induksiyalaşdıran maqnit sahәsinin dәyişmәsinә әks tәsir göstәrir.
Coul–Lents qanununa uyğun olaraq F.c. naqillәri qızdırır ki, bu da maqnitokeçiricilәrdә enerji itkisinә gәtirir. Nәticәdә transformatorların dәmir içliyindә vә elektrik generatorlarının mütәhәrrik hissәlәrindә yaranan F.c. onların f.i.ә.-nı azaldır. Bunun qarşısını almaq üçün hәmin hissәlәr bir-birindәn izolә edilmiş nazik vәrәqlәrdәn hazırlanır vә ya metal içlik maqnitdielektriklәrlә vә c. ilә әvәz edilir.
Dәyişәn cәrәyan keçәn naqilin özündә dә F.c. yarana bilir. Naqildә cәrәyanın yüksәlmәsi anlarında induksion F.c. naqilin sәthindә başlanğıc cәrәyan istiqamәtindә, naqilin oxunda isә cәrәyanın әksi istiqamәtindә yönәlir. Nәticәdә naqilin daxilindә cәrәyan azalır, sәthindә isә artır.Yüksәk tezlikli cәrәyanlar praktiki olaraq nazik sәth tәbәqәsindәn axır, naqilin daxilindә isә cәrәyan olmur. Bu hadisә e l e k t r i k s k i n e f f e k t i adlanır.
F.c.-nın әsas maqnit seli ilә qarşılıqlı tәsiri keçirici cismi hәrәkәtә gәtirir. Bu hadisәdәn ölçü texnikasında, dәyişәn cәrәyan maşınlarında vә s. istifadә edilir.