FÚQA (lat. vә ital. fuga, hәrfi mәnası qaçış, qaçma) – polifonik musiqinin (bax Polifoniya) yüksәk forması. Bir, bәzәn iki vә daha artıq mövzunun müәyyәn tonallıq vә harmoniya planı üzrә bütün sәslәrdә imitasiya yolu ilә dәfәlәrlә tәkrarı F.-nın başlıca xüsusiyyәtidir. F.-lar mövzusuna (sadә – bir mövzulu; mürәkkәb – 2–3 mövzulu) vә sәslәrinin sayına görә fәrqlәnirlәr; 3–4 sәsli F. daha geniş yayılmışdır. Ekspozisiya F.-nın әsas (1-ci) hissәsidir; burada mövzu başlangıc sәsdә әsas tonallıqda (aparıcı), ikinci sәsdә dominant tonallıqda (cavab), üçüncü sәsdә yenә әsas tonallıqda keçirilir. Mövzunun ikinci vә sonrakı tәkrarları kontrapunktla müşayiәt olunur. 1–ci ekspozisiyadan sonra, adәtәn 2-ci ekspozisiya (kontrekspozisiya), sonra isә tamamlayıcı (repriza) hissә gәlir. F.-nın mövzusu qısa melodiyadan ibarәt olub, әsәr boyu döndәrilmiş, vәzn vә ritm cәhәtdәn artırılmış, yaxud әksildilmiş, bәzәn dә “xәrçәngyerişli” (mövzunun sonundan başlanğıcına doğru) şәkildә şәrh olunur. F. kansona, riçerkar, motet kimi polifonik formalar әsasında 17 әsrdә tәşәkkül tapmış, 18 әsrin 2-ci yarısında İ.S.Bax vә G.Hendelin yaradıcılığında mühüm әhәmiyyәt kәsb etmişdir. F.P.Hindemit, D.Şostakoviç, R.Şedrin vә 20 әsr bәstәkarlarının musiqisindә dә әhәmiyyәtli yer tutmuşdur. F. hәm müstәqil әsәr forması, hәm dә instrumental silsilә әsәrin hissәsi kimi bәstәlәnir. F. digәr musiqi formaları ilә vәhdәtdә dә verilә bilir (mәs., sonata forması vә s.). Azәrb. bәstәkarlarından A.Zeynallı, Q.Qarayev, C.Hacıyev, Z.Bağırov, V.Adıgözәlov vә b. F. formasından istifadә etmişlәr.
Əd.: П р о т о п о п о в В. История полифонии в её важнейших явлениях. Русская классическая и советская музыка. М., 1962.