FUKUYÁMA Frensis (Esixiro Frensis) (d.27.10.1952, Çikaqo) – ABŞ politoloqu. F.-nın babası 1904–05 illәr rus-yapon müharibәsi zamanı Yaponiyadan ABŞ-a mühacirәt etmişdir; valideynlәri elmi fәaliyyәtlә mәşğul olmuşlar. Kornell Un-tini bitirmiş, Harvard Un-tindә politologiya üzrә dissertasiya müdafiә etmişdir (1981); S.Hantinqtonun vә H.Mensfildin şagirdlәrindәn vә hәmkarlarından biridir. 1979–80, 1983–89, 1995–96 illәrdә “RAND Corporation” strateji tәdqiqatlar mәrkәzindә çalışmışdır. 1981–82 vә 1989 illәrdә ABŞ Dövlәt departamentindә Yaxın Şәrq siyasәti üzrә mütәxәssis, sonra Avropanın hәrbi-siyasi mәsәlәlәri üzrә idarәnin direktor müavini işlәmişdir. 1996–2000 illәrdә Corc Meyson Un-ti (Virciniya ştatı) nәzdindә Dövlәt siyasәti mәktәbindә dövlәt siyasәti prof.-u, 2001–04 illәrdә ABŞ prezident şurasının bioetika üzrә üzvü, 2001– 10 illәrdә Con Hopkins Un-tindә (Vaşinqton) beynәlxalq siyasi iqtisad üzrә prof. vә Aparıcı beynәlxalq tәdqiqatlar mәktәbinin Beynәlxalq inkişaf proqramının direktoru olmuşdur. 2012 ildәn Stanford Un-ti nәzdindә Frimen – Spolyi beynәlxalq tәdqiqatlar in-tunun aparıcı elmi әmәkdaşıdır. 1990-cı illәrin sonlarından B. Klintonun vә oğul C.Buşun xarici siyasәt kursunu fәal müdafiә etsә dә, 2004 ildә öz mövqeyini dәyişmişdir. 1989 ildә “Tarixin sonu?” mәqalәsinin nәşrindәn sonra dünya şöhrәti qazanmış, sonralar onun әsas ideyalarını “Tarixin sonu vә sonuncu insan” kitabında (1992) neokonservatizm mövqeyindәn inkişaf etdirmişdir. F. hesab edir ki, Qәrb demokratik dәyәrlәrinin dünya miqyasında yayılması “bәşәriyyәtin ideoloji tәkamülünün yekun mәntәqәsi” olan liberal demokratiyanın hәr yerdә bәrqәrar olması ilә bitmәlidir. Müasir dünyada ideoloji sistemlәrin qarşıdurması insan ehtiyaclarının effektiv tәminolunma strategiyası uğrunda mübarizә ilә әvәzlәnmişdir. F. “Etimad: Sosial yaxçılıqlar vә rifahın yaradılması” (1995) kitabında uzunmüddәtli tәkamül nәticәsindә formalaşan vә müasir demokratik ölkәlәrin sabitlik vә çiçәklәnmәsinin tәminatı kimi başa düşülәn “etimadlılıq” meyarı әsasında cәmiyyәtlәrin orijinal tәsnifatını vermişdir. “Güclü dövlәt. XXI әsrdә idarәçilik vә dünya düzәni” (2004) әsәrindә dünya nizamının qorunmasının tәminatı kimi “suveren milli dövlәtә qayıtmaq” mәqsәdini formulә etmişdir. Son әsәrlәrindә (“Siyasi düzәn vә siyasi tәnәzzül”, 2014 vә s.) hakimiyyәt bölgüsü prinsipinin böhranı ilә әlaqәdar amerikan siyasi sisteminin deqradasiyası haqqında ideyanı irәli sürmüşdür.