FULÁ (ful, fulani, fulfulde, pöl, pular, tukulor) – fulbelәrin dili. Nigeriya, Qvineya, Seneqal, Mali, Kamerun, Burkina-Faso, Niger, Qәrbi vә Mәrkәzi Afrikanın digәr ölkәlәrindә yayılmışdır. Bu dildә danışanların ümumi sayı tәqr. 15 mln. nәfәrdir (2016). Bir sıra rayonlarda (әsasәn, Kamerun vә Qvineyada) etnoslararası ünsiyyәt dili kimi istifadә olunur.
F. Atlantika dillәrindәn biridir. Ən böyük dialektlәri: qәrbi – futa-toro (Seneqal) vә futa-callon (Qvineya); mәrkәzi – masina (Mali) vә Volta; şәrqi – Şimali Nigeriya vә Adamaua (Kamerun).
Fuziya vә aqlütinativliyi birlәşdirәn F. dili quruluşca sintetikdir. Adlar sinfi sistemi inkişaf etmişdir. Sinif isimlәrdә iki cür ifadә olunur: morfoloji üsulla – xüsusi şәkilçi ilә, morfonoloji üsulla – kökün ilk samitinin müәyyәn dәrәcәsi ilә. Sinfә görә uzlaşma әvәzlikdә, sifәtdә, sayda, feili sifәt vә bir qisim feillәrdә yayılmışdır. Əsas söz sırası belәdir: “subyekt+predikat+obyekt”.
Yazı әnәnәsinә malik yerlәr olsa da, ümumi әdәbi dil norması yoxdur: 17–19 әsrlәrdә F. dilindә dini, tarixi, mәişәt mәzmunlu mәtnlәr yaratmaq üçün әrәb qrafikasından (әcәmi) istifadә olunmuşdur. 20 әsrin 2-ci yarısında latın qrafikası әsasında (1966 ildәn orfoqrafik standart) yazı yayılmışdır. Folklor mәtnlәri, mәrasim vә epik poeziyadan nümunәlәr nәşr olunur. F. bәzi ölkәlәrdә (Seneqal vә s.) mәktәblәrdә tәdris edilir. Bu dildә televiziya vә radio verilişlәri yayımlanır, kitablar çap olunur.