FÚLTON Robert (14.11.1765, Litl-Briten, indiki Pensilvaniya ştatının Fulton ş. – 24.2.1815, Nyu-York) – Amerika ixtiraçısı, praktiki cәhәtdәn yararlı olan ilk buxar gәmisinin yaradıcısı. Əvvәllәr zәrgәr kömәkçisi işlәmiş, rәssamlıqla mәşğul olmuşdur. 1786 ildә B. Britaniyaya köçmüşdür. Burada rәssamlıq öyrәnmәklә yanaşı, mühәndislik etmişdir. 1790-cı illәrdәn gәmilәrin hәrәkәtindә buxarın tәtbiqi mәsәlәsini işlәmәyә başlamışdır. 1797 ildәn Parisdә yaşamışdır. 1800 ildә üzәn mina vә “Nautilus” sualtı qayığını düzәldib, sınaqdan keçirmişdir. 1803 ildә F. Sena çayında saatda tәqr. 7,5 km sürәtlә hәrәkәt edәn ilk buxar gәmisini nümayiş etdirmişdir. İxtira Fransa hökumәti tәrәfindәn bәyәnilmәdiyindәn o, 1804 ildә B. Britaniyaya qayıtmış, oradan isә 1806 ildә ABŞ-a köçmüşdür. Burada F. buxar maşınının gücü 20 a.q. (14,7 kVt) olan çarxlı “Klermont” buxar gәmisini, o cümlәdәn dünyada ilk hәrbi buxar gәmisi olan “Demoloqos”u qurmuşdur.