FUNDAL VƏZİLƏR (lat. fundus – dib) – mәdәnin selikli qişasının vәzi tiplәrindәn biri. Mәdә vәzilәrinin әsas hissәsini tәşkil edәrәk onun dib nayihәsindә vә cismindә yerlәşir vә buna görә әsas vәzilәr dә adlanır. F.v. budaqlanmayan borucuqlardır. İnsanın mәdәsindә F.v.-in hәr birinin orta uz. 0,65 mm, diametri 30–50 mkm-dir; insanın F.v.-inin ümumi sayı sekresiya sahәsi 3,5 m2 olmaqla 35 mln-a qәdәrdir. Mәdә şirәsi ifraz edәn vә endokrin funksiya daşıyan müxtәlif hüceyrәlәrdәn ibarәtdir; әsas hüceyrәlәr pepsinogen, әlavә hüceyrәlәr – mukoid maddәlәr, örtücü hüceyrәlәr – xloridlәr, enteroxromaffin hüceyrәlәrinin müxtәlif növlәri hormon tәbiәtli maddәlәr mәs., qastrin hormonu, ifraz edir. F.v., epiteli hüceyrәlәri selik ifrazedәn mәdә çuxurlarına açılır, bu seliyin әsas funksiyalarından biri mәdә toxumalarını şirәnin hәzmetmә fәaliyyәtindәn qorumaqdır.