FUKS (Fux, Fuchs) İohann Yozef (1660, Sankt-Marayn ş. yaxınlığında Hirtenfeld – 13.2.1741, Vyana) – Avstriya musiqi nәzәriyyәçisi, bәstәkar, pedaqoq. 1681–83 illәrdә qrammatika vә musiqi dәrslәrini Qratsdakı yoxsullar üçün yezuit mәktәbindә, 1683–87 illәrdә İnqolştadtda (Bavariya) Yezuit un-tindә almışdır. 1690-cı illәrdә dәfәlәrlә Romaya getmişdir. 1705–15 illәrdә Müq. Stefan baş kilsәsinin kapelmeysteri, 1715 ildәn ömrünün sonunadәk VI Karlın saray kapelmeysteri olmuşdur. 1725 ildә Vyanada “Parnasa aparan pillәlәr adlı ciddi üslublu polifoniya dәrsliyini nәşr etdirmişdir. Bu dәrslikdәn V.A.Motsart, Y.Haydn, L. van Bethoven, F.Şubert, L.Kerubini vә başqa bәstәkarlar faydalanmış, onun әsasında H.Bellerman, L.Bussler, K.Eppesen öz dәrsliklәrini yazmışlar. Uzun illәr әrzindә F. kontrapunkt vә kompozisiyadan dәrs demişdir.
F. 90-a yaxın messanın (әn mәşhuru “Kanonik”), 5 rekviyemin, 12 dini oratoriyanın (italyan mәtnlәrinә) vә s. müәllifidir. İnstrumental әsәrlәri arasında 4 ork. uvertürası (süitalar), 2 “simfoniya” vә serenadanın daxil olduğu “Concentus musico-instrumentalis” (Nürnberq, 1701) toplusu var. Avstriya-İtaliya barokkosunun tipik nümunәlәri olan operalarında (cәmi 16) mifoloji (“Orfey vә Evridika”, 1715; “Eney Eliziumda”, 1731; hәr iki opera Vyanada tamaşaya qoyulmuşdur) vә tarixi (“Dözüm vә güc”, Praqa, 1723) süjetlәr üstünlük tәşkil edir.